Azərbaycan təhsili: yaxın
keçmişə, bu
günə və gələcəyə bir baxış
(əvvəli ötən şənbə
sayımızda)
Hörmətli oxucular,
bu məqalədə Azərbaycan təhsili üçün
yeni olan de-institutlaşdırma və bu sahədə həyata
keçirilən tədbirlər barədə məlumat vermək
istəyirəm. Bilavasitə həmin məsələyə
keçməmişdən əvvəl ölkəmizdə
internat tipli təhsil müəssisələrinin təşəkkülü
tarixinə qısa nəzər salmaq yerinə düşərdi.
İngilis tədqiqatçısı
E.Kareter "Mərkəzi və Şərqi Avropada,
keçmiş Sovet İttifaqında uşaq qayğı
sistemi" adlı tədqiqat əsərində göstərir
ki, dünyada ilk belə müəssisələr, əsasən,
kimsəsiz uşaqlar üçün sığınacaq yeri
kimi yaradılmışdır. Həmin tədqiqatdan məlum
olur ki, ilk uşaq qayğı müəssisəsi
uşaqların öldürülməsinin
qarşısını almaq üçün e.ə. III əsrdə
Konstantinopol şəhərində yaradılmışdır.
Orta əsrlərdə İtaliyada Katolik kilsəsi
atılmış uşaqlar üçün xüsusi evlər
ayırmış və bu təcrübə sonradan
bütün Avropaya yayılmışdır.
Azərbaycanda uşaqlar
üçün qayğı mərkəzləri rolunu oynayan
ilk internat tipli müəssisələr və uşaq evləri
neft milyonçuları tərəfindən 1910-cu illərin əvvəllərində
yaradılmışdır. Həmin müəssisələr, əsasən,
Birinci Dünya Müharibəsində valideynlərini
itirmiş uşaqlara qayğı məqsədilə təşkil
edilmişdir.
Ölkəmizdə
internat tipli müəssisələrin şəbəkəsinin
inkişaf mərhələsi sovet dövrünə təsadüf
edir. Azərbaycan SSR Xalq Maarifi Komissarlığının 6
yanvar 1926-cı il tarixli Kollegiya qərarı ilə "Kəndli-gənclər
məktəbləri haqqında Əsasnamə"nin təsdiq
edilməsi bu sahədə əhəmiyyətli rol
oynamışdır. Kəndli-gənclər məktəblərinə
12 yaşdan 17 yaşınadək gənclər qəbul
edilirdi. Bu məktəblərdə təhsil müddəti 3 il
idi. Məktəbi bitirənlərin texnikumlara və II pillə
məktəblərinin müvafiq siniflərinə qəbul
olunmaq hüququ var idı. Müxtəlif kəndlərdən
təhsilə cəlb edilən və həmin məktəblərdə
təhsil alanlar üçün internat tipli yataqxanalar təşkil
edilirdi. Bu tipli məktəblərin təcrübəsi sonralar
internat məktəblərinin yaranmasına gətirib
çıxardı.
Azərbaycanda internat
tipli müəssisələrin kütləvi şəkildə
yaradılması İkinci Dünya Müharibəsinin törətdiyi
genişmiqyaslı sosial fəlakətlə əlaqədar
olmuşdur. Müharibədən sonra keçmiş Sovet
ölkələrində, o cümlədən Azərbaycanda
sağlamlıq imkanları məhdud, əlil, valideyn himayəsindən
məhrum olmuş və sosial cəhətdən müdafiəyə
ehtiyacı olan ailələrin uşaqları üçün
təhsil müəssisələri sistemi yaradılmış
və inkişaf etdirilmişdir. Bu sistem bütövlükdə
dövlətin nəzarətində olmuş və yalnız
büdcədən ayrılan vəsait hesabına maliyyələşdirilmişdir.
Aztəminatlı ailələrə
yardım, işləyən analara şərait yaratmaq məqsədilə
Sovet İttifaqı Kommunist Partiyası Mərkzi Komitəsi və
SSRİ Nazirlər Soveti 15 sentyabr 1956-cı ildə internat məktəblərin
təşkili haqqında qərar qəbul etmişdi. Qərarın
icrası ilə bağlı valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum, sağlamlıq imkanları
məhdud və imkansız ailələrdən olan
uşaqların yaşaması və təhsil almalarına
şərait yaratmaq məqsədilə internat məktəblərin
təşkilinə xüsusi diqqət yetirilməsi nəticəsində
artıq 1966-cı ildə Azərbaycanda 25,4 min şagirdi əhatə
edən 65 internat məktəb fəaliyyət göstərirdi.
Kənd məktəblərinin
problemlərini həll etmək məqsədilə Sov.İKP
MK və SSRİ Nazirlər Soveti "Kənd ümumtəhsil
məktəblərinin iş şəraitini daha da
yaxşılaşdırmaq tədbirləri haqqında" 6
iyul 1973-cü ildə xüsusi qərar qəbul etmişdi. Həmin
qərarın icrası ilə əlaqədar 1974-1980-ci illər
üzrə xüsusi plan təsdiq olunmuşdu. Planda kənd
yerlərində məktəbyanı internatların tikintisinin
sürətləndirilməsi və digər məsələlər
öz əksini tapmışdı.
Həmin illərdə
sağlamlıq imkanları məhdud olan uşaqlar
üçün respublika tabeliyində olan xüsusi məktəblərin
sayı 1970-ci ildəki 14-dən 1979-cu ildə 22-yə, məktəbyanı
internatların sayı isə 215-ə
çatdırılmışdı.
1990-cı ildə Azərbaycanda
63 dövlət uşaq müəssisəsində 20 mindən
artıq uşaq yaşayır, təlim və tərbiyə
alırdı. Digər keçmiş sovet ölkələri
ilə müqayisədə bu o qədər böyük rəqəm
olmasa da, Azərbaycan üçün xarakterik deyildi. Çünki
ölkəmizdə uşaqların el arasında
"detdom" adlandırılan təhsil müəssisələrinə
verilməsi cəmiyyətdə birmənalı
qarşılanmırdı və belə ailələrə tənə
ilə baxırdılar. Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində uşaqların valideynlərini itirməsi,
qaçqın və məcburi köçkün ailələrinin
maddi vəziyyətinin aşağı olması və digər
sosial amillər də dövlət uşaq müəssisələrində
uşaqların sayının artmasına səbəb
olmuşdu.
Bir çox postsovet
ölkələri kimi, Azərbaycanda da müstəqilliyin ilk
illərində əhalinin həyat şəraitinin
aşağı düşməsi və yoxsulluğun
artması meylləri özünü büruzə verirdi. Bazar
iqtisadiyyatına keçid isə məşğulluq, ödənişsiz
təhsil və səhiyyədən istifadə imkanları kimi
bir çox sosial zəmanətlərin əhəmiyyətli dərəcədə
azalmasına səbəb olmuşdu. Bunların hamısı əhalinin
maddi durumuna mənfi təsir göstərir və bir çox
ailələrin yoxsulluq həddinə çatması ilə nəticələnirdi.
Yaranmış vəziyyət aztəminatlı ailələrin
uşaqlarının internat tipli müəssisələrə
yerləşdirilməsinə və bu müəssisələrdə
uşaqların sayının artmasına gətirib
çıxarırdı.
2004-cü ildən
başlayaraq Təhsil Nazirliyi, UNİCEF və digər beynəlxalq
təşkilatlar tərəfindən dövlət uşaq
müəssisələrinin və orada təlim-tərbiyə
alan uşaqların vəziyyəti araşdırılmağa
başlandı. Araşdırmalar nəticəsində uşaq
evləri və internat məktəbləri haqqında məlumatlar
toplanıb Heydər Əliyev Fonduna təqdim edildi və bu məlumatların
təhlili əsasında Fond tərəfindən "Uşaq
evləri və internat məktəblərinin
İnkişafı Proqramı" adlı 5 illik proqram
hazırlandı.
Proqram çərçivəsində
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı
ilə xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz,
valideyn himayəsindən məhrum, müəyyən mənada
cəmiyyətin diqqətindən kənarda qalan
uşaqların təhsilinin təşkili, onların təhsil
aldığı müəssisələrin maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi istiqamətində
məqsədyönlü işlər görüldü,
ölkədə 39 internat və xüsusi məktəb əsaslı
təmir olunub müasir avadanlıqlarla təmin edildi.
Bu müəssisələrdə
uşaqlar üçün ev şəraitinə maksimum
yaxın olan mühit yaradıldı. Bütün bu işlər
Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti, UNESCO
və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilmişdir. Mehriban Əliyeva xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili
sahəsində dünyanın aparıcı ölkələrinin
mütərəqqi təcrübəsindən istifadə
olunması zərurətini önə çəkərək
qeyd etmişdir: "Konkret problemləri həll edərkən,
qlobal problemləri də unutmaq olmaz. Məsələn,
uşaq evləri və internat məktəblərinin
bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet
sistemi ilə idarə olunması çərçivəsində
yarandığını nəzərə almaq son dərəcə
vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən
faydalanmaq və istifadə etmək üçün
qapıları açmaq zəruridir. Heç bir dövlət
müəssisəsi, ən müasir, gözəl təmir
olunmuş, avadanlıqla təmin edilən məktəb belə,
heç zaman ailə mühitini əvəz edə bilməz. Fondun
ən vacib və böyük məqsədlərindən biri də
bu təhsil müəssisələrində təlim-tərbiyə
alan uşaqların ailə şəraitində tərbiyə
almasını təmin etməkdir."
Bütün bunlarla
yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan
müstəqillik əldə etdikdən sonra İnsan
hüquqları ilə bağlı bir sıra beynəlxalq
konvensiyalara qoşulmuşdur. Bunlardan biri 1992-ci ildə
ratifikasiya edilmiş Uşaq Hüquqları
Konvensiyasıdır. Konvensiyadan irəli gələn vəzifələri
həyata keçirmək məqsədilə uşaq
hüquqları ilə bağlı müxtəlif qanunlar,
Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları
qəbul edilmişdir. Bütün bu sənədlərdə təsbit
olunmuşdur ki, ailədə böyümək hər bir
uşağın hüququdur, ailə isə uşağın
sağlam inkişafı və cəmiyyətə
inteqrasiyası üçün ən uyğun mühitdir. Uşaq
Hüquqları Konvensiyasının tələblərinə əsasən
dövlət uşaq müəssisələrindən
uşaqların bioloji və ya digər alternativ ailələrə
verilməsi, bu uşaqların hüquqlarının
qorunması daim diqqət mərkəzində olmalı,
uşaqları qəbul edən ailələrə sosial
yardım edilməlidir.
Son illərdə
respublikamızda iqtisadiyyatın sürətli inkişafı,
sosial sahələrə diqqətin artırılması,
regionların inkişafı məqsədilə həyata
keçirilən tədbirlər nəticəsində yeni
iş yerlərinin açılması, adambaşına
düşən gəlirin ilbəil artması əhalinin, o
cümlədən hər bir ailənin sosial vəziyyətinin
yaxşılaşması Azərbaycanda
de-institutlaşdırma siyasətinin həyata keçirilməsinə
əlverişli zəmin yaratmışdı.
Dünya təcrübəsi
və uşaq hüquqları üzrə konvensiyaların tələbləri
nəzərə alınaraq beynəlxalq təşkilatlarla
birlikdə "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (de-institutlaşdırma) və alternativ
qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"
hazırlandı və 2006-cı il martın 29-da ölkə
Prezidentinin Sərəncamı ilə təsdiq olundu.
Proqramın əsas məqsədi
BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit
olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar
inkişafı üçün ailə mühitində
xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində
böyüməsinin zəruriliyi nəzərə alınaraq,
dövlət uşaq müəssisələrində olan
uşaqların ailələrə verilməsi və alternativ
qayğının təşkili mexanizmlərinin
yaradılması və səmərəli işləməsinin
təmin edilməsi idi.
Proqrama əsasən
de-institutlaşdırma aşağıdakı dövlət
uşaq müəssisələrini əhatə etməlidir: 1)
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün uşaq evləri; 2)
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün internat məktəbləri;
3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı
internat evləri); 4) sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi internat məktəbləri;
5) sağlamlıq imkanları məhdud uşaqlar
üçün xüsusi məktəblər; 6)
atılmış uşaqlar üçün körpələr
evi (Səhiyyə Nazirliyi sistemində).
Proqramda
aşağıdakı vəzifələrin yerinə yetirilməsi
nəzərdə tutulmuşdu:
- normativ-hüquqi
bazanın təkmilləşdirilməsi;
- dövlət uşaq
müəssisələrində uşaqların ailələrə
verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi,
uşaqların ailələrə verilməsi, onların
hüquqlarının qorunması və sosial müdafiəsinin
işlək mexanizmlərinin tətbiq edilməsi;
- uşaq evləri və
internat tipli dövlət uşaq müəssisələrinin tədricən
uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə
əvəz olunması;
- uşaqlara ailə əsaslı
sosial xidmətlərin maliyyələşdirilməsi və
stimullaşdırıcı amillərdən geniş istifadə
etmək məqsədilə uşaqlar yerləşdirilən
ailələrə maliyyə yardımlarının göstərilməsi;
- dövlət uşaq
müəssisələrinin kadr potensialı geniş istifadə
olunmaqla uşaqlara ailə əsaslı sosial xidmətləri
həyata keçirən sosial işçilərin
hazırlanması;
- uşaqların
dövlət uşaq müəssisələrinə
düşməsinin ən sonuncu imkan olması
baxımından uşaqların belə müəssisələrə
daxil olmasına ciddi nəzarət mexanizminin
hazırlanması, dövlət himayəsinə qəbul olunma
meyarlarının dəqiqləşdirilməsi və onlara
riayət olunmasına nəzarətin gücləndirilməsi;
- dövlət uşaq
müəssisələrində olan uşaqların
sayının artmasının qarşısını almaq məqsədilə
risk qrupundan olan (uşaqların ailələrdən belə
müəssisələrə verilməsi baxımından)
uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin
görülməsi;
- ailələrə
verilmiş uşaqların təhsilə cəlb olunması,
onlara səhiyyə və reabilitasiya xidmətlərinin
göstərilməsinin təmin olunması;
- dövlət ilə
qeyri-hökumət və beynəlxalq təşkilatlar
arasında de-institutlaşdırma məsələlərinin həlli
sahəsində səmərəli əməkdaşlığın
təmin olunması.
Qeyd edilən vəzifələrin
yerinə yetirilməsi üçün Proqramda
aşağıdakı tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur:
I.
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə
əlaqədar:
1.
De-institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə
uyğun səmərəli və intensiv həyata keçirilməsi
üçün mövcud qanunvericilik bazasının
stimullaşdırıcı amillər nəzərə
alınmaqla təkmilləşdirilməsi məqsədi ilə
təkliflərin hazırlanması;
2. De-institutlaşdırma
ilə bağlı tədbirlərin yoxsulluğun
azaldılması və davamlı inkişafla bağlı tədbirlərlə
əlaqələndirilməsi.
3. Uşaq
evlərində olan uşaqların ailələrə verilməsi,
hüquqlarının qorunması və sosial müdafiəsi
mexanizmlərinin hazırlanması və qəbul edilməsi.
4. Dövlət
uşaq müəssisələrində uşaqların
sayının artmasının qarşısını almaq məqsədilə
uşaqların dövlət himayəsinə qəbul edilmə
meyarlarının dəqiqləşdirilməsi,
uşaqların belə müəssisələrə daxil
olmasına ciddi nəzarət mexanizminin hazırlanması, bu məqsədlə
mövcud normativ-hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərlə
bağlı təkliflərin verilməsi.
5.
Uşaqlar verilən ailələrin
stimullaşdırılması, onlara maliyyə dəstəyinin
verilməsi, ailədə belə uşaqlara
ayrılmış müavinətin xərclənməsinin
monitorinqi mexanizmlərinin hazırlanması;
6.Sosial
işçilərin statusunun müəyyənləşdirilməsi,
onların maddi təminatı ilə bağlı təkliflərin
hazırlanması;
7.Uşaqlar
üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin
fəaliyyətini tənzimləyən müvafiq normativ
hüquqi aktların hazırlanması və təsdiqi;
8.De-institutlaşdırmanın
həyata keçirilməsi ilə bağlı müvafiq
normativ hüquqi aktların, metodiki vəsaitlərin, təlimatların
və s. hazırlanması;
II. Təşkilati
tədbirlərlə əlaqədar:
9.Dövlət
uşaq müəssisələrinə uşaqların
düşməsi hallarının qarşısının
alınması üçün risk qruplarından olan
uşaqlar arasında və onların ailələri ilə
sistemli preventiv tədbirlərin görülməsi;
10.
Uşaq evləri və internat tipli təlim-tərbiyə
müəssisələri bazasında uşaqlar üçün
ailə əsaslı sosial xidmət mərkəzlərinin və
alternativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq,
tərbiyə edilmək üçün himayədar ailəyə
verilməsi və s.) yaradılması;
11. Təhsil
müəssisələrində müvafiq ixtisaslar üzrə
sosial işçilərin, o cümlədən dövlət
uşaq müəssisələri işçilərinin
peşə yönümünü dəyişməklə
uşaqlara ailə əsaslı xidmətləri həyata
keçirən sosial işçilərin hazırlanması,
onlarla müvafiq treninqlərin keçirilməsi;
12.
Dövlət himayəsində olan uşaqlar saxlanılan
dövlət təlim-tərbiyə müəssisələrinin
şəbəkəsinə yenidən baxılması,
onların sayının azaldılması üçün
müvafiq tədbirlərin görülməsi,
13.
Ümumtəhsil intenat məktəblərinin (ümumi tipli
internat evlərinin) bazasında ümumi təyinatlı
ümumtəhsil məktəblərinin, lisey və
gimnaziyaların yaradılması məqsədilə tədbirlərin
görülməsi;
14.
Sağlamlıq imkanları məhdud uşaqlar
üçün intenat tipli təlim-tərbiyə müəssisələrinin
bir hissəsinin reabilitasiya mərkəzlərinə
çevrilməsi;
15. Ailələrə
verilmiş sağlamlıq imkanları məhdud
uşaqların müəyyən hissəsinin ümumtəhsil
məktəblərinə inteqrasiyası və bu məktəblərdə
onlarınm sağlam uşaqlarla birgə təhsilinin təşkili
üçün tədbirlərin davam etdirilməsi;
16.De-institutlaşdırmanın
həlli sahəsində qeyri-hökumət və beynəlxalq
təşkilatlarla səmərəli əməkdaşlığın
təmin olunması üçün tədbirlərin
görülməsi;
17. Ailələrə
verilmiş sağlamlıq imkanları məhdud
uşaqların təhsilə cəlb olunması, onların səhiyyə
və reabilitasiya xidmətləri ilə təmin edilməsi;
18.
Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyaların de-institusionazlizasiyanın həyata
keçirilməsində bilavasitə iştirakının təmin
edilməsi və bu istiqamətdə fəaliyyətinin
genişləndirilməsi;
19.
Proqramın həyata keçirilməsinin təmin edilməsi
üçün Koordinasiya qrupunun yaradılması,
III. Təbliğat
və maarifləndirmə ilə əlaqədar:
20.
Kütləvi informasiya vasitələri və digər yollarla
de-institutlaşdırma ilə bağlı əhalinin məlumatlandırılması
və bu barədə təbliğatın aparılması.
IV. Monitorinqin aparılması üzrə tədbirlər:
21. Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların vəziyyətinin araşdırılması və monitorinqinin aparılması.
22.Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması;
23. Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması.
Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı, hüquqlarının qorunması və sosial müdafiəsi, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin sayının azalması, uşaq evləri və internat tipli müəssisələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdi.
2006-cı ildə müvafiq dövlət qurumları və QHT-lərin geniş iştirakı ilə Koordinasiya Şurası yaradıldı, Əsasnamə işləndi. UNİCEF, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2007-ci il üçün Fəaliyyət planı hazırlanıb təsdiq edildi. Koordinasiya şurasının çoxsaylı iclasları keçirildi, Koordinasiya Şurası yanında "Sosial iş, xidmətlərin təşkili", "Uşaqların ailələrə verilməsi", "Müəssisələrin transformasiyası, monitorinq və qiymətləndirmə", "İnklüziv təhsil", "İctimai əlaqələndirmə və KİV-lə əlaqələr", "Məlumat bankının yaradılması", "Qanunvericiliyin təkmilləşdirilməsi" sahələri üzrə işçi qrupları yaradıldı. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Koordinasiya şurasının üzvləri İtaliya, Polşa, Xorvatiya, Türkiyə, Qırğızıstan və digər ölkələrə səfərlər etdilər.
Etiraf edim ki, ilk dövrlərdə
de-institutlaşdırma ilə əlaqədar hansı tədbirlərin
həyata keçiriləcəyi, icra mexanizmlərinin necə
olacağı barədə nəinki ictimaiyyətdə, hətta
Koordinasiya Şurası üzvlərində belə geniş təsəvvür
yox idi. Cəmiyyətdə və müvafiq təhsil müəssisələrində
ən çox müzakirə olunan məsələ bu idi ki,
internat tipli müəssisələr ləğv ediləcək,
uşaqlar dövlət qayğısından məhrum olacaq,
müəllim və digər işçilər isə iş
yerlərini itirəcəklər.
Belə müzakirələrin
aparılmasının əsaslı səbəbləri də
var idi. Bir çoxları düşünürdülər ki,
mövcud olan internat tipli müəssisələr xüsusi
qayğıya ehtiyacı olan uşaqların dövlət təminatında
saxlanması üçün ideal vasitədir. Bu tipli müəssisələrin
ləğv olunması isə həmin uşaqların dövlət
qayğısından məhrum olmasına gətirib
çıxara bilər. Əlbəttə, belə
düşünənlərin məlumatı yox idi ki, artıq
əksər ölkələr internat tipli müəssisələr
təcrübəsindən imtina etmişlər. Çünki
bu müəssisələrdə uşaqlar ailədən,
sosial mühitdən və həmyaşıdları ilə
ünsiyyətdən məhrum olur, sivil dünyadan təcrid
olunmuş mühitdə yaşamaq məcburiyyətində
qalırlar ki, bu da onların inkişafına mənfi təsir
göstərir.
Digər bir problem onunla
bağlı idi ki, Proqramın icrasına cəlb olunan
strukturlar arasında koordinasiya və məsələlərin
birgə həlli ciddi çətinliklərlə
müşayiət olunurdu. Bu səbəbdən Koordinasiya
Şurasının tərkibində bir neçə dəfə
dəyişikliklər etmək zərurəti meydana
çıxmışdı.
Sadalanan və digər
problemlər ilkin mərhələdə Proqramın səmərəli
icrasına mane olurdu. Nazirlər Kabinetinin qərarı ilə
2007-ci ilin iyulunda Təhsil Nazirliyində Dövlət
Proqramının həyata keçirilməsi və idarəolunması
üzrə 5 nəfərdən ibarət işçi qrupunun
yaradılması, UNİCEF tərəfindən maliyyələşdirilən
2 nəfər məsləhətçinin bu işə cəlb
olunması Proqramın icrasında müəyyən irəliləyişlərə
səbəb oldu.
UNICEF,
"Uşaqların xilası", "Azərbaycana birgə
yardım" və digər beynəlxalq təşkilatların
dəstəyi ilə Dövlət Proqramının
ayrı-ayrı aspektləri ilə bağlı pilot layihələr
həyata keçirilməyə başlandı. Əməkdaşlıq
çərçivəsində 2007-ci il sentyabrın 24-də
Açıq Cəmiyyət İnstitutu Əqli
Sağlamlıq Təşəbbüsü Təşkilatı
ilə Təhsil Nazirliyi arasında Qarşılıqlı Anlaşma
Memorandumu imzalandı. 2008-2012-ci illəri əhatə edən
bu Layihə çərçivəsində bir pilot müəssisənin
seçilməsi və icma əsaslı xidmət modelinin
yaradılması nəzərdə tutulmuşdu.
Proqramın icrası
istiqamətində atılmış əhəmiyyətli
addımlardan biri 2006-cı ilin sentyabr-noyabr aylarında Təhsil,
Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirlikləri, Qadın, Ailə və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi ilə birlikdə
bütün internat məktəbləri və uşaq evlərinin
fəaliyyətinin monitorinqinin aparılması oldu. Monitorinqin
nəticələri 2007-ci ilin oktyabrında Nazirliyin
Kollegiyasında geniş müzakirə edildi. Monitorinq Təhsil
Nazirliyi sistemində olan 54, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi sistemində 2, Səhiyyə Nazirliyi
sistemində 3 uşaq müəssisəsini əhatə
etmişdi. Monitorinqin nəticələri göstərdi ki, həmin
dövrdə Təhsil Nazirliyi sistemindəki müəssisələrdə
17045 nəfər uşaq təlim-tərbiyə ilə əhatə
olunmuş, 2005-ci ilə nisbətən onların sayı 563 nəfər
azalmışdır. Monitorinqdən sonra A. Makarenko adına
humanitar fənlər təmayüllü internat məktəbinin
bazasında humanitar fənlər təmayüllü gimnaziya, Gəncə
şəhər 2 nömrəli internat məktəbinin
bazasında xarici dillər təmayüllü gimnaziya,
Ağdaş və Şamaxı rayonları internat məktəblərinin
bazasında müvafiq olaraq texniki, təbiət və humanitar
fənlər təmayüllü gimnaziya və lisey,
Naxçıvan MR Culfa rayon internat məktəbinin
bazasında isə orta ümümtəhsil məktəbi
yaradılmışdır. Bununla da Təhsil Nazirliyinin
tabeliyində olan dövlət uşaq müəssisələrinin
sayı azalaraq 50-yə endi. 2007-2008-ci dərs ilində 50 təhsil
müəssisəsində uşaqların sayı 15103 nəfər
təşkil etmişdi ki, bu da monitorinq aparılan dövrlə
müqayisədə 1942 nəfər az idi.
Qarşıda duran əsas
vəzifələrdən biri dövlət uşaq müəssisələrində
qiymətləndirmənin keçirilməsi və hər bir
müəssisə, onun infrastrukturu, orada yaşayan uşaqlar,
müəssisələrdə çalışan
işçilər barədə hərtərəfli məlumatların
yığılması və məlumat bazasınının
yaradılması idi. Bu məqsədlə, Dövlət
Proqramının həyata keçirilməsi və idarəolunması
üzrə İşçi Qrup və UNİCEF-in ekspertləri
tərəfindən səkkiz adda sorğu anketi tərtib
edildi. Sorğu anketləri Təhsil Nazirliyinin və Dövlət
Proqramının icrasına məsul olan digər əlaqədar
nazirliklərin əməkdaşlarının iştirakı
ilə müzakirə edildi. Sorğuların keçirilməsi
üçün təlimat hazırlanaraq qiymətləndirməni
aparan İşçi Qrupu ilə treninqlər keçirildi. Qiymətləndirmə
əvvəlcədən müəyyən olunmuş cədvəl
üzrə 55 müəssisənin hər birinə səfər
edilərək həyata keçirildi. UNİCEF-in ekspertləri,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Səhiyyə Nazirliyinin müvafiq əməkdaşları da
bu qiymətləndirmənin keçirilməsinə cəlb
edildi. Bu qiymətləndirmə əsasında
aşağıdakı istiqamətlər üzrə məlumatlar
toplandı:
Müəssisə haqqında
ümumi məlumat;
Müəssisədə yaşayan
uşaqlar haqqında məlumat;
Müəssisədə
çalışan işçi heyəti haqqında məlumat;
Müəssisənin infrastrukturu;
Müəssisədə göstərilən
xidmətlər;
Müəssisənin xərcləri;
Müəssisənin
yerləşdiyi ərazi üzrə nəqliyyatın əlverişliliyi;
Müəssisənin yerləşdiyi
ərazinin infrastrukturu.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2009.- 26 iyun.- S.11-12.