"Adəm Həvva" ictimaiyyətə təqdim olundu

 

İyunun 27- R.Behbudov adına Dövlət Mahnı Teatrında yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Adəm Həvva" pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirildi. İrəvan Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən səhnələşdirilən tamaşaya teatrın baş rejissoru Nazir Rüstəmov quruluş verib. İkihissəli tamaşada əsas rolları - Adəm Həvvanı Pərviz Gülməmmədovla Elnarə Heydərova ifa edirlər. Səhnə əsərində digər rolları xalq artisti Süleyman Nəcəfov (hakim), əməkdar artist Vaqif Kərimov (məhkəmə katibi), Nurbəniz Niftəliyeva (prokuror), Samir Bayramov (I vəkil), Əhliman Ərşadov (II vəkil), Niyaməddin Səfərəliyev (İblis) oynayırlar. Tamaşanın musiqi tərtibatçısı əməkdar artist Sevda Ələkbərzadədir.

Premyeranı izləmiş şair İlyas Tapdıq, bizimlə söhbətində, tamaşadan böyük zövq aldığını dedi: "Həm əsərin məzmunu, həm də onun uğurlu səhnə həllini çox bəyəndim. Tamaşanın musiqisi də çox gözəldir. İnanıram ki, burada səslənən mahnı gənclərin dilinin əzbəri olacaq".

Şair-publisist Südabə Sərvinin fikrincə, müəllif bu əsər vasitəsilə insanlara demək istəyir ki, əsl sevgi həmişə var və olacaq: "Çünki sevgi bəşəriyyətin xilas yoludur. Əsərin səhnə həlli də xoşuma gəldi. Xüsusilə prokuror rolunu ifa edən Nurbəniz Niftəliyevanın təbii oyunu diqqətimi çəkdi".

E.Hüseynbəyli pyesi bir oyun kimi qələmə aldığını, İrəvan Dram Teatrının əsəri öz təşəbbüsü ilə pyes kimi səhnələşdirdiyini dedi. Əsərin səhnə həllinin onu qane etdiyini bildirən E.Hüseynbəyli hər bir bədii əsərə rejissorun fərqli yanaşma sərgiləməyə ixtiyarının olduğunu nəzərə çatdırdı.

Quruluşçu rejissor N.Rüstəmov gənclər üçün nəzərdə tutulan tamaşanın yarıgerçəklik-yarıyalan üzərində qurulduğunu, səhnə əsərində məkan və zaman məfhumunun olmadığını önə çəkdi: "Əsərdə söhbət Adəm və Həvvanın insanları əsl sevgiyə, məhəbbət yoluna qaytarmaq cəhdindən gedir. Lakin onlar yeni dövrə inteqrasiya oluna bilmirlər. Bununla da Adəm və Həvva insanları tərk edir".

Tamaşanın premyerasına tanınmış sənət adamları və ziyalılarla yanaşı tələbələr və ictimaiyyət numayəndələri də baxıblar.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525- ci qəzet.- 2009.- 30 iyun.- S.7.