Dillər Universitetində milli sənət nümunələri sərgilənib

 

Bu günlərdə Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində "Milli mənəvi dəyərlərimizi, zəngin mədəni irsimizi dünyaya tanıdaq" adlı əl işləri sərgisi keçirilib. Sərgidə Azərbaycan milli geyimləri, xalq-tətbiqi sənətinin qolu olan xalçaçılıq sənəti nümunələri, yağlı boya ilə çəkilmiş rəsmlər, milli üslubda bəzədilmiş gəlinciklər, panolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq qiymətli daş-qaşlarla hazırlanan qadın bəzək əşyaları (əl çantaları, kəmərlər, zinət əşyaları), toxunma-tikmə məmulatları nümayiş olunub. Əməkdar artist Suğra Bağırzadənin təbii güllərdən hazırladığı kompozisiyalar, tablolar, Rəssamlar Birliyinin üzvü Şahla Əsgərovanın Azərbaycan Türkiyə ornamentlərini əks etdirən miniatür xalça nümunələri sərgidə yer alıb.

Sərginin açılışında çıxış edən Dillər Universitetinin rektoru, professor Səməd Seyidov deyib ki, əlil uşaqların da işlərinin nümayiş etdirilməsi sərgini daha da rövnəqləndirib. Onun sözlərinə görə, universitetdə Azərbaycan milli sənət nümunələrini əks etdirən sərgi artıq ikinci dəfə keçirilir:

Gələcəkdə bu sərgilərin elektron variantı da hazırlanacaq. Azərbaycan mədəniyyətini, incəsənətini əks etdirən əl işləri haqqında məlumatlar elektron şəbəkə vasitəsi ilə yayımlanacaq".
   

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 23 iyun.- S.7.