Ədəbiyyatdan fəlsəfəyə
MƏSUD ƏLİOĞLUNUN YARADICILIĞINDA FƏLSƏFİ
MEYL HAQQINDA
XX əsrin milli-fəlsəfi
fikir tarixi haqqında düşünərkən istər-istəməz
belə bir sual ortaya çıxır: tədqiqatçılar
onun əsl mənbəyini "rəsmi fəlsəfə"
çərçivəsində, yoxsa daha çox dərəcədə
ədəbi-bədii fikirdə axtarmalıdırlar? Mən
ikinci mövqeyə üstünlük verirəm. Lakin təəssüf
ki, bu sahədə yetərincə araşdırma
aparılmayıb.
Bizim fəlsəfi fikir
tariximiz həmişə ədəbiyyatla bağlı olub. Nizaminin,
Nəsiminin, Füzulinin yaradıcılığı təkcə
ədəbiyyatçılar deyil, həm də fəlsəfə
tarixçiləri tərəfindən öyrənilib. Fəlsəfə
tarixçilərinin diqqət mərkəzində olan sonuncu
mütəfəkkir-yazıçı kimi M.F.Axundovu göstərmək
olar. Təəssüf ki, XX əsrdə "rəsmi fəlsəfənin"
ədəbiyyatdan ayrılması nəticəsində milli-fəlsəfi
fikir tarixi bu ənənədən sanki geri çəkilib. Daha
doğrusu, bu ənənə XX əsrin 20-ci illərinə,
uzaqbaşı 37-ci ilə, yəni bolşevik
dünyagörüşünün tam "təntənəsinə"
qədərki dövrü əhatə edir. İnqilabdan sonra
"fəlsəfə" adı altında xeyli fərqli bir məzmunun
təlqin olunması nəticəsində ədəbiyyatla fəlsəfənin
yolları ayrılıb və bundan sonrakı dövrdə bədii
irsin öyrənilməsi ilə əsasən ədəbiyyatçılar
məşğul olublar. Nəticədə XX əsrdə milli
fəlsəfi fikir tariximizdə sanki bir fasilə, boşluq
yaranıb. Lakin çiçəklənməsinə imkan
verilməyən milli fəlsəfi fikrin kökləri hələ
də sağ idi və ara-sıra nəfəs alırdı. Təəssüf
ki, bu gizli nəfəslər fəlsəfə tarixçilərinin
diqqətindən kənarda qalıb.
Hüseyn Cavid, Səməd
Vurğun kimi mütəfəkkir-şairlərin
yaradıcılığı da, əsasən, filoloji çərçivədə
araşdırılıb, açıq-aşkar görünən
fəlsəfi məqamlara görə isə onlar çox vaxt
tənqid olunublar. Fəlsəfi qata belə nihilist münasibəti
ancaq repressiya qadağaları ilə izah etmək təşəbbüsləri
isə özünü doğrultmur.
60-cı illərdə
sanki Cavidə qayıdış başladı. M.C.Cəfərovun
"Hüseyn Cavid" monoqrafiyası bu sahədə ən
mühüm addımlardan biri oldu. Lakin romantizmin ruhu
elmi-realistik üslubda tam açıla bilməzdi. Ona görə
də, biz Cavidə qayıdışın ilk güclü
dalğalarını ancaq Məsud Əlioğlu yaradıcılığında
hiss edirik.
Məsud Əlioğlu nəinki
Cavidin romantizmini təbliğ edirdi, o özü də romantik
üslubda yazırdı. Və onun ədəbi-tənqidi əsərləri
Cavidə yönəlik tədqiqat pərdəsi arxasında
milli ruhun ifadəsi idi. Bəlkə də məndə M.Əlioğlu
haqqında "millətçi" obrazının
formalaşmasında mərhum dostum, tanınmış türk
millətçisi Mirəli Seyidovun da rolu vardır. Çünki
Mirəli müəllim sahilboyu söhbətlərimizdə onu
həmişə imperiyaya, rus şovinizminə qarşı
hisslərini gizlədə bilməyən milli qeyrət sahibi
kimi xatırlayırdı. Sonralar M.Əlioğlunun Cavid
yaradıcılığı ilə bağlı əsərlərini
oxuyanda özüm də bunun şahidi oldum.
Məsud Əlioğlu
öz düşüncə tərzinə görə o
dövrün qərarlaşmış normativlərinə
sığmadığına görə, onun ədəbi-tənqidi
əsərləri həmin normativ meyarlar baxımından həddindən
artıq emosional, pafoslu və elmilik tələblərinə
uyğun olmayan əsərlər kimi dəyərləndirilə
bilərdi. Kənaraçıxmaların bəsitlikdən yox,
düşüncənin sərbəstliyindən, qeyri-elmilikdən
yox, fəlsəfilikdən irəli gəldiyini o vaxtkı (təəssüf
ki, həm də indiki) qiymətləndirmə sistemi
mövqeyindən müəyyənləşdirmək
mümkün deyildi.
Romantik ədəbiyyat
haqqında oçerklər, kitablar akademik üslubda da
yazıla bilər və yazılıb. O dövrdə ədəbiyyatda
elmiliyin nümunələri də artıq
formalaşmışdı. Belə bir etalon kimi akademik
M.A.Dadaşzadənin, akademik Məmməd Cəfər Cəfərovun
və onların məktəbini keçənlərin əsərlərini
göstərmək olar. Elmilik tələbləri ilə
ideoloji tələblər arasında körpü atan,
"qızıl orta" prinsipindən çıxış
edən bu böyük tədqiqatçı alimlər elmi ədəbiyyatşünaslığın
əsas aparıcı qüvvələri idi və onların
riayət etdiyi üslub bu gün də ən çox
yayılmış, etalona, standarta çevrilmiş və dəyərləndirilməsi
rahat olan bir üslubdur. Yaşar Qarayev bir qədər fərqlənirdi.
Amma akademizmdən esseçiliyə, poetikliyə doğru yox, əksinə,
akademizmin dərinliklərinə doğru. Yəni o,
şablondan kənara çıxmaq və ideologiya
fövqündə hansı isə fikir söyləmək
üçün elmi-akademik üslubun öz
qaranlıqlarından, mürəkkəbliyindən istifadə
edir və bura bir qədər də bədiilik, obrazlı
düşüncə əlavə edirdi. Bu üslubu Asif Əfəndiyevin
təbirincə "yaşarçılıq"
adlandırsaq, bu da özünəməxsus bir xətt idi. Hakim
ideologiyadan fərqli fəlsəfi mahiyyət elmi abstraksiyalara
və obrazlara bürünərək gizlədildiyindən, digər
tərəfdən "şillə sığallayaraq
vurulduğundan" "yaşarçılıq"
axına qarşı getmək, düşmən qazanmaq və
"dövlət kursundan kənara çıxmaq" təhlükələrindən
bir qədər yayınmağa imkan verirdi. Asif Əfəndiyev
isə maksimalist idi və fikrini lazım olduğundan da bir qədər
kəskin söyləyirdi. O, emosiyaya qapılmadan yaza bilmirdi.
Çünki yazdıqları sadəcə soyuq
düşüncənin məhsulu olmayıb, "qaynar zəka"nın,
fəlsəfi poetikanın məhsulu idi. Ədəbi tənqiddə
bu üslub əslində yeni deyildi.
Asif Əfəndiyevdən
də, Məsud Əlioğludan da əvvəl bu üslubda ədəbi
tənqid nümunələri ilə biz Cəfər
Cabbarlı və Səməd Vurğunun əsərlərində
tanış oluruq. Təəssüf ki, məhz həmin səbəbdən,
yəni elmi akademizm tələblərinə uyğun gəlmədiyindən,
onların ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətləri
kifayət qədər dəyərləndirilməyib. Əlbəttə,
kimsə deyə bilər ki, bu sahədə dissertasiyalar,
kitablar yazılıb. Lakin bu, əslində dahilərin
sıradan biri kimi təqdimatıdır. Yazılmasa, daha
yaxşı olardı. Halbuki Cabbarlı və Vurğun öz
mühitinin, dövrünün təkcə Şekspiri və
Puşkini yox, həm də Belinskisi idilər. Düzdür,
Cabbarlıda da məhz emosiyadan, pafosdan doğan bir kəskinlik
və ifratçılıq var idi. Lakin onun hətta bəzən
həddini aşan tənqidində də rasional məqamlar və
bütövlükdə ədəbiyyatşünaslıq
baxımından əhəmiyyətli müddəalar
çoxdur.
Məsud Əlioğlunun
da bir sıra yazıları hər hansı əsər
haqqında elmi təhlildən daha çox, şəxsi təəssüratlarla,
emosiyalarla zəngin esseləri xatırladır. Lakin bu
üslub o dövrün tələbləri baxımından
qeyri-məqbul idi. Bu yazılar ədəbiyyatşünaslığa
qoyulan tələblərə, normativlərə uyğun gəlmədiyi
kimi, fəlsəfi standartlara da heç cür uyğun gəlmirdi.
Çünki o dövrün rəsmi fəlsəfəsi
marksist-leninçi fəlsəfə idi ki, o da əslində
elmiləşdirilmiş və deməli, fəlsəfəsizləşdirilmiş
bir təlim idi. Digər tərəfdən, fəlsəfəni
böyük cidd-cəhdlə elm çərçivəsinə
salmağa çalışanlar, təbii ki, ədəbi tənqidi
də "elmiləşdirmək" tərəfdarı idilər.
Lakin elm çərçivəsində sənətin, bədii
ədəbiyyatın ancaq formal, zahiri təqdimatı həyata
keçirilə bilər. Həyatın özündən,
insan qəlbindən, onun hiss-həyəcanından bəhs edən
ədəbiyyat isə elmi təhlil çərçivəsinə
sığmaz. Axı, elm məhz obyektivləşdirilmiş, yəni
ruhsuzlaşdırılmış,
insansızlaşdırılmış gerçəkliyi
öyrənmək üçündür. Ruh aləminin bədii
inikası isə ancaq fəlsəfənin köməyi ilə
tədqiqat obyektinə çevrilə bilər. Başqa
sözlə, fəlsəfi yük daşıyan bədii əsərlərin
ədəbi tənqidi də fəlsəfi səciyyə
daşımalıdır. Bu qəbildən olan ədəbi tənqid
də elmin bir sahəsi olmaqdan daha çox, fəlsəfənin
bir sahəsi olur. Məhz bu baxımdan, bir tənqidçi
kimi, Cabbarlı da, Vurğun da və onların üslubunu davam
etdirən Asif Əfəndiyev və Məsud Əlioğlu kimi
tədqiqatçılar da bu işi görərkən istər-istəməz
həm də fəlsəfi yaradıcılıqla məşğul
idilər. Və həmin dövrdə bizim milli fəlsəfi
fikrimiz də məhz onların simasında, onların qələmi
ilə ifadə olunurdu. Nə yaxşı ki, onların
yazdıqlarının fəlsəfə olduğunu dərk edənlər
yox idi! Yoxsa marksizmdən kənar bir fəlsəfi təlim
yaratmaq cəhdinə görə mühakimə olunardılar.
Bizim bu gün normativ fəlsəfi
strukturlardan, şablonlardan kənarda, harada isə ədəbiyyatın
özündə və onun tənqidində milli fəlsəfi
fikir axtarışımız kimlərə isə təəccüblü
görünə bilər. Lakin əksinə, əgər kim isə
o dövrdə məhz rəsmi fəlsəfə adı
altında yeni bir fəlsəfi təlim və ya heç
olmazsa yenı fəlsəfi ideyalar söyləndiyini iddia etsə,
bax, buna heç cür inanmaq olmaz. O dövrün rəsmi fəlsəfələrində
fəlsəfənin yoxluğunu təsbit edə bilmək
üçün hər hansı araşdırma aparmağa da
heç lüzum yoxdur. Çünki o vaxt hər hansı bir
kənaraçıxmanı araşdıranlar kifayət qədər
çox idi və bu kənaraçıxma üçün
mütləq cəza verilərdi. Ona görə də, o
dövrdə bizim yeganə xilaskarımız ədəbiyyat
olub. Təbii ki, milli fəlsəfi ideyanın
daşıyıcıları ədəbiyyat pərdəsi
altında da tamamilə diqqətdən kənarda qala bilməzdilər.
37-də verdiyimiz qurbanlar yaxşı məlumdur. Lakin bir əli
ilə hakim ideologiyaya xidmət etmək bahasına, o biri əli
ilə milli ruhu, milli fəlsəfi fikri
yaşadanlarımız da var idi. Bu gün bəzi üzdəniraq
ittihamçılar, burnunun ucundan o tərəfi görə
bilməyənlər onları məhz ideologiyanın nökəri,
hətta xəyanətkar kimi təqdim etməyə
çalışırlar. Amma bu fədakarlıq qayəsində
onların nəyə nail olduqlarını, nəyi
yaşatdıqlarını dərk etmək üçün,
görünür, lap azca da olsa, həqiqi fəlsəfədən
xəbərdar olmaq lazımdır. Təsadüfi deyil ki,
S.Vurğunun hətta partiyaya, komsomola həsr etdiyi əsərlərdə
də marksizmdən fərqli, milli mahiyyətli fəlsəfi
ideyalar tərənnüm olunur. Bunları bədii dildən fəlsəfi
dilə çevirə bilmək üçün isə məhz
fəlsəfi yönlü ədəbi tənqidə ehtiyac
var. Məsud Əlioğlunun ədəbiyyatçılar
üçün, ola bilsin ki, bir o qədər də elmi
görünməyən yazıları bu gün milli-fəlsəfi
fikir müstəvisində diqqəti cəlb edir. Qəlibə
salınmamış sərbəst fikir istər-istəməz
həm də milli fəlsəfi ruhun ifadəçisi olur. Məsud
Əlioğlu bir tənqidçi olaraq hər hansı bir bədii
əsərin təhlilini verməklə kifayətlənmir. Onu
məhz ideya maraqlandırır. O sanki milli ədəbiyyatımızda
bədii vasitələrlə ifadə olunmuş fəlsəfi
fikrin qaynaqlarını axtarır. Təsadüfi deyil ki, Məsud
Əlioğlu köklərə gedir. Düşüncə tərzimizi,
əqidə və amallarımızı bilavasitə ifadə
edən şifahi xalq ədəbiyyatından, Dədə
Qorquddan, Koroğludan və aşıq poeziyasından
çıxış edir. Poeziyada ən çox Füzulidən,
Vaqifdən, Caviddən bəhs etməsi də təsadüfi
deyil. Cavidə həsr etdiyi tədqiqatlardan birində o məhz
fəlsəfi motivlər axtardığını gizlətmir.
Cavid poeziyası timsalında o, ideal və varlıq problemini
araşdırır və bununla əlaqədar Hegelin "Tarix
fəlsəfəsi" əsərinə müraciət edir. O
dövrdə ancaq marksizm-leninizm klassikləri ilə kifayətlənən
rəsmi fəlsəfə professorlarından fərqli olaraq Məsud
Əlioğlu "ideal" problemini idealizmin ən
böyük nümayəndəsi Hegelin təqdimatı
kontekstində araşdırır. Cavid
yaradıcılığını tədqiq edən müəllif
yazır: "Şairə görə bəşər həyatı
yaşayışı gözəlləşdirmək
üçün yaranmışdır. Gözəl olan bir
şey isə yüksəkdir, ülvidir, real varlıq isə
bu səviyyəyə qalxmamışdır. Demək,
böyük ideal ülviyyətə, gözəlliyə
yüksəlmək üçündür". Müəllif
Cavidin idealist mövqedə durduğunu gizlətmir. Lakin bunu o
dövrün tələblərinə uyğun olaraq tənqid
eləmək fikrinə də düşmür. Çünki
özü də həmin mövqedən çıxış
edir: "H.Cavidin həyatın mənasını,
yaşayışın məğzini, maddi real aləmin
cövhərini, mənəvi-ruhi aləmini daim pak və
gözəl, fərəh dolu hisslərlə coşub-daşan
bir səviyyədə görməyi arzulaması qüdrətli
və böyük insan idealının real aləmdəki fənalıqlara
qələbə çalacağına bəslədiyi tükənməz
inamını bildirir, ifadə edir". Bu özünü onun
"Sən nəsən? Kimsən?" şeirinə
münasibətdə də göstərir: "Fəlsəfi-idealist
məzmunda yazılmış bu şeirdə H.Cavidi mütəfəkkir
sənətkar olaraq düşündürən, onun mənəvi
aləmini məşğul edən ixtişaşlı və
böhranlı fikirlərin təbliği mühüm yer tutur.
Şair bu əsərində, hər şeydən əvvəl,
özünü dərk etməyə çalışır;
qəlbini didən və dilləndirən suallara cavab
axtarır..."
Səlahəddin XƏLİLOV
525-c- qəzet.- 2009.- 3 mart.- S.7.