"Sevinirəm ki, əsassız ittihamlara son qoyuldu"

 

15 ilə yaxın bir müddətdə davam edən müzakirələr nəhayət ki, "Təhsil haqqında" qanunun qəbulu ilə nəticələndi. Lakin bu hələ son deyil, əksinə uzun bir yolun başlanğıcıdır. Təhsil naziri Misir Mərdanovla söhbətimiz qanunun qəbulundan sonra təhsil sistemində görüləcək işlər, həllini gözləyən problemlər, əldə edilən nəticələr ətrafında oldu. "525-ci qəzet"ə müsahibəsində təhsil naziri Milli Məclis tərəfindən qəbul edilən qanuna münasibətini açıqladı:

- Misir müəllim, təbrik edirik. Son 15 ilin əziyyətindən sonra "Təhsil haqqında" qanun nəhayət ki, parlament tərəfindən qəbul olundu. Bu sənəd sizin istədiyiniz arzuladığınız qanundurmu?

- Əlbəttə, bizim istədiyimiz qanun olmasa qəbul olunmazdı. Mən də sevinirəm ki, nəhayət bu dərs ilinin sonuna qanun qəbul olundu. Birincisi, ona görə sevinirəm ki, uzun illərin söz-söhbətinə, dedi-qodusuna, əsassız ittihamlara son qoyuldu. İkincisi, qanunun hazırlanmasında Təhsil Nazirliyinin əməkdaşlarının ciddi rolu olub. Fürsətdən istifadə edərək parlamentin rəhbərliyinə, daimi komissiyanın sədr və üzvlərinə, millət vəkillərinə təşəkkürümü bildirirəm ki, üçüncü oxunuşda elə ciddi müzakirəyə ehtiyac qalmayan qanun demək olar yekdilliklə qəbul olundu. Bu qanun millətimiz, xalqımız, təhsilimiz üçün xeyirli olsun.

- Amma qanunun qəbulundan sonra bir qədər narahat görünürsüz. Hətta son mətbuat konfransınızda da bəzi millət vəkillərinin mövqelərinə iradınızı bildirdiz.

- Bunlar artıq keçmişdir. Yəni nəzərdə tutulan bəndlər olduğu kimi qəbul olundu. Narahatlığım ona görədir ki, bundan sonra dayanmadan təhsilin ayrı - ayrı pillələri üzrə çərçivə yox, geniş qanun layihələri hazırlanmalıdır. Bundan əlavə çərçivə qanununda nəzərdə tutulan müddəaların həyata keçməsi üçün yeni, daha davamlı mexanizmlərin hazırlanıb həyata keçirilməsi də nazirliyin, təhsil işçilərinin üzərinə düşür. Müzakirələr artıq başa çatdı. Yaxın zamanda yəqin ki, cənab Prezident qanunun təsdiqlənməsi, qüvvəyə minməsi ilə bağlı sərəncam imzalayacaq. Biz təhsil işçiləri və bütün Azərbaycan ictimaiyyəti qanunun icrasında öz sözünü deməli və sonda bəhrəsini də görməliyik. Yəni böyük bir işin başlanğıcındayıq. Bəlkə də təsadüfi deyil, bu dərs ilinin əvvəlində yeni Milli kurikulum sənədinə uyğun olaraq birinci siniflərdə tədrisə başladıq. Bu sənədə uyğun dərsliklər hazırlandı, müəllimlər treninqdən keçdi, növbəti ildən bunu həm birinci, həm də ikinci siniflərdə həyata keçirməyi düşünürük. O mənada qəbul olunan qanunla bu iş həmahəngdir. Mənə elə gəlir ki, başladığımız iş uğurlu və davamlı olacaq.

- Daha bir dərs ili sona çatdı. Ölkənin təhsil sistemində mövcud olan prioritet istiqamətləri nədə görürsüz?

- Ötən tədris ili təhsilimiz üçün uğurlu oldu. Uğurların əsası ondan ibarətdir ki, bu dərs ilinin əvvəlində Azərbaycan müəllimlərinin qurultayını keçirdik, ötən müddətdə görülən işlərin hesabatını verdik, qarşıdan gələn illərdə prioritetləri müəyyənləşdirdik. Bizi indi daha çox təhsilin məzmunu, keyfiyyəti və təhsildə İKT - nin tətbiqi, təlimdə müəllim şəxsiyyətinin rolu, yeni nəsil dərsliklərin hazırlanması, müəllim hazırlığı, müəllimlərin müasir təlim strategiyalarına yiyələnməsi, təhsil sistemində qiymətləndirmədə tamamilə yeni siyasətə keçilməsi, sürətlə davam etdirdiyimiz təhsilin maddi - texniki bazasının möhkəmləndirilməsi, yeni məktəblərin, korpusların tikintisi, əsaslı təmir, məktəblərin müasir avadanlıqlarla təchizi maraqlandırır.

- Misir müəllim, son vaxtlar təhsil müəssisələrinin maddi - texniki bazasının möhkəmləndirilməsi sanki ikinci plana keçib. İndi daha çox diqqət mərkəzində təhsilin keyfiyyətinin yüksəldilməsidir.

- Bu, bəlkə də kənardan belə görünür. Çünki son illər təhsil müəssisələrinin maddi - texniki bazasının gücləndirilməsi istiqamətində böyük işlər görülüb. Son 10 ildə 2 mindən çox məktəb tikilib, əsaslı təmir edilib, yeni korpuslar inşa olunub. Ancaq işin içindən baxdıqda görürsən ki, hələ də hətta paytaxtda qəza vəziyyətində olan məktəblər var. Hazırda ümumən ölkədə 400 - dən çox qəza vəziyyətində olan məktəb fəaliyyət göstərir. Bu kiçik rəqəm deyil. Yəni təhsil müəssisələrinin maddi - texniki bazasının möhkəmləndirilməsi ilə bağlı problemin həll olunduğunu demək hələ tezdir. Əlbəttə, bu sahədə uğurlar daha çoxdur. Bütün bunlar cənab Prezidentin təhsil sahəsinə göstərdiyi əvəzsiz qayğının nəticəsidir və bunlar təhsilin keyfiyyətinə təsir göstərən amillərdir. Məsələn, müəllimlərin əmək haqqı məsələsi. Təhsilin digər pillələrinə nisbətən ali təhsil müəssisələrində işləyən müəllimlərin əmək haqqı yüksəkdir və bu, belə də olmalıdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, indiyədək biz ümumi orta təhsilə fikir vermişik və mən düşünürəm ki, səhv etməmişik. Ümumi orta təhsil əsasdır, təhsilin bazası burada qoyulur. İndi artıq biz məktəbəqədər tərbiyə müəssisələrinin məsələsi ilə məşğul olmağa başlamışıq, texniki peşə məktəbləri, peşə liseylərinin problemləri ilə məşğul oluruq, texnikum və kolleclərin inkişafı üzrə Dövlət Proqramını hazırlayırıq, ali məktəblərin inkişafı ilə bağlı cənab Prezident tərəfindən imzalanan sənədi xüsusi qeyd etmək istəyirəm. Bu sənəd ali təhsilimizin Avropa və dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirəcək. Baloniya sistemi ilə bağlı apardığımız işləri davam etdirəcəyik və ali təhsilin səviyyəsini, ail təhsildən sonrakı təhsil, bizi daha çox düşündürən hamı üçün təhsil və ya ömür boyu təhsil anlayışlarının reallaşması üçün bütün addımlar atılacaq. Dövlət başçısının imzaladığı Alternativ qayğı üzrə Dövlət Proqramını xüsusi qeyd etmək istəyirəm. Bilirsiz ki, son illər inklüziv təhsil sistemində böyük işlər görülür. Hazırda Dünya Bankı ilə bir neçə layihə həyata keçiririk. Əvvəllər kiçik bir layihənin icrası üçün çətinilk çəkirdik, ötən 10 il boyu Dünya Bankının ekspertləri artıq Təhsil Nazirliyinin ekspertlərinə inanır. Son bir neçə ay ərzində Dünya Bankı təhsillə o qədər də bağlı olmayan ölkədə kadr hazırlığını həyata keçirən proqramın hazırlanmasının da Təhsil Nazirliyinə həvalə olunması təklifi ilə çıxış edir. Ali təhsil sisteminin gücləndirilməsi məqsədilə qrant ayrılıb, təhsilin maliyyələşməsi, adambaşına maliyyələşmə ilə bağlı cənab Prezidentin xüsusi tapşırıqları var. Ölkədə şagird - müəllim nisbətini tənzimləmək lazımdır.

- Qeyd etdiyiniz kimi indi ölkənin təhsil sistemində çox maştablı işlər gedir. Hazırda 14 Dövlət Proqramı həyata keçirilir. Əvvəllər bütün diqqət məktəblərin maddi - texniki bazasının möhkəmləndirilməsinə yönəldilmişdisə, indi təhsil sistemi tam olaraq ictimai diqqət mərkəzindədir. Bir neçə il əvvəl başqa ölkələrdə təhsilin prioritet sahə olduğunu bildirib şikayətlənirdiz, bu gün artıq Azərbaycanda təhsil dövlət büdcəsindən ən çox maliyyələşən sahədir. Bu münasibətə necə nail olduz?

- Öncə qeyd edim ki, artıq ikinci ildir dövlət başçısının təsdiqlədiyi qaydalara uyğun olaraq "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrini keçiririk. Bəlkə də hər gün 3 saat vaxtımın bu işə getməsinə rişxənd edənlər var. Ancaq mən belə hesab etmirəm. Bu 2 il ərzində Təşkilat Komitəsinin 23 üzvü etiraf edir ki, keçirilən müsabiqədən çox şey öyrəniblər. 2 il ərzində biz 500-ə yaxın insanı dinləmişik. Bu gün də 15 direktorun təqdimatını dinlədik. Yəqin ki, 2 günə bu proses yekunlaşacaq. Mən bir tərəfdən sevinirəm ki, təqdimatları müqayisə edəndə xeyli irəliləyişin şahidi oluruq. Həm də ona görə sevinirəm ki, bu 500 nəfərin içində nümunəvi müəllimlər, direktorlar çoxdur. Hətta kənd yerlərindən olan bəzi məktəb direktorları var ki, mənə çox yaxşı təsir bağışladılar. Kaş imkanım olaydı, o məktəb direktorlarını təmsil etdikləri rayonların təhsil şöbələrinə müdir qoyardım. Bilirsiz, həmin rayonlarda necə inkişaf olardı? Çox yaxşı müəllimlərimiz var. Sevinirəm ki, əməyimiz hədər getmir. Müsabiqə müəllimlər, məktəblər arasında stimullaşdırıcı rol oynayır, təhsilin inkişafına təsir göstərən yarış kimi qiymətləndirilir. Fürsətdən istifadə edib cənab Prezidentə bir daha şəxsən təşəkkürümü bildirirəm ki, mənim təhsil sahəsində qaldırdığım hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Demək olar ki, tərəfimizdən irəli sürülən hər bir təklif zamanında həllini tapır. Bunlar olmasaydı, sizin dedikləriniz də ola bilməzdi. Sualınıza cavab olaraq bildirirəm ki, ölkənin təhsil sistemində həyata keçirilən böyük işlərin reallaşmasında əsas dəstəyimiz cənab Prezidentdir. Əgər dövlət başçısının dəstəyi olmasaydı, bu işlərin heç biri həyata keçməzdi. Bu illər ərzində nə qədər əsassız tənqid və böhtanla qarşılaşmışam. Mənə sual verəndə ki, bu qədər əziyyətə necə dözürəm, cavab verirəm ki, bütün bunlara dözməyimdə cənab Prezidentin diqqət və qayğısının xüsusi rolu var. Azərbaycanın birinci xanımının təhsilə, sosial sahəyə göstərdiyi diqqət və qayğını xüsusi olaraq vurğulamaq istəyirəm. Tək əldən səs çıxmaz. Artıq həm Təhsil Nazirliyində, həm Bakı Şəhəri üzrə Təhsil İdarəsində, həm rayonlarda, həm məktəblərdə mobil komanda formalaşmaqdadır. Bu il biz 100 min XI sinif şagirdinin həm sınaq, həm də buraxılış imtahanını keçirdik. Bu işləri keçirmək üçün bizə dövlət vəsaiti ayrılmır. Bu işi rellaşdıran komandanın üzvlərinə təşəkkürümü bildirirəm ki, əməkdaşlarımız gecəni - gündüzə qatdılar. Nazirliyin Qiymətləndirmə şöbəsinin əməkdaşları bəlkə də bir neçə günü burada keçirdilər, onların işə münasibəti, fədakarlığı olmadan bu işləri görə bilməzdik. Bu yaxınlarda "Gülüstan" sarayında ikinci İKT proqramının bir illiyinə həsr olunan tədbir keçirildi. Orada iştirak edənlər məni təbrik edirdilər ki, nə qədər böyük işlər görülüb. Bu gün artıq müxalifət mətbuatında belə ali məktəblərin semestr, dövlət imtahanı barədə söz-söhbətlər yavaş-yavaş sıradan çıxır. Biz artıq bundan sonra da uzun illər davam edəcək işin təməlini qoymuşuq. Əlbəttə, bu arxayınlaşmağa əsas vermir. Əksinə üzərimizə düşən məsuliyyət daha da artıb. Ən ciddi işlərimizdən biri yeni dərsliklərin, dərslik komplektlərinin Dərsliklərin Qiymətləndirmə Şurasının ekspertləri tərəfindən qiymətləndirilməsidir. Mənə bəzən deyirlər ki, niyə başını bu qədər bəlaya salırsan? Ötən ilki məsələlər yadınızdadır? Bəzi qəzetlərdə mənim adımı başlığa çıxartdılar. Zaman sübut etdi ki, yanılırlar, biz ədalətli, düzgün mövqedəyik. Gələn il işimiz daha da çətin olacaq. Direktorlar, müəllimlər dərsliklərdəki problemləri açıq söyləyirlər, təkliflərini verirlər və mən onlarla razıyam. Mən II sinif "Azərbaycan dili" dərsliyinin apelyasiya şikayətində iştirak etdim. İkili hisslərin içində bu gün də yaşayıram. Sevinirəm ki, bu gün təhsil sistemimizdə çox yüksək səviyyəli orta məktəb müəllimlərimiz var. Professorlar, tanınmış adamlar onların gətirdikləri əsaslar qarşısında bir söz deyə bilmirlər. Çünki haqq nazilər, amma üzülməz. Bu baxımdan düşünürəm ki, insanlara inanmaq, etibar etmək lazımdır.

- "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsindən söz açdız. Sizcə, seçilənlər həqiqətən ən yaxşılardır?

-Yaxşı da, pis də mütləq ola bilməz. Hər şey nisbidir. Məsələn, qiymətləndirmə cədvəlində müxtəlif qiymətlər yazılır, yəni nisbidir, ancaq ədalətli yoldur. Nəticədə ortaq qiymət tapılır. Bizim 105 məktəb içindən seçəcəyimiz 47 məktəb nisbi olaraq digərlərindən yaxşıdır və bu 3 mərhələdən keçən seçimin nəticəsi olacaq. Birinci mərhələ məktəb mərhələsidir, ikinci mərhələdə IX - XI sinif şagirdlərinin imtahanlarının nəticələrinə baxılır, üçüncü mərhələdə isə məktəbin komandası münsiflər heyətinin qarşısında 10 dəqiqəlik təqdimatla çıxış edir. Süzgəcdən yararsız məktəb və müəllim keçə bilməz. Təqdimatlarda iştirak edirəm, hamı görür ki, mənim üçün doğma olanlara belə heç nə edə bilmirəm.

- Bəllidir ki, mərkəzləşmiş qaydada keçirilən test imtahanları bu il ilk dəfə bütün ölkəni əhatə etdi. Çoxları belə düşünürdü ki, imtahanların bu formada keçirilməsi nəticəsiz olacaq. Hətta təhsil sistemində işləyənlərdən bir çoxu bu eksperimentin baş tutmayacağını söyləyirdilər. Amma zaman sübut etdi ki, Azərbaycan ictimaiyyəti bu məsələdə sizə dəstək verdi.

- Bu fikirlə razıyam. Məni sevindirən cəhətlərdən biri odur ki, biz Azərbaycan cəmiyyətinin üzünü təhsilə doğru çevirməkdəyik. Ötən illə müqayisədə bu il 100 minə yaxın şagirddən imtahan götürdük, artıq nəticələr bəyan edilib və bu gün demək olar ki, ciddi problem yoxdur. Sevinirəm ki, böyük əksəriyyət əvvəlki kimi demir ki, mənim uşağımı "kəsiblər", deyirlər ki, uşağım "2" alıb. Mənim üçün ən vacib bu amildir. Cəmiyyət bizi başa düşməyə başlayır. Ən yaxşısı o olar ki, valideyn uşağının imtahan verdiyi otağın pəncərəsindən mobil telefon atmasın, bunu edənlərə qarşı çıxsın. Açığı hələ də belə amillərlə qarşılaşırıq, hələ də elə direktor, müəllimlər var ki, uşağı imtahanı pozmağa hazırlaşdırır. Təhsil şöbəsinin müdiri var ki, iş görmək əvəzinə, valideynlərlə alverə girişir və cəzasını alır. Bütövlükdə bu cür düşünənlərə qarşı mübarizə aparmalıyıq. Hamımız birlikdə bu neqativ hallara qarşı mübarizə aparıb, millətimizi, dövlətimizi irəliyə aparmalıyıq, alternativ yol yoxdur.

- Yeni qiymətləndirmə sistemi tətbiq edən, 3 illik təcrübəsi olan ölkə üçün problemlərin mövcudluğu bəlkə də təbiidir. Məsələn, Çində bu ildən eitibarən imtahan otaqlarında kameralar quraşdırılıb ki, uşaqlar köçürmə hallarına yol verməsinlər. Deyəsən, bu, bütün dünyanın problemidir.

- Əlbəttə, biz də dünyanın tərkib hissəsiyik və bir çox hadisələr bir-birinə bənzəyir. Bu yöndə doğru təbliğat aparmaq, ictimaiyyəti məlumatlandırmaq üçün mətbuatın üzərinə böyük vəzifə düşür. Yəni mətbuat ictimaiyyəti doğru yola istiqamətləndirə bilər və bu yöndə fəaliyyət göstərməlidir. Bəzən mətbuat nümayəndələri ictimaiyyəti çaşdırır, doğru məlumat vermirlər. Mən onların hamısını doğru yola çağırıram. Doğru yol ümummilli lider Heydər Əliyevin seçdiyi, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yoldur. 20 ilə yaxın müddətdə çox adamlar gördük, ağıllıları səhvlərdən çəkindilər, ən ağıllıları düz yola üz tutdular. Atalarımız demişkən, ziyanın yarısından qayıtmaq da xeyirdir. Üzümü o adamlara tuturam, yalanlar, təhqir, iftiralar kifayətdir. Azərbaycan naminə görülən işlərə mane olmaq əbəsdir. Onların hamısını haqq yoluna dəvət edirəm.

- Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq üçüncü ildir ki, fəaliyyət göstərir. İdarə yaradıldığı müddətdən sonra Bakının təhsil sistemində böyük nailiyyətlərin qazanıldığını dəfələrlə çıxışlarınızda qeyd etmisiz. Bu təcrübənin Azərbaycanın digər ərazilərinə də tətbiq edilməsini planlaşdırırsızmı?

- Bunun üçün biz gərək Bakıda görülən işin nəticəsini sübut edək. Təəssüf ki, bəzi subyektiv və obyektiv amillər buna imkan vermir. Lakin imkan verməsə belə Bakının son 3 illik keyfiyyət göstəriciləri buna ümid verir. Ancaq biz hələ Azərbaycan ictimaiyyətinə sübut edə bilməmişik ki, bu yol doğrudur, təhsilin idarə olunmasına başqa təşkilatlar müdaxilə etməməlidirlər. Bizim hələ çox resurslarımız var, onlardan səmərəli istifadə etsək təhsilin keyfiyyəti çox yüksələcək. Dövlət də, ictimaiyyət də bilməlidir ki, bir şagirdə bir ildə ayrılan vəsait artırılacaqsa, bu təhsilin keyfiyyətində özünü büruzə verəcək. 3 il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti nəticəsində paytaxtın təhsil sisteminin keyfiyyət göstəriciləri xeyli yüksəlib. BŞTİ yaranandan az sonra Bakının rayonlarından birinin icra hakimiyyətinin başçısı məndən soruşdu ki, siz bununla nəyə nail olmaq istəyirsiz? Əminəm ki, indi o özü görür biz nəyə nail olmaq istəyirdik və nail olmuşuq. Nə qədər maneələr olmasına baxmayaraq, işimizi və mübarizəmizi bundan sonra da davam etdirəcəyik.

- Deməli, perspektivdə bu təcrübə davam etdirilə bilər?

- Mən düşünürəm ki, bu istiqamətdə yenilik olmalıdır. Məsələn, gələcəkdə regional idarəetmə qurumları yaradıla bilər. Düzdür, bəzi rayonlarda aparılan işlərdən razıyam. Ancaq gəlin görək əldə olunan təcrübə ilə maraqlananlar varmı? Yerlərdən Bakının yaxşı məktəblərinin təcrübəsini öyrənmək üçün kimsə göndərilirmi? Əksinə mane olurlar. Açıq etiraf edək ki, bu məsələlər hələ də var.

- Misir müəllim, Azərbaycanın təhsil sistemi sürətlə qloballaşmaya doğru gedir? Bir azərbaycanlı kimi qloballaşma əsrində milli - mənəvi dəyərlərimizi itirə biləcəyimizdən narahat deyilsiz?

- Əlbəttə ki, bundan müəyyən qədər narahatam. Amma eyni zamanda bilirəm ki, nə qədər dünyəviləşmə istiqamətində getsək də milliliyimiz qalacaq, ana dilimiz həmişə yaşayacaq, tariximizi daha dərindən öyrənəcəyik və öyrədəcəyik. Millilik heç bir zaman Azərbaycandan əskik olmayacaq. Bunu deməyə mənə bir şey əsas verir. 200 ilə yaxın müddətdə böyük imperiyalar bu işə böyük cəhdlər edib, ancaq nəticəsi olmayıb. Məscidimizi anbara çeviriblər, yenə Quran oxuyanlar da olub, oruc tutub namaz qılanlar da. Bu gün Allaha şükür etməliyik ki, Azərbaycan müstəqil dövlətdir, həm millilik, həm də dünyəvilik var. Bu dəyərləri heç kəs bizim əlimizdən ala bilməyəcək. Ümummilli liderimiz Heydər Əliyevin tarixi kəlamı yadıma düşür: "Mən dünən də fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

 

 

Müsahibəni Sevinc QARAYEVA apardı

 

525-ci qəzet.- 2009.- 25 iyun.- S.5.