Dövlət qulluqçularının fəaliyyətinə həsr
edilən tədbir keçirilib
Dünən Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya "Dövlət
qulluqçularının fəaliyyətlərinin qiymətləndirilməsinə
dair seminar" keçirib. Tədbir dövlət qulluğu
sahəsində ixtisaslaşmış beynəlxalq təşkilat
olan SİGMA ilə birlikdə təşkil olunub. Tədbirə
dövlət rəsmiləri, dövlət orqanlarının mərkəzi
icra aparatlarının kadr qurumlarının rəhbərləri,
beynəlxalq təşkilatların nümayəndələri
və ekspertlər qatılıb. Seminarın
açılışında çıxış edən
komissiyanın sədri Bəhram Xəlilov tədbirin
keçirilməsində əsas məqsədin ölkədə
dövlət qulluğu sahəsində aparılan islahatlara dəstək
vermək olduğunu bildirib: "Seminarda beynəlxalq ekspertlər
dünyada mövcud olan ən yaxşı təcrübələri
Azərbaycanın dövlət qurucuları ilə
bölüşəcək. Bu seminar DQMK-nın SİQMA ilə
keçirdiyi ilk tədbirdir. Bundan sonra dövlət
qulluqçularının fəaliyyəti ilə bağlı
bir neçə seminar keçiriləcək. Bu tədbirlər
isə dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsi işinin aparılmasına köməklik
edəcək. Bu işi həyata keçirmək
üçün Azərbaycanda müvafiq qanunvericilik bazası
olsa da, hələlik bu mümkün olmayıb. Dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
onların vəzifədə yüksəlişinə də
şərait yarada bilər".
Daha sonra
çıxış edən Prezident Administrasiyasının
Kadr məsələləri şöbəsinin Kadr siyasəti
sektorunun müdiri Vasif Xələfovun sözlərinə
görə, dövlət qulluğunda qiymətləndirmənin
tətbiqinin dövlət qulluqçularının həvəsləndirilməsi
və liderlik təşəbbüslərinin inkişafına
böyük rol oynaya bilər: "Dövlət
qulluqçularının xidmətlərinin qiymətləndirilməsi
ilə bağlı sistemin yaradılması korrupsiya ilə
bağlı qanunvericilik aktlarında da nəzərdə
tutulub. Beynəlxalq təcrübə göstərir ki,
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
təkcə dövlət qulluqçularının maddi vəziyyətinin
yaxşılaşdırılması ilə nəticələnmir.
Onlar üçün layiqli iş şəraitinin
yaradılması və müəyyən üstünlüyə
malik olması vacibdir. Bu gün Azərbaycanda dövlət
qulluqçuları güzəştli ipoteka kreditləri almaq,
yaxşı təqaüdlə təmin edilmək kimi
üstünlüklərə də malikdir. Bundan başqa
2006-2009 illər ərzində dövlət qulluğunda
uzunmüddətli, səmərəli fəaliyyətinə
görə 229 nəfər "Dövlət qulluğunda fərqlənməyə
görə" medalı, 42 nəfər isə "Vətənə
xidmət" medalı ilə təltif edilib".
Qeyd edək ki, tədbir
çərçivəsində qulluqçuların xidməti
fəaliyyətinin qiymətləndirilməsi üsulları və
dövlət qulluqçularının işinin təkmilləşdirilməsi
üçün kadrların idarəedilməsi vasitələri
barədə beynəlxalq təcrübə haqqında
iştirakçılara məlumat verilib.
P.SULTANOVA
525-ci qəzet.- 2009.- 25 iyun.- S.5.