Ədəbiyyatdan fəlsəfəyə
MƏSUD ƏLİOĞLUNUN YARADICILIĞINDA FƏLSƏFİ
MEYL HAQQINDA
Hüseyn Cavidin "həyat
idealı" əslində onun şəxsi mövqeyi
olmayıb, milli mentalitetdə dərin iz salmış bir
mövqeyin ifadəsidir. Bu mövqe "Dədə
Qorqud"da da aydın xətlə keçir. Məsud Əlioğlu
yazır: "Dədə Qorqud" boyları murdar və rəzil
ehtiraslara qəlbən və fikrən biganə olan insanlar
haqqında coşğun, simfonik nəğmələrdir.
Gözəllik deyilən əbədi səltənətin
heç zaman solmayan diyarından doğulan, boy atan və kamala
çatan bu insanlar təbiətin özü kimi rəngarəng,
təravətli və canlıdırlar". Belə
misalları çox gətirmək olar. Lakin Məsud Əlioğlunun
fəlsəfi görüşləri haqqında tam dolğun təsəvvür
yaranması üçün onun "Məhəbbət və
qəhrəmanlıq", "Cavid romantizmi" əsərlərini
bütövlükdə oxumaq lazımdır. Bizim məqsədimiz
isə diqqəti sovet dövründə də bədii ədəbiyyatın
tədqiqi adı altında hakim ideologiyanın, marksizm fəlsəfəsinin
deyil, milli fəlsəfi fikrin ifadə edilməsi faktlarına
yönəltməkdir.
Bizcə, bu cəhət
xüsusi vurğulanmalıdır, çünki kommunist
ideologiyasından xilas olmağımıza baxmayaraq, müxtəlif
Qərb fəlsəfi cərəyanlarının təsiri
altına düşərək müasir dövrdə də
millilikdən uzaqlaşmaq halları geniş yayılıb.
Xüsusilə gənclər arasında nitsşeçiliyin və
postmodernizmin mahiyyətinə varmadan yayılması halları
narahatlıq doğurur. Marksist ateizmin buxovlarından yenicə
çıxdığımız bir vaxtda nitsşeçi
ateizmin təsiri altına düşənlər, insanı
sinfi mübarizə məngənəsindən
çıxardıqdan sonra onu heyvani nəfs qəlibinə
salmağa çalışanlar, bir sözlə, sanki milli məfkürə
boşluğu şəraitində yeni-yeni yabançı məfkurələrə
pənah aparanlar getdikcə çoxalır.
Nitsşeçiliyin,
freydizmin təsiri altında insanın xislətində iblislik
və canavarlıq axtaranlar, təəssüf ki, böyük
klassiklərimizin yaradıcılığına da bu
nöqteyi-nəzərdən yanaşırlar. Bu gün
H.Cavidin "İblis" əsərinin də məhz həmin
mövqeyin təsiri altında şərh edilməsi geniş
yayılıb. Təəssüfləndirici haldır ki, H.Cavid
yaradıcılığı haqqında dissertasiya işi yazan
gənclər həmin incə məqamda insanın ali
missiyasından çıxış edə bilmirlər və
nəticədə müəllif mövqeyi də təhrif
olunur. Onlar üçün "iblisin məhz insan xislətində
olması" o dərəcədə "aydındır"
ki, xüsusi tədqiqata və geniş müzakirəyə
heç ehtiyac da duymurlar. Bizdə narahatlıq yaradan odur ki, bu
cür mübahisəli bir mövqe niyə belə əminliklə
qəbul olunur? Bunun səbəbini ancaq nitsşeçiliyin dəbə
minməsindəmi, yoxsa fikir tənbəlliyindəmi axtarmaq
lazımdır? Çünki belə sadə izah
"İblis"in son teatr qoyuluşundakı rejissor
versiyası ilə də, adi şüur səviyyəsindəki
təsəvvürlərlə də üst-üstə
düşür. Görünür, gənclərimiz Cavidi daha
dərindən başa düşmək üçün Məsud
Əlioğlunun, Yaşar Qarayevin müvafiq şərhlərini
və bu sətirlərin müəllifinin "İblis"də
fəlsəfi motivlər" əsərindəki geniş təhlili
ya oxumur, ya da mənimsəyə bilmirlər.
Düzdür, M.Əlioğlunun
"İblis"ə həsr olunmuş məqalələrində
insanın xisləti ilə əlaqədar ziddiyyətli fikirlərə
də rast gəlmək mümkündür. Yəni tənqidçi
özü də tərəddüd edir və bəzən ədəbiyyatda
hakim olan nöqteyi-nəzərlərə güzəştə
gedir. Çünki iblislik insanın xislətində deyilsə,
bəs haradadır sualına birmənalı cavab tapmaqda
çətinlik çəkir. Yeri gəlmişkən, mən
vaxtilə yazdığım "İblis"də fəlsəfi
motivlər" əsərində insanın xisləti ilə əlaqədar
mühakimələrə görə M.C.Cəfərov, Ə.İbadoğlu,
M.Məmmədov, Ə.İsmayılov və başqaları ilə
yanaşı, M.Əlioğlunun da müvafiq fikirlərini tənqid
etmişdim. Sonralar onun "Hüseyn cavidin romantizmi"
kitabını və digər əsərlərini bir də
oxuyarkən əmin oldum ki, M.Əlioğlunun insan xisləti ilə
əlaqədar şəxsi düşüncələri daha
nikbin və birmənalıdır. İnsan böyük ideallar
üçün, yer üzündə haqqı, ədaləti
təmsil etmək üçün yaranmışdır.
Müəllif "Ağıl və qəlb" məqaləsində
yazır: "Arif dərk etməmiş deyildir ki, zülmət
və fənalıq rəmzi İblis, insan qəlbində
xeyirxahlıq nurunu alovlandırmağa qadir deyildir.
İşıqlı və nəcib hissiyyat mayası və
xisləti təmiz cövhərdən nəşət edə
bilər... Ağıllı mühakimələri, həqiqətə
bəslədiyi təmiz etiqadı sayəsində isbat edir ki,
nur ancaq işıq "içərisindən" şölə
saça bilər ("Mən nura fəqət talibim, atəş
nəmə lazım!?")".
M.Əlioğlunun insan
xislətilə əlaqədar şəxsi mövqeyi onun
"Dədə Qorqud"la bağlı yazdığı bir
məqaləsində özünü daha aydın göstərir:
"Onlar əyilməz, mətin və döyüşkən
xarakterləri ilə bir daha təsdiqə yetirirlər ki, sədaqət,
mərdlik və məhəbbət insanın özündə
- xislətindədir". Göründüyü kimi, M.Əlioğlu
hələ fəlsəfənin özündə birqiymətli
həllini tapmayan və müasir fəlsəfi fikrin çox
ciddi mübahisələrindən biri olan məsələdə
humanist bir mövqe tutur. Görünür, onun fəlsəfi fəhmi
şifahi xalq ədəbiyyatından, milli fəlsəfi ənənələrdən
gələn nikbinlik ruhundan qidalanır. Bəli, insanın xislətindən
gələn iblislik yox, "sədaqət, mərdlik və məhəbbətdir".
Lakin gerçək ictimai həyatda insanlar hər gün
başqa- başqa meyarlarla üzləşirlər. Pulun,
var-dövlətin, eyş-işrətin məqsədə
çevrildiyi bir mühit, şübhəsiz ki, dünyaya məsum
gələn insana da çox güclü təsir edir. Lakin o,
insan bu dünyaya, bu mühitə qədəm qoyduqdan sonra
işə düşür. Bu mənada iblislik xislətdən
deyil, mühitdən keçən bir virusdur. Və biz indi də
bu virusun yayılması və ən müasir texnikanın
köməyi ilə çoxaldılması, süni mayalanma
metodu ilə xislətə keçirilməsi ilə
rastlaşırıq. Televiziya və İnternet bu virusların
yayılmasını sürətləndirir. İblis hər
gün nümayiş etdirilən kapital diktaturasının,
qorxunc filmlərin, kabusların, vampirlərin yanında
"toya gedəsi" olmuşdur. Bütün vasitələrlə
gənclərimizin psixikasını iblisanə dəyərlərə
yönəltdikdən sonra onların həyat tərzində,
davranışında bir qəbahət görən kimi, rahatca
deyirlər ki, görürsənmi, iblis insanın içində
imiş.
Halbuki, müasir texnogen
sivilizasiyanın və kapital kultunun qarşısında
dayanmaq üçün yeganə etibarlı vasitə məhz
insanın xislətidir, min illərdən bəri genlərlə
keçib gələn saf duyğular, sevgi, mərhəmət,
həqiqət hissləridir. Bu mənada folklora müraciət
etmək elə xislətə müraciət deməkdir. "Dədə
Qorqud"da da, "Koroğlu"da da insan mühitdəki
bütün rəzalətlərə baxmayaraq, ən ali məramları
təcəssüm edir. Burada insanın mənəvi
dünyasının dərinliklərindən gələn təmiz
duyğular sosial eybəcərliklərə, haqsızlıqlara
qarşı qoyulur. Zəmanədən, mühitdən və
mühitin təlqin etdiyi meyarlardan uzaq dayanan,
"normalardan" kənara çıxan insanlar "palaza
bürünüb elnən sürünənlərin"
gözündə dəlidirlər. Koroğlunun dəliləri
də M.Əlioğlunun təqdimatında
normallaşmış həyat tərzinə sığmayan,
onun fövqündə dayanan qəhrəmanlardır.
Onların "dəli adlandırılmasının fəlsəfi
rəmzi mənası... adilikdə dərk olunan qeyri-adilikdir.
Dəlilik - zülmün müqavimətinə,
zorakılığın sədlərinə və
haqsızlığın güclü axarına qarşı az
qüvvə ilə üsyana qalxan, çarpışan,
axtarıcı idrakın əlamətidir". İlk
baxışda dəliliyin idrakla əlaqələndirilməsi
paradoksal görünür. Həm də söhbət təsvirçi
idrakdan deyil, axtarıcı, yaradıcı idrakdan gedir.
Bütün bunlar əslində
bir ədəbiyyatşünaslıq məsələsi deyil, məhz
fəlsəfi məsələdir. Həm də o dövrün
fəlsəfə kitablarında qoyulmayan bir fəlsəfə.
Belə ki, marksizm fəlsəfəsinə görə, idrak
sadəcə inikasdır. M.Əlioğlu isə idrakı
yaradıcı başlanğıc kimi təqdim edir.
Bəli, o dövrdə ədəbiyyatşünaslığın
da "dəlilərə" ehtiyacı var idi. Təbii ki,
hakim elmi baxışlar "dəliliyi" ya
anlamadığı üçün qəbul etmirdi, ya da qəbul
etmədiyi üçün anlaya bilmirdi. Düzdür, ola
bilsin ki, M.Əlioğlu "dəliliyi" Asif Əfəndiyev
qədər haqq etməmişdi, çünki o, ədəbi
mühitin içində idi və tamamilə onun fövqünə
çıxmamışdı. Üslubunda da onun qədər
maksimalist və inkarçı deyildi. Amma romantik olduğuna
şübhə yoxdur. Dəliliyə aparan yol da, heç
şübhəsiz, realizmdən deyil, romantizmdən keçir.
Həm Asif Əfəndiyevin,
həm də Məsud Əlioğlunun milli-mənəvi dəyərlərimizin
kökünü, milli məfkurəmizin qaynaqlarını
neçə yüz illər boyu durula-durula gəlmiş, yad təsirlərə
məruz qalmamış xalq yaradıcılığında,
folklorda axtarması da təsadüfi deyil. Maraqlıdır ki,
Asif Əfəndiyev muğamatın fəlsəfi
kökünü, M.Əlioğlu isə saz-söz sənətinin
qayəsini eyni bir dialektik vəhdətdə - "məhəbbət
və qəhrəmanlıq"da, "qəm və
üsyan"da axtarırdılar. Bu vahid milli xarakterin müxtəlif
vasitələrlə - musiqidə, poeziyada, dastanlarda ifadə
olunmasına dəlalət edir. Vasitələr fərqli,
cövhər isə eynidir.
Bizim məqsədimiz XX əsrin
60-70-ci illərində Azərbaycanda ədəbi tənqidin nələrdən
bəhs etdiyini göstərmək deyil. Məqsəd bundan ibarətdir
ki, sovetlər dövründə də musiqinin və ədəbiyyatın
təhlili adı altında orijinal, marksizmdən fərqli fəlsəfi
fikirlər irəli sürülür və milli məfkurənin
fəlsəfi əsasları tədqiq olunurdu. Lakin bu önəmli
hadisə diqqətdən kənarda qalmışdır.
Bizcə, M.Əlioğlu
fenomeni hələ də layiqincə dəyərləndirilməmişdir.
Azərbaycan ədəbiyyatşünaslığı, bəlkə
də, bir filoloji elmlər doktoru olaraq elmi meyarlar
baxımından ona artıq dəyər verildiyini
düşünür. Və ya tutaq ki, Allah bir az da
ömür versə idi, Elmlər Akademiyasına seçilə
bilərdi. Rəsmi dərəcə, rəsmi ad və
bunları almaq üçün əyilib "elm"
qapısından keçmək məcburiyyəti...
Ömrün nə qədər dəyərli məqamları
bu formalizmə həsr olunur?!
Normal bir elm adamı
üçün, bir ədəbiyyatşünas
üçün "elm" qapısından keçmək və
doktor, professor, akademik olmaq heç də alçaldıcı
deyil, əslində bir şərəfdir. Lakin bu normalara,
standartlara sığmayan, "elmilik" qəliblərindən,
meyarlarından kənara çıxan və fəlsəfəyə
qovuşan yaradıcı şəxslərin həqiqi qiyməti
necə verilir?
Onlar şair deyil,
yazıçı deyil və hətta "normal alim" deyillərsə
və ya elmdən kənara çıxırlarsa, bəs onda
kimdirlər? Ümumiyyətlə, ədəbi tənqid
özü elmdirmi və elmiləşdirilərkən suyu
çıxarılıb cövhəri atılmırmı? Bəs
nədir bu cövhər? Biz onu ədəbiyyatşünaslıqdan
və ümumiyyətlə elmdən kənarda
axtarmalıyıqsa, təsnifatda hansı sahəyə
düşür?
Bu - fəlsəfədir.
Bu - milli-fəlsəfi fikirdir.
Və bədii yaradıcılıqda,
sənətdə ifadə
olunmuş, obrazlara bürünmüş fəlsəfi
qayələrin, incə
mətləblərin fəlsəfi
esselər vasitəsilə
üzə çıxarılmasıdır.
Kim isə
deyə bilər ki, yaxşı, tutaq ki, elm adamları bu fəlsəfəni
görə bilmədi, tanıya bilmədi, bəs filosoflar necə,
onlar niyə buna fəlsəfi meyarlar baxımdan qiymət verə
bilmədilər? Bax, bütün faciə də elə
bundadır - hansı filosoflar? O dövrdə bizdə
yaradıcı fəlsəfə olubmu? Qoyublarmı olsun?
Marksizm
dövründə elm çox şey itirmədi. Ən
çox itirən fəlsəfə oldu. Məhz fəlsəfəsizlik
mühitində ayrı-ayrı fəlsəfi fikirlər,
yanaşmalar da bir növ sahibsiz qaldı, "zər oldu, zərgər
olmadı".
Kimsə
yenə də soruşa bilər ki, bəs bizim fəlsəfə
sahəsindəki rəsmi professorlar, onlarca, yüzlərcə
mütəxəssislərimiz harada idi? Onlar ədəbi tənqidin
bu "anormal", fövqəlnümunələrinə niyə
qiymət vermirdilər?
M.Əlioğlunun
bəxti onda gətirmişdi ki, o, rəsmən fəlsəfəçi
deyildi, hər halda ədəbiyyatçılar arasında onu
anlayanlar var idi və ona, heç olmasa, bir ədəbiyyatşünas
kimi qiymət verilirdi. Bax, bu mənada bəxti daha çox gətirməyən
Asif Əfəndiyev idi. Çünki o, daha çox fəlsəfəçilər
arasında idi və ona münasibət də "rəsmi fəlsəfə"
mövqeyindən formalaşırdı.
İstənilən
halda bu gün müstəqillik əldə etmiş Azərbaycan
gec də olsa milli-fəlsəfi fikrin
formalaşdırılması istiqamətində tədqiqatlara
qayıtmalı və vaxtilə bu cəbhədə xidmətləri
olanları heç olmazsa indi yad etməlidir.
Həm də
məqsəd sadəcə onları yad etmək deyil. Məqsəd
- milli-fəlsəfi fikrin kəsilməz inkişaf xəttindəki
boşluqları aradan götürmək, çətin
dövrdə yaradılmış sərvətimizə sahib
çıxmaq, milli özünüdərk sahəsindəki
yaradıcılığı bərpa etməkdir.
Səlahəddin XƏLİLOV