Mikayıl Müşfiq Cəfər Cabbarlı ocağında anılıb

 

Görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyində unudulmaz şair Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. C.Cabbarlının nəvəsi, muzeyin baş elmi işçisi Qəmər Seyfəddinqızının verdiyi məlumata görə, tədbirdə muzeyin direktoru Gülarə Cabbarlı M.Müşfiqin yubileyilə əlaqədar görülən işlərdən danışıb. Tədbirdə çıxış edənlər M.Müşfiqin həyat yaradıcılığının müxtəlif cəhətlərindən ətraflı söz açıblar.

Gecədə filologiya elmləri namizədi Firudin Qurbansoy, şair Oqtay Rza, professor Gülhüseyn Hüseynoğlu Müşfiqin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər: "Mikayıl Müşfiq qısa ömür yaşasa da, yaratdığı poetik nümunələrlə, təkrarolunmaz bədii yaradıcılığı ilə onun adı yaddaşlara əbədi həkk olunub".

Tədbirdə xalq artisti Əminə Yusifqızının, Bakı Uşaq Teatrının aktyorlarının ifasında şairin şeirləri səsləndirilib, müğənnilər M.Müşfiqin sözlərinə bəstələnmiş mahnıları oxuyublar.    

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 23 iyun.- S.7.