Vaydədəvay....
Qəzetlərin birində
74 yaşı tamam olmuş Əlibala Hacızadə ilə
müsahibəni oxudum və bu müsahibədə bir ifadə
diqqətimi çəkdi. Dərhal Əlibala müəllimə
telefon açdım, bir az söhbətləşəndən
sonra məni tərpədən o ifadəni Əlibala müəllimə
dedim, hər ikimiz gülüşdük və dərhal
yadıma Əlibala müəllimin başqa bir ifadəsi
düşdü: vaydədəvay!... Əlibala müəllim
bu sözü deyəndə pauza vermirdi, verə bilməzdi,
çünki onu adətən təəccübünü gizlədə
bilməyəndə, kimsə allahsız bir söz işlədəndə
deyərdi. Yəqin ki, indi də deyir. Özü də hər
addımda.
Əlibala
müəllimin müsahibədəki ifadəsi beləydi: mən
ədəbiyyata quzu kimi gəlmişəm. Quzu kimi...
Sakit axan su
kimi... Elə ifadələr var
ki, hər adam işlədə bilməz, işlətsə
də anidən ikrah doğurar, bu, hardasa xarakterlə
bağlı məsələdir,
insan həyat adlı dəyirmanın çarxlarından keçib,
un kimi üyüdülüb,
canı çıxıb,
ürəyi üzülüb.
Əlibala müəllimin
bu ifadəsi yaman tutdu məni
və onun şeirlərindən yazdığım,
on cildliyində çap edilən məqaləmdən bir anımı xatırlatdım.
"Əlibala
Hacızadənin şeirləri prozası kimi diqqət mərkəzində
olmayıb, bəlkə belə deyək: müəllifsiz
oxunub, əslində onun uzun illər ərzində
yazdığı şerləri müəllifsiz şeirlər
də adlandıra bilərik, yalnız bir qeyd-şərtlə
- bunu deyərkən, türk mədəniyyətinin, bədii
təfəkkür tipinin daha çox şifahiliyə
meylliyini, bu lad üstündə özünü çox rahat
hiss elədiyini nəzərə almaqla.?Əlibala Hacızadənin
şeirləri prozası kimi diqqət mərkəzində
olmasa da oxunub, nəğmə kimi, türkü kimi, şərqi
kimi və sair, yaxud aşiq cavanların bir-birlərinə
ünvanladığı məktublarda tumurcuqlanan qeyri-adi hisslər
kimi. Bunu xüsusi olaraq vurğulamaq lazımdır, nəyə
görə? - hər şeydən qabaq burada "janr
yaddaşı" ilə əlaqədar bir
ayrıntını görükdürmək gərəkdir:
sevgi məktublarıyla yollanan şeirlərin müəllifi
bir qayda olaraq "gizlədilirdi", şeir hökmən
müəllifsiz olmalıydı ki, aşiq olanın hiss və
duyğularını mənzilinə maneəsiz
çatdıra bilsin.?
Azərbaycan
şeirində bu qat belə demək olarsa, hələ əl dəyilməmiş
durur, bu ərazini hələ bir o qədər də
şumlamayıblar, "xam külçədən"
götürmək çox adamın ağlına gəlmədiyi
bir zamanda Əlibala müəllim ürəyə köynək
qədər yaxın olan hissləri şeirin dilinə
çevirir, şeir yazmır, bəlkə də hava, havacatla
gələn duyğuları öz qəlibinə salıb geri
göndərir, üstündə adını yazmağa da
macal tapmır. Bu mənada onun keçən əsrin
ortalarında yazdığı şeirlərlə bu gün qələmə
aldıqları arasında zaman məsafəsi də hiss
olunmur, səbəb bizim fikrimizcə odur ki, bu tipli şeirlərdə
zaman bir an kimidir, hansı vaxtda, əyyamda dilləndirsən
geri qayıtmaq istəyəcək, itirdiyi yuvasını
axtaracaq. Bu şeirlərin poetikası elədir ki, ZAMAN həmişə,
hər yerdə bir an kimi durdurulur, üfüqi mövqedən,
perspektivdən şaquli istiqamətə dönür,
dünyadakı bütün nəsnələri bir məcraya
yığıb bir istiqamətə yönəldir. Zamanla bu
şəkildə rəftar edilməsi xalq şeiri üslubunun
ümumi və həm də təyinedici komponenti
sayılır. Böyük-böyük romanların, cildlərin
müəllifi olan Ə.Hacızadənin şeirləri
qısa və lakonikdir, Əlibala müəllimin şeirində
"süjet" yoxdur, əksər hallarda son dərəcə
güclü bir hissin, illər boyu ürəkdə,
yaddaşda gəzdirilən bir duyğunun
çatdırılması formasıdır, bütün
misralar və bəndlər həmin o güclü hissin və
duyğunun başına dolanır, əslində bu şeirlər
hardasa bir poetik deyimə, ifadə daxilinə
sığışa bilən şeirlərdir.?
Bilməm
nədən belə doğmasan mənə,
Bir belə
qohumun, yadın içində.
Tək sənin
adını yazmışam, gülüm,
Qəlbimə
min gözəl adın içində.
Eşqinlə
inləyən bir bülbül oldum,
Sənə
nəğmə oldum,
qızıl
gül oldum.
Sən məni
yandırdın, dönüb kül oldum,
Mən səni
qoymazdım odun içində.
Əlibala
müəllim şübhəsiz ki, bir quzu ömrü
yaşamayıb, əsərləri əldən-ələ
keçsə də, Azərbaycanda nəşr rekordunu bir
neçə dəfə sındırsa da ədəbi aləmdə
uzun müddət "ciddiyə alınmayıb", elə bil
bilərəkdən bu əsərlər haqqında heç kəs
yazmaq istəməyib. Vaxtilə tələb yoldaşı
olduğu ədəbiyyatşünaslar, tənqidçilər...
hamı susub. Amma yaxşı ki, susub, "quzu ömrünə"
qənim kəsilməyib, Əlibala müəllim 15
yaşlı bığ yeri təzəcə tərləmiş
aşiq cavanlar kimi, hər cür fədakarlığa
hazır olub, ədəbiyyatın da, gözəllərin də
qarşısında. Bu qədər gözəlin hüzurunda
nə qədər "bülbül kimi inləsə də",
könül yarına, ürəyinin içindəki gözlərə
görünməyən ləl-cəvahirata xəyanət etməyib.
Onu həm də yad baxışlardan
qoruyub.
Hökmdar deyil,
qul olmağa
can at.
Zərbələri qəbul
et və
Topu vuran əl
deyil,
topun özü
ol.
Əlibala müəllimin
eşqdən dodaqları
təpimiş şeirlərini
oxuyanda böyük Ruminin bu misraları
xatırlanmaya bilməz.
Bu "zərbələri qəbul
eləyən top" daim
çəpərləri dağıdıb,
gözəllikdən aşıb-daşan
bağda güllərə
toxunmadan onların ətrini çəkib canına və:
...Ancaq
səndən ayrı düşən
Ürək deyil, bədən oldu...
Bu
qədər qovğalardan
keçən Əlibala
müəllim həyatda
özü üçün
heç nə istəməyib.
Çünki o, Əlibala Hacızadədir.
Yazının sonunu bir amerikalı yazıçının "Təslim"
hekayəsindən sitatla
bitirmək istərdim:
"...Bax, buna görə də sufilər dualarında heç zaman nəsə istəmirlər.
Nəyə görəsə dua etmək, arzularını Allahdan yüksəkdə tutmaqdır.
Bu, ilahi müdrikliyə
şübhə deməkdir.
"Duaların çoxu
itkiyə və dağıntıya səbəb
olur, - Rumi Məsnəvisində yazır,
- ancaq Allah xeyirxahlıq
edib onları qəbul etmir".?
Yaxşı adamlar, nəsə yaxşı bir şey baş verəndə Allaha təşəkkür edirlər.
Sufilər də belə
edir. Ancaq sufilər Allaha
başlarına bədbəxtlik
gələndə də
təşəkkür edirlər.
Heç bir fərq yoxdu: sufilər hər bir ana görə
minnətdardırlar, çünki
hər bir anı Allah göndərib.
Sufilər anın balalarıdır.
Bax, Allahın qabağında itaətin mənası budur. "Hər
bir an nə baş verərsə, onu qəbul etməyə hazır olsan, - Müəllim deyirdi, - Yolu başa vura bilərsən".
P.S. Bu çərxi-fələyin nərdivanı
var,
Düşən ağlayarmış,
qalxan gülərmiş..
Qoy tanrı səni həmişə güldürsün, Əlibala
müəllim...
Cavanşir YUSİFLİ
525-ci qəzet.-2009.- 4 mart.- S.7.