"Dilçilik ensiklopediyası"nın ikinci cildi təqdim olunub

 

TƏQDİMAT MƏRASİMİNDƏ ÇIXIŞ EDƏN ALİMLƏR ENSİKLOPEDİYANIN CİDDİ ELMİ ƏHƏMİYYƏT DAŞIDIĞINI BİLDİRİBLƏR

 

Dünən Dillər Universitetində görkəmli dilçi, filologiya elmləri doktoru Fəxrəddin Veysəllinin müəllifliyi və ümumi redaktəsi ilə nəşr olunan "Dilçilik ensiklopediyası"nın 2-ci cildinin təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən rektor Səməd Seyidov bildirib ki, universitetdə Elm İli çərçivəsində müxtəlif səpkili tədbirlərin, seminar və treninqlərin keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, artıq xeyli müddətdir ki, bu ali təhsil müəssisəsinin vəsaiti hesabına bir sıra zəruri elmi kitablar, lüğətlər nəşr edilir: "Biz çalışacağıq ki, belə kitablar daha çox nəşr olunsun. Ona görə də beynəlxalq forumların, birgə müzakirələrin keçirilməsini koordinasiya şurası ilə müzakirə etmişik". S.Seyidov bildirib ki, bu ensiklopediyanın birinci cildi hər kəs tərəfindən böyük maraqla qarşılanıb: "Mən əminəm ki, birinci cildi əlverişli dərs vəsaiti kimi istifadə edilən ensiklopediyanın ikinci cildi də hər kəsin diqqətini çəkəcək. Hesab edirəm ki, alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrasında, eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında araya-ərsəyə gələn bu ensiklopediyanın üçüncü cildinin də hazırlanmasına ehtiyac var". S.Seyidovun dediyinə görə, "Dilçilik ensiklopediyası" digər izahlı, ikidilli, etimoloji lüğətlərdən burada dil, sistem və struktur, dilçilik elminin indiki durumu barədə daha geniş, dolğun biliklərin yer alması ilə fərqlənir. Fəxrəddin Veysəlli bildirib ki, "Dilçilik ensiklopediyası"na 10 minə qədər linqvistik termin daxil edilib. Onların alman, ingilis, fransız dillərində qarşılığı, Azərbaycan dilində isə linqvistik şərhi yer alıb. İngilis dilində yazı və deyiliş arasında fərqin böyük olduğunu nəzərə alaraq, bu dildə terminlər transkripsiya ilə verilib. Kitabda dilçilik terminləri kiril əlifba sırası ilə düzülüb. Lüğətin strukturu rus, alman, ingilis, fransız və Azərbaycan dillərinin ardıcıllığından ibarətdir: "Ensiklopediya ilə bağlı ümidlərimiz özünü doğrultdu. Onun 2006-cı ildə işıq üzü görən birinci cildi oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılandı. Artıq kitabın ikinci cildi də çapdan çıxıb. Ensiklopediyanın bu cildində də dünya dilçiliyində söz sahibi olan alimlərin ad göstəriciləri və özək sözlər, mühüm mənbə və qaynaqlar yer alıb. Bu cilddə bütün hərflər əhatə olunub. Sözlər sırayla düzülüb, onların alman, ingilis və fransız dillərində ekvivalentləri verilib. Bundan sonra kitabda onların Azərbaycan dilində açılışı yer alıb. Ensiklopediyanın hər iki cildində işlənən özək sözlərin və dillərin siyahısı var. F.Veysəllinin dediyinə görə, "Dilçilik ensiklopediyası" iki cilddə nəşr olunaraq oxuculara təqdim edildikdən sonra, dilçiliyi özünə ixtisas seçən insanların tələbatını müəyyən qədər ödəyə biləcək: "Ensiklopediyanın gələcək nəşrində nöqsanların aradan qaldırılmasında yardımçı ola biləcək təklif, rəy və iradları qəbul etməyə hazırıq".

Professor Əbülfəz Nəcəflinin fikrincə, ensiklopediyanın hər iki cildi yüksək səviyyədə hazırlanıb: "Mən nəfis tərtibatda hazırlanan hər iki cildi diqqətlə oxudum. Çox bəyəndim. Kitab tələbələr üçün dərs vəsaiti olmaqla yanaşı, həm də dilçilər üçün əvəzsiz ensiklopediyadır". Fəlsəfə elmləri doktoru Nazim Hüseynliyə görə isə, "Dilçilik ensiklopediyası" dilçiliyin tarixi və fəlsəfəsini əks etdirən sanballı nəşrdir. Buna görə də ensiklopediyanın üçüncü cildinin də hazırlanması məqsədəuyğun addım olardı".

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2009.- 3 mart.- S.7.