Məmməd Araz poeziyasına Hikmət Mehdi yozumu
Bir filosofdan "həyatda
ən çətin şey nədir" deyə soruşublar. Filosof
"həyatda ən çətin şey sözdür"
deyib.
"Niyə söz"
soruşanda, "çünki anlamaqda çətindir,
anlatmaq da" cavabını verib.
Həqiqətən də
sözü anlayana da, anlamayana da anlatmaq çox çətindir.
Hələ bunu şeirlə anlatmaq daha çətindir.
Təbii ki, söz
ustaları, könül sultanları anlatmağı da,
anlamağı da çox yaxşı bilirlər. Azərbaycanın
böyük söz ustalarından olan Məmməd Arazın
şeirlərindən bir neçəsini ilk dəfə
iqdırlı abim, mərhum İbrahim Bozyelin "Azərbaycan
diyarından" adlı kitabından oxumuşdum.
İbrahim abi o zaman bizim
üçün sirli bir dünya olan Azərbaycanı necə
gördüyünü səfərdən dönərkən Məmməd
Arazın bir şeiri ilə belə anlatmışdı:
"Bəlkə
bu yerlərə bir də gəlmədim
Duman,
salamat qal, dağ, salamat qal
Dalımca
su səpir yoxsa buludlar,
Leysan,
salamat qal, yağ, salamat qal!"
Sonralar Məmməd
Arazın şeirlərini dəyərli dostum Seyfəddin
Altaylının Türkiyə Mədəniyyət Nazirliyinin nəşrləri
seriyasından çıxmış "Məmməd Araz,
seçilmiş əsərləri" kitabında oxuyaraq
çox sevmişdim.
Bu günlərdə
Hikmət Mehdinin yazdığı, Məmməd Araz
poeziyasının təhlilinə həsr olunmuş
"Çağdaş poema və gerçəklik"
kitabını oxuduqdan sonra Məmməd Arazı daha
yaxından tanıdım.
Hikmət Mehdi
Naxçıvanlı gənc bir alimdir. Türkiyədə
istanbullu olmayan alim və yazıçılar necə az oxunur
və az tanılırlarsa, Azərbaycanda da bakılı
olmayan yazıçı və alimlər o qədər az
tanınır.
Bəlkə də elə
bu səbəbdən Hikmət Mehdi imzası Bakıda çox
da tanınmır.
Ancaq onun kitabı Azərbaycanın
gözəl bir şairinin elmi olaraq ən yaxşı
tanıdan və təhlil edən nəşrlərdən
biridir.
Kitaba ön sözü professor İsa Həbibbəyli yazıb. İsa bəy də mənim tanınmaq məsələsindəki baxışlarıma
aşağıdakı sətrlərlə
şərik olur:
"Müasir Azərbaycan
ədəbiyyatşünaslarının yeni nəsil arasında Hikmət Mehdi nisbətən az tanınır. Xarakterindəki ləyaqətə üstünlük vermək
prinsipi və paytaxtdan uzaqda yaşaması onun daha çox tanınmasına maneəçilik
törədib".
Hikmət Mehdi 200 səhifəlik
kitabında Məmməd Araz irsini olduğu kimi ortaya qoymaq
üçün düz 126 mənbəyə baş vurub. Bu qədər
mənbəylə çalışmaq, bu
araşdırmanın ciddiliyini ortaya qoyur.
Məmməd Arazın həyatını,
sənətini və sənət dünyasındakı önəmli
dönüş nöqtələrini, əsərlərindəki
rəngi və özəllikləri bu gənc
araşdırmaçı olduqca mükəmməl bir qələmlə
oxucuya çatdırmağa çalışıb.
Məmməd Arazın
poeziyasından yola çıxaraq onun insana, təbiətə,
tarixə, günümüzün gerçəkliyinə, cəmiyyətin
əxlaqına münasibəti sadəcə
tanışlıq kimi deyil, elmi şəkildə təhlil
edilib.
Hətta, şeirlərdəki
qorxu, həyəcan, dirəniş, yaşadığı
zamanın ağırlığı və psixologiyası da nəzərə
alınaraq yazılıb.
Onun son vaxtlar
yazdığı şeirlərdən birində Xocalı faciəsini
necə bir ümid və üsyana çevirməyə
çalışması Hikmət Mehdinin diqqətindən
qaçmayıb. Məmməd Arazın
"Əyilməkdir
ağlamağın tərs üzü
Dərdi
dartıb üzməyəni dərd üzür
Ağlayanı
tez də tapır dərd, hüzür
Bəlkə
Tanrı belə yazıb, ağlama
Səsini
boğ, millət qızı, ağlama!"
Misralarını Hikmət
Mehdi bir ümid, zülmə qarşı bir üsyan kimi izah
edib ki, məncə bu, çox doğru bir yanaşmadır.
Hikmət Mehdi
kitabında Məmməd Arazı, dil, üslub, şeir
texnikası baxımından da təhlil etməyə
çalışmaqla yanaşı, onu bir insan kimi də
xarakterizə etməyə nail olub. Bir şairin eşqə,
ölümə, vətənə, təbiətə
baxışına necə göz yumula bilər ki?
Məmməd Arazın
xüsusilə dağa və dağ insanına
vurğunluğu kitabda önəmli bir xətt kimi keçir. Onun
doğulduğu Nurs kəndində dağlar necədir bilmirəm.
Amma dağlar Məmməd Arazın ruhunda özünə elə
bir yer eləyib ki, şair ölümünün belə
dağlarda olmasını arzulayır:
"İnsan
öləndə də dağlarda ölə
Dönə
bir zirvənin dənər qarına
Bir
qarış yüksəliş gətirə bilə
Bu dağ
duruşuna
Dağ
vüqarına"
Dağ nədənsə
dənizdən daha çox türk insanının
könlündə özünə yer eləyib. Bu, qədim
türk dastanlarında və indiki Anadoluda da elədir. Rəhmətlik
Bəxtiyar Vahabzadə son müsahibələrinin birində
"Dənizi sevmirəm" demişdi. Çox güman ki,
onun könlündə dağların ucalığı və
təmizliyi özünə daha gözəl yer eləmişdi.
Məmməd Araz kimi
şairlər sağkən klassikə çevrilən söz
ustalarındandır. Onun poeziyası Azərbaycan ədəbiyyatında
öz layiqli yerini tutacaq. Hikmət Mehdi böyük bir zəhmətlə
yazdığı kitabı sayəsində Məmməd Arazı
mənə yenidən oxutdu və sevdirdi. Buna görə ona təşəkkür
edirəm.
Orxan ARAS Almaniyadan yazır
525-ci qəzet.- 2009.- 25 iyun.- S.2.