UNUDULMAYAN BİR DƏVƏT

 

Oralarda kimlər var: Aybəniz Vəkilova

 

   Mən bu sətirləri yazdığım

   zaman,

   Aybəniz yanımda xəyala vardı,

   Mənalar süzüldü

   baxışlarından,

   Hələ gözləri də bir az yaşardı.

   Sinəmdə dil açıb danışdı ilham,

   Ömrümdə ən əziz bir gün olaydı,

   Mənim Aybənizim,

   mənim qız balam,

   Hünərdə, namusda

   Aygün olaydı.

    Səməd Vurğun :

   "Aygün" poemasından 

   Getmə, qardaşım

   dayan,bacım.

   Ayaq saxlayın bir anlıq

  o tində.

   Getməyin

   Qanrılıb mənə baxın.

   Pəncərədən

  Sizə salam verirəm

  uzun ömür diləyirəm

   Sizə pəncərədən.

 

  Vaqif Səmədoğlu

 

Səməd Vurğun ocağından bir nəfər də haqq dünyasına qovuşdu. O gün, vida günündə mən də ordaydım... Daha kimlər yox idi ki...bu insanlara baxa-baxa istər-isətəməz içimdən bir ah keçdi və yanımdakıları unutmuş kimi, öz-özümə mızıldanmağa başlamışam :

görəsən Səməd Vurğunun ruhu duydumu qız balasının onun dünyasına gəldiyini?

görəsən Xavər xanımın ruhu duydumu onun dünyasına qızının gəldiyini

və görəsən Yusif Səmədoğlunun ruhu duydumu onun dünyasına sevgili bacısının gəldiyini.

Duydumu görəsən?

Yanımdakılardan biri mənim bu mızıltımı eşidirmiş kimi: nə dumuta getdin,-dedi və bu zaman ayıldım və gördüm ki, çiyinlərində dünyanın yükü çox yorğun, son dərəcə üzgün Vaqif Səmədoğlu ayaqüstündə zorla durur. O Vaqif Səmədoğlu ki, hər zaman körpəsi kimi onun tərəfindən- Aybəniz xanım tərəfindən qorunub gözlənilirdi. Vaqif Səmədoğlu hələ ki, ağlamırdı. (Və ən qəribəsi, mən bilən kimsə ağlamırdı və cənazə Səməd Vurğun muzeyindən çıxarılanda belə sayısız qadınlar olsa da, kimsə ağlamırdı məncə... bu da qəbul olunası bir məqam, təbii...).

Aybəniz xanım, çox XANIM ƏFƏNDİ bir qadın idi. Uzun illər öncəsi Vaqif tərəfdən tanış olduğum bu ailə və xüsusiylə Xavər xanım və Aybəniz xanımın mənə olan münasibətlərində bu müəmmanın olduğunu hiss edirdim və bunun da bir nədəni mənim onların Vaqifi ilə cani-dildən olmağım idi.

Sonra yaddaşın alt qatından vurub üzə çıxan bir çox məqamları xatırlamalı oldum və bu ağır məqamda həmin məqamlar içimin də ağrısını özünə qataraq daha da qatılaşdırdı. Bu məqamlar nə qədər əziz olsa da, indi bir İNSAN, BİR XANIM ƏFƏNDİ, ATA OCAĞININ SAHİBİ OLAN BİR YARADICI haqqında elegik notlara dönüşürdü və sızıltı ilə üzə vurudu.Geriyə baxırdım.Orda Səməd Vurğun adına muzey qalırdı. Bir neçə ay əvvəl bu xanım əfəndi bu pillələri öz ayaqları ilə çıxmış və düşmüşdü və hələ çox-çox illər öncə bu pillələrlə xanım-xatın bir yerişlə, bəlkə Səməd Vurğunun əlindən tutub qaçaraq onu da özüylə yuxarı dartmış və gözəl günlər yaşamışdı.

Sonra mənim də bu yurdda keçirdiyim məqamlar gözlərimin önünə gəldi və bu muzeydə bir çox tədbirlərdə olduğum anlar içimi soyudaraq mənə nələrisə diqtə edirdi...

 

 

T. ABDİN

 

525-ci qəzet.- 2009.- 26 iyun.- S.20.



   

   

   

   

   VƏ GÜNLƏRİN

   BİR GÜNÜNDƏ

   

   ...qətiyyən gözləmədiyim bir saatda, axşam saatlarında evə zəng elədi çox hörmətli bir xanım və inanın,heç gözləmədiyim də bir təklif elədi,təklifi də elə elədi ki, sanki xahiş edirmiş kimi və həqiqətən də elə xahiş kimi səsləndi: tanıdınızmı, Tofiq müəllim, bacınız Aybənizdir.

   Və mən çaşdım doğrusu, sonra əlavə elədi: Vaqifin bacısı elə sizin də bacınızdır.

   Təbii, Aybəniz xanım mənim bir zamanlar,bəli bir zamanlar Vaqif Səmədoğlu ilə çox yaxın olduğumu bilirdi və hətda bir zamanlar Vaqif o qədər bizdə qalmış ki, gecələr bunu da bilirdi.Bir zamanlar...

   Və bütün bunlarsız həqiqətən Aybəniz kimi bir xanımın gecə mənim evimə bu qədər nəzakətlə zəng eləməyi,türklər demiş, lap məni şaşırdı və Aybəniz xanım hal-əhvaldan sonra dedi ki, bəs Atamın muzeyində Nazim Hikməti anma mərasimi olacaq, siz də Nazimi çox sevən birisiz və Türkiyədən də təzə gəlmisiz (əsas səbəb bu idi məncə) çox istərdim ki, gələsiz.

   Təbii, minnət zad eləmirəm, həqiqətən Nazimi çox sevsəm də,belə şeylərdən gəncliyimdən xoşlanmıram.( Artıq yavaş-yavaş mən də isinirəm belə şeylərə, aman Allahım) Belə yerlərə gedən deyiləm və bir də ona görə gedən deyiləm ki,hər zaman mütləq bir könül qıran şey olur. (Bu anma gecəsinin sonunda mənə yanaşan müxbirlərdən birinin münasibətini anladacam bir az sonra) və buna görə də belə yerlər mənlik deyil düşünürəm.

   Amma, yoldaşlar, bu təklifi SƏMƏD VURĞUNUN QIZ BALASI AYBƏNİZ XANIM eləyirdi və zəhmət çəkib evimə telefon açıb deyirdi (bəlkə mən heç buna layiq də deyiləm) və üstəlik də necə deyirdi...Bunu izah eləmək bir az zordur.

   Həqiqətən Aybəniz xanım çox gözəl bir ortamda çox gözəl və miniatür bir anma saatları yaratmışdı və ən dəhşətlisi bu idi ki, mən gələndə bir çox qonaq vardı və ən qabaqda bir-iki yer boşdu.Aybəniz xanım məni gülümsəyərək qarşılayır və mən arxada bir yerlərdə oturmaq istəyirəm. Aybəniz xanım: Yox, Tofiq müəllim, siz buraya gəlin, qabağa gəlin, birinci sıraya, danışanlar birinci sırada oturur...

   Danışıb danışmamaq bir yana, mənim başıma tarixi bir şey gəldi: Uzaq Salyanda, adı da Xarabakənd olan bir kənddə doğulan və şeirləri ilə imtahan verib instituta qəbul olunan traktorçu Məhərrəm kişinin oğlu Tofiq kimi yox, amma Tofiq Abdin kimi böyük şair Səməd Vurğunun ev muzeyində mənə təklif olunurdu ki, keçib oturum böyük şairin həyat yoldaşı Xavər xanımla, böyük müğənnimiz Sara xanım Qədimova oturduğu sırada.
Boş qalan stolda, yəni ortada...

   Vay bə... taleyə bir bax...

   Bilmirəm, vallah bu bir cür də səslənə bilər, amma mənim üçün bu anların dəyəri və qiyməti biçilməzdi və bir də belə bir şansın ələ düşəcəyinə mən inanmıram.


   Təbii, buna hərə bir cür baxa bilər. Hərənin öz baxım nöqtəsi var.

   Bu yazıda mənim məqsədim Səməd Vurğun muzeyində keçirilən o çox gözəl tədbir barədə geniş yazmaq deyil və dediyim kimi həqiqətən Aybəniz xanım çox çağdaş və sürətlə keçən yığcam bir anma törəni təşkil eləmişdi.
Xatirələr danışıldı,Nazimin öz səsində şeirlər dinlənildi və hətda bir vaxtların canlı Nazimiylə də müasir texnikanın gücüylə üz-üzə qala bildik.

   Və bütün bunlar yenə də təkrar edərəm çox çağdaş bir baxışla və zövqlə hazırlanmışdı...

   Anma mərasimini aparan Aybəniz xanım sözü verdi canlı tarix olan və Nazimi diri görən xadimlərimizə. Şair Nəriman Həsənzadə danışdı, sonra gözəl müğənnimiz Sara Qədimova danışdı,sonra əski günlərdəki kimi bir gənc artist şeir oxudu, sonra belə deyək də, bu sətirlərin müəllifi danışdı. Sonra İntiqam Qasımzadə danışdı və Nazim Hikmətə yazdığı biricik şerini oxudu. (Və bunu qısqanmadan yazıram, Xavər xanım İntiqam Qasımzadəni çağırıb alnından öpdü və bir kiçik detalı da qeyd edim, Xavər xanım anma törəninin bir çox məqamlarında ağladı belə...)

   Və anma mərasiminin sonunda təbii ki, qəzetlərdən canlı müxbirlər yanaşdılar, bəzi şeyləri öyrənmək üçün və bir neçə qəzet əməkdaşı da mənə yanaşdı, mən onlar üçün güman ki,bir zamanlar Türkiyədə yaşadığım üçün daha maraqlı görünürdüm...Vallah, mən belə düşünürəm, belə olmaya da bilər. Ya elə ya belə yanaşdılar və mən Pirayə xanımın Nazimə yazdığı, buralarda bəlkə də az tanış olan bir şeirini oxumuşdum (baxmayaraq ki, Aybəniz xanım mənə söz verəndə çox mədəni: Nazimə şeir də yazmısınız,- dedi) və yanaşanlar bu şeri məndən istədilər və mən də şeir bir nüsxə olduğu üçün əvvəlcə bir-bir soruşdum, kim hansı qəzetdəndir? Birisi dedi "Müsavat"danam və mən də radiodan olan, çox-çox illər qabaqdan tanıdığım bir əməkdaşa vermədim o şeiri, həmən gözəl xanım səsimi də yazmaq istədi, mən, istəmirəm,- dedim və o gözəl xanım hardansa: yəqin RADİOYA KÜSKÜNSÜNÜZ DEDİ,- MƏNƏ. Bunu haqlı dedi: uzun illər, çox uzun illər əməkdaşlıq eləmişdim radio ilə. İndi də aradabir xatırlanan "Melodiya" radioklubunu aparmışdım...

   Şeiri "Müsavat"dan gələnə verdim və səhərisi mən "Müsavat"dan xəbəri oxuyarkən gördüm ki, bəs bütün çıxışlardan kəsiklər verilsə də, mənim adım bizlərdə, demişkən xala xətrin qalmasın motivləri üstündə yazılıb xəbərin sonunda: bəs Tofiq Abdin də burdaymış.

   ...bütün bunlar yaddaşımın alt qatından bir ağırlı çiçək kimi üzə vurur...bütün pislikləri unudub, səkkinci kilometrdə doqquzuncu mərtəbədə olan evimdən üzü Cənuba baxa-baxa,bir zamanlar Vaqiflə bu evdə keçən anlar da içimə bir rahatlıq gətirir...bu sətirləri yazdığım günün bir öncəsini xatırlayıram, gözlərim yol çəkir...baxdığım səmtin sol tərəfində dünən mənimlə birgə mərasimdə olan alim Adilxan Bayramov, baxdığım səmtin sağ tərəfində yaşayan yazar, alim dostum Aslan Qəhrəmanlıyla dünən mərasimdən sonra olan söhbəti bir daha xatırlayıb, içimdəki dəruni bir ahın sızıltısını yaşayıb uğursuz başlayan yay mövsümünə daha bir ağrının əlavə olunduğunu açıq-aşkar duyuram.