Hərbi vətənpərvərliyin
təbliğində mətbuatın
rolu mövzusunda seminar keçirilib
Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB)
"Gənclər arasında hərbi-vətənpərvərlik
dəyərlərinin təbliğində mətbuatın
rolu" adlı seminar keçirib. Seminar Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə gerçəkləşdirilən "Gənclərin
hərbi-vətənpərvərlik tərbiyəsində
KİV-in rolunun artırılması" layihəsi çərçivəsində
təşkil olunub. Layihənin koordinatoru, TOHGMİB-nin sədri
Emin Həsənli seminar iştirakçılarını 26
İyun Silahlı Qüvvələr Günü münasibətilə
təbrik edib. Ordu ilə bağlı mətbuatda yayılan məlumatların
daha obyektiv və ədalətli olmasının vacibliyini
vurğulayan E.Həsənli deyib ki, layihə çərçivəsində
keçirilən tədbirlər öz müsbət nəticələrini
verməkdədir.
Hərbi-vətənpərvərlik
mövzusunda yazan KİV nümayəndələrinin
iştirak etdikləri seminarın gedişində müvafiq
mövzuda təlimlər təşkil olunub. Təlimçi -
təcrübəli hərbçi-yazar, əməkdar jurnalist
İbrahim Rüstəmov KİV təmsilçilərinə mətbuatda
xəbərlərin araşdırılması və
hazırlanması, öz hüququndan effektiv istifadə etmə
bacarığı, həmçinin yaradıcılıq
prosesi barədə ətraflı məlumat verib. Təlim
iştirakçıları onlara verilən nəzəri və
praktiki tapşırıqların həllilə məşğul
olublar.
Seminarın sonunda "Gənclərin
hərbi-vətənpərvərlik tərbiyəsində
KİV-in rolunun artırılması" layihəsi çərçivəsində
keçirilən yazı müsabiqəsinin qalibləri fəxri
diplom və pul mükafatları ilə təltif ediliblər.
AQİL
525-ci qəzet.- 2009.- 30 iyun.- S.5.