Türklər - Azərbaycanın qədim
sakinləri
ORTA ƏSR ƏRƏB
TARİXÇİLƏRİ BU HƏQİQƏTİ NECƏ
QƏLƏMƏ ALIB?
İslamaqədərki ərəb
tarixi bir sıra maraqlı məqamlarla, həm ərəblər,
həm də digər xalqlar, o cümlədən azəri
türkləri ilə bağlı mühüm xəbərlərlə
zəngindir. Ərəb tarix elminin korifeyləri sayılan əl-Kəlbinin,
İbn Cərir əl-Təbərinin, İbn əl-Əsirin və
başqalarının əsərlərində lap qədim
zamanlardan Azərbaycanda məskunlaşmış türklərlə
bağlı maraqlı məlumatlar hifz olunub.
Xüsusilə ərəb
tarix kitablarında qədim Yəmənin Tubbəa
hökmdarlarından olan ər-Raiş və onun nəslindən
olan ər-Raid haqqında bəzi məlumatların Azərbaycan
tarixi baxımından böyük əhəmiyyəti var. Bu mənbələrdə
ər-Raişin yaşadığı dövr təxminən
Musa peyğəmbər və əfsanəvi İran
şahı Mənuçöhrlə bir vaxta düşür.
Məşhur ərəb tarixçisi İbn Cərir ət-Təbəri
(X əsr) "Tərixur-rusul val-muluk" (Peyğəmbərlər
və padşahlar tarixi) əsərinin birinci cildində ər-Raiş
barədə yazır: "Hişam bin Məhəmməd əl-Kəlbi
qeyd edir ki, ər-Raiş bin Qeys bin Seyfi bin Səba bin Yəşcəb
bin Yərub bin Qəhtan Yəmən hökmdarlarından idi. O,
Mənuçöhr zamanında hökmdarlıq etmişdir. Əsil
adı əl-Haris bin Əbi Şədəd olmuş, başqa
ölkələrə ğəzavat edib öz ölkəsinə
çoxlu qənimət gətirdiyindən "ər-Raiş"
(var-dövlət sahibi) adlanmışdır. O Hindistana hərbi
yürüş edib oranın əhalisinin bir qismini
qırmış, bir qismini isə əsir
götürmüşdür. Onların əmlakını qəsb
edib Yəmənə gətirmişdir. Bir müddətdən
sonra Tayy dağı istiqamətində yürüş edib Ənbara
getmiş, sonra Mosula hücum etmişdir. Orada öz süvarilərini
yaxın adamlarından olan Şəmmar bin əl-Əttafın
başçılığı altında Azərbaycana
göndərmişdir. O zaman Azərbaycan türklərin əlində
idi. O, türklərlə döyüşüb onların
övladlarını əsir götürür. Şəmmar
yolu üzərində yerləşən və Azərbaycanda
çox məşhur olan iki daş üzərində yazı
həkk elətdirir. Bu barədə İmruul-Qeys demişdir:
"Mən sənə
xəbərdarlıq edib demədimmi, dəhr insanları udan
bir əjdahadır? O, bir zamanlar dağlara, dərələrə
sahib olmuş "var-dövlət sahibini" yer üzündən
yox etdi..."
Mən bu fəsildə
Yəmən padşahlarından söhbət açdım və
Raişin Mənuçöhr zamanında Yəməndə
hökmdar olduğunu bildirdim. Yəmən padşahları fars
hökmdarlarının vassalı idilər. Onlar kimi istəsələr,
ora hökmdar təyin edirdilər".
Təbərinin təsvir
etdiyi bu hadisələrin tarixin çox dərin qatlarına
gedib çıxdığını, bunun ən qədim
dövrlərdən Azərbaycanın türklərin
diyarı olmasına dair məlumat kimi ciddi əhəmiyyət
daşıdığını vurğulamaqla yanaşı,
qaranlıq tarixlər içərisində əsil
faktların yarıəfsanəvi xəbərlərə
qarışması səbəbindən, hadisələrin
öyrənilməsi baxımından hər bir
araşdırıcı qarşısında duran çətinlikləri
də önə çəkməyi də vacib sayırıq.
Təbəri tarixində
xatırlanan və Firdovsinin "Şahnamə"sindən
tanıdığımız Mənuçöhr yarıəfsanəvi
İran hökmdarlarındandır. Fars rəvayətlərində
onun ədalətli bir hökmdar olduğu bildirilir, ilk xəndək
qazanın, ilk dəfə döyüş silahları
hazırlayanın, əkinlə məşğul olanın,
paltar tikənin Mənuçöhr olduğu söylənilir.
Mötəbər fars mənbələrində onun tarixi şəxsiyyət
olması ilə bağlı fikirlər də var. Bir mənbədə
onun Zərdüştün 14-cü babası olduğu söylənilir.
Başqa bir mənbəyə görə, o, ilk İran
sülaləsi sayılan, əsası e.ə. VII əsrdə
Viştaps tərəfindən qoyulmuş Kəyanilərin ulu
babası olub. Birinci məlumatı əsas tutub, orta yaş həddinə
görə, Mənuçöhrün Zərdüştdən
təxminən yeddi əsr öncə, yəni bizim eradan əvvəl
XIV əsrdə yaşamış olmasını, beləliklə
də məhz həmin dövrdən Azərbaycanın
türklərin diyarı olduğunu iddia edə bilərik. Bunu
Təbəri tarixinin ümumi quruluşunu əsas tutub söyləmək
də olar. Belə ki, orta əsrlər ərəb tarix
kitablarında tarixin başlanğıcı
varlığın xəlq olunması ilə verilir. Sonra
peyğəmbərlər tarixi gəlir və bir qayda olaraq,
peyğəmbərlərlə yanaşı hər bir peyğəmbərin
dövrünə müvafiq fars padşahlarının tarixi
farsların öz ənənələrinə uyğun nəql
edilir. Mənuçöhrün zamanında baş vermiş
hadisələr silsiləsində nəql olunan Azərbaycanla
bağlı bu hadisələrin baş vermə zamanını
məhz bu prinsipi əsas tutub müəyyənləşdirmək
mümkündür. Təbəri bu əhvalatları Musa
peyğəmbərin (ə) rəvayətindən sonra söyləyir.
Mənuçöhr kimi Musa peyğəmbərin də həyatı
əfsanələrə qərq olub, lakin burada elm aləmində
qəbul olunmuş bəzi fikirləri əsas tutub konkret tarix
söyləmək mümkündür. Yəhudiliyin bir din kimi
eramızdan əvvəl ikinci minillikdə formalaşması,
konkret olaraq, Musa peyğəmbərin Misir fironu II Ramsesin
dövründə yaşaması Azərbaycan tarixi ilə
bağlı bu olayların tarixini eramızdan əvvəl
XIV-XIII əsrlərin qovşağına aid etməyə əsas
verir. Təlmudun ən qədim hissələrini əhatə
edən Aqadada hz.Musanın dövründə Ərəbistanda
müdrik bir hökmdar yaşamasından bəhs edilir. Çox
güman ki, o haqqında söhbət
açdığımız ər-Raişdir.
Yuxarıdakı
parçada yer almış şeirin sonrakı beytlərində
ər-Raiş tərəfindən Yəcuc-Məcuc
tayfalarının qarşısının alınması
üçün sədd çəkildiyi bildirilir. Qurani-Kərimdə
bu səddin Yəcuc-Məcuc tayfalarının
qarşısını almaq üçün Zul-Qarneyn
(qoşabuynuzlu) tərəfindən salındığı
bildirilir. Zul-Qarneynin kimliyi isə həmişə müfəssirlər
arasında mübahisələr doğurmuş, farslar onun
İran hökmdarı Kir olduğunu bildirmiş, rəy
çoxluğu isə Quranda anılan Zul-Qarneynin
Makedoniyalı İskəndər olduğunu iddia etmişdir. Lakin
elm aləmində Zul-Qarneynin qədim Yəmən
padşahı olduğunu bildirənlər də var. Hər bir
halda İmruul-Qeysin Yəcuc-Məcuc səddini ər-Raişin
adı ilə əlaqələndirməsi diqqətçəkən
məqamdır, çünki bu səddin məhz Qafqazda
inşa olunması ilə bağlı da fikirlər var.
Bütün bu məlumatların
bizim üçün ən əhəmiyyətli tərəfi
türklərin Azərbaycanda məskun olmasının bəşər
tarixinin ən qədim dövrlərinə aid edilməsidir. Bu
dövr o qədər qədimdir ki, əsatir tarixə, əfsanə
həqiqətə qarışıb. Lakin bir çox tarix
kitablarında təkrarlanan əsas fikir budur ki, bizim eradan
çox-çox əvvəllər qədim Yəməndə
qüdrətli hökmdarlar olmuş, onlar şimal ölkələrinə
hərbi yürüşlər etmiş, məhz Azərbaycan ərazisində
türklərlə rastlaşmışlar. Bu hökmdarlardan
biri İmruul-Qeysin öz şeirində
xatırladığı ər-Raiş, digəri isə ər-Raişin
nəslindən olan, eramızdan əvvəl VII əsrdə Azərbaycana
gəlib burada türklərlə rastlaşan və ərəb
tarixində Kəbəyə ilk örtük salmış
şəxs kimi tanınan Tuban Əsad ər-Raiddir.
Ərəb tarixçiləri
göstərir ki, İranda Kəyanilər dövlətinin
banisi Viştapsın hakimiyyəti dövründə (e.ə.
Vİİ əsr) Yəməndə Əbu Kərb Tuban Əsad
hökmdar idi. Ona ər-Raid deyirdilər. O, ulu babası ər-Raişin
yolu ilə şimala yürüş edir, Tayy dağını
keçib Ənbar adlı yerə gəlir, yolboyu bir çox ərəb
qəbilələri də ona qoşulur. Sonra Hirəyə,
oradan Ənbara üz tutur, daha sonra ər-Raid Azərbaycana
çatır. Burada türklərlə rastlaşır. Onlarla
döyüşür, türkləri məğlub edib
övladlarını əsir götürür. (Təbəri, I, s. 566-567; İbn əl-Əsir, əl-Kamil, I, s. 277).
Beləliklə, elmdə hər zaman böyük nüfuz sahibləri sayılan Təbəri, İbn əl-Əsir kimi tarixçilərin əsərlərindən Azərbaycanın aborigen xalqının məhz türklər olması aydınlaşır. Maraqlı bir məqam kimi İslamdan öncə məhz Yəməndə zərdüştlik ideyalarının, odla bağlı ayin və etiqadlarin güclü olmasını da qeyd etmək istərdik. Təəssüf ki, ərəblərin İslamaqədərki tarixinə ərəblərin özləri tərəfindən etinasızlıq olduğundan, biz də öz məlumatlarımızı zənginləşdirə bilmirik. Bu tarixin bilicisi olan orta əsr ərəb tarixçisi Hişam ibn Məhəmməd əl-Kəlbinin əsərlərinin böyük qismi itib-batmışdır. Lakin böyük filosof əl-Farabinin bu hadisələrlə bağlı bir əsər yazmış olduğu bizə məlumdur. Bu əsəri, eləcə də qədim Yəmən tarixi ilə ilişgili digər əsərləri tapmaqla bağlı axtarışları davam etdirmək niyyətindəyik
Bakı Dövlət Universitetinin
Ərəb Filologiyası kafedrasının
professoru
525-ci qəzet.- 2009.- 25 iyun.- S.7.