Mücirəddin Beyləqani yurdundan minnətdarlıq dolu əks-səda

 

Beyləqan rayonundan olan bir qrup ziyalı adından, qəzetimiz vasitəsilə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynova məktub ünvanlanıb. Məktubda bildirilir:

Hörmətli professor, Beyləqan ziyalıları adından səmimi salamlarımızı qəbul etməyinizi xahiş edirik! Milli-mənəvi dəyərlərimizin qorunması, ədəbiyyat və mədəniyyətimizin inkişafı, təbliği, tədqiqi sahəsində bir alim kimi Sizin müstəsna xidmətləriniz təqdirəlayiqdir və ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Sizin "525-ci qəzet"in 11 aprel 2009-cu il tarixli sayında dərc etdirdiyiniz "Özünü qoruya bilməyən qoruyucu" adlı elmi-publisistik məqaləniz Beyləqan ziyalıları tərəfindən yüksək qiymətləndirilmiş və bu yazı rayonumuzun 70 illik yubileyinin qeyd edilməsinə başlanıldığı bir zamanda görkəmli həmyerlimiz Mücirəddin Beyləqani haqqında fikir söyləmək imkanımızı genişləndirmişdir.

Hörmətli Rafael müəllim, məqalənin müqəddiməsindəki kövrək ifadələr bizləri də mütəəssir etməyə bilməzdi. Düz 70 il qutularda bükülü qalmış Örənqaladan gətirilmiş daş, kaşı, saxsı parçalarını açıb tədqiq etdikcə Sizin böyük şairimiz M.Beyləqanini dindirmək ehtiyacınız, onun haqqında yeni fikirlər söyləməyiniz biz ziyalıları da sevindirdi və Sizə sonsuz təşəkkür və minnətdarlıqlarda dolu olan bu kiçik məktubu ünvanlamağa vadar etdi. Və bir də ona görə sevindik ki, 70 yaşlı "bələyi açılan körpə"nin qığıltı və təbəssümü Beyləqan rayonunun 70 illik yubileyi tədbirlərinə xoş bir ovqat bəxş edə bilər. 70-lər arasında olan bu paralellik bir təsadüfmü, yoxsa yubiley ərəfəsində M.Beyləqani ruhunun sevimli alimimiz R.Hüseynov ilhamına telepatik bir diktəsimi?.. Allah bilir...

Hörmətli Rafael müəllim!

Rayon mərkəzində Beyləqanın keçmişini və bu gününü əks etdirən, müasir tələblərə cavab verən Tarix-Diyarşünaslıq Muzeyi açılmışdır. Sizin dəyərli məqaləniz də muzeyin eksponatları sırasına daxil edilmişdir. Yubiley günlərinin gedişində Sizi beyləqanlıların görüşünə dəvət etmək niyyətindəyik. Eyni zamanda, xahiş edərdik ki, yenicə işıq üzü görmüş Örənqala eksponatlarından bizim muzeyə də verilməsinə köməklik göstərəsiniz.

Bir daha Sizə minnətdarlığımızı bildiririk.

 

 

Hörmətlə:

Etibar İMANOV (filoloq) və

 

Mehriban İSGƏNDƏROVA

(Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru)

 

18 iyun 2009-cu il

 

525-ci qəzet.- 2009.- 23 iyun.- S.7.