Təzə səslər, nəfəslər
V yazı
1896-cı il noyabrın 3-də fransız yazarı
Jül Renar gündəliyində yazmışdı: "Yenə
şeir, hey şeir. Bir misra da poeziya olaydı!.."
Eynilə bizim poeziyada
olduğu kimi fransız poeziyasında da istedadlı şairlərlə
yanaşı, konyukturaçılar da yetişib. Ancaq mən
inanmıram ki, Fransada da Azərbaycandakı kimi az qala hər
on evdən bir "şair" çıxmış olsun.
"Yenə şeir, hey şeir. Bir misra da poeziya olaydı" - bu gün bizim
poeziyanın qrafomaniyaya
təslim olacağını
düşünmürəm, düzü-dünyanı bürüyən bu mənasız və bəsit şeir yığınının fövqündə
hər halda, yenə hansısa jurnal, qəzet səhifələrində, ya
da şeir kitablarında əsl poeziya nümunəsi ilə üzləşirəm. Kənan
Hacının şeirləri
məndə belə bir təəssürat oyatdı ki, bu şeirlər poeziyaya hazırlıqlı
gələn, heç
bir mövzu qıtlığı hiss etməyən bir gəncin yazılarıdır.
O yazılar ki, onun müəllifi ustadlardan öyrənə-öyrənə poeziya təlimi keçib, Azərbaycan sözlərinin
hələ gizli qalan qatlarını qaldırmaq istəyilə
yaşayır. İsrar
eləmirəm ki, o, bu vaxtacan
yazdığı şeirlərində
buna tam nail olub. Yox, məncə,
Kənan "doymuş"
şair deyil ki, bir neçə
şeirinin uğurundan
ya bir-iki tənqidçinin onun şeirləri barədə
yazılarından sonra
qələmi yerə qoya və o
təriflərdən sonra
başlaya öz-özünü
təkrar etməyə,
elə hey bir qapalı orbitdə vurnuxa və ordan çıxa
bilməyə. Ya da "dahilik"
mərəzinə düçar
ola..
Kənanın şeirlərində
insan-təbiət-cəmiyyət üçlüyü
harmoniya təşkil edir. Gizlətmək lazım deyil ki,
poeziyamızda son illər təbiətdən bir uzaqlıq
duyulur, elə bil, qələmin gücü çatmır təbiətin
gözəlliklərini və ona məxsus olan rəngləri
poeziyada əbədiləşdirə. Kənanın bir
çox şeirləri mənə o mənada xoş gəlir
ki, bu şeirlərdə təbiəti duymaq və bu
duyğuları poetikləşdirmək bacarığı hiss
olunur.
yarasalar gecəni
vətən
seçdi özünə.
"Yarasalar...
Quşlar... İnsanlar..." şeiri bu misralarla
başlayır və elə bu iki misradan hiss olunur ki, bu cavan
şair istifadə etdiyi sözləri poeziya biçimində
təqdim etməyi bacarır. Daha sonra:
sancdı
bayrağını
sükutun
zirvəsinə
günəş
dəryaz kimi
biçəndə
qaranlığı
yarasalar
qaçıb doluşdu
insanların
içindəki qaranlığa.
Deyəcəksiniz, adi təəssüratdır.
Yəni yarasalar işıqdan qorxurlar və Günəş
çıxan kimi onlar da qaçıb gizlənməlidirlər.
Amma bu adi təəssürat poetik təəssürata
çevrilmişdir. Günəşin qaranlığı dəryaz
kimi biçməsi və yarasaların vahimə içində
insanların içindəki qaranlığa doluşmaları
ancaq şair təxəyyülündən doğa bilər. Sonrakı
misralarda da poetik cizgilərin sayı artır, bu cizgilər
işıq-qaranlıq simvolikasını gücləndirir. Yarasalardan
sonra şeirdə quşlar görünür, gecə
yarasaların, səhər isə quşların vətəninə
çevrilir. "Quşlar səhəri Vətən
seçdi özünə". Onların nəğmələri
yer üzünə dən kimi səpilir. İnsanlar isə vətəndə
yaşamağa məhkum olunmuşlardı... Şeir bitir, amma
"ağ yuxuların qoynuna uçan quşların" səsi
səni tərk etmir. Elə poeziya da budur. Sözlər,
misralar unudula bilər, yadda nə qalırsa o şeirdən,
bax, o, poeziyadır.
Tənqidçi həmkarım
Əsəd Cahangir yazır: "Kənan şeir də
yazır, ədəbi-publisistik məqalə də, hekayə də...
Bu nədir? Universal istedadın təzahürü, yoxsa hələ
külçə halından çıxıb emal
olunmamış istedad? Yəqin ki, ikincisi. Amma əsas janr
dağınıqlığı yox,
özünüaxtarışlardır, bəzən uğur, bəzən
uğursuzluqla nəticələnən axtarışlar. Gənc
yazarın külçə istedadının esse, məqalə,
hekayə kimi məhsullarında da hələ ki, onun
şairliyi aparıcıdır". Bu fikirlə mən də
razılaşıram və istərdim ki, o, bəzi cavan
yaşıdları kimi heç bir lüzum olmadan hekayə ya
pyes yazmaq xəstəliyinə tutulmasın. Çünki
şeirlərində o, istedadlıdır, hekayə və pyeslərində
isə istedadlı görünməyə can atır. Bu, mənim
şəxsi fikrimdir.
Uşaqlığımı
köhnə
evimizin eyvanına əyilən
ərik
ağacının kölgəsində
dəfn
etdim
indi o yerdə
bir
kötük qaralır
başdaşı
əvəzi..
Bu misralarda hüzn və
nostalji duyulsa da, biz hisslərin və duyğuların maksimum
poetikləşdirildiyinin şahidi oluruq. Nədənsə, Kənan
Hacının bir çox şeirlərində
altmışıncı illərin novator
axtarışlarının izini görürəm. Elə bil,
o, İ.İsmayılzadənin, Ə.Salahzadənin, V.Səmədoğlunun
yazmadığı, qələmə almadığı
şeirləri indi yazır. Əlbəttə, bu, mənim
subyektiv fikrimdir.
Kənanı öz
yaşıdları olan cavan şairlərdən fərqləndirən
nədir? Yəni, onun bir şair kimi özünəməxsusluğu
duyulurmu? Deyə bilərəm ki, bəli, elə birinci
kitabında Kənan Hacının bir şair kimi kimsəyə
bənzəmədiyinin şahidi olursan. Kənan əşyalara,
səslərə və rənglərə poetik məna verməyi
çox sevir. Bu üsul bizə tanışdır, amma
dünyada maddi və mücərrəd anlayışlar,
gözlə görünən və görünməyən nəsnələr
bitib-tükənmir, hər şair qələmində bu
anlayışlar yenidən poetik məna kəsb edir. Məsələn,
"Azan səsi bayraq təki dalğalanır məscidin minarəsində"
- bu bənzətmə sırf assosiativ təfəkkürdən
doğur. Onun şeirlərində təbiətə məxsus
bütün atributlar insana aid xüsusiyyətlərlə
qaynayıb-qovuşur. Sən inanırsan ki,
"dağların ətəyiylə soyuq
sürünür", bir az yuxarı qalxırsan və"
heysiz təpənin döşündə bir yetim
çiçək görünür". Və inanmaq istəyirsən
ki, "sükutun üzündə
mığmığanın cırmaq izləri" qala bilər.
Sən inanırsan ki, "kəpənəklər
çiçəklərin yuxusunu dağıdır, sevib
atılmış bir qız bu dağılmış yuxunu
yığır öz gözlərinə". Ümumiyyətlə,
yalqız-yetim çiçək, sübh, gecə, göz
yaşı, sükut - bu obrazlar Kənanın şeirlərinə
duyğuların poetik ifadəsi üçün ən
münasib obrazlar kimi diqqəti cəlb edir. Kənanın bu qəbildən
bir çox belə şeirləri var ki, onlar poetik təxəyyülün
axtarışa meylindən, təzə söz demək
ehtirasından doğur. Çox kiçik poema olan "Vətəni
köndələn əsgər", zənnimcə, bu
axtarışın uğurlu bəhrəsidir. Ənənəvi
"Vətəni qoru"
çağırışının burada - bir əsgər qəlbində
necə deformasiyaya uğradığını misra-misra izləyirik.
Kənan
"Özündən qaçmaq olmur" kitabına
"köhnə" şeirlərini də qatıb. Amma bu
"köhnələr"dən köhnəlik qoxusu gəlmir.
Məsələn, bu balaca şeirə necə "köhnə"
deyəsən?
Mən Adəm
ömrünü axı neynirdim,
Ölüm də
uzanar bir ömür qədər.
Bir əsim
meh ömrü mənə bəs idi,
Bir qız
saçlarının sığalı qədər.
Əlbəttə, Kənanın
şeirləri içərisində "doğmalara"
isnişməyən "yadlar" da gözə dəyir. Məsələn,
mənim fikrimcə: "Bu gün cümə
axşamıdı Qəbrimə baş çəkəndən
sonra Gəl dediyim ünvana Səni evdə gözləyəcəm"
- bapbalaca şeirdir, nəsə bir fikir demək iddiası
duyulur, amma heç nə alınmır. Yaxud: "Kafelər
balaca dünyalardı" misrası ilə başlanan
şeirdə oxucuya sadəcə olaraq mənfur kafe obrazı təqdim
edilir. Və məncə, Kənan "Şair" şeirini
öz kitabına daxil eləməyə də bilərdi. "Eybəcərliyə
ikrah" hissi şeirin özünü də eybəcərləşdirib.
Kənanın bu
şeirlər kitabını oxuyub başa çatdırandan
sonra bir müddət heç bir cavan şairin şeirləri
ilə maraqlanmadım. Amma günlərin birində Şahinə
Könül adlı cavan bir şairənin şeirlərini
oxudum və inandım ki, doğrudan da çiçəklər
müxtəlif rəngdə və rayihədə olduğu
kimi, hər bir istedadlı şairin şeirləri də digərindən
seçilir və seçilməlidir. İstedadın ən
mühüm göstəricisi də elə budur!
İndi XXI əsrdir. Və
təbii ki, bizim şeirimiz öz müasir səviyyəsi ilə
seçilməlidir. Kənanın şeirlərinə də mən
müasirlik anlamından yanaşdım, amma elə
düşünülməsin ki, müasir şeir deyiləndə
yalnız Kənan tipində şairlərin şeirləri nəzərdə
tutulur. Müasir şeir anlayışını nə müəyyən
məzmunla, nə də müəyyən forma və ifadə
üsulları ilə məhdudlaşdırmaq olmaz. Bu
yaxınlarda Qazaxda yaşayan, qaynar ədəbi mühitdən
tamamilə uzaq düşən 24 yaşlı bir qızın -
Şahinə Könülün ilk şeir kitabını mənə
verdilər. Bu kitaba tanınmış şair Barat Vüsal
ön söz, Rəfail İncəyurd, Məmməd Dəmirçioğlu,
Məmməd İlqar və tənqidçi Rüstəm Kamal
son söz yazıblar. Özü də necə ürəklə,
səmimiyyətlə. Yox, bu xeyir-dualarda
"qazaxçılıq" hiss eləmədim, istənilən
bir söz adamı məhz belə yazardı.
Müasir poeziyamızda
minlərlə qoşma, gəraylı, heca şeirlərinin
sanki bir konveyerdən kitablara köçdüyü indiki
çağda qoşmanın, gəraylının, heca
şeirinin yaxşı nümunələrini yaratmaq,
doğrudan, 24 yaşlı bir qız üçün hünər
sayılmalıdır. Nəsiminin bu misrası yada
düşür: "SINDIR QƏFƏSİ, TAZƏ
GÜLÜSTAN TƏLƏB EYLƏ".
Şair olduğumu mən hardan bilim?
Şair olduğumu demir Tanrı da.
Min il əvvəldəyəm, yazıram hələ,
Şair olasıyam min il sonra da.
Füzuli babamdan qalan qələmi,
Arayıb-axtarıb tapıb gəlmişəm.
Xətai döyüşə qələmlə getdi,
Sözün sapandından qopub gəlmişəm.
"Sözün sapandından qopub gələn" Şahinə Könül suficəsinə düşünür, həqiqətə qovuşmağa can atır. Onun şeirlərində bir az Rumidən, bir az da Nəsimidən gələn notlar da var, hətta mərhum şairimiz, Azərbaycanın sonuncu ozanı Akif Səmədin də yaxşı mənada təsiri var, amma bu təsirlər onun şeirlərinin təravətini azaltmır. O bu təsirləri təqlid kimi yox, poetik məktəb kimi intixab edir.
Dağlara söz verdim, gedə bilmədim,
Hicranın səbəbi nədə, bilmədim.
Bağışla, Ələsgər dədə, bilmədim,
Göyçədə dan üzü sökülə bilmir.
Zirvəyə can atır döyünən könlüm,
Dərdin ələyindən üyünən könlüm,
Payız küləyindən üşüyən könlüm,
Çinar yarpağına bükülə bilmir.
Qazaxda açılıb İncədə bitsəm,
Şəkidə, Şirvanda, Gəncədə bitsəm,
Loğmanı axtarıb, təbibə getsəm,
Yenə də yurd yaram tikilə bilmir.
Şahinənin ilk kitabındakı ("Çağırsam, kim, görən, eşidər məni..") bütün şeirlər beləcə ruhu tərpədir, səndə xoş bir poetik ovqat yaradır. Bu, ənənəvi şeirdir, amma ənənəyə təzə, kiçicik də bir cizgi artırmırmı? Yaşı qırxı, əllini, altmışı keçib, hələ də bircə qoşmasıyla, ənənəvi formada bircə şeiriylə seçilməyən, fərqlənməyən, SƏSİ OLMAYAN yüzlərlə şairə bu 24 yaşlı qızın şeirlərini oxumağı məsləhət görürəm. Rüstəm Kamal yazır: "Şahinə o sözün yiyəsidir ki, daha ağı qaradan, yaxşını pisdən ayırmağı, hər şeyi öz adı ilə çağırmağı bilir. Şairlik elə budur!"
Haqqa düz yol hardan olur?
Axtar, gəz, yol hardan olur.
Gündə yüz yol vardan olur,
Bu yoxluqdan var olanlar.
Döyüşdü - öz qəlbi boyda,
Döyüşməyir sel bu boyda.
Genişdi öz qəlbi boyda,
Öz əyninə dar olanlar.
Könül dindi, könül dedi,
Bütün yollar könüldədi,
Məcnunla bir könüldədi
Yaradanla var olanlar.
Bu şeiri oxuyursan və sanki Yunis İmrə, Qaracaoğlan, Xəstə Qasım, Dadaloğlu dünyasına qovuşursan. O böyük, ulu söz ustadlarının poetik geni Şahinə Könülün şeirlərində də yaşayır. Amma Şahinə - bu 24 yaşlı qız həm də bugünün şairidir. O, gözəl qoşmalarıyla, gəraylılarıyla sübut eləmək istəyir ki, dünyamızın bu qloballaşma havasında, elmi-texniki tərəqqinin və onun az qala hər gün yaratdığı möcüzələr içərisində "köhnələr" heç də köhnəlmir. Necə deyərlər, sazımızı, qoşmamızı, təcnisimizi qoruya bilirik, nəinki qoruyuruq, onun bünövrəsini laxlatmadan, binasından bir kərpic belə qoparmadan gələcəyə də apara bilirik.
Amma Şahinəyə də məsləhətim budur ki, nə beş qazaxlı-həmyerlisinin, nə də bu sətirlərin müəllifinin xoş sözləri onu çaşdırmasın, içində "dahilik" iddiası yaratmasın, şeirlərinin rəng, səs çalarlarını artırsın, təkcə bir poetik əraziyə sığınıb qalmasın. Onda iti təb və rəvan, səlis, havası saz dünyasından yoğrulan şeir dili var. Düzdür, bəzi şeirləri bir-birinin təkrarıdır, daha doğrusu, bir fikir digər şeirlərdə də gözə dəyir, yaxud o gözəl qoşmaların, heca şeirlərinin içində ara-sıra közərən, amma oda çevrilməyən misralar da gözdən qaçmır. Bir az sərt desəm, tək-tək də olsa, bəzi misralarının soyuqluğu adamı üşüdür. Bunların olmağı da təbiidir. Cavandır, ona görə. Amma deyim ki, bu səviyyənin özü də o qızın yaşına görə düz mütənasibdir, gərək qorusun o səviyyəni. Barat Vüsal yazır ki, bu qız ata-anasını vaxtsız itirib, yurd yerində kişi qızı kimi ömür sürür, həqiqi mənada qoymur ata ocağını qəribsəməyə. Qoy elə Şahinə ata ocağını qızdırsın, şəhərlərin bu qaynaşan, istiləşən havasına gəlib çıxmasın, təbiətdə təbiəti şeirə gətirsin...
...Bu yazıda fərdi üslub tərziylə seçilən iki cavan şairdən söz açdım. "İkiminincilərin"" şeirə dil", "dilə şeir" kimi yanaşdığını nəzərinizə çatdırdım. Və yazını 24 yaşlı Şahinə Könülün bu misralarıyla bitirirəm:
Bircə yol var - önüm şeir,
Qoyma məni ölüm, şeir!
Vaqif YUSİFLİ