Məleykə Abbaszadə: "İmtahanqabağı
çox ciddi hazırlıq işləri
görürük"
"İMTAHANLARIN KEÇİRİLMƏSİNİ
PLANLAŞDIRANDA İŞLƏRİ ELƏ QURMAĞA
ÇALIŞIRIQ Kİ, DÖVLƏTİN ARTIQ XƏRCİ
ÇIXMASIN"
Azərbaycanda biliyin qiymətləndirilməsi
mexanizminin, qəbul imtahanları sisteminin və onun
ayrı-ayrı komponentlərin məzmunu barədə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə xanım Abbaszadə ilə müsahibələr
sislsiləsindən UNESCO və Dünya Bankının ekspertləri
tərəfindən çoxillik təcrübə və elmi təhlillər
əsasında müəyyənləşdirilmiş
"Yaxşı imtahan sisteminin xarakteristikası"na aid
növbəti bölməni təqdim edirik. "Əlverişlilik
və iqtisadi cəhətdən sərfəlilik" adlanan bu
bölmə üzrə qəbul olunmuş standartların təsviri
bu cür ümumiləşdirilir: İmtahan keçirən
orqan fiziki, maliyyə və insan resurslarından mümkün qədər
yaxşı istifadə etməklə tələb olunan xidmətləri
təqdim etməlidir. Ümumxalq imtahanları
razılaşdırılmış qrafiklər əsasında
keçirilməli və xüsusilə də nəticələr
vaxtında elan edilməlidir. Bu zaman nəzərə alınan
göstəricilər bunlardır: İmtahanların
keçirilməsi üçün ödəniş valideynlər
və tələbələr üçün ağır
yükə çevrilmir; İmtahan orqanı hesabatlar proseduru
vasitəsilə imtahanın iqtisadi cəhətdən sərfəli
olduğunu nümayiş etdirə bilər. O, imtahan xərclərini,
o cümlədən, ştatdakı işçilərin
saxlanması, sual kitabçalarının hazırlanması,
çapı, çatdırılması, nəzarətin həyata
keçirilməsi, səhvlərin islahı, tədqiqat, nəşrlər
ilə əlaqədar xərcləri və digər orqanlar tərəfindən
çəkilən xərcləri açıqlaya bilər;
İmtahan keçirən orqan kadrlarla səmərəli şəkildə
komplektləşdirilib; İmtahan sənədləri təhlükəsizliyə
xələl yetirilmədən iqtisadi cəhətdən ən
sərfəli şəkildə çap edilir;
İmtahanqabağı işlər vaxtlı-vaxtında yerinə
yetirilir; Nəticələr vaxtında və qərar
çıxarmağa (məsələn, təhsilin növbəti
daha yüksək pilləsinə seçim) imkan verən
müvafiq formada çatdırılır; İmtahanın nəticələri
ilə bağlı məlumat məktəblərə
vaxtında verilir ki, təlimin səviyyəsinə təsir
etmək mümkün olsun.
- Məleykə
xanım, beynəlxalq tələblərə əsasən
imtahanların keçirilməsi üçün ödəniş
valideynlər və tələbələr üçün
ağır yükə çevrilməməlidir. Azərbaycanda
bu sahədə durum həmin tələblərə nə dərəcədə
cavab verir?
- Məlumdur ki, Azərbaycanda
keçirilən qəbul imtahanlarında iştirak etmək
istəyən abituriyentlər internetlə ərizə doldurmaq
üçün qiyməti iki manat olan "ödəmə
kartı" alırlar. Bundan savayı, qəbul imtahanları
ilə əlaqədar nə valideynlər, nə də
abituriyentlər heç bir məbləğ ödəmirlər.
Bizdə qəbul imtahanlarında iştirak etmək
üçün ödənilən bu kiçik məbləği
MDB ölkələri ilə müqayisə etmək istərdim.
Həmin ölkələrdə abituriyentlər imtahanda bir fənn
üzrə iştirak etmək üçün təxminən
20-30 dollar məbləğində pul ödəyirlər. Türkiyədə
isə qəbul imtahanlarında iştirak etmək
üçün abituriyentin 50 dollar ödəməsi vacibdir. Qərb
ölkələrində isə bu ödənişlər daha
çoxdur. Azərbaycanda isə, qeyd etdiyim kimi, abituriyentlərin
yalnız 2 manat ödəməsi fikrimcə, bu elə də
böyük bir məbləğ deyil. 9 illik təhsil
bazasından orta ixtisas təhsili məktəblərinə sənəd
verən abturiyentlər isə ümumiyyətlə ödəmə
kartı almırlar və sənəd qəbulu zamanı
heç bir ödəniş etmirlər. Təəssüflər
olsun ki, bəzi abituriyentlər imtahanda iştirak etmək
üçün ödənilən məbləğin
azlığından istifadə edib hazırlıqlı
olmadıqları halda, sadəcə, maraq üçün gəlib
imtahanlarda iştirak edirlər.
- İmtahan keçirən
orqan hesabatlar proseduru vasitəsilə imtahanın iqtisadi cəhətdən
sərfəli olduğunu nümayiş etdirə bilər. O,
imtahan xərclərini, o cümlədən, ştatdakı
işçilərin saxlanması, sual
kitabçalarının hazırlanması, çapı,
çatdırılması, nəzarətin həyata
keçirilməsi, səhvlərin islahı, tədqiqat, nəşrlər
ilə əlaqədar xərclər və digər orqanlar tərəfindən
çəkilən xərcləri açıqlaya bilər. Siz bu xərcləri açıqlayırsınızmı?
- Biz həmişə
ştatdakı işçilərin saxlanması, sual
kitabçalarının hazırlanması, çapı,
imtahan günü binalara çatdırılması, tədqiqat
işlərinin aparılması, müxtəlif nəşrlərin
hazırlanması ilə əlaqədar çəkilən xərcləri
ictimaiyyətə açıqlayırıq. Təhsil sahəsində
müvafiq icra hakimiyyəti orqanı kimi bizim 2 növ büdcəmiz
var. Birincisi, idarənin saxlanması, ikinci isə konkret olaraq qəbul
imtahanlarının keçirilməsi üçün. Bundan
başqa, müəyyən imtahanlar var ki, bu imtahanlar dövlət
hesabına aparılır və bu işi həyata keçirmək
bizim vəzifə borcumuzdur. İmtahanların keçirilməsini
planlaşdıranda çalışırıq, iqtisadi məsələləri
də nəzərə alaq və işləri elə quraq ki,
buna dövlətin artıq xərci çıxmasın. Qeyd
edim ki, son illər keçirdiyimiz imtahanların sayı
artıb, buna baxmayaraq, idarənin saxlanması
üçün ayrılan vəsait bu işləri görməyə
imkan verir. Bizim işimizdə müəyyən xüsusiyyətlər
mövcuddur. Məsələn, bizdə aprel ayından
başlayaraq sentyabr ayına kimi bütün işçilər
şənbə və bazar günləri də
çalışır. Hər bazar günləri bizdə
imtahan olduğu üçün bir gün öncədən
hazırlıq prosedurları həyata keçirilir. Əmək
məcəlləsində şənbə və bazar günləri
dövlət qulluqçuları üçün istirahət
günləri kimi göstərilib. Ancaq TQDK-nın
bütün əməkdaşları 6 ay ərzində
bugünlərdə də çalışır. Bir neçə
il öncə bu cəhətdən işlər daha çətin
olurdu. Çünki TQDK-da uzun illər digər nazirliklərlə
müqayisədə ştat cədvəli üzrə olduqca
az, cəmi 40 nəfər işçi
çalışırdı. Biz ştatda olan bu 40 nəfər
işçi ilə ildə təxminən 200 min adamı test
imtahanlarından keçirmişik və həmin 40 nəfər
üzərinə düşən bu çətin vəzifənin
öhdəsindən məharətlə gəlirdi. Ümumiyyətlə,
bizim işimiz adi dövlət qulluğunda olan adamların
işindən fərqlənir. Çünki biz qapalı
iş rejimində də çalışırıq, lazım
olduğu təqdirdə bir sıra əməkdaşlarımız
gecəni də qalıb işləyirlər. Sual
kitabçalarının hazırlanması ilə əlaqədar
bildirim ki, imtahanlarda istifadə olunan sual kitabçaları
qapalı şəraitdə hazırlanır. Gürcüstanda
sual kitabçalarını imtahan keçirən orqanın
özü deyil, sifarişlə Böyük Britaniyada çap
etdirirlər və buna külli miqdarda vəsait xərclənir.
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası yeni yaranarkən test kitabçalarını
çap etmək imkanı, şəraiti
olmadığından 1992-ci ildən 1996-cı ilə qədər
onlar "Azərbaycan" dövlət nəşriyyatında
çap olunurdu. Həmin gün nəşriyyatda gündəlik
dərc olunan qəzetlər bu səbəbdən nəşr
edilmirdi. Bu da dövlət bücdəsinə xeyli maddi zərər
vururdu. 1996-cı ildən - TQDK-ya ayrı bina verildikdən
sonra biz burada qapalı nəşriyyat yaratdıq və
kitabçaları özümüz çap etməyə
başladıq. Bu da əlavə xərclərə qənaət
etməyə imkan verdi. TQDK ödənişli sınaq
imtahanlarından və "Abituriyent" jurnalının,
müxtəlif tədris vəsaitlərinin
satışından əlavə vəsaitlər əldə
edir. "Abituriyent" jurnalının nəşrinə
yalnız ilk nömrəsinə 1994-cü ildə dövlət
tərəfindən vəsait ayrılıb. Ancaq tədricən
jurnal özünü təsdiq edib, ictimaiyyət tərəfindən
rəğbət qazanaraq özü-özünü maliyyələşdirməyə
başlayıb. Bizim jurnalın çapına bu gün
dövlət büdcəsindən bir qəpik belə vəsait
ayrılmır. Jurnal özü-özünü saxlayır.
Biz bir nömrənin gəliri ilə digər nömrəni nəşr
edirik. Düzdür, ilk illərdə bizə çox çətin
idi. Amma indi nəşrlər artıb, "Abituriyent"
jurnalını ictimaiyyət tanıyır, gəlirləri
var. Biz bu gəlirlərdən istifadə edib işçilərə,
ekspertlərə qonorar, mükafatlar veririk. "Abituriyent"
jurnalı müəyyən dərəcədə TQDK-nın
maddi texniki bazasını da möhkəmləndirir. Bununla
yanaşı, jurnal dövlətə kifayət qədər gəlir
vergisi də ödəyir. TQDK-nın büdcədən kənar
vəsaitinin toplanmasına şərait yaradan mənbələrdən
biri də sınaq imtahanlarıdır. Sınaq
imtahanlarını biz artıq uzun illərdir ki, keçiririk.
Sınaq imtahanlarında iştirak etmək sərbəstdir,
könüllüdür. Bu imtahanlarda iştirak etmək
üün üçün elə bir yüksək məbləğ
ödənilmir - cəmi 3 manat. Biz bu imtahanları təkcə
Bakıda deyil, regionlarda da keçiririk. Bu il TQDK-nın təşkil
etdiyi sınaq imtahanlarında 185 min abituriyent iştirak edib. İldən-ilə
də bu imtahanlarda iştirak edənlərin sayı artır.
Bu imtahanlardan əldə olunan gəlir büdcədən kənar
vəsaitin toplanmasına, formalaşmasına imkan yaradır,
TQDK-nın maddi-texniki bazasını möhkəmləndirir. Tədqiqatlar
və digər orqanlar tərəfindən çəkilən
xərclərə gəlincə, bizimlə
çalışan bütün təşkişatlarla biz
öncə müqavilələr bağlayırıq. Görülən
işin müqabilində biz onlara vəsait ödəyirik.
Tutalım, imtahanları keçirmək üçün
Bakıdan Naxçıvana gedən heyəti xüsusi reyslə
yola salırıq. İlk illərdə bu, dövlət
orqanları tərəfindən pulsuz təmin olunurdu. Ancaq
1994-cü ildən etibarən müqavilə
bağlımışıq və dövlət tərəfindən
bizə ayrılan vəsait hesabına imtahan heyətinin
Naxçıvana xüsusi reyslə getməsi təmin olunur. Qeyd
etdiyim kimi, artıq TQDK-nın regional bölmələri də
fəaliyyət göstərir. Bu bölmələr işini
tam şəkildə qurduqdan sonra bizim işimiz daha
yaxşı olacaq. Mən buna əminəm. Həllini gözləyən
bir məsələ qalıb ki, bu da xüsusi imtahan mərkəzlərinin
inşası məsələsidir. Bilirsiniz ki, biz qəbul
imtahanlarını ali və orta məktəblərin
binalarında keçiririk. Sözügedən binalarda dərslər
aparıldığı üçün biz imtahanları
yalnız bazar günləri keçirməyə məcburuq. Biz
xüsusi imtahan mərkəzlərinin inşası ilə əlaqədar
təkliflə hökumətə müraciət etmişik. Belə
imtahan mərkəzləri Bakıda, Gəncədə,
Naxçıvanda və ayrı-ayrı regionlarda olsa, onda
artıq imtahanları təkcə bazar günləri yox,
başqa günlərdə də keçirmək olar.
- "Yaxşı
imtahan sistemi"ndə imtahan orqanı kadrlarla səmərəli
şəkildə komplektləşdirilməlidir. TQDK bu tələbə
nə dərəcədə cavab verir?
- Son illərdə
hökumət tərəfindən ayrılan ştat cədvəli
əsasında işçilərimizin sayı bir qədər
artsa da, kollektivimiz yenə də kiçikdir. Bizimlə
müqavilə əsasında müxtəlif ekspertlər,
mütəxəssislər çalışır. İl ərzində
fənlər üzrə keçirilən elmi-metodiki seminarlara
ekspertləri dəvət edirik. İmtahan nəzarətçiləri,
imtahan rəhbərləri
ilə onların imtahanda iştirak etmələri üçün
bir günlük, bir həftəlik müqavilələr bağlayırıq.
Bizim qeyd olunan heyət üzrə kifayət qədər zəngin bazamız var. Bu bazada Azərbaycan
Milli Elmlər Akademiyasının işçiləri,
orta və ali məktəb müəllimləri də
var. Bizimlə müqavilə əsasında
işləyən ekspertlərin
sayı 3 mindən, imtahan rəhbəri, nəzarətçi kimi çalışan heyətin
sayı isə 5 mindən çoxdur. Kadrların komplektləşdirilməsi
məsələsinə gəlincə,
Mərkəzi Aparat, demək olar ki, komplektləşdirilib.
Amma regional bölmələr üçün
bizə ştat cədvəli bu ilin aprelində verildiyi üçün onlar tam komplektləşdirilməyib.
Yalnız TQDK-nın Naxçıvandakı regional
bölməsini istisna
etmək olar. Ancaq digər bölmələrdə vakant
yerlər var. Mən fürsətdən istifadə
edib gələcək
fəaliyyətlərini biliyin
qiymətləndirilməsi işinə
həsr etmək istəyən gənclərə
müraciət edirəm.
Əgər onlar bizimlə çalışmaq
istəyirlərsə, növbəti
dövlət qulluğuna
işə qəbul imtahanlarında iştirak
edə bilərlər.
Dövlət qulluğu
ilə bağlı növbəti müsabiqənin
payızda keçirilməsi
nəzərdə tutulub.
Bundan başqa, hər dəfə yeni layihələr həyata keçirəndə
bizə yeni mütəxəssislər lazım
olur. Kompyuter üzrə yaxşı
proqramçı, proqram
təminatının təhlükəsizliyi
işi ilə məşğul olan mütəxəssislərə bizdə
həmişə ehtiyac
var. İşin həcmi çox olduğundan biz çalışırıq bu
sahəyə daha çox mütəxəssis
cəlb edək.
- İmtahan sənədləri
təhlükəsizliyə xələl yetirilmədən
iqtisadi cəhətdən ən sərfəli şəkildə
çap edilir?
- Komissiyada qapalı nəşriyyat
var. Mən müsahibənin əvvəlində də qeyd
etmişdim ki, burada bütün işlər qapalı zallarda
videoprotokol əsasında aparılır. Biz əvvəlcədən
işçilərə məlumat veririk ki, iş zamanı
onların işi daim videolentə yazılır. İşçilər
bunu bilirlər və mövcud iş şəraitindən də
razıdırlar.
- İmtahanqabağı
işlərin vaxtlı-vaxtında yerinə yetirilməsi ilə
bağlı nə deyə bilərsiniz?
- Biz imtahanqabağı
çox ciddi hazırlıq işləri görürük. İmtahandan
hələ 2-3 ay əvvəl vaxt üzrə müxtəlif
texnoloji cədvəllər tərtib olunur. Onu da qeyd edim ki, qəbul
imtahanlarına hazırlıq xeyli əvvəldən
başlanılır. Məsələn, bir ilin imtahanları
başa çatan kimi növbəti ilin imtahanlarına
hazırlığa start verilir. İmtahan üçün
lazım olan materialların alınması, yeni texnologiyaya
görə avadanlıqların dəyişdirilməsi, təmiri,
yeni və köhnə layihələr üçün
işin təhlili, prosesə yeni mütəxəssislərin cəlb
edilməsi, onların treninqlərdən keçirilməsi və
sair. Yeri gəlmişkən deyim ki, TQDK-nın regionlarda
yaradılan şöbələrinə işə qəbul
olunan insanlar hələ ki bizdə təcrübə
keçirlər. Onlar Gəncə, Lənkəran, Quba və
Şəkidəki regional şöbələrə qəbul
olunublar. Ancaq praktiki cəhətdən işlə yaxından
tanış olmaq üçün onlar bir müddət bizdə
müxtəlif şöbələrdə təcrübə
keçəcəklər. Nəzərdə tutulub ki, gələcəkdə
regional şöbələrə qəbul olunan bütün
işçilər öncə bir müddət TQDK-da təcrübə
keçsinlər. Burada onlar üçün yeni texnologiyalarla
bağlı treninqlər, kurslar təşkil olunacaq.
- Nəticələr
vaxtlı-vaxtında və qərar çıxarmağa, məsələn,
təhsilin növbəti daha yüksək pilləsinə
seçim aparılmasına imkan verən müddətdə
çatdırılırmı?
- Biz imtahan günlərini
imtahana təxminən bir ay qalmış elan edirik ki, hər kəs
buna uyğun öz cədvəlini tərtib etsin. Əvvəllər
bizdə sənəd qəbulu prosesi internetlə yox,
yazılı formada aparılanda kağız ərizələr
bizə daxil olandan və tam oxunandan sonra biz bilirdik ki, birinci
qrupa neçə nəfər sənəd verib. Artıq sənəd
qəbulu prosesi internet vasitəsilə
aparıldığı üçün biz mütəmadi
olaraq bu statistikanı görür və öz işimizi buna
uyğun qura bilirik. Əvvəllər imtahanlara bir-iki həftə
qalmış biz onların keçiriləcəyi tarixi elan
edirdik. İndi isə iki-üç ay əvvəldən
imtahan günlərini elan edə bilirik. İmtahan nəticələri
barədə də ictimaiyyətə daha tez, operativ məlumat
veririk. Sentyabrın 15-də təhsil ilinə start verilir.
Bilirsiniz ki, bizdə bütün imtahanların tam nəticələri
avqustun 10-dan gec olmayaraq elan edilir. Vaxtımızın əsas
hissəsi əsasən nəticələrin emalına deyil, ərizələrin
internet vasitəsilə bizə daxil olmasına sərf olunur. Çünki
sənəd qəbulu, ixtisas seçimi üçün
qoyulan müddət başa çatandan sonra bizə müxtəlif
məsələlərlə bağlı müraciət edənlər
olur. Təəssüf ki, bu, hər il təkrarlanır.
Bütün bunlar bəzi insanların vaxt baxımından
nizam-intizam qaydalarına qeyri-ciddi yanaşmasından irəli gəlir.
Elə bir müddət əvvəl ali məktəblərin
magistratura pilləsinə keçirilən imtahanın birinci mərhələsindən
uğur qazanan bakalavrlara bildirmişdik ki, iyunun 8-dən 13-dək
- beş gün ərzində onlar öz proqramlarını
müəyyənləşdirib ixtisaslarını seçsinlər
ki, onlar üçün ikinci mərhələdə proqrama
uyğun kitabçalar çap olunsun. 246 nəfər bu prosesi
təyin olunmuş vaxtda etməmişdi. Elektron ixtisas
seçimi ayın 13-də gecə saat 12-də başa
çatdı və biz internetdən o məlumatları
götürüb iki gün ərzində işləyib
imtahana hazırladıq. Ayın 16-sında TQDK-nın
qarşısına təxminən 50 nəfər bakalavr gəldi
ki, biz ərizəmizi təsdiq etməmişik. İki-üç
gün bu proses davam etdi. Mən müvafiq orqanlarla
danışdım və ayın 19-u xüsusi razılıqla
kompyuter bazasını açıb bir günlük onlara
öz ərizələrinin təsdiqi üçün icazə
verməyə məcbur olduq. Nəticədə cəmi 140 nəfər
bakalavr öz ərizəsini təsdiq etdi. Bir nəfər isə
ərizəsini təsdiq etsə də, imtahana gəlmədi. Nizam-intizam
qaydalarına riayət olunması məsələsi yalnız
imtahan iştirakçılarından asılıdır. Onlar
öz işlərinə məsuliyyətlə
yanaşmalıdırlar ki, sonradan hər hansı bir problemlə
üzləşməsinlər. İmtahan bazasının
hansısa məsuliyyətsiz abituriyent və ya bakalavr tərəfindən
açılması öz işinə məsuliyyətlə
yanaşan insanların imtahan nəticəsinə mənfi təsir
göstərə bilər. Çünki texniki səhvin belə
daxilolmalarda başvermə faizi yüksək olur. Hər bir
imtahandan əvvəl proqram vasitəsilə fayllar
hazırlanır. İmtahana bir gün qalmış isə
onların çapına başlanılır. Beş nəfərin
gecikməsi işinə məsuliyyətsiz yanaşması
ucbatından tam hazır olan faylda dəyişikliklər etmək
lazım olur. Bu da texniki səhvin baş vermə
ehtimalını artırır. Sənəd qəbulu prosesini
biz lap bir il ərzində də keçirsək, yenə də
gecikənlər olacaq. Çünki insanların müəyyən
hissəsi işinə qeyri-ciddi, məsuliyyətsiz
yanaşır.
- İmtahanın nəticələri
ilə bağlı məlumatlar ali məktəblərə
vaxtında verilməlidir ki, təlimin səviyyəsinə təsir
etmək mümkün olsun. Bu haqda nə deyərdiniz?
- Bilirsiniz ki, imtahan nəticələri
elan olunandan sonra biz ali məktəblərə qeydiyyat vərəqələri
göndəririk. Qeydiyyat vərəqələri əmr
sayılmır. Ancaq buna baxmayaraq, ali məktəbə daxil
olan hər bir bakalavr bilməlidir ki, onun universitetdə təhsil
alması məsələsi qeydiyyatdan keçməkdən
asılıdır. Qeydiyyat vərəqələrinə əsasən
hər bir abituriyent daxil olduğu ali məktəbə öz
attestatını və digər müvafiq sənədlərini
təqdim etməlidir. Həmin sənədlər təqdim ediləndən
sonra abituriyent qeydiyyat vərəqəsində imzasını
atmalıdır. Ali məktəblər də həmin qeydiyyat
vərəqələrini yenidən bizə göndərirlər.
Qeydiyyat vərəqəsində imzası olmayan abituriyentin əmri
həmin ali təhsil müəssisəsinə göndərilmir.
Proses yekunlaşandan sonra bəziləri şikayətlənirlər
ki, müəyyən səbəblərdən qeydiyyat vərəqəsini
doldurmayıblar. Əmrlər gedəndən sonra bizim,
ümumiyyətlə, əmr göndərməyə
ixtiyarımız yoxdu. Buna görə də texnologiyaya
uyğun qoyulan vaxt məhdudiyyəti çərçivəsində
hər kəs bu prosedurlara riayət etməlidir. Bu texnoloji tələblər
neçə qrup tələb kontingentinin universitetə daxil
olduğunu bilmək üçün də vacibdir. Bunun əsasında
ali məktəblər dərs bölgüsü, tələbə
qrupları formalaşdırırlar. Biz bu prosedurlara tam şəkildə
riayət edirik. Məsələn, apelyasiya ilə bağlı
biz əvvəlcədən bu prosesin nə vaxtadək davam edəcəyi
haqqında məlumat veririk. Apelyasiya günləri təyin
olunan andan biz ekspertləri dəvət edirik, bütün
lazım olan protokollar hazırlanır. Apelyasiya prosesi başa çatandan
sonra bizə yenidən müraciətlər olunur. İnsanlar
bilməlidirlər ki, proses yekunlaşdıqdan sonra hər
hansı bir şikayət ərizəsinə baxılması
qeyri-mümkündür.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2009.- 25 iyun.- S.7.