İnternetlə bağlı narahatlıq

 

Hər bir texnoloji yeniliyin üstün cəhətləri ilə bərabər onun fəsadlarının olması mümkündür. Son dövrlər internet mediası, bu sahədə gözlənilən narahatlıqlarla bağlı müzakirələr genişlənir. Heç bir sərhəd tanımayan bu elektron şəbəkə yalnız media vasitəsi kimi fəaliyyət göstərmir. Ümumiyyətlə, internetlə internet mediasının arasındakı sərhədlər aydınlaşmalıdır. Jurnalist fəaliyyəti göstərən saytlarla digər əməliyyatları yerinə yetirən şəbəkə arasında fərqi, mahiyyəti müyyənləşdirmək gərəkdir.

Hətta bəzi ekspertlər interneti heç vəclə media nümunəsi kimi qəbul etmək istəmirlər. Ancaq Azərbaycan Respublikasının "KİV haqqında" Qanununda internet media sahəsi kimi göstərilib.

İndi əsas məsələyə keçək. Döğrudanmı, bu şəbəkədə məhdudiyyətlərin tətbiqinə, sərt addımların atılmasına ehtiyac var? Bu suala birmənalı cavab vermək çətindir. Mən əvvəlki yazılarımda bu məsələyə diqqəti yönəltməyə çalışmışam. İctimai məsuliyyətin və hüquqi öhdəliyin müəyyənləşmədiyi internetdə xoşagəlməz halların baş verməsi qaçılmazdır. Belə problemlə yalnız demokratik inkişaf yoluna yeni qədəm qoyan ölkələr deyil, həmçinin Amerika və Avropa cəmiyyətləri də üzləşir.

Hansı məqsədlərə və qüvvələrə xidmət etdiyi o qədər də bəlli olmayan, ifrat dərəcədə açıq-saçıqlığı ilə fəaliyyətdə olan bəzi saytların azyaşlı uşaqların mənəviyyatına vuracağı zərbə əslində hər bir valideyni düşündürməlidir. Orta məktəb şagirdlərinin məhz belə görüntüləri seyr etmək üçün internet məkanına axını narkotik maddə istifadəçisinin aqibəti ilə oxşarlıq təşkil edir. Bunun qarşısını tam almaq çətin olsa da, baş verə biləcək fəsadları azaltmaq mümkündür. İnzibati üsullarla bu problemi aradan qaldırmaq və yaxud hər şeyi nəzarətdə saxlamaq mümkün deyil.

Belə bir məsəl var, ən yaxşı silah məlumatlılıqdır. Düzdür, bu gün çoxları maarifləndirmə işinə o qədər də yaxşı baxmır. Ancaq mövcud problemlə bağlı tədqiqatlar aparıb, cəmiyyəti bilgiləndirməklə bəzı məsələlərin çözümünə dəstək olmaq olar. Yəni burada vətəndaş cəmiyyətinin əməyindən daha geniş istifadə olunmalıdır.

Biz QHT nümayəndəsi olaraq internetdə məsuliyyət və hüququ öhdəliklə bağlı müəyyən araşdırmalarımızın nəticəsində layihə hazırlayıb AR Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının müsabiqəsinə təqdim etdik. Çox təəssüf ki, həmin qurum cəmiyyətimiz və dövlətimiz üçün önəm kəsb edən bu layihəyə zamanında dəstək vermədi. Ən qəribəsi odur ki, layihənin dəstəklənməməsinə tutarlı səbəb tapılmadı. Ümumilikdə, internet sistemində ictimai təşkilatların daha çox layihələr həyata keçirməsi effektli olar və o zaman inzibati qadağalara zərurət azalar.

Bu gün internet şəbəkəsində tənzimləmə məsələsi bəzi insanları narahat edir. Gerçəkdən bu sistemdə texniki tənzimləməyə ehtiyac böyükdür. Çünki Azərbaycanda internetin qiyməti həm yüksəkdir, həm də, sürəti zəifdir. Bu sahəyə sərmayə qoyuluşuna, texniki məsələlərin təkmilləşməsinə zərurət var.

Qaldı ki internet mediasına, burada müzakirə olunası məsələlər çoxdur. Kimsə bloqlar yaradaraq informasiya xidməti göstərir və yaxud vətəndaş jurnalistkası genişlənir. Bunun müsbət tərəfləri ilə bərabər narahatedici məqamları da var. Ola bilər jurnalistikanın prinsiplərindən, etik normalarından, davranış qaydalarından xəbərsiz bir şəxs belə fəaliyyətə qoşulsun. Kiminsə şəxsiyyətinə, qüruruna toxunacaq görüntülər nümayiş etdirilsin. Necə ki, vaxti ilə hərbi hissədə əsgərlər arasında baş vermiş insidentlə bağlı görüntülər internetə yol açmışdı. Düzdür , Müdafiə Nazirliyi həmin məsələnin həqiqətdən uzaq olduğunu bildirdi. Ancaq bir məqam qaranlıq qadı, bu video çarxlar ortalığa necə çıxıb?

Bundan əlavə saytların keçirdiyi forumlarda kənardan tədbirə qatılan hər hansı iştirakçı tərəfindən qərəzli, təxribatçı addımların atılması ola bilər. Burada hüquqi öhdəlikdən əlavə ictimai məsuliyyətin müəyyən edilməsi çətinlik yaradır. Digər tərəfdən, vətəndaş jurnalistikasında çalışanların peşəkarlığı, mövcud qayda-qanunlara necə əməl etməsi bir tərəfə, ümumiyyətlə, bu sahə nə dərəcədə legitim media sayıla bilər? Kiminsə düşüncəsinə və informasiya almaq, ötürmək azadlığına məhdudiyyətlərin qoyulması düzgün deyil. Plüralizm və söz azadlığı bir çox qanunda, o cümlədən Konstitusiyamızda təsbit olunub. Lakin ənənəvi KİV-lərdən fərqli olaraq internet mediasında məsuliyyətlə bağlı fərqli məqamlar qalmaqdadır. Onu da yaddan çıxarmayaq ki, dünyanın ən demokratık ölkələrində bu problem yaşanır. Hətta ABŞ Konqresində internetdə ədəb-ərkanın qorunması ilə bağlı qanun qəbul edilsə də, məhkəmə söz azadlığını əsas tutaraq bu qərarı ləğv etmişdi. Türkiyədə internet mediası ilə bağlı xeyli sayda məhkəmə çəkişmələri var. Ona görə də, hansı ölkənin bu sahədə qanunları və yaxud təcrübəsinin məqbul olduğunu demək çətindir.

Hər-halda internetlə bağlı şikayətləri qəbul edib araşdıran, bu prosesləri mövcud qanunlara uyğun tənzimləyən, internet mediasında çalışan jurnalistlərin hüquqlarını qoruyan təşkilatın yaradılmasına ehtiyac hiss olunur.

İnternetə qadağa qoymaq və yaxud onu tam qapatmaq çətin məsəldir. Bu şəbəkədə daha çox araşdırmaların aparılmasına, vətəndaş cəmiyyəti instutlarının fəaliyyətinin artmasına, ümumilikdə, bu sahəyə ayrılan sərmayələrin çoxalmasına nail olmaq lazımdır. Hələ ki, Azərbaycanda internet mediası belə demək mümkünsə yüksək gəlir gətirən sahə olmadığına görə verği dərəcələrinin azadılması effekt verər.

Hazırda dünya polemika üzərində qurulub. İnternetdə fəsadları aradan qaldırmaq üçün müzakirələri davam etdirməklə optimal variantlar tapmaq mümkündür.    

 

 

Əkrəm BƏYDƏMİRLİ,

Sosial Rifah və Tədqiqatlar

İctimai Birliyinin sədri

 

525-ci qəzet.- 2009.- 23 iyun.- S.2.