"Yarımçıq Əlyazma" Braziliyada
Görkəmli yazıçı
Kamal Abdullanın məşhur "Yarımçıq
əlyazma" romanı,
son illərin gerçək
ədəbiyyat hadisəsi
kimi, istər Azərbaycanda, istərsə
də onun hüdudlarından kənarda
ədəbiyyatımızla bağlı bir çox stereotipləri
alt-üst etməsilə
yeni bir mərhələnin başlanğıcını
qoydu. Artıq bunu əminliklə söyləmək
olar. Bunlardan birincisi, "onsuz
da bizi Biləcəridən
o yana heç
kəs oxumur" tezsizini əldə rəhbər tutub, qlobal gedişatın periferiyasında girələnməyə
bəraət qazandırmağa
çalışan insanlarımızın
düşüncəsindəki dəyişikliklə bağlıdır.
"Yarımçıq əlyazma"nın Azərbaycanda və xarici ölkə mətbuatlarında
doğurduğu ilgi doğrudan da ibrətamizdir. Məlum oldu ki, hazırkı dövrdə
ədəbiyyatımızı xarici ölkələrdə
layiqincə təmsil edəcək ədəbi nümunələrdən və
yazıçı iradəsindən
söhbət getməli
olduğu halda başqa ehtimalların irəli sürülməsinə
ehtiyac yoxdur.
"Yarımçıq
əlyazma" haqqında ədəbiyyatla professional səviyyədə
məşğul olan filoloqlardan başqa digər elm sahələri
mütəxəssislərinin fikirləri də mətbuatda
özünə yer alır və bu, açılan müzakirələrin
yalnız ədəbi deyil, həm də sosiomədəni
xarakterini üzə çıxarır. Məşhur Sarbonna
universitetinin professoru Andrea Brinyonun "Yarımçıq əlyazma"
- təbiət sözlərlə deyil, hadisələrlə
danışır. Bu hadisələri şərh edə bilən
isə müdrik adamdır" başlıqlı məqaləsi
bu qəbildən olan yazılardandır.
Bu gün romanın,
müəllifin öz sözləri ilə desək,
Odisseyasına qısaca nəzər salmaq yerinə düşərdi.
İlk dəfə "Yarımçıq əlyazma"nı
fransızca nəşr etmək təşəbbüsü ilə
çıxış edərək onu uğurla
reallaşdıran Fransanın nüfuzlu "L.Harmattan" nəşriyyatı
oldu. Fransalı tanınmış ədəbiyyatşünas
alim, professor Klod Aliber əsər haqqında qələmə
aldığı məqalədə onu "oxucunu maraqlı
zehni əməyə dəvət edən, öz kökləri
ilə şərəfli tarixi keçmişə dayanan"
bir kitab kimi xarakterizə edərək, əsəri "ədəbi
hadisə" kimi qiymətləndirdi. Sonra Fransanın Azərbaycandakı
səfirliyi kitabın təqdimatını keçirdi. Daha
sonra Fransanın məşhur İNALKO universitetində
romanın son dərəcə maraqlı müzakirəsi keçirildi.
Bunun ardınca "Yarımçıq əlyazma" rus dilinə
tərcümə olunaraq dünyaca məşhur ədəbiyyatşünas-filosof
Lev Anninskinin önsözüylə Moskvanın
"Xronikyor" nəşriyyatında nəfis şəkildə
çap olundu və oxucuların ixtiyarına verildi. "Müasir
dünya nəsri" seriyasında nəşr olunmuş əsər
qısa zamanda Rusiya ədəbi mühitində də
güclü rezonans doğurdu. Rusiyanın yalnız xarici
ölkə müəlliflərini çap edən
"İnostrannaya literatura" jurnalı öz tarixində
ilk dəfə postsovet məkanından olan
yazıçının əsərini dəyirmi masa arxasında
müzakirəyə çıxardı və müzakirənin
materiallarını öz səhifələrində çap
etdi. "Kitabi Dədə Qorqud - verilmiş mövzu ətrafında
fantaziya" adlanan dəyirmi masada Aleksandr Liverqant, Lev Anninskiy,
Aleksandr Tkaçenko, Boris Evseev, İnna Rostovstseva, Lüdmila
Lavrova, Alla Axundova və s. kimi ədiblər, ədəbiyyatşünas
alimlər və tənqidçilər iştirak edirdilər. Bütün
bu proseslərin nəticəsi kimi Rusiya PEN-mərkəzi
yekdilliklə ilk dəfə olaraq başqa ölkə
yazıçısını öz sıralarına daxil etdi.
Zəngin ədəbi ənənələri
olan Fransa, Rusiya kimi ölkələrdən sonra əsər
Türkiyədə də nəşr edildi və
"Takvim", "Cümhuriyyət" və s. kimi
sözün əsl mənasında geniş oxucu auditoriyası
olan qəzet və jurnallarda roman haqqında çoxlu rəylər
və məqalələr dərc edildi.
Mətbuatda xəbər
verildiyi kimi, əsərin Yaponiyada nəşri ilə
bağlı da müəllifə təklif daxil olmuşdur və
hazırda yapon tərcüməsi üzərində iş
aparılır.
Bizdə olan məlumata
görə yaxın günlərdə
"Yarımçıq əlyazma" romanı Polşada
işıq üzü görəcəkdir.
"Yarımçıq
əlyazma"nın Odisseyası bununla tamamlanmır.
Roman bu günlərdə
uzaq Braziliyada çap olunub - mübaliğəsiz demək
lazımdır ki, bu əlamətdar hadisə təkcə
yazıçı Kamal Abdullanın uğuru kimi qiymətləndirilə
bilməz. Müasir dünya ədəbiyyatının ən zəngin
qollarından birini təşkil edən Latın Amerikası ədəbiyyatı
ilk dəfə olaraq öz coğrafiyasında Azərbaycan ədəbiyyatının
təmsilçisi ilə görüşür. Və bu
görüş onların öz təşəbbüsü ilə
baş tutur.
Nəfis tərtibatla nəşr
olunmuş, portəgiz dilində "O manuscritio inacabado" kimi
səslənən kitabın önsözündə Paraiba
Universitetinin professoru, müqayisəli ədəbiyyatşünaslıq
üzrə dünyada tanınmış mütəxəssis
Sutxa Svarnaka yazır: "Mən Azərbaycan xalqının
epopeyasından və miflərindən bəhs edən bu əsərin
tərcüməsindən çox məmnun qaldım. Qələmə
aldığı hekayə, şeir və romanları, dram əsərləri
dünyanın bir çox dillərinə tərcümə
edilmiş və uğurla səhnələşdirilmiş bu
dünya miqyaslı yazıçının son dərəcə
maraqlı "Yarımçıq əlyazma" romanı
Braziliya oxucusunun da qəlbinə yol tapacaqdır. Boynuma alıram
ki, bundan öncə Azərbaycan və onun mədəniyyəti
haqqında çox az şeylər bilirdim. Mən özüm
üçün yeni bir dünya kəşf etmiş
oldum".
Əsərinin Braziliyada
nəşr olunmasıyla bağlı müxbirimizin
sualını cavablandıran yazıçı Kamal Abdulla qeyd
etdi: "Yarımçıq əlyazma"nın Braziliyada nəşr
olunması bir müəllif kimi məni çox sevindirir. Ancaq
mən daha çox bir məqamdan məmnunam - bu da Azərbaycan
ədəbiyyatının Latın Amerikasına ilk gəlişinin
məhz Dədə Qorqud mözusu ilə bağlı
olmasıdır".
Sonda qeyd edək ki, əsəri
portəgiz dilinə Umberto Luis Lima de Oliveira tərcümə
etmişdir.
Hörmətli
yazıçımızı bu növbəti uğuru
münasibətilə təbrik edir və ona yeni
yaradıcılıq nailiyyətləri arzulayırıq.
GÜNDÜZ