Dünya azərbaycanlılarının milli məfkurə altında birləşməsində Azəbaycan televiziyasının rolu

 

Son 15-20 ildə dünyada elmi texniki tərəqqinin inkişafı, xüsusəndə informasiya texnologiyaları sferasında baş verən yeniliklər təkcə bəşəriyyətin qloballaşma prosesinə deyil, o cümlədən qədim tarixi kökə malik olan xalqların öz milli soy kökləri ətrafında birləşmələrində tarixi zəmin yaradıb. Bu baxımdan elmi texniki tərəqqinin, kompyuter, internet, peyk rabitə sisteminin durmadan inkişaf etməsi zaman -zaman dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyondan çox azərbaycanlının milli özünüdərk prosesinin güclənməsinə, öz tarixi soy köklərinə qayıdışına, vahid milli məvkurə altında birləşmələrinə əsaslı təkan verib. 45 ildən çox vətən hüdudlarından kənarda yaşayan bir şəxs kimi bu proseslərin dünya azərbaycanlılarının birlik və həmrəyliklərinin əldə olunması prosesinə də nə qədər effektli təsir gostərməsinin məndə fərqindəyəm. Heç də uzaqda olmayan tariximizə yəni, SSRİ illərinə nəzər salsaq o dövrlər xalqımızın qədim və zəngin mədəniyyətinin, milli adət- ənənələrinin beynəlxalq arenaya çıxarılması, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin yaradılması müşkül məsələyə çevrilmişdirsə, bu gün peyk rabitəsi vasitəsi ilə bütün dünyaya yayımlanan Azərbaycan televiziyaları bu missiyanı öz öhdələrinə götürərək böyük məharətlə həyata keçirirlər. Təbii ki, 1993-cü ildən başlayaraq parçalanmaq təhlükəsi ilə üz -üzə qalan tarixi vətənimizin ağırlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi, dolğun və uzaq görən siyasəti Azərbaycanı bir çox sahələrlə yanaşı teleinformasiya texnologiyaları sferasındada inkişaf etdirərək dünyanın aparıcı ölkələrindən birinə çevirib. Bu sahədə peyk rabitəsi vasitəsi ilə dünyaya yayımlanan Azərbaycan televiziyası təkcə xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin, adət - ənənələrinin təbliği ilə deyil, həmçinin dünya azərbaycanlılarını tarixi vətənimizə bağlayan milli ideologiya funksiyasını da yerinə yetirir. Hələ 1994-1995-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin dərin məzmunlu çıxışlarından birində "Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir" deməsi bu gün sözün əsl mənasında öz həyatı reallığını tapıb. Məhz Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı peyk rabitəsi vasitəsilə Azərbaycan Televiziyasını izləmək şansını əldə edib.

Son illər Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlar, ölkəmizin iqtisadi cəhətdən inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsi, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması Azərbaycan Televiziyası vasitəsilə bütün dünyaya təqdim edilir. Böyük ustalıqla dünyaya yayımlanan bu verilişlər Ukraynada yaşayan 500 mindən çox soydaşımızın həyatında da müstəsna rol oynamaqdadır .Mən Azərbaycan Televiziyasının son 2-3 ildə hazırladığı verilişləri, xüsusən də gənc istedadların üzə çıxarılması istiqamətində gördüyü işləri məxsusi qeyd etmək istəyirəm. Sevindirici haldır ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı öz istək və arzularını, vətənimizdə və vətənimizdən kənarda baş verən yenilikləri heç bir çətinlik çəkmədən Azərbaycan Televiziyasına baxmaqla əldə edə bilir. Xüsusəndə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xarici ölkələrə səfərlərinin, Azərbaycanın rayon və şəhərlərində keçirdiyi görüşlərin, ölkəmizdə aparılan yeniliklərin operativ olaraq dünyaya çatdırılması hər birimizdə böyük fəxarət hissi doğurur. Bu gün biz böyük iftixarla yaşadığımız ölkələrin dövlət və hökümət adamları, elm və mədəniyyət xadimləri ilə görüşlərimizdə Azərbaycanın əldə etdiyi uğurları, dünya birliyinə inamlı inteqrasiya xəttini nümunə göstərməklə qürur duyuruq. Təbii ki, bizlərə bu sevincli anları yaşatdıran ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının xalq naminə gördüyü böyük işlərdi. Və görülən hər bir işi böyük məharətlə dünyaya olduğu kimi təqdim edən Azərbaycan Televiziyasıdır. Daha doğrusu, bu, prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi kadr siyasətinin uğurlu nəticəsidir. Mən diqqətinizi çox vacib bir məqama yönəltmək istərdim. Bildiyiniz kimi, bu gün vətən hüdudlarından uzaqlarda yaşayan hər bir azərbaycanlının özünəməxsus problemləri mövcuddur. Bu problemlərdən biri də xarici ölkələrdə doğulub boya başa çatan uşaqlara və gənc yeniyetmələrə doğma ana dilimizin şirinliyini, qədim adət-ənənələrimizi, zəngin mədəniyyətimizi, çox əsrlik tariximizi, bir sözlə, milli - mənəvi dəyərlərimizi öyrətməkdi. Bu istiqamətdə yaşadığımız ölkələrdə Azərbaycan dili məktəbinin olmaması ciddi problemlərimizdəndi. Bu baxımdan peyk rabitəsi vasitəsilə bütün dünyaya yayımlanan Azərbaycan Televiziyası vətən hüdudlarından kənarda yaşayan uşaq və gənclərimiz üçün əsl məktəb və müəllim rolunuda oynayır. Biz bunu gündəlik həyatımızda da hiss etməkdəyik. Son dövrlər Azərbaycan Televiziyasında milli əxlaqi filmlərin, xalq mahnılarının, idman, hərbi vətənpərvərlik və mənəvi incilərimizi özündə əks etdirən verilişlərin efirə verilməsi burada yaşayan uşaqlarımızın milli ruhda böyümələrinə də geniş imkanlar yaradıb. Məhz buna görə də bu gün Ukraynada elə bir ailə yoxdur ki, peyk rabitəsi vasitəsi ilə Azərbaycan televiziyasını seyr etməsin. AzTV rəhbərliyinin xarici ölkələrlə saat fərqini nəzərə alaraq gecə saatlarında milli mənəvi veriliş və filimləri efirə vermələri də vətən sevgisi və həsrəti ilə yaşayan hər bir soydaşımıza ruhi qida verir. Təbii ki, məni bu sahədə öz fikirlərimi söyləməyə vadar edən də məhz bu amildir.Uzun illər Ukraynada yaşayan bir şəxs kimi məni, o cümlədən burada yaşayan hər bir soydaşımızı narahat edən məsələlərdən biri də bizləri minilliklərin qan yaddaşına səsləyən muğam sənətinə ögey münasibətin olması idi. Hətta bizlərdə belə bir təəssürat yaranmışdı ki, artıq milli muğam sənətimiz son illər meydana çıxan bayağı mahnıların kölgəsində məhv ola bilər. Amma bu gün Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə milli muğam sənətinə göstərilən diqqət və qayğı, böyüməkdə olan gənc nəslin bu istiqamətdə istedadlarının üzə çıxarılması Azərbaycanın tək təbii sərvətlərinə deyil, həmçinin milli mənəvi dəyərlərinə də sahib olduğunu sübuta yetirməkdədir. Bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xalqımızın xoş və inamlı gələcəyi, milli mənəvi irsimizin araşdırılaraq inkişaf etdirilməsi, xüsusən də milli muğam sənətinin yenidən özünə qaytarılması istiqamətində həyata keçirtdiyi qlobal tədbirlər hər birimizdə böyük iftixar hissi yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerli və beynəlxalq muğam müsabiqələrinin təşkil edilməsi və Azərbaycan Televiziyası vasitəsilə böyük məharətlə yayımlanması dünyada yaşayan 50 milyondan çox azərbaycanlının öz milli soykökünə qayıdışında tarixi faktora çevrilib. Əlbəttə, bu tədbirlərin təşkil olunması böyük zəhmət tələb edirsə, bunun mahiyyətinin geniş tamaşaçı auditoriyasına çatdırılması böyük peşəkarlıq və ustalıq tələb edir. Bu baxımdan, görülən işlərlə onun dünyaya çatdırılması mexanizminin vəhdət təşkil etməsini gündəlik həyatımızda görmək və seyr etmək bizim üçün də fərəhləndirici haldır.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qarşısında duran əsas prioritetlərdən biri də Azərbaycanın milli diasporunun təşkilatlanması və inkişaf etdirilməsinə nail olması idi. Təbii ki, bu taleyüklü missiyanın həyata keçirilməsində Azərbaycan televiziyası lokomotiv rolunu oynayır desək, yəqin ki, yanılmarıq. Məsələn, Azərbaycanda AzTV yeganə televiziya kanalıdır ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporlarının vətən naminə həyata keçirdikləri tədbirləri işıqlandırmaqla onların daha effektli işlər görmələrinə mənəvi stimul verir. Bir yandan möhtərəm prezidentimiz İ.Əliyevin xarici ölkələrə rəsmi səfərləri çərçivəsində Azərbaycan diasporunun fəalları ilə görüşüb onlara mənəvi arxa durması, bir yandan da Azərbaycan Televiziyasının bu sahədə qarşıya qoyulan siyasəti peşəkarcasına həyata keçirməsi milli diasporumuzun inkişaf tarixində yeni eranın başlanğıcını qoyub. Fərəhləndirici haldır ki, biz vətən hüdudlarından kənarda istər ölkəmizdə baş verən yenilikləri, istərsə də dünyanın istənilən ölkəsində milli diasporumuzun həyata keçirdiyi tədbirləri operativ olaraq yalnız AzTV vasitəsilə izləyə bilirik. Bu il fevral ayının 26-da Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının keçirdikləri etiraz aksiyalarının elə həmin gün operativ olaraq Azərbaycan televiziyası vasitəsi ilə yayımlanması artıq dünya azərbaycanlılarının eyni məqsəd və amal uğrunda mübarizə aparmalarını nümayiş etdirdi. Təbii ki, AzTV-ni izləyən hər bir şəxs açıq aydın görür ki, əsrlər boyu bir birilərindən aralı düşmüş bir xalqın milyonlarla övladı vahid azərbaycançılıq məfkurəsi altında öz birlik və həmrəyliklərinə nail olub. Düşünürəm ki, AzTV-ni peyk rabitəsi vasitəsi ilə izləyən erməni və ermənipərəst qüvvələr də soydaşlarımızın dünyanın müxtəlif ölkələrində Qarabağ naminə həyata keçirdikləri etiraz aksiyalarına baxmaqla nə zamansa 50 milyonluq azərbaycanlının tapdağı altında qalacaqlarını fikirləşmək məcburiyyətində qalırlar. Ötən il Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Bakıda keçirilən hərbi paradı AzTV vasitəsi ilə izləyən, vaxtı ilə Şamaxıda yaşamış bir erməni "Ermənistan Qarabağ iddiasından vaxtında əl çəkməsə, gələçəkdə Yeravanı itirmək təhlükəsi ilə üzləşə bilər" fikrini söyləməklə artıq müstəqil Azərbaycanın hansı gücə malik olmasını etiraf etdi. Əlbəttə, bu gün Azərbaycanın ucqar şəhər və rayonlarında müasir məktəblərin, idman komplekslərinin, fabrik və zavodların tikintisini, əhalinin sosial durumunun günü-gündən yaxşılaşmasını televiziya vasitəsi ilə gündəlik olaraq izləyən hər bir kəs Dağlıq Qarabağla bağlı qələbənin heç də uzaqda olmadığını düşünür. Bu baxımdan AzTV-nin ölkəmizdə və xaricdə baş verənləri bu qədər operativ və milli ideologiya zəminində yayımlaması ilk öncə bu qurumun texniki bazasının zənginliyindən, digər tərəfdən isə kollektivdə rəhbərlə işçi münasibətlərinin effektli vəhdət təşkil etməsindəndə xəbər verir. Bir fikri də xüsusi vurğulamaq istəyirəm ki, Ukraynada keçirilən tədbirlərin də operativ olaraq Azərbaycan televiziyasında işıqlandırılması burada fəaliyyət göstərən Azərbaycan diasporunun inkişafına əsaslı təkan verib.

Son dövrlər Azərbaycan Televiziyasının əldə etdiyi uğurlardan biri də Azərbaycanda gənclərin sağlam ruhda böyümələri, xüsusəndə dünya olimpiya hərəkatında islahatçı şəxsiyyət kimi tanınan İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını peşəkar şəkildə xalqa təqdim etməsidir. Sevindirici haldır ki, bu gün Azərbaycan Televiziyası beynəlxalq idman yarışlarını, futbol üzrə Avropa və dünya çempionatlarının canlı yayım hüququnu əldə edib. Azərbaycanda idman kanalının açılması isə onu göstərir ki, Azərbaycan Televiziyası son dövrlər maddi texniki bazasını müasir standartlara uyğun qurmaqla nəinki Azərbaycanda, o cümlədən, Cənubi Qafqazda teleinformasiya sahəsində liderliyi ələ alıb. Burada müasir texnologiya ilə istedadlı gənclərin intellektual səviyyələrinin vəhdət təşkil etməsi Azərbaycan Televiziyası rəhbərliyinin bu sahədə böyük təcrübəsindən qaynaqlanır.Ümumiyyətlə, AzTV-də dövlətin apardığı gənclər siyasətinin əsas istiqamətlərinə ayrılan diqqət və qayğının nəticəsi bu gün məhz uğurlar və nailiyyətlərlə vətən hüdudlarından kənarda yaşayan soydaşlarımızıda sevindirməkdədir.

Azərbaycan Televiziyasında mütəmadi olaraq görkəmli elm və mədəniyyət xadimlərinin, Azərbaycanın dünya musiqi və ədəbiyyat xəzinəsinə bəxş etdiyi dahi korifeylərin həyat və yaradıcılıqlarını özündə əks etdirən film və verilişlərin təqdim edilməsi isə onu göstərir ki, bu kollektivdə işləyən hər bir kəs tam gücünü xalqımızın milli mənəvi irsinin təbliğinə yönəldib. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizə, Azərbaycan ziyalılarına, elm və mədəniyyət karifeylərinə, zəngin tariximizə bəslədiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan Televiziyasında prinsipal xətt kimi qorunub saxlanılır. Mütəmadi olaraq azərbaycanlı ziyalıların efir vasitəsilə fikirlərini bölüşmələri, mövcud problem və neqativ halların aradan qaldırılması üçün mülahizələrini söyləmələri isə onu göstərir ki, Azərbaycan Televiziyası bu gün xalqın güzgüsü olmaqla yanaşı, həmdə millətin sözünü ifadə edən haqq tribunasıdır.

 Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın ən ağrılı yeri torpaqlarımızın işğal altında olmasıdır. Son illər prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdirilərək qüdrətli dövlətə çevrilməsi, xəyanətkar Ermənistanın bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən kənarda saxlanılması tezliklə bu problemin də Azərbaycanın xeyrinə həll olunacağından xəbər verir. Bu istiqamətdə Azərbaycan Televiziyasında hərbivətənpərvərlik ruhunda hazırlanan verilişlər, günü-gündən milli ordumuzun qüdrətinin artmasını özündə əks etdirən video materialların təqdim edilməsi bir çox ölkələrdə olduğu kimi Ukraynada yaşayan azərbaycanlılar tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır. Əslində ölkəmizdə milli mənəvi dəyərlərimizə göstərilən diqqət, gənclərin sağlamlığına və təhsilinə bəslənən doğmalıq bizim qələbəyə gedən yolumuzu günü - gündən yaxınlaşdırır. Təsadüfi deyil ki, dünyanın istənilən ölkəsində yaşayan hər bir Azərbaycanlı özlərini doğma vətənimizin sıravi əsgəri hesab edirlər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün istənilən an Azərbaycanın Ali Baş Komandanının əmrinə əsasən silaha sarılmağa hazır olduqlarını bəyan edirlər. Bu istiqamətdə Azərbaycan Televiziyası yeganə təbliğat vasitəsidir ki, dünya Azərbaycanlılarını istənilən vaxt səfərbərliyə cəlb edə bilər.

Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ölkəmizdə baş verən yenilikləri, xüsusəndə doğma Bakımıza xüsusi gözəllik və füsünkarlıq verən müasir mədəniyyət ocaqlarını, olimpiya mərkəzlərini, istirahət parklarını, musiqili fəvvarələri, çıl-çıraqbanlı körpü şəbəkələrini Azərbaycan televiziyası vasitəsi ilə seyr etməklə özlərini sanki vətəndə hiss edirlər. Tele güzgü vasitəsi ilə milli - mənəvi dəyərlərimizin hər bir evə, ailəyə bəxş etdiyi sevinci möhtərəm prezidentimiz İlham Əliyevin xalqımız naminə gördüyü qlobal işlərin, onun düşünülmüş kadr siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirirlər. Bu baxımdan son bir neçə ildə böyük bir kollektivdə əsl yaradıcılıq mühiti yaradaraq dünya azərbaycanlılarının ruhuna uyğun verilişlər təqdim edən Azərbaycan Televiziyasının sədri Arif Alışanova və onun rəhbərlik etdiyi kollektivə Ukraynada yaşayan ziyalılar və elm adamları adından öz dərin minnətdarlığımı bildirir, günü -gündən yeniləşən AzTV-nin yaradıcı heyətinə yeni-yeni uğurlar arzulayıram

 

   

Məmməd BAĞIROV,

Ukraynanın əməkdar elm xadimi,

Dövlət mükafatı laureatı,

Tibb elmləri doktoru, professor

 

525-ci qəzet.- 2009.- 30 iyun.- S.6.