Bizdən qabaqda yol gedən Adam

 

İnsan bu dünyaya hardansa əlçatmaz, ünyetməz, sirribilinməz bir yerdən gəlir. Nə doğulacağı məkanı, yaşayacağı zamanı, nə ata-anasını seçmək imkanı var. Xoşbəxt o insandır ki, Allahdan qismətinə ömrün keşməkeşli, tufanlı dalğalarında ona əbədi mayak olacaq valideynlər düşür. Həmin xoşbəxt insanlardan aid olduğum üçün Allahıma minnətdaram.

Atam - Azərbaycanın görkəmli şairi, ancaq zəmanəsinin hələlik görməzdən gəldiyi Söz Ustadı Məmməd İsmayıl, İkinci Dünya müharibəsi onu yetim qoyduqdan sonra, tək-tənha, kimsənin yardımı olmadan, göydə Allaha, yerdə Allahın lütf etdiyi ilhamına sığınaraq, 70 ildir, bu dünyada yol gedir. Ona baxanda ata yurdum Əsrikdə Kəmər qayasının başındakı kökləri qayadan güc alan, şığıyan ildırımlara, çaxan şimşəklərə tək başına sinə gərən dağdağan ağacı yadıma düşür, ətrafında özündən başqa kömək uması, baxıb təsəlli tapası bircə ağac, kol belə olmayan tənha dağdağan. O dağdağan kimi atam da kimsəsiz - atasız, anasız, qardaşsız, əmisiz, dayısız bu dünya ilə, tale ilə, gərdişlə vuruşa-vuruşa, çarpışa-çarpışa ömür yolunu təkbaşına irəliləyir. İntəhası, özünün dediyi kimi, dağdağan ağacına baxanda o daha şanslıdır, bir yerdə bitmək məcburiyyətində qalmayıb. Atam o məğrur dağdağanla özü arasında apardığı paraleli misralara belə çevirmişdi: "Ayağı daşdadır, başı savaşda, Mənim güvəndiyim tək dağdağanım".

Məşhur insanların övladı olmaq qibtəediləcək bir hal olsa da, daha çox ölçülüb-biçilmiş, proqramlaşdırılmış bir həyat yaşamaq deməkdir hardasa. Üstəlik, belə övladlar həyatları boyu tanınmış valideyninin övladı olmaq məsuliyyətinin yükünü çəkməli və onun kölgəsi altında yaşamalı olur və valideynlərinin kölgəsi altında yaşamadıqlarını ilk öncə özlərinə, sonra da çevrədəkilərə inandırmaq üçün ömrü boyu mübarizə aparırlar. Bunu öz üzərimdə çox sınamışam.

İnsan olaraq bu dünyadakı ilk xatirəm atamla bağlıdır. 1974-cü ildə o, Moskvada Ali Ədəbiyyat kurslarında təhsil alarkən anam və kiçik bacım İntizarla onu görməyə getmişdik. Yaşadığı tələbə yataqxanasındakı otağı, yataqxananın dəmir qəfəsli lifti, Moskvada mənə aldığı parıltılı kağızlara bükülmüş dəmir xırda pul formasında olan şokolad konfetlər yaddaşıma çökmüş ilk şirin və unudulmaz xatirələrimdir. Hələ indi də həmin konfetləri dükanlarda görəndə o uzaq uşaqlıq xatirəsi içimdə yatmaqda olan körpəni oyadır və qeyri-iradi, o uzaq xatirələri yenidən canlandırır...

Bir az böyüdükdən sonra atam nədənsə həmişə yeni şeirlərini mənə oxuyardı. İndi təəssüf ki, bu hər zaman mümkün olmur.

...Yaxşı yadımdadır, orta məktəbə getmək yaşım çatmışdı və atamla anam arasında məhz hansı məktəbə - Azərbaycan, yoxsa rusdilli məktəbə gedəcəyim barədə ciddi bir fikir ayrılığı mövcud idi. Anam Bakıda doğulub-böyüdüyü və qohum-əqrəbasının çoxu rusdilli təhsilə malik olduqları üçün mənim yalnız rusdilli məktəbdə təhsil almağımı istəyirdi. Amma atam mənim öz doğma dilini, ölkəsinin tarixini, ədəbiyyatını dərindən bilən milliyyətçi və türkçü biri kimi böyüməyimi arzuladığından anadilli məktəbdə təhsil almağımda israr etdi. Lakin anama onu da vəd etdi ki, anadilli məktəbdə təhsil alsam da, rus dilini mükəmməl bir şəkildə öyrənməyim üçün əlindən gələni edəcək. O öz sözünün üstündə durdu. Evimizdə çox zəngin kitabxana vardı və atam oraya klassik və müasir Azərbaycan, rus, türk şair və yazıçılarının, o cümlədən dünya ədəbiyyatı klassiklərinin seçilmiş əsərlərini, müxtəlif ensiklopediyaları, məşhur filosofların əsərlərini toplamış, bir sözlə, əsl mütaliə cənnəti yaratmışdı. Lap kiçik yaşlarımdan başlayaraq, mənə müntəzəm şəkildə mütaliə etməyi, mümkün olduğu qədər çox oxumağı aşılayardı. O, məni məharətlə mütaliəyə həvəsləndirərdi. "Qızım, - deyərdi, bacardıqca çox mütaliə elə, sənə elə gələcək ki, oxuduqların dərhal unudulur və heç nə xatırlamırsan artıq, amma sən özün də hiss etmədən bütün oxuduğun fikirlər beyninin bir guşəsinə yavaş-yavaş toplanacaq və gün gələcək, o misilsiz söz ehtiyatı sənə mahir bir şəkildə söylənilmiş nitq, yaxud da savadlı və gözəl üslubda yazılmış yazı şəklində geri dönəcək". Onun bu sözlərinin tam bir həqiqət olduğuna vəkil kimi etdiyim çıxışlar və müəllim kimi söylədiyim konspektsiz mühazirələr zamanı qəti şəkildə əmin oldum...

Orta məktəbdə təhsil aldığım illər Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərə təsadüf edib. O zaman ədəbiyyat dərslikləri başdan-başa sosialist rejiminə, Kommunist partiyasına, sovet hakimiyyətinə, komsomola həsr olunmuş ideoloji mədhiyyə nümunələri ilə dolu idi. Atamdan yaşlı və onunla yaşıd olan şairlər də bu mövzuda çox yazırdılar. Məni həmişə təəccübləndirərdi ki, niyə mənim atamın bu mövzularda yazılmış, poema demirəm, heç bir sətir şeiri də yoxdur. Bu barədə bir dəfə ondan soruşanda dedi: "Mən yalnız ilhamın diqtə etdiklərini yazıram, heç vaxt sifarişlə şeir yazmamışam, yaza da bilmərəm".

Atam Tovuz rayonunun Əsrik Cırdaxan kəndində doğulub-böyümüşdü. Amma biz - onun övladları Bakıda doğulub, şəhər ab-havası ilə böyüyürdük. Atam bizi körpəlikdən başlayaraq hər il yay aylarında Əsrikə aparardı. Atam Bakıdan Tovuza uzanan yollar boyu bizə şeirlər oxuyar, mahnılar zümzümə edər və bizi betonlu-asfaltlı Bakının neft qoxulu ab-havasından sıyırıb, bənövşəli, laləli, yovşanlı, hər daşı, torpağı təmizlik, təravət qoxuyan təbiətin qoynuna uçurardı. Yollarda tez-tez maşını saxlayar, bizim diqqətimizi təbiətin füsunkar gözəlliyinə cəlb etməyə çalışardı. Bizə günəşin şəfəqləri altında nazlana-nazlana axan gur çayları, dağların döşündəki sıx meşələri, sıldırım qayaları, torpağın bağrını yarıb gün işığına can atan, can dərmanı, halal, təmiz varını, dişlərimizi göynədən suyunu bizlərə səxavətlə verən bulaqları, yenicə yağan yaz yağışından sonra günəşin işığında yeddi rəngə çalan göy qurşağını, daha nələri, nələri göstərib sevdirməzdi... İllər boyu heç dəyişməyən ənənəmiz vardı. Həmişə kəndə gedəndə atam Şamaxıya çatmamış sağda yol kənarında bir məzarın yanından keçəndə "Balalarım, bizə olan sevgiləri ilə Türkiyədən bura gəlib erməni daşnakları ilə bizə görə ölüm-dirim savaşına girib yolumuzda canından keçən türk əsgərlərinin məzarının yanından keçirik, onlara dualar oxuyun, "Yeriniz cənnət olsun, sizlərə minnətdarıq" söyləyin", - deyərdi. Sovet hakimiyyəti zamanında o məzarları səliqə-sahmana salmağa izn verilmirdi, amma bir xeyirxah insan gizlicə məzarların üstünə qəbir daşı qoydurtmuşdu. Bu o zaman idi ki, türk kəlməsinin özü belə yasaq idi, hətta çoxları türklərin kim olduğunu bilmirdi. Amma atam hər zaman bizə türk kimliyimizdən bəhs edər, soyumuzun Avropadan Sibir çöllərinə qədərki ucsuz-bucaqsız torpaqlara əsrlərlə hakim olan türklərin böyük və mübarək soyundan gəldiyini deyər və bununla həyatımız boyunca fəxr etməmiz gərəkdiyini bizə təlqin edərdi. O məzarlarla bağlı Əhməd Cavadın sovet dövründə yasaq edilmiş bir şeirindən misraları da bizə pıçıldayardı:

 

   Qalx, qalx, sarmaşıqlı məzar altından,

   Gəlmiş ziyarətə qızlar, gəlinlər.

   Ey karvan keçidi yollar üstündə

   Hər gələn yolçuya yol soran əsgər.

 

...Kəndimiz Əsrikə gündüz vaxtı çatsaq, Əsrikə bitişik olan Dəlləkli kəndindəki qəbiristanlıqda əbədi uyuyan, adını daşıdığım mərhum Gülzar nənəmin məzarını ziyarət edərdik.

Bir neçə gündən sonra şəhərdən gələnlərdən şəhəri xatırladacaq heç nə qalmazdı. Hər gün bulaq başına su gətirməyə gedər, kənddəki yaşıdlarımızla oyunlara başımız qarışar, üst-başımız anamın qaladığı ocağın his qoxusuna bürünərdi. O zamanlar kəndimizə təbii qaz hələ çəkilməmişdi. Biz şəhərin normal şəraitindən birdən-birə atamın ata yurdunda olan kiçik, torpaq döşəməli evindəki şəraitsizliyə düşər, amma alışmağımız çox çəkməzdi. Zamanla atam o kiçik, torpaq döşəməli evin yerində ikimərtəbəli, böyük bir ev tikdirdi və o evin eyvanından nənəmin uyuduğu məzarlıq görünür: "Evinin yanında ev tikdim, ana, Qəbrinin yanında qəbrim olaydı..." Bu da belə bir arzusu idi atamın...

Atam ruhumuzu, qəlbimizi ana təbiətə, kəndimizə sonsuz sevgi ilə elə doldurardı ki, kənddə keçirdiyimiz yay aylarındakı təəssüratların gücü, cazibəsi bizə bütöv bir il üçün bəs edərdi. Yayın sonunda artıq könülsüz dönərdik Bakıya. Amma yanaqlarımız qızarmış, canımıza təmiz kənd havası hopmuş bir şəkildə dönərdik. Bu yerdə atamın bizə həsr etdiyi bir şeirdən misralar yadıma düşür...

 

   Orda - kəndimizin çathaçatında

   Yollara boylanar bir ümid yeri.

   Bir nənə nəfəsi çatışmaz orda,

   Bir baba sorağı qayıtmaz geri...

   ...Beş-on günlüyünə, bir aylığına

   Şəhərli qızlarım kəndli olarlar,

   Ağac əmilərin əhatəsində,

   Ağac bibilərin əhatəsində

   Fikirli olarlar, dərdli olarlar,

   Sevinclə qolboyun, qəmlə qolboyun

   Qalarlar söyləşə-söyləşə orda...

   Qalarlar öyrəşə-öyrəşə orda...

 

Atamın mənə aşıladığı, kəndimizə olan sevgi o qədər böyükdür ki, hansı ölkəyə getsəm, nədənsə oranın landşaftını heç yerlə yox, ancaq Əsriklə müqayisə edirəm. Amma bu günə qədər onun gözəlliyinə bərabər gözəllikdə yer görməmişəm. Deyirlər ki, dünyada ən güclü yaddaş qoxu yaddaşıdır. Yəni insan nə zamansa, hətta çox uzun illər öncə qoxladığı bir ətri illərdən sonra yenidən duysa, həmin qoxu ilə bağlı xatirələri ani olaraq onun yaddaşında canlanır. Bu, doğrudan da belədir. Bir də insan uşaqlığında aldığı tanış, doğma qoxuları ömrü boyu axtarır. Bax, mən anamın dünyada heç bir ətirlə müqayisə edilməyən qoxusunu, Əsrikdə sacda yenicə bişmiş isti yuxanın, rəhmətlik Gülyaz bibimin gözlərimin önündə yenicə nəhrədə çalxaladığı təzə-tər kərə yağının, əllərimlə Əsrik dağlarının döşlərindən topladığım dağ çiyələyinin ətrini unuda bilmirəm. Çünki ruhuma əbədi hopmuş qoxulardır onlar. Bəlkə də mənim Əsrikə olan vurğunluğum subyektivdir. Ola bilər. Amma həqiqətən də Əsrik dağların qoynunda yatan bir təbiət möcüzəsidir. Dərələrdən hayqıra-hayqıra axan, selləri ilə hər kəsi qorxuya salan dəli Əsrik çayı, füsunkar Maral bulağı, sıldırım qayaya kökləri ilə sarılıb zamana meydan oxuyan tənha dağdağan ağacı, bir tərəfdə əzəmətli Kəmər qayası, digər tərəfdə sıldırım Qızıl qaya, dağların yamaclarını xalı kimi bəzəyən ceyranlı-cüyürlü qədim meşələr, kəklikotu, sarıçiçək, quzuqulağı, yovşan və min dərdə dərman olan saysız-hesabsız çiçək, bitki qoxuyan yamaclar... Saymaqla bitməz Əsrikin göz oxşayan gözəlliyi. Ana vətənin təbiətini, onun gözəlliklərini duyub sevməyi öyrədib atam öz övladlarına. Düşünürəm ki, elə bənzərsiz təbiət, əzəl-axır, atam kimi bənzərsiz bir şair və şəxsiyyət yetirməli idi, yetirdi də....

Bilənlər bilir ki, atam harada çalışıbsa, orada kimsənin buraxa bilmədiyi bir hallalıq və yenilik izləri buraxıb gedib. Bunu indi bəzi səbəblərə görə etiraf edənlər az olsa da, bu, belədir və hər zaman da belə olduğu bilinəcək. Yetim atam əliyalın gəldiyi Bakıda istər sənət, istər iş yarışında bir çox atalı, arxalı, dayılı yaşıdları ilə yarışmaq məcburiyyətində qalacaq, amma içindəki Tanrı işığına və inamına görə də bu yarışdan qalib çıxacaqdı.

Atam yalnız övladlarını türk kimliyinə sahib insanlar kimi tərbiyələndirməklə kifayətlənməyib. Hələ Azərbaycanda sovet hakimiyyətinin tam gücü ilə hökm sürdüyü və çox güclü senzura mövcud olan illərdə atam qurucusu və baş redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən "Gənclik" - "Molodost" jurnalları ilə Azərbaycanda demokratik və azad jurnalistikanın inkişafında müstəsna rol oynadı. 1987-ci ildə "Gənclik" və "Molodost" jurnallarına baş redaktor keçməzdən öncə atam "İşıq" nəşriyyatının direktoru vəzifəsində çalışırdı. O, çox böyük zəhmət hesabına, əsəbi, sağlamlığı bahasına ən pis vəziyyətdən çıxararaq, ölkənin nümunəvi nəşriyyatına çevirdiyi "İşıq"ı hələ heç ofisi, mətbəəsi, maliyyə dəstəyi olmayan, adı sadəcə kağız üzərinə yazılı "Gənclik"ə dəyişdi... (Halbuki, o, "İşıq" nəşriyyatında elə milli dəyəri olan kitabların nəşrinə nail olmuşdu ki, təkcə bu əməllərinə görə də tarixdə qala bilərdi.) Atamın bu addımı hakimiyyətin yuxarı instansiyalarında olanları belə, təəccübləndirmişdi. İldə 250 kitabın nəşr olunduğu, nümunəvi hala gətirdiyi bir nəşriyyatı, olsa-olsa, 12 kitab həcmində olan bir jurnala hansı məntiqlə dəyişdiyini başa düşmürdülər. Əslində haqlı idilər. Yəni "Gənclik"ə getmək ağrımayan başına buz qoymaq kimi bir iş idi. Atamın qəzet korrektorluğundan nəşriyyat direktorluğuna qədər, televiziyadan, kinostudiyadan, "Ədəbiyyat" qəzetindən, "Yazıçı" nəşriyyatından keçən iş həyatını yaxşı bilməyənlər deyirdilər ki, Məmməd İsmayılın jurnal-qəzet çıxarmaq təcrübəsi yoxdur, gedib orada nə edəcək?.. Amma özünün dediyi kimi, onun arzuları ilə imkanları ilk dəfə idi ki, üst-üstə düşürdü. 1988-ci ildə yüz cür maneələrdən, çətinliklərdən sonra işıq üzü görən jurnalın ilk nömrəsi Azərbaycanda çox böyük əks-səda yaratdı. Jurnalın abunəçilərinin sayı aydan-aya yox, gündən-günə artmağa başladı. Bir neçə ilə jurnalın tirajı 350 minə çatmışdı, bu isə Azərbaycanda çap olunan bütün mətbuat orqanlarının toplam tirajından daha artıq idi. Həm də onu nəzərə almalıyıq ki, digər dövri nəşrləri partiya xəttilə abunə yazdırırdılar. Hələ latın əlifbasına keçməyin düşünülməsinin belə xəyal olduğu zamanlarda jurnalın adı həm də latın əlifbası ilə çap olunurdu. Azərbaycanın hələ müstəqil olmadığı bir vaxtda atam Azərbaycan Demokratik Respublikasının bayrağını jurnalın üz qabığında Arif Nihat Asyanın məşhur "Yer yüzündə yer göstər, səni oraya dikəyim" misrası ilə tamamlanan "Bayraq" şeiri ilə birlikdə çap etdirmişdi. Güney Azərbaycan, Türk dünyası problemləri, kommunist rejimin xalqımızın başına gətirdiyi müsibətlər yepyeni rubrikalarla, deyimlərlə, tərtibatla çıxır və inqilab dalğası kimi qarşılanırdı. Jurnalın yalnız Azərbaycanda deyil, Sovet İttifaqının hər tərəfində, hətta Türkiyədə, İranda, Fransada və digər ölkələrdə abunəçiləri vardı.

 

 

 G. İSMAYIL

 

525-ci qəzet.- 2009.- 30 iyun.- S.7.





   

   

   (Ardı var)

   

   

Gülzar İSMAYIL, Hüquq elmləri namizədi