Qürbətdən gələn xoş səda

 

Danılmaz faktdır ki, azərbaycanlılar Vətənə, Torpağa, el-obaya, yurda, ata-anaya bağlılıqları ilə başqa millətlərdən seçilirlər. Lakin zəmanə elə gətirib ki, bəzi soydaşlarımız Vətəndən kənarda yaşamalı olublar. İndi azərbaycanlılara dünyanın hər yerində rast gəlmək mümkündür. Onlardan bəziləri bu seçimi özü etmiş, başqaları taleyin hökmü adıyla, kimlərsə təhsillə, işlə bağlı, yaxud təsadüfən Vətəndən ayrı düşmüşlər.

Soydaşlarımızın harada yaşamaları, hansı ölkənin vətəndaşı olmaları mənim üçün önəmli deyil. Önəmli olan onun azərbaycanlı adıyla qürur hissi keçirməsi, millətinin üzünü ağ eləməsi, Vətənin qeyrətini çəkməsi, onun sevincinə də, dərdinə də şərik olması, adət-ənənələrini, dilini, mentalitetini qorumasıdır.

Vətəndə yaşamaq əsas deyil. Əsas necə yaşamaqdır. Hansı əqidə, hansı arzu ilə yaşamaqdır. Vətəndə yaşayan, lakin Vətənə qənim kəsilmiş, onun var-dövlətini, sərvətini talan edən, yalnız öz mənafeyini güdən soydaşlarımız azdırmı? Vətənsevərlik sözlə deyil, işlə, fəaliyyətlə təsdiqlənməlidir. Vətəndən ayrı düşmüş bütün soydaşlarımızın bir ümumi dərdi var - qürbətçilik. Lakin Vətənə bağlılıq, öz aralarındakı isti münasibət, fəal həyat mövqeyi, sevimli iş bu dərdi azaldır. Biz qürbətdən gələn xoş sədaları eşidirik. Belə xoş sədalı soydaşlarımızdan biri də Burzu Əliyevdir.

Burzu Xanoğlan oğlu Əliyev 1965-ci ildə Qarabağın dilbər guşəsi Gülablıda anadan olub. Ailənin beş uşağından biri idi. Səkkizinci sinfi Gülablıda başa vuraraq, təhsilini Bakıda riyaziyyat - fizika təmayüllü məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarına çağırılıb, Ukraynanın Lvov vilayətində hərbi xidmət keçib. Elə o dövrdən onda Ukraynaya bağlılıq yaranıb, əsgər şinelini tələbə geyiminə dəyişib. O, Sovet İttifaqının, eləcə də Ukraynanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Kiyev Politexnik İnstitutuna (indi Ukrayna Milli Texniki Universiteti) daxil olub. Kiyev Politexnik İnstitutunu bitirdikdən sonra gənc mütəxəssis kimi müxtəlif vəzifələrdə işləyib, lakin zəmanənin tələbi ilə hesablaşaraq texniki biliklərinə iqtisadi - maliyyə biliklərini əlavə etmək üçün Ukraynanın nüfuzlu Magellan Universitetini də bitirib.

O, yeni yaradılmış Amerika - Ukrayna şirkətində işə başlayır və şirkətin maliyyə direktoru vəzəfəsinə qədər yüksəlir. Ukraynanın iqtisadi və siyasi həyatında tanınmış, nüfuzlu bir şəxsə çevrilir. Onun təşkilatçılıq bacarığı özünü çox gözlətmədi. O, Ukrayna Respublikasının Yanacaq və Energetika nazirinin müavini kimi yüksək vəzifəyə təyin olundu. Onun baza təhsilinin yanacaq, energetika ilə birbaşa bağlı olmadığını nəzərə alıb bu təyinatın nə dərəcədə məqbul olduğunu qəbul etməyənlər də var idi. Lakin tabeçiliyində olan işçilərlə elə ilk görüşündə qarşıda duran vəzifələrin dərin, səriştəli analizi çoxlarını çaşdırmış, heyrətə gətirmişdi. Heç təsadüfi deyil ki, Ukrayna prezidenti V. Yuşşenko xarici səfərlərinin əksəriyyətində nümayəndə heyətinin tərkibinə Burzu Əliyevi də daxil edir.

Burzu müəllim hədsiz məşğul olsa da, mənimlə görüşməyə razı oldu.

- Burzu müəllim, adınız çox nadir addır.

- Bildiyimə görə Burzu türk adıdır. Azərbaycanda üç Burzu adı var. Onun ikisi bizim Gülablıdandır.

Bir dəfə bizim kəndçi Burzu Kiyevdə məni axtarır, nazirliyə zəng vurur və katibəyə deyir ki, danışan Burzudur, mənə Burzu Əliyev lazımdır, mən onun kəndlisiyəm.

Katibə bir kənddə iki Burzunun olmasına inanmadığından telefon danışığını kəsir. Lakin ikinci Burzu əl çəkmir. Axırda katibə məcbur olub əhvalatı mənə danışdı. Mən bir də zəng eləsə, bizi birləşdir dedim. Hə, bizim gülablılı Burzu idi.

- Burzu müəllim, Siz Ukraynada kifayət qədər tanınmış, nüfuzlu şəxssiniz. Nə əcəb deputatlığa namizədliyinizi irəli sürmürsünüz?

- Ya gərək vəzifə tutasan, ya da deputat olasan. Mənə də Prezident yüksək vəzifə tapşırıb, gərək onun etimadını doğruldum. Odur ki, hələlik deputatlıq haqqında fikirləşmirəm. Bəklə nə vaxtsa o fikrə düşdüm.

- Eşitdiyimə görə Ukraynada olan və Ukraynaya gələn azərbaycanlılar bərk ayaqda Sizi axtarırlar?

- Bəli, müraciət edənlər çox olur. Çalışıram bacardığım köməkliyi göstərim.

- Uzun illərdir Ukraynada yaşayırsınız. Burada təhsil almısınız, buranın mühitinə qaynayıb qarışmısınız, yüksək vəzifə sahibisiniz. Azərbaycanlılığınızı, milli dəyərləri unutmamısınız ki?

- Azərbaycançılıq, milli dəyərlər insanın qanı ilə bağlıdır. Onu dəyişmək üçün gərək insanın qanını bütün dəyişəsən. Allaha şükür, qanım dəyişməyib.

- Qarabağlı ilə söhbət aparıb, musiqidən danışmamaq mümkün deyil.

- Musiqi, muğamat mənim üçün hər şeydir. Günüm musiqi ilə başlayır, musiqi ilə bitir. Evdə də, maşında da musiqi həmkarımdır. Sürücüm də (o, ukraynalıdır) muğamat azarkeşi olub. O, tək olanda da məmnuniyyətlə muğamata qulaq asır. Hiss edirəm ki, muğamat onu təsirləndirir.

Belə bir hadisə olmuşdu.

Almaniyada Beynəlxalq forumun iştirakçıları üçün mərasim təşkil edilmişdi. Mən bir disk verib mərasim təşkilatçılarından xahiş etdim ki, onu səsləndirsinlər.

Səxavətin ecazkar səsi zaldakı müxtəlif millətlərdən olan insanları ovsunlamışdı. Birdən zala bir nəfər daxil oldu. O, musiqini eşidib gəlmişdi. O, diski kimin gətirdiyini soruşdu. Məni göstərdilər. Özünü təqdim etdi, şirkətlər qrupunun prezidenti, türk olduğunu dedi. Lütfən, icazə verin, diskin üzünü köçürsünlər. Mən razılaşdım. Diskin çox sayda üzünü köçürüb mərasim iştirakçılarına payladılar.

Burzu müəllim özü haqqında, gördüyü işlər haqqında danışmağa çox da həvəsli deyil. Odur ki, bəzi məqamları onun iştirakı olmadan aydınlaşdırmaq istədim.

Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tələt Əliyev:

- Burzu müəllim hər cür tərifə layiq insandır. O, öz biliyi, bacarığı, təşkilatçılıq istedadına görə Ukraynada ən nüfuzlu, sayılan, həm respublika rəhbərliyinin, həm də sıravi insanların dərin hörmətini qazanan bir şəxsdir. O, Ukraynada fəaliyyət göstərən çoxsaylı Azərbaycan diasporunun ən fəal üzvlərindəndir, Ukraynada Azərbaycan Konqresinin yaradıcılarındandır, səfirliyin təşkil etdiyi bütün mühüm tədbirlərinin iştirakçısıdır. Burzu müəllim əsl azərbaycanlı ziyalısıdır. Burzu Əliyev millətimizin fəxridir.

Digər məlumatları Burzu müəllimin Bakıda yaşayan qardaşı Həsəndən alıram.

- Həsən, Burzu müəllim o boyda Ukraynada nazir müavini olandan sonra xasiyyətində bir dəyişiklik olubmu?

- Burzu ilk növbədə iş adamıdır. İşlədiyi bütün vəzifələrə çox ciddi, məsuliyyətlə yanaşır. Həm özünə, həm də işçilərinə qarşı çox tələbkardır. İşdə də, həyatda da çox səliqəlidir. Mehriban ailə başçısıdır. Ailədə ciddi olduğu qədər, qayğıkeş, mülayimdir. İmkan tapan kimi Azərbaycana gəlir. Burada da qohumlar, dostlar, tanışları ziyarət etməyi unutmur.

Ailədə gələcəyin böyük vətənpərvəri, azərbaycanlısı böyüyür. Beş yaşlı Xanqulu (Burzu müəllim oğluna rəhmətlik atasının adını qoyub) ukraynalı dayəsini inandırmağa çalışır ki, Azərbaycan Ukraynadan da, Rusiyadan da böyükdür. Sübut üçün Azərbaycanın iri miqyaslı xəritəsini Ukraynanın və Rusiyanın kiçik miqyaslı xəritəsi ilə müqayisə edir. Xanqulu bütün oyuncaqlarına Azərbaycanın bayrağını yapışdırır. Bağçaya geyindiyi paltarın yaxasına da Azərbaycan bayrağını yapışdırmağı unutmur. Xanqulu bir neçə dildə danışa bilir. Azərbaycanca danışana azərbaycanca, ingiliscə danışana ingiliscə, Ukrayna dilində danışana Ukrayna dilində, rusca danışana rusca cavab verir.

Qeyrətli Xanqulu balamıza cansağlığı, xoşbəxt uşaqlıq, uğurlu gələcək arzulayaq. Ukraynada yaşayan soydaşlarımızın isə xoş sədalarını eşidək.

 

 

Xəlil MƏCİDOĞLU

 

525-ci qəzet.-2009.- 24 iyun.- S.5.