"Əsir dağlar"a Ön söz

 

Bu   yaxınlarda şair İlham Qəhrəmanın Tehranda "Pınar" yayım evində "Əsir dağlar" adlı şeir kitabı çap edilib. Kitab 90-a yaxın ədəbi mətni əhatə etməklə, 158 səhifədən ibarətdir. "Əsir dağlar" İlham Qəhrəmanın həcmcə ən böyük şeir kitabıdır. Kitaba Güney Azərbaycan şairi Mənuçehr Fəzli Xələf (Azərelli) ön söz yazıb. Onun yazısını oxucuların diqqətinə çatdırırıq.

Bir ədəbi yığıncaqda tribuna arxasına çağrıldığımda, aparıcı soruşdu:

- Sizcə, şeir sözünün mənası nədir?

Doğal - təbiidir ki, fikirləşmədən, sorulan sorğunun cavabı - filbədahə (bədahətən) olduğundan, gahdan çox düzgün, ürəkdən qaynayıb gələn bir söz, gahdan da heç nəyə bənzəməz bir söz olur.

Dedim: - Şeir... sözünün... heç bir anlamı yoxdur.

Soruşdu: - Nə təhər heç bir mənası və anlamı yoxdur?

Camaat gülüşdü. Gördüm, söz heçə getdi!

Dedim: - Məncə, şeir var ki, asimanlardan gəlmiş, qeybdən ilham olmuş, tanrının şairə bağışladığı müqəddəs və mübarək bir vergi kimidir, şeir də var, heç nədir, tartan-partan, yava sözlərdir, ona görə də, hər şeirin mənası və anlamı onun özündədir...

Məncə, əlinizdəki kitabın müəllifi şair İlham Qəhrəmanın söylədiklərinin çoxu gerçək mənada şeirdir. Kitabın birinci varağını açdıqda, görürsən, nə gözəl şeir!..

 

   İlham ki var –

   Sənə deyim –

   Gül üstə qonan arıdır.

   Ruhu oxşayan şeirlər

   Şairin can yonqarıdır.

   Öz-özünə deyirsən, görüm, hələ ikinci şeir necədir:

   Qələmlə dəyirman

    haram götürməz,

   Biri vəhydən, biri

    dəndən işləyir.

   Bir şair qələmi şəri vəsf edə -

   Şeytandan işləyir,

    cindən işləyir.??

 

Deyirsən, bəlkə bu iki şeir təsadüfi, ya nə təhər kitabın başlanışına düşüb. Görüm, üçüncü şeir nədir:

 

   At gedir, fırlanır araba çarxı,

   Amma görən deyir,

    araba gedir.

   Allahın arxayın bəndəsi, oyan,

   Dur, durma, dur tərpən,

    dur, oba gedir.

 

Görürsən ki, bir fərqli gözəl kitabın oxuması sənin payına düşüb: varaqları çevirdikdə, şeirləri bir-bir gözdən keçirdikdə inanırsan ki, gerçək mənada bir şairlə üz-üzə oturubsan, örnək üçün, məncə, aşağıdakı iki misradakı bədii portret göz önündə canlanır:

 

   Axşamı gözləyən

   işıq kimi,

   Azdırılan pişik kimi

   darıxıram.

 

Məncə, bu günün şairi "nəyi yazım, nəyi yazmayım" - deyə, hey yazır-pozur, yazır-qaralayır, sonunda kağızı burmalayıb, mizin-stolun yanındakı çöp qabına atır. Nədən? Buna görə ki, öz-özünə deyir: "Biri deyəcək, nədən qara gözdən, incə beldən, siyah teldən yazırsan, ya başqası deyəcək, sən dinsiz-imansızsan, bu sözlər nədir, digəri deyəcək, yazığın başına hava gəlib, xurafə yazır, o biri deyəcək, satqındır"... Bəlkə ondandır ki, bəzi şairlərin yazmadığı şeirləri kağıza köçürdüyü şeirlərindən çox olur, amma İlham Qəhrəman çox rahatcasına ürəyini Gülsənəmə (oxucuya) söyləyir:

 

   Canım Gülsənəm,

   Səndən nələr çəkmədim...

   Əvvəl əlimi çəkdim,

   Sonra gözümü çəkdim.

   İndi bala-bala

   dərdini çəkirəm.

 

İlham Qəhrəmanın şeirlərin oxuduqda, sonralar dönə-dönə görüşlərimizdə, uzun gecələr boyu, dan yeri sökülənə qədər şeirləşdikdə, şair ilə artıq tanış olduqda, özümdən soruşdum nədən bu şairin səsi, sorağı televizyondan, radiodan gəlmir?

Özümə verdiyim yanıt bu oldu, çünki o, ikiüzlü məsləhətçil deyil, gözləmir, yazım ki, xoşlarına gəlsin. Örnək üçün:

 

   Xalqım,

   Yaxşı şairlər üçün

   Dar ağacın var olsun,

   Kəndirini daram tut.

   Xalqım,

   Yaxşı şairlərinə

   Adəmə buğda kimi

   Azadlığı haram tut.

    ya başqa bir yerdə söyləyir:

   Kimdi səndə günah görən...

   Zaman özü görk eləyir.

  Balta yaranandan,

   şair

   boğazına yerikləyir.

 

Mən özüm, ağlaya-ağlaya, gözlərimin yaşı kağızı cim-cılıq edərək, qara günə qalmış Qarabağımıza yazdığım oxuduğum şeir Bakı telvizyonlarının birində sansur (senzor) olduqda bu inamıma daha da inandım.

Mənim öyrəndiyim inandığım budur ki, şair şeir yazanda əqliylə yox, ehsasısıyla, duyğusuyla yazmalı, sonra yazdığını şüurla edit etməlidir. Məncə, şair İlham Qəhrəman da beləsidir. O sıra şeirlərdən bir bəndini oxuyalım:

 

   Ziyanlıq etmiş it kimi

   Aparın, məni azdırın.

   Eşidən bilən olmasın,-

   Ağlıma dua yazdırın.

 

İlham Qəhrəmanın özəlliklərindən biri budur: yeni formada yazdığı şeirləri gerçək mənada şeirdir, bir para yazarlarımız kimi bacarıqsızlıqdan, ərindiyindən ya aldandığından nəşr ədəbi nəşr parçalarını oxucuya şeir ya "şeire no" (yeni şeir) deyə təhmil etməyə (sırımağa) çalışmır,

 

   Yetim ögey anaya

   öyrəşən kimi

   yoxluğa öyrəşdim.

   Quraqlıq illərinin

  quşlarıtək

   qıtlığa öyrəşdim.

 

Dəyərli oxucular, təbii ki, İlham Qəhrəmanın da, bütün şairlər kimi, güclü, gücsüz, təkrar olunmuş temlərdə (mövzularda) yazılmış şeirləri vardır.

Ancaq biz dörd yoldaş, qələmdaş, bu sırada ədəbiyyat qulluqçusu sayın qardaşımız,??şairə xanım Şərifə Cəfəri, insanlığa dərin qiymət verən, sevimli insan, şair yoldaşımız Məhəmməd Əhmədi, incə ehsaslı çox gözəl şeirlərin müəllifi şair dostumuz Ədalət Duman mən, dördümüz əl-ələ, birlikdə bu kitabı latın əlifbasından çevirib, siz hörmətli dildaşlarımızla birlikdə oxumağı uyğun sandıq.

Bütün ellərimizə, siz hörmətli oxuculara uğurlar arzusuyla

 

 

Mənuçehr Fəzli Xələf (Azərelli)

 

525-ci qəzet.- 2009.- 26 iyun.- S.23.