Yazıçılar Birliyinə yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edildi

 

Ötən gün Yazıçılar Birliyində (AYB) bu quruma yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrinin təqdim edilməsilə bağlı mərasim keçirildi. Mərasimi giriş sözü ilə açan AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid 25 nəfər istedadlı gəncin Birliyə üzv qəbul olunmasını sevindirici hadisə kimi dəyərləndirdi: "Bu gənclərin əksəriyyəti artıq altı aydan bəri fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin üzvüdür. Onların əksəriyyətinin yaradıcılığı ilə tanışam. İnanıram ki, təxminən 50 il sonrakı Azərbaycan ədəbiyyatının əsasını indiki gənclərin əsərləri təşkil edəcək və xalqımız onlarla qürur duyacaq. Yəqin ki, bugünkü tədbir xoş bir hadisə kimi bu yaradıcı gənclərin yaddaşında uzun müddət qalacaq".

   Birliyin sədri, xalq yazıçısı Anar AYB-yə üzv qəbul edilməyin şərəfli bir hal olduğunu vurğulayaraq, gənclərə həmişə qızğın yaradıcılıq ehtirası ilə yaşamağı və yaratmağı arzuladı: "Ədəbiyyatda yazanlar və yazıçılar var. Yazanlardan fərqli olaraq, yazıçılar yazmadan yaşaya bilmirlər. Yazmaq yazıçıların həyat tərzidir. Mən Birliyə yeni üzv qəbul edilən gənclərə əsl yazıçı olmağı, hər zaman yazmaq ehtirası ilə yaşamağı arzulayıram". Çıxışından sonra Anar Birliyin sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələrini təqdim etdi.

   AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev quruma yeni üzv olan gənclərin bəxtinin müəyyən mənada gətirdiyini özünəməxsus yumorlu tərzdə qeyd etdi: "Birliyə belə təntənə ilə qəbul olunmaq və üzvlük vəsiqəsini almaq əlamətdar bir cəhətdir. Vallah, heç mən özüm üzvlüyə belə təmtəraqla qəbul edilməmişdim". Ç.Abdullayev dünyasını dəyişmiş görkəmli şairlərimizin həyatına dair maraqlı və məzəli bir məqamı da xatırlatdı: "Mərhum Bəxtiyar Vahabzadə, Qabil və Nəbi Xəzri hələ çox gənc ikən Yazıçılar İttifaqına üzv olmaqdan ötrü hər üçü birlikdə bu binaya gəliblərmiş. Dəhlizdə onlarla rastlaşan Səməd Vurğun gənclərdən kibrit istəyir. Qabil böyük şairlə görüşdən yaranan həyəcanın təsiriylə bir kibrit yandırır, sonra onu elə yana-yana qaytarıb kibrit qutusuna qoyur. O biri kibrit çöplərinə də od düşür və qutu alışıb partlayır. Səməd Vurğun deyir ki, ay Qabil, biz səni hələ üzvlüyə qəbul eləməmişik, sən buranı yandırmaq istəyirsən, bəs qəbul olunandan sonra neyləyərsən?" Ç.Abdullayev Yazıçılar Birliyinin müqəddəs bir məkan olduğunu önə çəkərək, gənclərə daima bu müqəddəsliyə ehtiramla yanaşmağı, yorulmadan yazıb-yaratmağı tövsiyə etdi.

   Birliyin katibi Arif Əmrahoğlu son illər qurumun tərkibində ciddi gəncləşmə prosesi getdiyini bildirdi. O, gənclərin geniş çap olunma imkanları qazanması və ədəbi ictimaiyyət arasında tanınmasını müsbət hal kimi dəyərləndirdi. Qurumun gənclər üzrə katibi Rəşad Məcidin bu istiqamətdəki fəaliyyətini ürəkdən təqdir edən A.Əmrahoğlu gənclərə həssas münasibətin bütövlükdə ədəbiyyatımızın gələcəyinə qayğı olduğunu vurğuladı.

   Tənqidçi Əsəd Cahangir Birliyə yeni üzv qəbul edilən gənclərin əksəriyyətinin yaradıcılığına bələdliyini, onların gələcəyinin ümidverici olduğunu söylədi.

   Şair və tərcüməçi Səlim Babullaoğlu yaradıcı gəncləri hər zaman bir-birinin yaradıcılığına hörmətlə, ədalətlə yanaşmağa çağırdı: "Şəxsi əlaqələri saxlamaqla yanaşı, yaradıcılıq münasibətlərində səmimi olun. Bir-birinizin əsərlərini tənqid və tərif edəndə səmimiliyə əsaslanın və bu zaman şəxsi münasibətlərə istinad etməyin, qərəzli, birtərəfli, ədalətsiz mövqe tutmayın". S.Babullaoğlu yersiz tərifin və ədalətsiz tənqidin gerçək yaradıcılıqdan uzaq amillər olduğunu bildirərək, bu kimi anlayışların ədəbi mühitdən kənarda qalması arzusunu dilə gətirdi.

   AYB-nin birinci katibi xalq şairi Fikrət Qoca, Birliyin sədr müavini Nazim İbrahimov, yazıçı-dramaturq Elçin Hüseynbəyli gənclərə uğurlar arzulayaraq, onların gələcəyin böyük yazıçı və şair nəsli kimi yetişəcəklərinə inandıqlarını bildirdilər.

   Tədbirdə yaşlı və yeni nəslin həyata baxışını, oxşar mövzulara ədəbi münasibətini əks etdirən iki ədəbi nümunənin səsləndirilməsi olduqca maraqlı alındı. R.Məcid xalq yazıçısı Anarın "bir şairlik təşəbbüsü" kimi qələmə aldığı "Bu mənim şəhərim deyil" şeirini oxudu və gənc şair Qismətin də Bakı haqqında bir şeir yazdığını deyərək, müəllifdən öz şeirini səsləndirməyi xahiş etdi. Tədbir iştirakçılarının alqışlarla qarşıladıqları hər iki şeir haqqında fikirlərini yığcam şəkildə bölüşən xalq şairi Fikrət Qoca Qismətin timsalında gənclərin istedadına və uğurlu gələcəyinə inandığını bir daha vurğuladı.


   

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 4 mart.- S.7.