Türkər Qasımzadənin əsərləri
ABŞ səfirinin iqamətgahında
səslənib
ABŞ-ın
Bakıdakı səfirinin
iqamətgahında gənc
Azərbaycan bəstəkarı
Türkər Qasımzadənin
əsərlərindən ibarət
konsert keçirilib
("Turan"). Səfir
Ənn Dersi çıxışında bildirib
ki, istedadlı bəstəkarı iqamətgahında
qəbul etməkdən
və onun əsərlərini dinləməkdən
çox məmnundur:
"Bu yaxınlarda Türkər Manhetten Musiqi Məktəbinə daxil olub və
bu, çox əlamətdar hadisədir.
Məncə, hamı bu fikirlə razılaşar ki, Türkər Azərbaycan klassik musiqisinin uğurlu gələcəyidir".
Qeyd edək ki, Türkər
Qasımzadə 1988-ci ildə Bakıda dünyaya gəlib. Musiqi
Akademiyasında magistraturanın 1-ci kursunu bitirib, bu il Nyu-York
Konservatoriyasının Manhetten Musiqi Məktəbinə daxil
olub.
Tədbirdəki
tanınmış musiqiçilər T.Qasımzadənin son 5
ildə yazdığı əsərlərin dərinliyi,
dolğunluğu və özünəməxsusluğu ilə
fərqləndiyini qeyd ediblər.
Konserti haqqında məlumat
verən T.Qasımzadə tədbirdə səslənən əsərləri
əsasən "musiqiçi dostlarına, atasına,
yuxularına həsr etdiyini" bildirib: "Hiss etdiyim,
yaşadığım hər şey mənim musiqimdə
öz əksini tapıb". Nyu-York Konservatoriyasına qəbul
edilməsilə bağlı danışan gənc bəstəkar
təhsilinin maliyyə məsələsinin həllindən
asılı olduğunu diqqətə çatdırıb. T.Qasımzadə
Azərbaycanın gənc nəsil musiqiçilərinin
inkişafına dövlətin göstərdiyi qayğı və
diqqətə ümid etdiyini dilə gətirib. O,
yaradıcılığının inkişafında müəllimlərinin
xidmətlərini də önə çəkib: "Görkəmli
bəstəkarlarımız Xəyyam Mirzəzadə, Aydın
Əzimov, mərhum İsmayıl Hacıbəyov mənim musiqiçi
kimi formalaşmağım üçün böyük əmək
sərf ediblər. Musiqi Akademiyasının rektoru maestro Fərhad
Bədəlbəyliyə xüsusən minnətdaram".
Konsertdə gənc bəstəkarın
beş əsəri - fortepiano üçün
"Variasiyalar", solo violonçel üçün
"Sonatina", kaman və klarnet üçün
"Dialoq", fortepiano üçün iki prelüd və
fuqa, kaman, violonçel və fortepiano üçün triosu səslənib.
Musiqiçilər Aynur Kərimova (fortepiano), Lalə
Mürşidli (violonçel), Fərid Feyzullayev (skripka), Vəli
Budaqov (klarnet), Bəxtiyar Rzayev (skripka), Zakir Əsədov
(fortepiano), Humay Qasımzadənin (fortepiano) ifaları konserti
dinləyənlərin diqqətini çəkib.
SARA
525-ci qəzet.- 2009.- 25 iyun.- S.7.