"Naxçıvan" jurnalının növbəti sayı işıq üzü görüb

 

"Naxçıvan" ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bu günlərdə daha bir sayı çap olunub. Jurnalın yeni sayı Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr edilib.

Jurnalda qədim və zəngin tarixə malik olan bu diyarın keçdiyi mürəkkəb yol işıqlandırılır, dünyaya və Azərbaycana bəxş etdiyi böyük şəxsiyyətlərilə tanınan Naxçıvan diyarının özünəməxsusluğunu önə çəkilir.

Jurnalın ilk səhifələrində Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Muxtar Respublika Ali Məclisinin tədbirlər planı əks olunub. Bununla yanaşı jurnalın əvvəlində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 85 illik yubileyi münasibəti ilə 2009-cu il fevralın 9-da keçirilən qəbulda Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun məruzəsinə də yer verilib.

"Naxçıvan Muxtar Respublikasının yaranması: Tarix və Müasirlik", "Nuhçıxan-Naxçıvan", "Naxçıvanda Nuh Peyğəmbərlə bağlı yeni etnoqrafik araşdırmalar", "Müstəqillik dövrümüzdə Naxçıvan", "Muxtariyyət ərəfəsində erməni işğalına qarşı mübarizə və onun poetik tərənnümü", "Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri" və digər başlıqlı yazılar oxucuda bu diyarın ictimai-siyasi, ədəbi-bədii, elmi həyatı haqqında dolğun təəssürat yaradır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, tarix elmələri doktoru Qadir Qədirzadənin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbovun, həmçinin digər elm adamlarının məqalələrinə jurnalda geniş yer ayrılıb.

 

 

Türkanə BƏYLƏRLİ,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

525-ci qəzet.- 2009.- 23 iyun.- S.7.