Naxçıvan Dövlət Universiteti beynəlxalq mükafata layiq görülüb

 

BU ALİ TƏHSİL OCAĞI "MİNİLLİYİN UNİVERSİTETİ" SEÇİLİB

 

Naxçıvan Dövlət Universiteti (NDU) milli təhsil tariximizə daha bir şanlı səhifə yazıb. Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının "XXI yüzilliyin liderləri" Beynəlxalq imic proqramının qərarına əsasən elmin, təhsilin və yeni texnologiyaların tətbiqinin inkişaf etdirilməsi sahəsindəki mühüm nəticələri nəzərə alınaraq, Naxçıvan Dövlət Universiteti "Minilliyin universiteti" adlı beynəlxalq mükafata layiq görülüb. Təqdimat zamanı adıçəkilən universitetin müasir texnologiyalardan səmərəli və professional səviyyədə istifadə olunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qeyri-adi mütərəqqi layihələrin hazırlanması və tətbiq olunması sahəsindəki nailiyyətləri əsas götürülüb. Bu beynəlxalq mükafata layiq görülən altı Avropa və dörd MDB universitetləri sırasında Azərbaycanın öncül ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetinin də yer alması iftixar və fərəh hissi doğurur. Bu yaxınlarda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki "Prezident" otelində ali məktəblərə beynəlxaq mükafatların təqdimetmə mərasimində NDU-nun rektoru, akademik İsa Həbibbəyli də iştirak edib.

"Minilliyin universiteti" seçilməsi münasibətilə Naxçıvan Dövlət Universitetində də təntənəli mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli beynəlxalq mükafatın diplom və sertifikatını, döş nişanını və tərəqqinin, gəncliyin və romantikanın rəmzi olan simvolik hədiyyəni nümayiş etdirərək hədsiz sevinc və qürur hissini çoxsaylı universitet kollektivi ilə paylaşıb. Rektor möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü, Avropa yönlü, müasir tipli ali məktəbin dünya universitetləri və beynəlxalq səviyyəli elmi qurumlarla səmərəli əməkdaşlığından, elmi potensialından, informasiya-kommunikasiya texnologiyalarının tətbiqindəki müvəffəqiyyətlərindən ətraflı bəhs edib. Akademik bildirib ki, bütün bunların nəticəsində Naxçıvan Dövlət Universiteti dünya miqyasında böyük nüfuz qazanıb, NATO, BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla birgə layihələrin hazırlanmasına və həyata keçirilməsinə cəlb edilib, Avropa Rektorlar Klubunun, bu günlərdə isə Asiya Universitetləri Assosiasiyasının üzvü seçilib, universitetin əməkdaşlarından 4 nəfəri Nyu-York Elmlər Akademiyasının, 1 nəfəri BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, 2 nəfəri Beynəlxalq Turizm Akademiyasının üzvlüyünə qəbul olunub. Rektor vurğulayıb ki, bu ali təhsil ocağı "Minilliyin universiteti" kimi mühüm beynəlxalq mükafata layiq görülərkən məhz beynəlxalq ictimai təşkilatların hesabatlarında öz əksini tapan bu müvəffəqiyyət göstəricilərinə əsaslanılıb. Akademik İsa Həbibbəyli bu nailiyyəti Azərbaycanda milli təhsilin inkişafına göstərilən dövlət qayğısının bəhrəsi kimi dəyərləndirərək elmin, təhsilin tərəqqisi istiqamətində daha parlaq qələbələr qazanmaq üçün qarşıda duran vəzifələrdən danışıb

 AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev həmkarlarını təbrik edərək universitetin regionda fundamental intellekt bazası olduğunu, ixtisaslı mütəxəssislərin, elmi kadrların hazırlanmasında mühüm rol oynadığını xatırladaraq birgə əməkdaşlıq çərçivəsindəki perspektiv planlardan danışıb. Universitetin ilk müəllimlərindən olan filologiya elmləri doktoru, professor, prezident təqaüdçüsü Yavuz Axundlu universitetin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq vaxtilə cəmi 3 ixtisas üzrə təhsil alan 105 tələbə və 3 müəllim ilə fəaliyyətə başlayan bu ali məktəbin bu gün intibah dövrünü yaşadığını, dünya elminə uğurla inteqrasiya etdiyini söyləyib, qazanılan uğurlarda universitet rəhbəri kimi elm-maarif fədaisi akademik İsa Həbibbəylinin əvəzsiz xidmətləri olduğunu bildirib.

 Universitet Tələbə Elmi Cəmiyyəti Şurasının sədri Aidə Cəlilzadə tələbələri bu böyük zəfərdən ruhlanaraq bundan sonra da mükəmməl təhsil almaq, layiqli vətəndaş, peşəkar mütəxəssis kimi yetişmək üçün əzmkarlıq göstərməyə çağırıb.

Əlamətdar tədbirdə universitet əməkdaşlarından elmi tədqiqatlarına, səmərələşdirici ixtiralarına görə "İlin alimi" mükafatına layiq görülən alimlər də təltif olunub. Qeyd edək ki, bu nominasiyanın humanitar elmlər üzrə qalibləri "Azərbaycan tarixi" kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Zəhmət Şahverdiyev, "Azərbaycan dilçiliyi" kafedrasının müdiri, filologiya elmləri doktoru Sevindik Vəliyev, dəqiq elmlər üzrə "Kimya" kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev seçilib. Qaliblər çıxış edərək səmimi minnətdarlıqlarını çatdırıb, elmin, maarifin çiçəklənməsi üçün var-qüvvələrini əsirgəməyəcəklərini söyləyiblər.

Mərasim İncəsənət fakültəsinin tələbələrinin və Tələbə Teatr Studiyasının hazırladığı rəngarəng konsert proqramı ilə başa çatıb.

 

 

Mehriban SULTAN,

 NDU-nun mətbuat şöbəsinin müdiri

 

525-ci qəzet.- 2009.- 3 mart.- S.2.