Biz niyə
görüşmədik?!
... Sən
demə, sazağı
qılınc kimi ağız-burun sıyıran qarlı-şaxtalı qış günlərinin də bəzən yaddaşlarda isti xatirələr qoymağı, qəlbi ilıq duyğularla doldurmağı olurmuş.
Bizim tərəflərdə
az-az görünən
belə günlərin
birində redaksiyanın
şöbə müdiri
paltolu, papaqlı bir kişiynən müxbirlər
otağına gəldi.
Tanışlıq zamanı
adımı deyəndə
həmin kişi xırda gözlərini qıyıb:
- Sabirabadda qəhrəman
Vəsilə olduğunu eşitmişdim, amma jurnalist Vəsilə
olduğunu bilmirdim,- dedi. Sonra da əminliklə əlavə elədi:-
Görüşərik, inşallah...
Şöbə
müdiri də bizi məlumatlandırdı ki, Şəmistan
Nəzirli xalq şairi Səməd Vurğun haqqında kitab
yazır, bizim Cavad kəndində şairi şəxsən
görüb tanıyan ağsaqqallarla görüşməkçin
müharibə veteranı Zülfəli kişiynən ora gedəcəklər...
Həmin qış
günündə Şəmistan müəllimgil Cavada necə
getdilər, kimləri tapa bildilər, sonra Sabirabada bir də
yolu düşdümü, bilmədim. Səməd Vurğun
haqqında kitabının taleyindən də xəbərim
olmadı. Bundan sonra onu ancaq hərb tariximizin fədakar və
yorulmaz araşdırıcısı, bu sahədə
dolğun, maraqlı faktlarla zəngin məqalə və
kitabların, məzmunlu çıxışların sahibi
kimi tanımağa başladım. Heç özümün də
Bakıya yolum düşəndə onu axtarmaq fikrinə
düşmədim. Bu adamı heç vaxt başqaları kimi
şəhərin küçələrində dolaşan,
hansı bir idarədəsə işləyən təsəvvür
edə bilmirdim. Gözümün önündə gecəli-gündüzlü
Bakının, Tiflisin, Moskvanın, Sankt-Peterburqun arxivlərində
əlləşən, axtaran, yazan bir kişidən başqa
heç kəsi canlandıra bilmirdim.... İnam dolu sözləri
isə qulağımdan getmirdi: " Görüşərik,
inşallah..." Nədənsə, bu uzun illərdə mən
də bir gün bu görüşün baş
tutacağına həmişə inanmışam...
Hərb tariximizin öyrənilməsində
onun müstəsna əməyi danılmazdı. O,
xalqımız haqqında özümüzün və özgələrin
formalaşdırdığı haqsız fikir və
iradları yorulmaz, inadkar axtarışları, ortaya
çıxardığı tutarlı dəlil və
sübutları ilə puça çıxartdı. Sübut
elədi ki, bu millət at belində doğulub, at belində də
ölənlərin, torpağımıza göz dikənlərə
qarşı qərinəyə yaxın bir müddətdə qılıncını
qınına qoymayanların anasıdı. Birinci və
İkinci dünya müharibələrində, Vətəndaş
müharibəsində, Qarabağ savaşında qanıynan qəhrəmanlıq
tarixi yazanları yetirəndi...
Heç bir imperiya
öz təbəəsinə ürəklə silah etibar eləmir,
onların arasından ixtisaslı zabit kadrları yetişdirilməsinə
imkan yaratmır, ölkənin hərbi sirlərinə, obyekt və
bazalarına bələdliyini hər vasitə ilə əngəlləyir.
Millətimiz bilərəkdən zaman-zaman öz tarixindən,
qəhrəmanlıqlarla dolu keçmişindən ayrı
salınıb. Düşmən üstünə qırğı
kimi şığıyan, hər iki əliynən sərrast
atəş açan, uçan quşu gözündən vuran
oğullar yavaş-yavaş sıradan
çıxarılıb, yerinə maymaqlar, fərsizlər
oturdulub. Kişilərimiz əli yalın qoyulub, planlı,
düşünülmüş şəkildə
döyüş bacarığından, vərdişlərindən,
hazırlığından uzaqlaşdırılıb...
Lap uşaqlıqdan hərbçilərdən
xoşum gəlib, harda görsəm maraqla onlara
baxmışam. Tələbəlik illərində parada gedəndə
qılıncı az qala yerə dəyən, göy mundirli
zabitlərə heyranlıqla tamaşa edərdim. Ən
çirkin kişi də hərbi formada mənə
yaraşıqlı, boy-buxunlu görünərdi. Məktəb
illərində idman dərslərində bizə tüfəng
atmağı öyrədirdilər. Nişan almaqdan qəribə
zövq duyardım. Sonralar məktəblərimizdən bu dərsləri
yığışdırdılar. İşlədiyim rayonun
kolxoz bazarının girəcəyində tir vardı. Cavanları
həmişə ora yığışan görərdik.Qarabağ
hadisələri başlanmamışdan qabaq o tiri də ləğv
elədilər. Həmin vaxtlar avtomobil məktəbində
işləyən birisi danışırdı ki, müdiriyyət
məktəbin tirində məşğul olmağımıza
hər vasitə ilə mane olurdu... Görünür, cavanlarımızın
vaxtını belə işlərə sərf edib əllərini
tüfəng tutmağa, barmaqlarını tətik çəkməyə,
gözlərini sərrast nişan almağa öyrətməsindənsə,
küçələrdə saqqız, " bakkuş",
qadın alt paltarı satmağa öyrəşməsi kimlərəsə
daha sərfəliymiş... Və bu işlərin " bəhrəsi"
artıq göz qabağındadı...
Yəqin ki, Şəmistan
müəllim İlyas Əfəndiyevin "Geriyə baxma,
qoca" romanını oxumamış deyil. At belində
quş kimi səkən, atıb-vurmaqdan ötrü sinov gedən
Qarabağ igidlərinin təsviri də diqqətini çəkməmiş
olmaz. Bax, o igidlərin sümükləri bu gün qəbirdə
də sız-sız sızıldayır. Çünki o
torpaqlar, o ərənlər oylaqları indi düşmən
tapdağındadı. Halbuki, bu gün Şuşada at
oynadanlar, romandan da göründüyü kimi, dünən o
igidlərin atının üzəngisini basardılar. Səbəbi?
Elə o yuxarıda yazdıqlarım deyilmi?!
Tutduğum vəzifəynən
əlaqədar kadrların şəxsi işiynən hərtərəfli
tanış olmaq imkanım var. Əksəriyyətinin əsgərlikdə
inşaat, piyada batalyonlarında xidmət etdiyini görmək
həmişə halımı pərişan edir. Bu barədə
söz salanda da deyirlər ki, günah özümüzdədi,
gedib komandirlərdən xahiş edirdik ki,
uşaqlarımızı ya tikintidə işlətsinlər,
ya da anbarda, yeməkxanada. Bu sözlərdə həqiqət
var, ancaq yüz faiz deyil. Guya, xahiş eləməsəydik,
uşaqlarımızı hərbi bilik və sirlərin
içinə buraxacaqdılar. Bir də ki, əgər
xahiş və minnət nəzərə alınrdısa, pay və
hədiyyələr qərar dəyişirdisə, deməli, o
ordunun özündə də dəmir intizamdan söhbət
gedə bilməzdi. Onunla razıyam ki, özümüzdə də
günahlar çoxdu. " 525-ci qəzet"in şənbə
saylarının birində Şəmistan Nəzirli ilə
müsahibəni oxudum. " Məzarsız general" adlanan həmin
yazıdan Şəmistan müəllimin təzə
çapdan çıxmış " 1920-ci ildə
Qarabağ döyüşləri" kitabına ön
sözü kimi türk alimi Bəsim Atalayın bu fikirlərinin
verildiyini öyrəndim: " Böyüklərini tanımaq
hər millətin borcudur. Kimsə kimsəyə " Sən
atanı tanıma, sən babalarının dünyadan necə
gəlib keçdiklərini öyrənmə, sən əsl
atalarının adlarına, canlarına maraq gösiərmə!"-
deyə bilməz. Deyərsə, ən təbii bir haqqa
toxunmuş və ən böyük bir haqsızlıq
etmiş olar. Özünü və öz böyüklərini
tanımağa çalışmaq millətin vəzifəsidir,
bunu etməyən bir millət nümayəndəsi milli vəzifələrini
yerinə yetirməmiş hesab olunur". Bəs, biz nə
edirik?! Böyüklərimizi, ata-babalarımızı necə
tanıyırıq? Necə öyrənir, yolunu tutur, dəyərləndiririk?
Səməd bəy Mehmandarov kimi hərbçi oğluna
küçə süpürtdürən millət çoxmu
irəli gedə bilər?!...
Şəmistan müəllimin
yaradıcılığı bu böyüklərin,
ata-babaların yolunu öyrənməyə, tanıtmağa ən
dəyərli misaldı...
Şəmistan müəllimlə
görüşüb tanış olduğumuz o soyuq
qış günündən keçən uzun illər ərzində
dönə-dönə bu düşündüklərimi qələmə
almaq istəmişəm. Amma gözləmişəm, bəlkə
nə zamansa ad günü, yubileyi keçirildi, onda yazaram,
demişəm. Sonra anlamışam ki, artıq adət
halına saldığımız bu iş tamamilə yanlış
bir üsuldu. Ad günündə, yubileydə onsuz da
hamıdan yazırlar, layiq oldu-olmadı, tərifləyib
göylərə qaldırırlar. Borc kimi, vərdiş
kimi... Mənsə, belə etməməliyəm. Söz ürəkdən
gəldimi, məqamında deyilməlidi...
Bir də ona görə
yazdım ki...
Bu yerdə ikinci bir
türk ədibindən sitat gətirmək istəyirəm. Yazılarını
heyranlıqla oxuduğum Laura xanım Cəbrayıllı xalq
yazıçısı Sabir Əhmədovun vəfatı
münasibətilə qələmə aldığı
yanğılı, səmimi duyğularla dolu məqaləsində
ustad Çingiz Aytmatovla bağlı fikirlərinə də
yer ayırmışdı. Çingiz ağadan müsahibə
götürə bilmədiyinə dərindən təəssüflənən
müəllif bənzərsiz qələm sahibinin dilindən
eşidə bildiyi bir cümləni bizə
çatdırır. Aytmatov cavanlara elə belə də deyib:
" Müasirlərinizin qədrini bilin..."
Siz də mənim, bizim
hamımızın müasirisiniz, Şəmistan müəllim!
Gərəkli, dəyərli müasirimizsiniz və Sizə dəyər
vermək, qədrinizi bilmək insanlıq və vətəndaşlıq
borcumuzdu.
Yazının
başlığına çıxardığım sual isə
məni qətiyyən narahat eləmir. Axı, mən Sizi həmişə
görürəm. Məqalələrinizdə,
kitablarınızda, ekran və efirdəki
çıxışlarınızda görürəm. İnşallah
ki, bundan sonra da görəcəyəm. Əsas olanı da, elə
budu...
Vəsilə USUBOVA
525-ci qəzet.-2009.- 24 iyun.- S.2.