Aşıq Bilal Şamaxıda yad edilib

 

Şamaxıdakı "Dədə yurdu" istirahət mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilala həsr edilmiş "Şamaxının bayramıdır, Aşıq Bilal günləri" devizi altında tədbir keçirilib. Mədəniyyət Turizm Nazirliyi, Aşıqlar Birliyi Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ölkənin tanınmış elm, mədəniyyət xadimləri iştirak ediblər. Nazirlikdən verilən məlumata görə, tədbiri rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq, Azərbaycanda mədəniyyətin inkişafı, tanınmış sənətkarların fəaliyyətinin qiymətləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin prezident İlham Əliyevin xidmətlərini önə çəkib. N.İsmayılov Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da tədbir iştirakçıları adından minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, folklorumuzu araşdıran alimlər Azərbaycan aşıq sənətinin təşəkkülü və inkişafı, Mirzə Bilalın, folklor nümunələrinin, dastanlarımızın mahir ifaçısı və təbliğatçısı kimi, bu sənətə verdiyi töhfələr barədə ətraflı söz açıblar.

Tədbirdə iştirak edən türkiyəli qonaq, folklorşünas alim Nizaməttin Onk ölkəsində Azərbaycan aşıq sənətinə maraqdan, tanınmış aşıqların təbliği sahəsində işlərdən danışıb, Aşıq Bilalla bağlı monoqrafiya hazırlayacağını bildirib.

Mərasimdə Azərbaycanın ayrı-ayrı bölgələrindən olan tanınmış aşıqlar konsert proqramı ilə çıxış ediblər.

Aşıq Bilalın oğlu Səfi Bilaloğlu, aşığın nəvəsi Bilal Mikayılov böyük sənətkarla bağlı xatirələrini tədbir iştarkçıları ilə bölüşüb, qonaqlara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, görkəmli aşıq Mirzə Bilal sovet rejiminə qarşı barışmaz mövqeyinə görə təqiblərə məruz qalıb və Stalin repressiyasının qurbanı olub. Sənətkarın sonrakı taleyi barədə mübahisəli fikirlər mövcuddur. Bəzi alimlərin fikrincə, ölməz aşığa verilən ölüm hökmü 1937-ci il oktyabrın 26-dan 27-nə keçən gecə icra olunub. Bəzi tədqiqatçılar isə onun ölüm hökmündən sonra Sibirə göndərildiyini bildirirlər.
  

 

SARA

 

525-ci qəzet.- 2009.- 26 iyun.- S.24.