Qəbələdə beynəlxalq tərkibli
arxeoloji seminar keçirilib
Qəbələdə Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının (AKMMA) təşkilatçılığı ilə "Qəbələnin
tarixinin öyrənilməsi
məqsədilə aparılan
qazıntılar" mövzusunda
treninq-seminar olub.
Seminarda AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutu Qəbələ
arxeoloji ekspedisiyasının
orta əsrlər dövrü dəstəsinin
rəisi professor Qafar Cəbiyev rayonda bir sıra
yeni tapıntılar aşkar edildiyini bildirib: "Qədim şəhərə gələn
əsas su kəmərinin qalıqları
aşkara çıxarılıb.
Şəhərin şimal
istiqamətindən - indiki
Mirzəbəyli kəndinin
yaxınlığındakı Uzuntala adlı ərazidən başlayan su kəməri çox böyükdür.
Mütəxəssislər hesablayıblar
ki, iri saxsı
borulardan ibarət kəmərlə sutkada şəhərə 350 kubmetr
su daxil olurmuş. Maraqlı cəhətlərdən biri
su kəmərinin yerin altı ilə çəkilməsidir.
Tunelin dərinliyi 1,4 metrdən artıqdır".
Q.Cəbiyev
axtarışlar zamanı şəhərin şimal
qapısının yerləşdiyi ərazidə mövcud
olan körpünün bişmiş kərpicdən tikilmiş
dayaq hissələrinin, XVI əsrə aid dəfinənin,
üzərində ərəb əlifbası ilə yazı
olan saxsı diskin aşkar edildiyini də seminarda diqqətə
çatdırıb. Ekspedisiyanın antik dövr dəstəsinin
rəisi professor İlyas Babayev Qafqaz Albaniyasının mərkəzi
olmuş qədim Qəbələnin bu il 2400
yaşının tamamlandığını, rayonda stasionar
arxeoloji ekspedisiya qrupunun 50 ildən bəri fəaliyyət
göstərdiyini nəzərə çatdırıb:
"Son 18 ildə fəaliyyətsiz qalan ekspedisiya qrupu Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının
maliyyə dəstəyilə yenidən arxeoloji tədqiqatları
davam etdirir. Əldə edilən çox nadir tapıntılar
Azərbaycan tarixinin ötən 2 min illik dövrünü
öyrənməyə imkan yaradır".
Alim AKMMA-nın maliyyə
dəstəyi ilə həyata keçirilən 3 illik proqram
çərçivəsində iki ölkənin alimlərinin
Qəbələnin qədim tarixi ilə bağlı elmə məlum
olmayan tapıntıların aşkarlanmasına
çalışacaqlarını bildirib. Tədbirdə Koreya
Respublikasının 8 alimdən ibarət ekspedisiya qrupunun rəhbəri,
Han Şin Universitetinin arxeoloqu, professor Kvon Ho Younq da
çıxış edib. O, tədqiqatlar zamanı istifadə
olunacaq müasir texniki alətlər, onlardan istifadə
qaydaları, qazıntıların aparılması
metodları, tarixi abidələrin öyrənilməsi və
qorunub saxlanılması yolları barədə məlumat
verib. Digər koreyalı alimlər isə Yaponiya, Çin və
Koreyada aparılmış arxeoloji qazıntıların
keçmiş və müasir metodları,
tapıntıların qorunub saxlanılması üsulları,
məhv olmaq təhlükəsilə üzləşən
tarixi abidələrin xilas edilməsi yolları barədə
danışıblar. Tədbirdən sonra koreyalı alimlər
qədim Qəbələdə arxeoloji tədqiqatlar
aparılan yerlərlə və tapıntı materialları ilə
əyani tanış olublar.
SARA
525-ci qəzet.- 2009.- 30 iyun.-S.7.