"Namaz" üstə deyilənlər...

 

Əsəd Cahangirin yenicə oxuyub bitirdiyim "Namaz" poeması məni bir oxucu kimi dərindən düşündürdü. Elə "Namaz" üstə düşüncələrimi yazmaq qərarına da poemanı oxuduğum zaman keçirdiyim təzadlı hisslər, əsəri oxuyub bitirdikdən sonra da məni tərk etməyən yaşı minillərlə ölçülən qədimlik ab-havası və Göytanrıçılıq (Tenqriçilik) ideyasını tərənnüm edən bədiiliyin ruhuma hopan güclü aurası səbəb oldu. Poema namaz rituallarının ardıcıllığıyla yerinə yetirilən bir şaman duasıdır. Bir az da irəli gedərək demək istəyirəm ki, hətta bu, şamançılıq ideyasından daha qədim köklərə bağlanan ulu əcdadlarımızın Tenqriçilik inancının tərənnümüdür. Əsərdəki əzəli ilkinlik, konkret millətlərə, dinlərə bölünməyən, eyni hisslərə, sevgiyə, həmçinin nifrətə malik və layiq İNSANın ən əvvəlki yaranma koduna qayıdış- oxucuya genetik informasiya kimi ötürülür. Poemadan çıxan əsas nəticə budur ki, indiyədək insan tərəfindən yaradılmış ən kamil bilgisayarlardan da mükəmməl varlıq TANRI tərəfindən "OL"unan İNSANdır. Və oxucu poema vasitəsilə milyon illər əvvəlki genetik kodunu eynilə radio dalğası kimi bu poemadan ala bilər. Bu genetik kod, qan yaddaşı adlandırdığımız kosmik şifrə insanın hansı dinə, məzhəbə qulluq etməsindən, hansı dildə danışmasından, hansı əqidəni dəstəkləməsindən asılı deyil. Bu da Tanrının özü kimi tamdır, bölünməzdir, əbədi itməməzlik qanununa tabedir.

"Namaz" üstə çoxillik peşəkar oxucu sövq-təbiisiylə hiss elədim ki, poema havadan asılı qalan, hansısa səbəbdən təsadüfən meydana çıxan qəfil (eləcə də qafil) əsər deyil. Fikrimcə, bu, çoxillik şeir yazma təcrübəsinə, güclü poeziya bünövrəsinə və bir çox məsələlərə aid bilik və intellekt potensialına dayanan oturuşmuş bədii nümunədir.

 

   Anasının rəhmində

   qıvrılan körpəyə bax,

   başını dizinə qoyub

   səcdə eləyir uşaq

   Tanrı rəhmətindəki

   dualarından

   sonra.

   Rəhm

   Tanrı rəhmidi,

   Ana rəhmində səcdə

   ilaxır, sairədi.

   Ana rəhmində körpə

   rəhmətə dönüş üçün

  dairəvi körpüdü,

   körpəcə dairədi

   sonsuzluqdu o körpə.

 

"Namaz"da dinlərin ən kamili - islamın, sonuncu səmavi din olmasına rəğmən, özündə ehtiva etdiyi ilkinlik fəlsəfəsi poemada önə çəkilib. Müəllifin peşəkarlığı və müraciət etdiyi mövzunu dərindən bilməsi burada əks olunan bəndlərdə yerləşib. İslamın beş əsas şərtlərindən olan namazı təkcə təsvir yox, həm də mahiyyət baxımından açan əsərdə müəllif həmin ritualların ardıcıllığını oxunaqlı bir dillə qələmə alıb. "Namaz"ın təsvir olunan bütün hissələrindəki müəllif əhval-ruhiyyəsi də ritualların mahiyyəti və məzmunu ilə birlikdə təqdim olunur. "Namaz"ın ilk "Qiyam" hissəsindəki bəndlər qiyam edən insanın bütün dövrlərinə güzgü tutub; Tanrının cəmi məxluqatdan üstün bildiyi, böyük rəhmətiylə "OL" deyib də ruhundan bir zərrə bəxş etdiyi İNSAN yaradılan bütün canlı və cansızların hamısından daha dikbaşdır, daha qiyamçıdır. Bəlkə bu, insana bəxş olunan "OL" sözünün kəramətindəndir? Bəlkə də TANRI nəfəsinin qüdrətidir insanı belə dingildədən və onu yaradıcısına qarşı qiyama qaldıran? Bəlkə TANRI bilərəkdən İNSANın mahiyyətinə bu qabağındanyeməzliyi, dikalınlığı bəxş edib ki, onun Mütləq Həqiqəti dərk etmək üçün cəhdlər göstərməsinə yardımçı olsun. "Namaz" bədii bir ustalıqla həmin qiyamçı insana əbədi həqiqətə yönələn istiqaməti göstərir. "Namaz"ın "Rüku"sunda da bu əhval-ruhiyyə eyni ardıcıllıqla davam edir. Ruhun tələb etdiyi əbədi sükunət halına burada da qovuşmaq olmur. Rüku vəziyyətini heyvanlığın duruşuna bənzədən müəllif bunu da qiyamçının sonrakı halına uyğunlaşdırıb.

 

   Vəhşidən də vəhşidi

   başın dik tutan adam!

   Sən nə dikbaş,

   sən nə tərs

   sualsan,

   nida

   insan?

   Sürü

   vəhşi meşəsi,

   vəhşilərin cəmidi,

   ya vəhşilər camesi?

   Hamısı da rükuda...

 

Ə.Cahangir namazın bu iki ardıcıllığındakı insanın özündən çıxıb özümsüzləşməsinin, vəhşiləşməsinin uğurlu bədii təsvirini verib. Və dolayısı ilə oxucu hiss edir ki, buna səbəb insanın kini, nifrəti və bioloji tərəfinə bağlılığıdır. İnsanın insanlığa dönüşü üçün isə mütləq SƏCDƏ gərəkdir. Yalnız YARADANın qüdrətini etiraf etmək, onun xəlq etdiklərinə sevgi ilə yanaşmaq, şükranlıq hissi insanı biolojidən sosiolojiyə çevirə bilər. Bu da "Səcdə" ilə mümkündür. Böyük hərflə HƏQİQƏTə yetməyin mümkünlüyü də əsl sevgidən qaynaqlanan səcdədir. Ə. Cahangir bu kosmik sevgini mükəmməl bədii bənzətmələrlə oxucuya çatdırıb:

 

   Sevgi

   ibadətimdi,

   bitib ulduz biçini,

   ayı göydən asmışam.

   Möhür deyib alnımı

   doğan günə basmışam...

   Bir günəş ağacıyam

   şüa budaqlarımdan

   düşən işıq kölgələr

   qapsayıb kainatı.

   Arximed nöqtəsidi

   günə söykəli alnım,

   çıxıb ölüm-qalımdan

   yerindən oynatmışam,

   həm ölum, həm həyatı...

 

"Namaz"ın "Səcdə"si digər parçalardan fərqli olaraq daha uzun çəkir. Bəlkə də Ə. Cahangir bununla sevgili peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın səcdəni uzatmağın daha artıq savab qazandırdığını söylədiyi üçün beləcə bədii xatırlatma verib? "Səcdə" həqiqətən də poemanın özəyidir və zənnimcə, müəllif əsas demək istədiklərini bu hissədə qələminə diktə edib. Uzandıqca uzanan "Səcdə"ni oxuduqca adama elə gəlir ki, bu hissəni yazan zaman müəllif ruhi olaraq meditasiyaya uğrayıb. "Namaz" ədəbi meracı xatırladır. Buradakı bəndlərin əhval-ruhiyyəsi də deməyə əsas verir ki, müəllifin bu hissədə az qala ruhi-mənəvi baxımdan trans vəziyyətinə düşdüyünə inanasan. Həm də müəllif bunu o dərəcədə inandırıcı yaşayır və yaşadır ki, oxucu da ruhun ölümdən sonrakı ağ işığa qaçışına bənzər tələskənliyə, məkan mövcudluğundan kənardakı sürəti ölçülməyən zaman axınına düşür. Buradakı sürət poemanın xüsusilə şamanlıqla bağlı qələmə alınan bəndlərdə özünü göstərir.

 

   İmanı yox, dini yox,

   ruhlar səltənətindən

   xəbər verən ağzıyla

   çiy maral ciyərini

   parçalayan hansısa

   saçları uzun şaman,

   bir az baxşı, bir az qam,

   bir az da ozan şaman,

   bir az Yafəs, bir az Ham,

   bir az İrəc, bir az Sam,

   bir az da insan şaman

   yalnız özünə agah

   hansısa yoldan keçib,

   oyuncaq ulduzlarla

   bəzədilmiş budaqdan,

   ulduz oyuncaqlarla

   bəzəkli qoldan keçib,

   o yolkaya çıxır,

   bax!

   Ordan

   da baş götürüb

   ordan bir daş götürüb,

   ordan sürət götürüb,

   ordan yaddaş götürüb

   yüksəlir ulduzlara,

   günə, aya çıxır,

   bax!

 

"Səcdə"ni həm də bir "Ağacnamə" adlandırmaq olar. Burada insan-ağac vəhdətinin görüntüləri ayrıntılarla təsvir olunub. Həm də birincinin fonunda ikinci daha artıq insani, daha artıq mənəvi olaraq nəzərə çarpır. Əsər boyu Tanrının yaratdıqlarının içərisində müəllifin ən böyük, təvazökar və təmənnasız səcdəçiyə - AĞACa sevgisi daha artıq hiss olunur. Və müəllif üçün əslində fərqi yoxdur ki, bu ağac hər il başına toplaşdığımız yolkadır, İsanın çarmıxa çəkildiyi taxta parçasıdır, içərisindən Oğuz olub çıxdığımız nəhəng yuvadır, yoxsa ömrümüz boyu Əzrayılla oynadığımız çiling-ağacdır. Əsas odur ki, bütün hallarda AĞACı Tanrı yaradıb.

 

  Səndə Tanrı gizlənib,

   bilmirsən?!

   Təndən anrı gizlənib,

   görmür - sən?!

   Sən anrıdan da anrı,

   bir Tanrıdan gəlirsən,

   birliyin hanı?!

   Ölümsüz sirr Tanrıdan

   gələn diriliyin hanı?!

   Dirilik birlikdədi...

 

Bu birliyin vacibliyi poemanın digər bəndlərində də təlqin olunur. Ə.Cahangir İNSANın yaranışca vəhşi olmadığını, maddidən daha artıq mənəvi varlıq olduğunu, Böyük RUHdan bir hissəni daşıdığını hər vəchlə ona sübut etmək istəyir. Tanrı qutsallığından ayrılıb bügunku açılıb-saçılmalarına, kökünə, gəldiyi ilahi yerə, qüdsi yuvanı unutmasına etiraz olaraq onun qarşısına fakt kimi GÖYDƏN GƏLƏN HƏQİQƏTi qoyur. Əsər heç bir milli, dini, irqi, cinsi ayrı-seçkilik qoyulmadan həm də bəşəriyyətin ən qədim miflərində əksini tapan "Göydən enmə" həqiqətini, əzəli şumerçilik, türkçülük doğrusunu özündə təcəssüm etdirir. Bu DOĞRUnu TAM olaraq qəbul etmək lazımdır. Əks halda:

 

   İnanma gündüzlərə,

   baxsana, gün düz deyil.

   Görmürsən sabaha da,

   axşama da əyilir?

   Gündüz haqqın üstünə

   işıqdan kölgə salır.

   Tanrının kölgəsini

   göylərdən yerə çırpır,

   birliyə bölgə salır.

   Bölgəçilik başlayır,

   ölkəçilik başlayır.

  Başlayır qazaxçılıq,

   başlayır şirvançılıq,

   irançı, turançılıq,

   incilçi, qurançılıq,

   sizçi, oçu, mənçilik,

   hər cür ikitirəlik,

   hər cürə düşmənçilik...

   Hamı eyni cür yatır,

   eyni cür durmur hamı,

   olurlar tikə-tikə,

   olurlar

   çilik-çilik.

 

Bu da sübut edir ki, "Namaz" əslində konkret bir dinə həsr olunmayıb, bütün bəşəriyyətin ehtiyac duyduğu əzəli-əbədi SEVGİ inancının ritualik cəmidir. Bunu əsərin son hissəsindəki "Dua" da sübut edir. "Namaz" elə canlı yazılıb ki, müəllif sadəcə SÖZlə bütün bu prosesi yaşadır. "Namaz" canlı mövcudiyyəti ilə qiyamdakı, enib-qalxan və sonra əbədi ruhi sakitliyə qovuşan insanlığın dastanıdır. Bu həm də ruhi çırpıntılarını sakitləşdirməyə çalışan, özünün Tanrıdan gəldiyinə inanan, bu ilkinliyə dönmək istəyən, artıq bioloji mahiyyətindən bütünlüklə azad olub mənəvi görünməzliyinə qarışan bir ruhun nəğməsidir.

   Əsər təkcə məna tutumuna və mövzu aktuallığına görə deyil, həm də filoloji dilin canlılığına, əsərdə yerində istifadə olunmuş assonansların, alliterasiyaların, mənanı tam ifadə edən təbii metaforaların zənginliyinə, eləcə də indiyədək başqalarının poetik nümunələrində rast gəlmədiyim ziqzaqvari qafiyələrə və sapfovari bəndlərə görə də diqqəti cəlb edir. "Namaz" qafil olmayan hər kəsin üzərində əsl həqiqəti andığı və anladığı bir mətndir. Bir məqamı da qeyd etmək istərdim ki, zənnimcə, "Namaz" kütlə üçün yox, az-çox intellektə sahib oxucular üçün daha artıq maraq kəsb edəcək. Çünki poema buradakı bədii təsvirlərin üzərində qərar tutan elmdən xəbərsizlər üçün qıfıllı sandıqdır. Əsl həqiqəti DƏRK EDƏN, ANLAYAN VƏ ANAN sözün hər mənasında "Namaz" üstəymiş, üstədir və olacaq. Çünki "Namaz" islamın və imanın başlıca şərti olan namazı da kortəbii ibadət hesab edənlər üçün yox, həyatının əsl həqiqətini tapanlar üçün yazılıb. İlk baxışda uzunçuluq təsiri bağışlayan poemanı oxuduqca isə yanıldığını anlayırsan, hiss edirsən ki, deyilməsi lazım olan mətləbləri xatırlatmaq baxımından "Namaz" hələ bəlkə də lakonikdir. Sonda müəllifə onu demək istərdim: "Bu əsəri qələmə almaqla sözün hər mənasında "ANAN "Namaz" üstəymiş". Həqiqəti ananlara və anladanlara həmişə ehtiyacımız var... Həm də sözün müstəqim mənasında da anan namaz üstəymiş ki, "Namaz"ı belə yaxşı yazmısan". Başqa cür olsaydı, Əsəd Cahangir qələminin haqlı və obyektiv tənqidinə tuş gələn mətn müəlliflərinin dilindən qurtarmazdı... Bu fəlsəfi poemanın uğurlu yazılması ilə hamımızın tənqidçi kimi tanıdığı Əsəd Cahangir özünə şair statusu qazandı.

P.S. Yazını qələmə aldığım ərəfədə öyrəndim ki, iyunun 25-də qələm dostumuzun yaşının üstünə bir yaş da gəlib. Fürsətdən istifadə edib bu yazını Ə. Cahangirin doğum gününə hədiyyə edirəm. Əsəd Cahangirə belə bir "hədiyyə" verməyin məsuliyyətini dərk edirəm, amma "Hədiyyənin böyüyü, kiçiyi olmaz" həqiqətinə də arxayınam.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 26 iyun.- S.29.