Litvalı alim
Azərbaycanlıların soyqırıma
məruz qalmaları ilə bağlı oçerk yazıb
Litvalı tarixçi,
etnoloq və siyasi şərhçi İmantas Melyanas "Azərbaycan
xalqına qarşı soyqırım (1905-1994)" adlı
tarixi oçerk yazıb. Bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat
verib. Qeyd edilib ki, litva dilində yazılan oçerk
"Soyqırım və müqavimət" ("Genocidas ir
rezistencija") elmi jurnalında dərc olunub. Bu, təkcə
Litvada deyil, Baltikyanı ölkələrin tarixində
dövlətə məxsus elmi nəşrdə dərc olunan
Azərbaycan haqqında ilk tarixi yazıdır. Oçerk
müəllifinin məqsədi Litva oxucularını
insanlıq tarixinin daha bir qara səhifəsi ilə
tanış etməkdir. Litva Yəhudiləri İcması
Şurasının sədri, Litva Xalqları İnformasıya
Palatasının (İNFORUM) İdarə Heyətinin sədri,
Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi
Vitaliyus Karakorskis oçerk haqqında fikirlərini
bölüşərkən deyib ki, müəllif obyektivliyə
nail olmaq üçün Litvadakı erməni diasporunun
nümayəndələrinə sözügedən hadisələrlə
bağlı onlarda olan materialları təqdim etmələri məqsədilə
müraciət edib. Burada erməni diasporu ilə yanaşı
fransız və rus mənbələrindən də istifadə
olunub. Lakin İmantas Melyanas Azərbaycan tarixi
qaynaqlarını əsas görütüb. Bu oçerkin
yazılmasında tarixçi alimə Baltik Azərbaycanlıları
Konqresi, Litva Azərbaycanlıları Cəmiyyəti xüsusi
kömək göstəriblər.
Qeyd edək ki,
Qafqazdakı proseslərə dair araşdırmaları ilə
tanınan alim İmantas Melyanas vaxtaşırı
türkçülük, Qafqaz və islam dini mövzusunda
yazilarla çıxış edir.
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 25 iyun.- S.3.