İzə düşmək...

 

QULU AĞSƏSİN "VİTRYANA POŞTA" KİTABINA ÖN SÖZ

 

İnsan daima yalnız bir səmtə göz dikəndə ümidsizcəsinə məhdudlaşır. Ədəbiyyat da belədir: on beş il boyu söz sənətimizdə, demək olar ki, diri, canlı varsa, hamısının Qərbə doğru boylanması dünyamızın üfüqlərini, duyğularımızı dünyagörüşümüzü daraldıb. Qərb örnəklərini izləyən ədəbiyyatımız sanki özgür (öz) problemləri yaralı məsələlərindən qopub, bu günün göynəkli dramlarını "görməməyə" söyləməməyə alışıb. Bunun əvəzinə ifratcasına şişirdilmiş feministika problemlərinə, ədəbi mətnlərə "cəsarətlə" erotika cismani başlanğıc qatılmağına, başıhövnlü patriotizm yarışmalarına gəlib çıxmışıq ki, bunlar da həddini aşıb yüksək kəlamların çağırılmış bayatılara, bir növ patriotizmin eroziyasına çevrilib.

Bu baxımdan Şərqlə ədəbi dialoqa üz tutmağı dəyərləndirmək həddən artıq çətindir. Axı, bütövlükdə Azərbaycan ədəbiyyatıyla, o cümlədən şair Qulu Ağsəslə tanışlıq həm də bir başqa "qərbləşdirilmiş" dünyagörüş və dünya quruluşundan fərqli mənzərə təqdim edir.

Yazıqlar olsun ki, "Azərbaycan və Ukrayna millətçiliyi"nə görə sovet repressiv sistemi tərəfindən suçlanmış Valeri Marçenkonun ölümündən sonra biz, praktiki olaraq, türkdilli ədəbiyyatlara marağımızı itirmişik, azəri və türk yazarlarının əsərlərini ukrayncaya adekvat çevirməyə qadir mütəxəssislərimiz də tədricən süstləşiblər. Gəlin, açıq danışaq: bu gün həmin ədəbiyyatlardan tərcümələr rusca sətri tərcümələr vasitəsilə edilir, bu da obrazı adekvat şəkildə yaratmağa, misranın və bütövlükdə şeirin mənasını çatdırmağa həmişə imkan vermir.

Hər halda, heç olmamaqdan beləsi yaxşıdır. Çünki tərcüməçilik problemlərinin qanqalları, tikanları arxasında xalqın müdrikliyini açıqlayan bir ənənə boylanır və həmin xalqın bir çox nümayəndələri çoxdan bəri aramızda yaşayır, Ukrayna məmləkətinin yeni və çoxsəsli mədəniyyətinə öz təkrarsız koloritini qatırlar.

Səmimi etiraf edirəm: Azərbaycan ədəbiyyatı ilə ilk tanışlığım tamamilə gözlənilmədən təməl, dünya qavramı düzənində bir çox ortaq cizgiləri üzə çıxardı, söhbət ən əvvəl dünyanın tragik yaşanılmasından gedir ki, bunun Azərbaycan mədəniyyəti, az qala onların yazıçılarının hərmisrasında duyulan Quran ənənəsi sayəsində bizlərdən yaxşı bacarır.

Azərbaycanın və Ukraynanın çox mürəkkəb (hərçənd tam oxşar olmayan) geopolitik mövqelərinə, ümumbəşəri mədəni məkanda, özünə yaxşıca yer eləmiş qonşu mədəniyyətlərin əhatəsində çox zaman səsi itib-batan mədəniyyətlərin "öz" yerinin çətin axtarışlarına gəldikdə, Qərb sivilizasiyasının bizə sırımış (bəlkə də onun qazanclarından sadəcə uğursuz faydalanırıq) bunca qəliz və simasızlaşmış - amansız dünyada bəlkə də daha çox hər bir incinin özlüyünü ağrılı axtarışlarına gəldikdə, məlum olur ki, bizim həddən artıq ümumi ağrılı mənəvi nöqtələrimiz var.

Müəyyən mənada bu gün Qulu Ağsəs ukraynalılar üçün nisbətən rahat güzəranlı Avropa ya Amerikanın hər hansı yaxşı şairindən qat-qat aktualdır; çünki o, Azərbaycanın indi yaşadığı problemlərindən yazır və onlar eləcə də Ukrayna üçün aktual və ağrılıdır. Başqa sözdür ki, Qulu Ağsəsdə həmçinin bizə ta Qərb ənənəsindən tanış olan mədəni kodları və ədəbi dəblərin nəfəsini tapırıq, (Azərbaycan, bizim özümüz kimi, mədəni baxımdan Qərbə sarı xeyli "yönlənmişdir").

Düzdür, bu iqtibaslar hardasa bir fərqli, mədəni təcrübə və gələnəyə qatılmışdır. Amma bunlar, bizim yozumlarımızdan fərqlənərək xüsusən maraqlıdır.

Daha o yana deyim: Azərbaycan şairi Qulu Ağsəs, öncə, bunlarla ilgiləndirir: adi, çox vaxt tragik olayların işarətləri onda hansısa poetik mətndə yoğrulur ki, bu mətni tərcüməçilər hər dəfə adekvat çevirməyə müvəffəq olmurlar, ələlxüsus rusca sətri tərcümə vasitəçi olanda (belə hallarda mütərcimlər, hətta forma itkilərinin bahasına başa gəlsə də, orijinalın ruhu və mənasını mümkün qədər qoruyub saxlamağa çalışıblar).

Şair Ağsəsin ən orijinal cəhəti problemi detal vasitəsilə göstərmək bacarığıdır, elə göstərmək ki, bir detal ayrı səviyyəli detalla, bir görüntü o birisiylə, problem problemlə qovuşur.

 

   Çöldə istidir

  evə qaçırsan

   içəri od tutub yanır

   pəncərəni açırsan

   çölün istisi

   içərinin istisini soyudur

   Evli adamın sevgisi

   təxminən bu boydadır –

   budur!

 

Şair sədləri pozur: bürkülü havadan evin cazibədar sərinliyinə qaçmaq yüngüllük gətirmir, axı evin özü qızmar günorta günəşinin altında eşikdən betər "pörtmüşdür", - onda qapı-pəncərəni açırsan, yel çox da sərinlətməsə də, havanı təzələyir. Bu görüntü tarazlı və üzvi tərzdə ailə yaşayışına, nikah dövründə adiləşmək dərəcəsinə endirilmiş və korşalmış hisslərə şamil edilir və hissiyyatı yalnız kənardan əsən bir mehlə, bir həyat "yel"i ilə təzələmək olar. Əslində, guya adi görünən ayrıntıları birləşdirib böyük mənzərə yaratmaq bacarığıdır ki, hər hansı adiliyə yeni məna aşılayır və banal şeylərə başqa cür baxmağa vadar edir, - bu, Qulu Ağsəs poeziyasının xüsusi, deyərdim ki, "firma" əlamətidir.

Hər şey hər şeylə bağlantıdır. Həyat yalnız cahanşümul, qarşısıalınmaz axarla mümkündür.

Belə ki, müharibədə ayaqlarını itirən (şükür ki, sağ qalan!), yurduna qayıdan əlil ("Müharibə əlili") həyati böhrana məruz qalır, insani ləyaqəti itirir, çünki ailəsinin layiqli dolanışığını təmin etməyə acizdir, namus, eləcə də vətən şərəfini davada müdafiə etdiyi bəndələr isə onun acizliyindən amansızcasına faydalanırlar. Səhnədir də, belə bir səhnəcik. Amma elə bir səhnə ki, adamı Azərbaycanda da, Ukraynada da, əfsus ki, adi hala çevrilən olaylara başqa gözlə baxamağa məcbur edir...

Müharibə mövzusunu daha yaxşı anlamaq üçün Ukrayna oxucusu bilməlidir ki, Azərbaycanda indiyədək Qarabağ yaraları - torpaq yaraları qövr eləyir. Ermənilərlə amansız müharibə - bu yalnız yüz minlərlə adamın köklərindən və yurdundan qoparılması deyil, həm də müharibənin sağalmaz yaralarıdır. O müharibənin ki, ürəyin, vicdanın çağırışı ilə meydana atılmış, geriyə isə od-alovdan yanıb-yaxılmış, inamı qırılmış, şikəst halda qayıtmışlar...

Qulu Ağsəs çoxsaylı şeirlərində fərli şəkildə haqqında bəhs etdiyi mənəvi məsuliyyət bizi, müxtəlif üsullarla olsa da, daima haqlayır.

Ukraynanı, Azərbaycandan fərqli olaraq, belə bir müharibə odlamamışdır, lakin mənəvi laqeydlik o qədər göynədir ki, sanki dəniz sahillərindən çıxmışdır ("Səndən xahiş edirəm..."), çünki tarazlaşmış olsaydı, ağzın dalğaların əsiri kimi görünən insana zülm etməzdi...

Qulu Ağsəsin şeirləri sənətkarın bəşəriyyət, hər bir insan haqqında düşüncələridir. ...Məhəbbət izinə... ...İnsaniyyət izinə... ...Məsuliyyət izinə necə düşmək haqqında düşüncələri...
   

 

Dmitro STUS,

"Kiyevska Rus" jurnalının baş redaktoru

 

Çevirən:

 

 Səyavuş MƏMMƏDZADƏ

 

525-ci qəzet.- 2009.- 26 iyun.- S.22.