"Atamın kitabı" unudulmur...

 

İndi dəqiq yadımda deyil, amma tələbəlikdə hansısa kitabda oxuduğum bir filosofun fikirlərini xatırladım: "Əgər sənə məktub yazmırlarsa, zənn etmə ki, sözləri qurtarıb, hesab elə, mürəkkəb qabı boşalıb".

İndi mürəkkəblə yazmaq dəb olmasa da, bir-birinə mürəkkəb atmaq dəbdir. İndi sözlər mürəkkəbləşib, ovsanasından çıxıb. Sözlərdə şirinlik, duzluluq, məhəbbət, məsumluq qalmayıb. Amma yaxşı ki, cəmiyyətdə hələ söz deyən, qələm tutan, bildiklərini, oxuduqlarını, öyrəndiklərini yazdıqları məqalələr şəklində səxavətlə cəmiyyətlə bölüşən, ədəbiyyatımıza, nəsrimizə, publisitikamıza, poeziyamıza özünəxas üslub bəxş edən insanlar, ziyalılar var.

Azərbaycanımızın son 10-15 ilində biz bir çox ziyalılarımızı, ziyalı sözünə layiq olan işıqlı yazıçı və şairlərimizi, ictimai fikir bayraqdarlarını itirdik.

Yuxarıdakı fikrə qayıdıb hesab edirəm ki, mürəkkəb qabı boşala bilər. Amma aman o gündən ki, mənəviyyat boşalmasın. Mənəviyyatımızı boşalmağa qoymayan ədəbi-bədii söz nəhənglərinin qarşısında baş əyir, həyatdan köçənlərin ruhuna dualar oxuyuram.

Bəxtim elə gətirib ki, gözümü açandan dar-dağarcıq bir otaqlı evimizdə oyuncaqlar əvəzinə qalaq-qalaq kitablar görmüşəm. Mənzil o qədər dar idi ki, çarpayımın altı da dolu kitablar idi. Mən bu kitabları cocuq vaxtlarımda oxuya bilməsəm də, oxumuş kimi var idim. Bu kitablar arasında atam Mikayıl Mirzənin vaxtaşırı ucadan oxuduğu, Məmməd Arazın "Atamın kitabı" xüsusi yer tuturdu. Mənim böyük şairimiz Məmməd Arazla ilk qiyabi tanışlığım bu kitabdan başladı. Evimizdə atamın bədii qiraətə hazırlaşması üçün, qaldığımız otaqdan başqa otaq olmadığı üçün, Mikayıl Mirzənin bir sənətkar kimi sənət fəaliyyəti, qiraətə hazırlıq prosesi, ümumilikdə tamaşadakı rollara hazırlığı anamla mənim gözlərimiz önündə keçirdi. Mikayıl Mirzə şeiri o qədər canlı oxuyurdu ki, bir çox məqamları mənim də yaddaşıma hopurdu. Deyərdim, təkcə yaddaşıma deyil canıma, qanıma, ruhuma hopur, mən də Mikayıllaşır, Araz kimi coşub-daşırdım. Bəs görəsən, Məmməd Araz poeziyasını Mikayıl Mirzə ruhuna yaxınlaşdıran nə idi?

Bunu çox sonralar Məmməd Arazın Filarmoniyada keçirilmiş 50 illik yubileyi ilə bağlı tədbirdə "Nağıl" adlı şeirini deyərkən dərk etdim (O zaman 9 yaşım var idi). Atam bu şeiri mənə elə bir mexanizmlə öyrətmişdi ki, 26 ildən sonra hələ də yadımdan çıxmayıb.

 

   Deyirəm Allahın altında əlim çata,

   Bir kəməd atam.

   Kometdən, şimşəkdən işıq yallı

   Bir köhlən oğurlayam.

   Çapıb-çapıb günəşi göydən oğurlayam.

   Təşvişə düşə neçə kənd, şəhər,

   Neçə ölkə oğruları,

   Neçə müstəmləkə oğruları.

   Görələr göz işığında, ürək işığında,

   Arzu, ümid işığında yaşamaq necəliyini...

 

Əgər bu şeirin məzmun qüdrəti Məmməd Arazın idisə, bu şeiri mənim üçün seçən qüdrəti Mikayıl Mirzənin idi. Hələ sovetlər və onun senzurası dövründə dünyanın günəşinə sahib çıxmaq istəyən, ölkələri müstəmləkə altında saxlayanlara qarşı balaca bir cocuğun etirazı, əlçatmaz arzusu, mesajı, dərs vermək istəyi Məmməd Arazın inqilabi ruhunun, köləliyə, nahaqqa qarşı barışmazlığının, Araz kimi coşmasının şeir dilində ifadəsi idi. Şeirin sonluğu isə heç kəsin görə bilmədiyi, gələcəyə ümidlə baxan, yeni cəmiyyətlərin qurulacağına, köhnənin dağılacağına inanan, nağılın gerçəyə çevriləcəyinə əmin olan Məmməd Araz uzaqgörənliyinin xəbərdarlıq formasında ifadəsidir.

 

   Ulduzların iştirakıynan belə bir qol kağızı alam.

   Verilir ki, bir də yer üzündə işıqsız

   Qoymaycaq adamı adam.

   Bəli. Bundan sonra dustaq günəşi fəzaya ötürəm.

   Sevin zənci qardaş, dikəl, ütülən.

   Demə bu bir nağıldır. Bir gərnəş, bir isin.

 

Vallah tapıla bilər Mətin tək birisi.

Məmməd Araz poeziyasını Mikayıl Mirzə ruhuna dost edən cəhətlərdən biri böyük ustadın torpağı, zəhməti tərənnüm etməsi, torpağa biganələrə şeir dilində öyüd verməsi, təbiətin insanla birbaşa əlaqəsi, təbiətlə dialoq qurması, insanlarda etinasızlığı görüb dərdini təbiətə açması idi.

 

   Çoxdur indi savadlılar. Lap çox, maşallah.

   Qəzet-kitab oxumaqla dağ aşırlar.

   İldə bir yol ot biçməyə gəlin, oğul.

   İldə bir yol küləş yığın,

   Canınıza hava yığın günəş yığın.

   Uşaqları gəlir kəndə on ildə bir.

   İtdən qurdu seçə bilmir,

   Arx hoppanıb keçə bilmir.

   Boz qoduğa ceyran desən, inanarlar.

   Çamurluğa bulaq söylə, yuyunarlar.

 

Gənc nəslin kənd mühitindən qaçmasını, məişətindən uzaq düşməsini, onun vərdişlərindən uzaqlaşmasını, insanla torpaq arasındakı soyuqluğu şair əbəs yerə gileyi şəklində vermir. Məmməd Arazın əsas göynərtisi odur ki, torpağına sahib çıxmasan, başqası sahib çıxa bilər. Bu gün kəndə, onun vərdişlərinə biganəlik sabah vətənə biganələrin artmasına və vətənin taleyinin biganələr əlində olmasına, onun dərdlərinə biganə münasibətlərin göstərilməsinə gətirib çıxara bilər. Və yaxud şairin professor Gülə yazdığı şeiri xatırlayıram.

 

   Xəzər bir xəzinədar, Xəzər bir xəzinədir.

   Qoynu-qoltuğu dolu bir nənədir.

   Adamlar var ki Xəzər-

   Səhər də, axşam da süfrəsini bəzər.

   Beləsindən soruşsan: Hardadır Xəzər?

   Xəritədə gəzər Afrika qitəsini...

 

Ümumiyyətlə dəyişən zamanın, cəmiyyətin bu gün üzləşdiyi problemləri hələ çox-çox vaxtından əvvəl cəmiyyətə nigaranlıq tonunda şeir və bədii ədəbiyyat dilində xəbər verən ədiblərimiz necə də uzağı görmüşlər. Bu gün dünya qarşısında duran problemlərdən biri də məhz, iqlim dəyişkənliyi, ətraf mühitin qorunması məsələsidir. Görün şair neçə-neçə illər bundan öncə torpağın vərdişlərini yaddan çıxarmamağı, Xəzərin ekologiyasının qorunmasını yana-yana deyibmiş.

Nədənsə Azərbaycanda Məmməd Araz deyəndə əksəriyyət "Ayağa dur Azərbaycan" şeirini və bu şeirin təkrarolunmaz ifaçısı Mikayıl Mirzəni anır. Bu şeir Məmməd Arazın illər boyu damla-damla bu xalqa demək istədiklərinin Araz nəhrində coşqusu idi. Bu coşqu Mikayıl Mirzənin dili ilə Azərbaycan tamaşaçısına və dinləyicisinə Məmməd Arazın aşıb-daşan səbrinin harayı kimi çatdırılırdı.

 

   Oyat bizi ey yaradan səninləyəm!

   Ya bilmərrə yatırt bizi,

   Ya bilmərrə oyat bizi.

   Ya yenidən yarat bizi!

   Ey yaradan, səninləyəm!

   Səninləyəm yatmış vulkan.

   Səninləyəm!

   Ayağa dur, Azərbaycan,

   Səninləyəm!

 

İndi "Atamın kitabı" mənim masamın üzərindədir. Hər dəfə bu kitabı varaqlayarkən o illərə qayıdır, ağzına qədər dolan salonlardakı poeziya gecələrini xatırlayır, birotaqlı evimizdə ziyalıların, şairlərin, yazıçıların mükalimələrini, mənəviyyat dolu şirin anları, ötən və bir də heç zaman geri qayıtmayacaq günləri qərib ölkədə yada salıram və o günlər, o insanlar üçün qəribsəyirəm.

Artıq bir neçə ildir, həm o kitabın müəllifi, həm də o kitabdakı şeirlərin misilsiz ifaçısı aramızda yoxdur. Onlardan bizə qalan lent yazıları, unudulmaz xatirələr, sönməyən mənəviyyat işığı və bir də hər zaman oxunacaq "Atamın kitabı"dır.   

 

 

Mətin MİRZƏ,

         Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili,

Məmməd Araz mükafatçısı

 

525-ci qəzet.- 2009.- 24 iyun.- S.7.