Güney Azərbaycan
mətbuatının tarixinə
elmi baxış
Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Pərvanə Məmmədlinin yeni kitabı belə adlanır: "Cənubi Azərbaycan mətbuatı
tarixi". Kitab Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən dərslik
kimi təsdiq edilib. P.Məmmədli Cənubi Azərbaycanla bağlı dəyərli
araşdırıcılarımızdan biridir. Bu mövzuda
onun çoxlu sayda məqalələri, kitabları nəşr edilib.
Onun bu yeni kitabında isə XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda
və ondan kənarda yaşayan azərbaycanlı ziyalıların
ədəbi-ictimai fəaliyyətindən, onların
nəşr etdikləri
mətbuat orqanlarından
bəhs olunur. Bu kitab Güney
Azərbaycanda mətbuat
tarixi haqqında sistemli məlumat bazası yaratmaq məqsədilə yazılıb.
Kitabın girişi
çox təsirli cümlələrlə başlayır:
"Tarixin amansız hökmü ilə iki yerə
parçalanmış Azərbaycanın Quzeyində və
Güneyində ictima-siyasi və ədəbi-mədəni həyat
öz məzmun tutumu, inkişaf səciyyəsi
baxımından fərqli istiqamətdə olmuşdur. İki əsrə
yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi
ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və
şahlıq rejimləri qədim və zəngin ədəbiyyata
və tarixə malik bir xalqın mənəviyyatına
ağır zərbə olsa da, onun öz
varlığını yaşatmaq, gələcək nəsillərə
ötürmək iradəsini, millilik qürurunu sındıra
bilməyib. Azərbaycanın hər iki tayında Araz
mövzusunda böyük bir ədəbiyyat
yaranmışdır..."
Bu maraqlı kitab 8
bölümdən ibarətdir. Həmin bölümlər
kitabın çox zəngin bir dövrü əhatə
etdiyini təsdiqləyir. I bölüm - Cənubi Azərbaycanda
mətbuatın meydana gəlməsi və onun təşəkkülü;
II bölüm - Məşrutə inqilabı illərində
demokratik ənənələrin formalaşması (1905-1911);
III bölüm - Mətbuat milli azadlıq hərəkatı
dövründə (1917-1920); IV bölüm - milli azadlıq hərəkatının
yüksəlişi illərində mətbuat (1940-1944), V
bölüm - Mətbuat Milli Hökumətin hakimiyyəti illərində
(1945-1946); VI bölüm - 1978-1979-cu illər İran
inqilabı və mətbuatda nisbi dirçəliş; VII
bölüm - "Varlıq" dərgisinin nəşri
tarixi; VIII bölüm - Çağdaş dövrdə Cənubi
Azərbaycan mətbuatı mövzusuna həsr edilib.
P.Məmmədlinin bu
kitabında yuxarıda sadalanan dövrlərin hər birində
nəşr edilən dəyərli mətbuat orqanları tarixi
və ideya-siyasi istiqamət baxımından ciddi
araşdırılır. Bu araşdırma vasitəsilə
biz "Əncümən" qəzetinin, "Azərbaycan"
dərgisinin, "Təcəddüd" qəzetinin, "Azərbaycan"
qəzetinin fəaliyyətilə yaxından tanış
oluruq. Kitab bizə "İstiqlal" və "Vətən
yolunda" kimi nəşrlərin məzmun və mahiyyətini
tanıdır.
P.Məmmədlinin
kitabının üstün məziyyətlərindən biri də
burada çoxlu fotoların və sənədlərin
olmasıdır. Müəllif kitabın sonunda verilən
"Fotolar, sənədlər" hissəsində fərqli
dövrlərdə çıxan qəzet və jurnallarla,
redaktorlar və digər mətbuat adamları ilə
bağlı şəkillər təqdim edib.
Haqqında söz
açdığımız kitab jurnalistika, filologiya, tarix və
şərqşünaslıq fakültələrində təhsil
alan tələbələr, eləcə də geniş oxucu
kütləsi üçün dəyərli vəsaitdir.
Nəsiman YAQUBLU