Şəmistan Nəzirli "1920-ci ildə
Qarabağ döyüşləri"ni təqdim edib
Dünən M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Silahlı Qüvvələri
Günü ilə əlaqədar yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirlinin
"1920-ci ildə Qarabağ
döyüşləri" kitabı ictimaiyyətə
təqdim olunub. Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Ş.Nəzirlinin hərb tariximizlə bağlı yazdığı əsərlərin
əhəmiyyətindən danışıb.
General Dadaş Rzayev
Ş.Nəzirlinin vaxtilə "tamamilə məxfi" qrifi
ilə arxivlərdə gizlədilən sənədləri
toplayaraq, belə mükəmməl bir kitab ərsəyə gətirməsini
yüksək dəyərləndirib.
Yazıçı Sabir
Azəri Ş.Nəzirlinin yaradıcılığını
hələ onun gəncliyindən izlədiyini
çatdırıb, onun hərb tariximizin əvvəllər qəsdən
gizlədilən səhifələrinə işıq
tutmasının təqdirəlayiq olduğunu deyib.
"Onun
yazdığı kitablar, xüsusilə də hərb
tariximizi əks etdirən əsərləri millətimiz
üçün çox gərəklidir. Həmin kitablarda
yer alan həqiqətlər gənc nəslin vətənpərvər
ruhda böyüməsi üçün çox vacibdir". Bu
fikirləri tədbirdə professor Camal Mustafayev səsləndirib.
Professor Şamil Vəliyev
Ş.Nəzirlinin kitabının həm tarixi həqiqətləri
əks etdirmək, həm də bədii baxımdan yüksək
dəyərə layiq olduğunu vurğulayıb.
Şairlər İlyas
Tapdıq, Oqtay Rza da Ş.Nəzirlinin hələ gənclik
illərindən çox aktual problemləri
araşdırdığını, sovet dövrundə
üstünə kölgə salınan milli tariximizlə
bağlı həqiqətləri üzə çıxarmaqda
böyük zəhmət sərf etdiyini dilə gətiriblər.
Sonda
çıxış edən müəllif
yaradıcılığı və yeni kitabı haqqında
söylənilən müsbət fikirlərə görə tədbir
iştirakçılarına minnətdarlığını
bildirib.
Məlumat
üçün qeyd edək ki, Ş.Nəzirlinin yeni
kitabında Azərbaycan sərkərdələrinin Port-Artur
mühasirəsi, Birinci Dünya müharibəsi və 1920-ci
ilin mart ayında erməni daşnaklarına qarşı
ölüm-dirim vuruşlarındakı iştirakı tarixi
faktlar əsasında qələmə alınıb.
Tədbirdə Ş.Nəzirlinin
adıyla bağlı elektron məlumat bazası da
iştirakçılara təqdim olunub. Burada Ş.Nəzirlinin
9 kitabının elektron versiyası yer alıb.
Sevinc MÜRVƏTQIZI