Gəncə Dövlət Universitetində seminar keçirilib

 

İyunun 25-də Tətbiqi Tədqiqatlar Fondu (TTF) Azərbaycan Respublikasının?Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan "Azərbaycan Respublikasının ali təhsil sahəsində Boloniya prosesinə qoşulması ilə əlaqədar keçirilən islahatlara dəstək" layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində seminar keçirib. Seminarda Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrin nümayəndələri iştirak ediblər. Burada "Azərbaycanda Boloniya prosesi və onun ayrı-ayrı təhsil müəssisələrində tətbiqinin aktual problemləri" mövzusunda məruzələr edilib və müzakirələr aparılıb.

Layihənin rəhbəri, tarix elmləri namizədi İbrahim Əliyevin və Milli Elmlər Akademiyasının elmi işçisi, tarix elmləri namizədi Vaqif Abışovun məruzələri maraqla dinlənilib, onun ardınca geniş müzakirələr aparılıb. Məruzələrdə və çıxışlarda ölkənin ali təhsil sistemində Boloniya prosesinə qoşulma ilə əlaqədar mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli yolları barəsində ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, təhsildə, o cümlədən ali təhsildə aparılan genişmiqyaslı islahatlar qanunvericilik bazasının təkmilləşdirilməsinə, bu sahədə sürətli inkişafa nail olmaq üçün qəti addımların atılmasına ehtiyac yaradır. Ölkə təhsil sistemi üçün yeni olan Boloniya prosesinin bütün cəhətlərinin ətraflı araşdırılması, qarşıya çıxan problem və sualların öyrənilməsi, hər bir ali təhsil müəssisəsinin təcrübəsinin toplanaraq ümumiləşdirilməsi vacib məqamlardır. Lakin həmin işlərin görülməsini yalnız müvafiq dövlət strukturlarından gözləmək olmaz. Yerlərdə hər bir ali təhsil müəssisəsinin, təhsil əməkdaşının, tələbənin fəallıq göstərməsi uğurun vacib şərtlərindəndir. İctimai həyatın bütün sahələrində olduğu kimi bu sahədə də vətəndaşların dəstəyi təmin edilməlidir.

Məruzə və müzakirələrdə vurğulanıb ki, ali təhsilin ölkədə Boloniya prosesi əsasında yenidən qurulmasının ən böyük problemlərindən biri ali təhsil ictimaiyyətində bu məsələ ilə bağlı kifayət qədər məlumatın olmamasıdır. Xüsusən də paytaxtdan kənarda - regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin daha çox çətinliklərlə üzləşdiyi qeyd olundu. Bu mənada keçirilən seminarın əhəmiyyəti qeyd edildi və maarifləndirmə işinin genişləndirilməsinə olan ehtiyac vurğulandı.

Seminar iştirakçıları Tətbiqi Tədqiqat Fondunun Boloniya prosesinin tədqiqi üzrə apardığı işlərin nəticələri ilə tanış ediliblər. Müxtəlif istiqamətlər üzrə aparılmış tədqiqatların nəticələrini özündə əks etdirən materiallar iştirakçılara paylanıb.

Seminardan sonra Boloniya prosesinin tətbiqi ilə əlaqədar ali təhsil ictimaiyyətinin məlumatlılıq vəziyyətini, müəllim və tələbələrin Boloniya prosesinin müxtəlif məsələlərinə münasibəti araşdırmaq üçün sorğu keçirilib.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2009.- 30 iyun.- S.3.