"Dədə Qorqud"la bağlı "Türk-sovet kollokviumu"nun 20 illiyi qeyd olunub

 

YUBİLEY MÜNASİBƏTİLƏ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ MARAQLI TƏDBİRLƏR KEÇİRİLİB

 

İyunun 20-də Bakı Slavyan Universitetində (BSU) "Kitabi-Dədə Qorqud" dastanlarına həsr edilmiş "Türk-sovet" kollokviumunun 20 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla çıxışında iyirmi il əvvəl Azərbaycanın ictimai-mədəni həyatında hadisəyə çevrilən, ilk dəfə olaraq keçirilən kollokviumun əhəmiyyətindən danışıb. K.Abdulla sovet rejiminin son dövrünə təsadüf edən bu əlamətdar hadisənin hələ o vaxtdan möhkəmlənməkdə olan müstəqillik dövründə daha da inkişaf edən Azərbaycan-Türkiyə dostluğu, qardaşlığının əbədiliyinə sübut kimi dəyərləndirib: "İlk mənəvi-elmi körpü rolunu oynayan kollokviumda o günə qədər "Kitabi Dədə-Qorqud"u ayrı-ayrılıqda tədqiq edən rusiyalı, türkiyəli, azərbaycanlı, türkmənistanlı, qazaxıstanlı filoloqların bir araya gəlməsi tədbirin qiymətini yalnız elm adamları arasında deyil, geniş ictimaiyyət arasında da yüksəklərə qaldırdı. Bu hadisə ölkədə geniş rezonans doğurdu". Qeyd edək ki, həmin tədbirdə Orxan Şaiq Gökyay, Bahəddin Ögəl, Əhməd Bican Ercilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən, Saim Sakaoğlu, Tuncər Gülənsoy, Tofiq Məlikli, Aydın Məmmədov, Tofiq Hacıyev, Süleyman Əliyarlı, Kamil Vəliyev, Kamal Abdulla, Şakir İbrayev, Xalıq Koroğlu, Erden Kajıbayov, Süleyman Qayıpov, Annaqurğan Aşırov kimi görkəmli alimlər iştirak ediblər.

K.Abdulla aradan ötən iyirmi illik zaman kəsiyində o zaman əsası qoyulan birliyin, elmi-mədəni əməkdaşlığın virtual müstəvidən reallığa çevrildiyini önə çəkib: "Bu əməkdaşlıq Dədə Qorqud mətnlərini dərindən öyrənməklə yanaşı, eposun bir-birinə bağladığı türk xalqlarının müasir dövrdə də yaxınlaşması və daimi əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından da çox faydalıdır".

Tanınmış qorqudşünaslardan bəziləri dünyasını dəyişsə də, tədbirdə 20 il əvvəlki heyətdən Əhməd Bican Ercilasun, Osman Fikri Sərtqaya, Fikrət Türkmən, dosent Ayşə Yücəl Çətin, professorlar Tofiq Məlikli, Tofiq Hacıyev, Süleyman Əliyarlı kimi nüfuzlu alimlər iştirak edib. Osman Fikri Sərtqaya "Dədə Qorqud"a istinadən, simvolik adlarla kollokvium iştirakçılarını salamlayıb.

Əhməd Bican Ercilasun çıxışında Azərbaycana olan sevgisini dilə gətirərək kollokvium iştirakçılarının yenidən bir arada olmasından məmnunluğunu ifadə edib və tədbirin əhəmiyyətini vurğulayıb.

Professor Süleyman Əliyarlı hələ sovet rejiminin mövcud olduğu bir vaxtda kollokviumun mürəkkəb, çətin şəraitdə gerçəkləşdiyini, həmin dövrdə iştirakçıların sovet xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlanıldığını deyib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tofiq Hacıyev, Ayşə Yücəl Çətin, Tofiq Məlikli, Fikrət Türkmən, Rəhilə Qeybullayevanın çıxışlarında qorqudşünaslığın aktual problemləri diqqət mərkəzinə çəkilib. Tədbirə qonaq kimi qatılan Ankara Universitetinin rektoru Camal Tuluğ belə mötəbər bir mərasimdə iştirakından məmnun olduğunu dilə gətirib.

Günün ikinci yarısında kollokviumun üzvləri BSU-nun müxtəlif auditoriyalarında ustad dərsləri veriblər. Dərslərdə professorlar Fikrət Türkmən "Dədə Qorqud"da gələnəksəl xalq hüququ ünsürləri", Əhməd Bican Ercilasun "Dədə Qorqud kitabı hansı irsdən qaynaqlanır", Tofiq Məlikli "Dədə Qorqud kitabının ortaq türk ədəbiyyatının inkişafına təsiri" mövzusunda mühazirələrlə çıxış ediblər.

Kollokviumun nəzərdə tutulan ikigünlük tədbirləri çərçivəsində BSU-nun mərkəzi qiraətxanasında iştirakçıların iyimi il ərzində işıq üzü görən kitablarının təqdimatı olub. Təqdimat mərasimində çıxış edənlər bu kitablar vasitəsilə ötən iyirmi ildə görülən işlər, yeni tədqiqatlar, yeni baxışlarla tanış olmaq imkanı yarandığını vurğulayıblar.

Kitabların təqdimatından sonra kollokvium iştirakçıları BSU-nun müəllim və tələbə heyətilə, həmçinin oxucularla görüşüblər. Ötən gün kollokviumun yekunu ilə əlaqədar universitetdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarını cavablandıran kollokvium iştirakçıları iki gün ərzində türk dünyasının müdriki Dədə Qorqudun ruhunu yad etməklə bərabər, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği yönündə faydalı fikir mübadiləsi apardıqlarını bildiriblər.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 23 iyun.- S.7.