İsrail prezidenti Azərbaycan Dillər Universitetinin qonağı olub
Dünən Bakıda səfərdə olan İsrail prezidenti Şimon Peresin Azərbaycan Dillər Universitetinin (ADU) akt zalında tələbə-müəllim heyəti ilə görüşü keçirilib. Görüşdə ADU-nun rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin bir sıra digər universitet rekrorları və millət vəkilləri iştirak ediblər.
Şimon Peres çıxışı zamanı deyib ki, İsrail Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Onun sözlərinə görə, İsrail münaqişənin sülh yolu ilə həllinin tərəfdarı qismində çıxış edir. Ş.Peres Azərbaycan və İsrail arasında həm siyasi, həm də iqtisadi, humanitar və elmi sahədə hərtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb. Ölkələrin iqtisadi əlaqələri haqda danışan İsrail prezidenti Azərbaycanın karbohidrogen resurslarının onun ölkəsinə nəqli layihələrinin xüsusi əhəmiyyətini qeyd edib. "Bunun həm iqtisadi, həm də siyasi aspektləri vardır", - deyə İsrail prezidenti bildirib.
Dillər Universitetinin rektoru Səməd Seyidov öncə qonağa rəhbəri olduğu ali təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verib.
Sonra İsrail prezidenti universitetin tələbə-müəllim heyəti ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb və sualları cavablandırıb. Tədbirdə Azərbaycanda yəhudi dilinin tədrisi, ADU-da İsrail mərkəzinin fəaliyyəti, İsrail-İran münasibətləri və bir sıra digər mövzular müzakirə olunub.
Görüş və danışıqlar ingilis dilində aparılıb. Eyni zamanda, yəhudi dilini bilən tələbələr bu dildə Peresə suallar ünvanlayıblar.
Sevinc QARAYEVA