Sabir adına
Kitabxanada daha bir ədəbi görüş
SEYRAN SƏXAVƏT VƏ ELUCA
ATALININ GƏNC HƏMKARLARI İLƏ
GÖRÜŞÜNÜ "ŞƏMS" TƏŞKİL
EDİB
"Şəms" Ədəbi
Məclisi Mirzə Ələkbər Sabir adına Mərkəzi
Şəhər Kitabxanasında
yazıçı Seyran
Səxavət və İspaniyada yaşayan azərbaycanlı yazar Eluca Atalı ilə görüş keçirib. Şairə Elnarə Şəms rəhbərlik etdiyi "Şəms" Ədəbi
Məclisinin belə görüşlərə xüsusi
əhəmiyyət verdiyini,
artıq bu silsilədən bir neçə tədbirin gerçəkləşdirildiyini vurğulayıb: "Həmin
görüşlərdə Ramiz Rövşən, Nəriman Həsənzadə,
Musa Yaqub və başqaları gənclərlə
yaxından ünsiyyət
qurub, onlara öz tövsiyələrini
veriblər. Bununla yanaşı, məclis
üzvləri məhbus
qadınların saxlanıldığı
təcridxanadakı məhkumlarla,
eləcə də Vətənimizin keşiyini
çəkən əsgərlərimizlə
də görüşlər
keçiriblər. Hər bir
görüş məclis
üzvlərinin xatirəsində
özünəməxsus iz
buraxıb. İnanırıq ki, Seyran Səxavət
və Eluca Atalı ilə görüşümüz də
bu baxımdan yaddaqalan olacaq".
"Şəms" Ədəbi
Məclisinin katibi, gənc şairə Xatirə Vaqif
qonaqları görüş iştirakçılarına təqdim
edərək, onlar haqqında ətraflı məlumat verib. O,
S.Səxavətin mürəkkəb həyat və
yaradıcılıq yolu keçdiyini, ölkədə
sayılıb-seçilən, nüfuzlu, özünəməxsus
dəst-xəttə malik yazıçı kimi
tanındığını bildirib. X.Vaqifin fikrincə, S.Səxavətin
şəxsi bioqrafiyası maraqlı bir yazıçı tərcümeyi-halı
kimi diqqəti çəkir: "Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində
təhsil alan Seyran Səxavət Sovet Ordusu sıralarında əsgəri
xidmət zamanı tərcüməçi olub. "Ədəbiyyat
və incəsənət" qəzeti redaksiyasında
xüsusi müxbir, ədəbi işçi kimi
çalışıb, sonra iki il İranda tərcüməçi
işləyib. Yenidən Bakıda "Ədəbiyyat və
incəsənət" qəzeti redaksiyasında ədəbi
işçi kimi fəaliyyət göstərib. Sonra
"Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin
müdiri olub. Bədii yaradıcılığa 1962-ci ildə
"Qızıl Araz" qəzetində çap olunan ilk
yazısı ilə başlayıb. Həmin vaxtdan mərkəzi
və respublika mətbuatı səhifələrində
müntəzəm çıxışlar edib. Əsərləri
keçmiş SSRİ xalqlarının dillərinə, o
cümlədən ingilis, fransız, fars və digər dillərə
tərcümə olunub. Ədibin "Qızıl
teşt" pyesi Azərbaycan Akademik Milli Dram Teatrında
(1988), "Büst" pyesi Lənkəranda (1989),
"Qapıların o üzündə qalan dünya" pyesi
Füzuli Dövlət dram Teatrında (1990) tamaşaya qoyulub. "Nekroloq"
romanı Azərbaycan Yazıçılar Birliyinin 2002-ci il
üçün, Yusif Səmədoğlu adına
"İlin ən yaxşı romanı" mükafatına
layiq görülüb".
Xatirə Vaqif digər
qonağı da görüş iştirakçılarına
təqdim edərək bildirib ki, Eluca Atalı esse, fəlsəfi-bədii
miniatür, hekayə, mənsur şeir və povest janrında
bir neçə kitabın müəllifidir.
Təqdimatdan sonra
qonaqlar ədəbiyyat, yaradıcılıq, bədii söz
barədə fikirlərini bölüşüb, onlara
ünvanlanan sualları cavablandırıblar.
Görüşdə
Dilşad Araz, Səbirə Çingiz, Gülnarə Ləman,
Xəyalə Sevil, Xatirə Vaqif, Elnarə Şəms, Leyla
Mövsüm, Dadaş, Əşrəf Hacızadə öz
şeirlərini oxuyublar.
Rufik İSMAYILOV