"Sən əlindən gələni elə, xeyrini Tanrı verəcək"

 

Müasir elm torpağın, suyun yaddaşının olduğunu sübut etməyə çalışır. Əminəm ki, vaxt gələcək bu torpaqların, dərələrin, təpələrin yaddaşındakı tarixi hadisələr öyrəniləcək, bizə məlum olmayan informasiyalar alınacaq, bir çox sirrlər açılacaq.

Belə zəngin informasiyalı, sirrli bölgələrimizdən biri də Qarabağın, Ağcabədi rayonunun Boyat bölgəsidir. Bu torpaq Boyat qalalarının sirri, dahi Füzuli haqqında informasiyaları öz yaddaşına həkk edib.

Bu torpağın yaxın tarixi də çox zəngindir. Bu torpağın yetişdirdiyi böyük şəxslərlə fəxr etməyə haqqı var. Belə, fəxr sayılmalı simalardan biri də Fəqan Əliyevdir.

Fəqan Əliyev hərtərəfli istedadını çox erkən büruzə verdi və vəzifə pillələri ilə sürətlə irəlilədi. O, 29 yaşında Azərbaycan Gənclər Təşkilatının (komsomolun) ideologiya üzrə katibi kimi yüksək vəzifənin ağırlığını öz üzərinə götürmüşdü.

Fəqan Əliyev bütün varlığı ilə yaradıcı insandır. O, həyatının məğzini qurub yaratmaqda, həyatda iz qoymaqda görür.

Onun təhsilə, elmə həvəsi də çox erkən yaranmışdı. O, çox qısa müddətdə elmin zirvələrini fəth etmiş, elmlər doktoru, professor olmuşdu.

Onun təşkilatçılıq istedadı respublika rəhbərliyinin gözündən yayınmırdı. Odur ki, onu Elm və Texnika Komitəsinin sədr müavini vəzifəsinə təyin etmişdilər.

Şəhərimizin Heydər Əliyev adına İdman-konsert Kompleksi, Yüngül Atletika Maneji, Velo-trek və s. nəhəng obyektlər məhz Fəqan Əliyevin rəhbərliyi altında həllini tapmışdı.

O, öncəni görməyi bacarır. O, alimlik, mühəndislik intuisiyası ilə hiss etmişdi ki, dövlətlərin inkişafı Energetika, Ekologiya, İqtisadiyyat - triadası üzərində qurulmalıdır. Bu ideyanı həyatı keçirmək üçün o, Beynəlxalq Ekoenergetika Akademiyasını - elm və təhsil müəssisəsini yaratdı və onun uğurlu fəaliyyətini təmin etdi.

Fəqan müəllim həm də geniş dünyagörüşünə, təfəkkürə, ensiklopedik biliyə malik, intellektuallığı ilə seçilən maraqlı həmsöhbətdir. Odur ki, onunla söhbətləşməyi, bəzi məsələlərə aydınlıq gətirməyi özümə borc bildim.

- Fəqan müəllim, Sizin həyat yolunuz gənclərimiz üçün nümunədir. Bir neçə söz özünüz haqqında.

- Uşaqlıqdan təhsilə marağım böyük olub. 13 yaşında Politexnikumun tələbəsi olmuşam. Bakının məşhur 190 saylı orta məktəbini eksternat yolu ilə bitirib Politexnik institutuna qəbul olmuşam. İnstitutun dördüncü kursunda oxuyarkən Politexnikumda, institutda dərs deməyə başlamışam. Sonrakı həyatım Moskva İnşaat Fizikası institutu ilə bağlı olub. Mən qısa bir müddətdə burada əvvəlcə elmlər namizədi, sonra elmlər doktoru elmi dərəcələrini almışam. Çox gənc ikən mənə məsul vəzifələr tapşırılmışdı.

 - Gənc bir mütəxəssisi belə məsul vəzifələr qorxutmurdu ki?

- Vəzifə qorxusu keçirməmişəm, çünki bacarmadığım işə girişmərəm. Amma məsuliyyət hissi heç vaxt məni tərk etməyib. Həm məni bu vəzifələrə təyin edənlər, həm də dost-tanış, el-oba, valideynlərim, tabeçiliyimdə olanlar qarşısında öz-özümə hesabat vermişəm. Mən ictimai qınaqdan qorxuram.

- Şəhərimizin bir necə gözəgəlimli binalarının tikintisi Sizin adınızla bağlıdır. Bu sənət əsərlərindən ən əzəmətlisi, ən möhtəşəmi Heydər Əliyev adına İdman-Konsert kompleksidir.

- Şəhərimizin yaraşığı olan bu nəhəng binanı görəndə hər dəfə qürur hissi keçirirəm. Bu mürəkkəb mühəndis kompleksi yüksək elmi yanaşma tələb edirdi. Mən SSRİ Xalq Təsərrüfatı Akademiyasında təhsil alarkən (hal-hazırkı baş nazirimiz Artur Rəsizadə, əfsanəvi neftçi Fərman Salmanov da o zaman Akademiyada təhsil alırdılar) İdman-Konsert kompleksi mənim diplom işim idi. Diplom rəhbərim akademik N.F. Fedorenko olmuşdu. Mən kompleksin fiziki-riyazi informasiya modelini hazırlamışdım. Əlbəttə, mərhum prezidentimiz Heydər Əliyevin bilavasitə diqqəti, köməyi olmasa idi bu kompleksin tikintisi mümkün olmazdı.

- Son illər həyatınızı yaratdığınız Beynəlxalq Ekoenergetika Akademiyası ilə bağlamısınız. Belə bir Akademiyanın yaranması zərurəti nədən irəli gəlirdi?

- Həyatda üçlük - triada fəlsəfəsi var. Bu fəlsəfənin məğzinin şərhi bir ayrı mövzudur. Bu mövzuya toxunmadan onu deyə bilərəm ki, müasir dövrdə hər bir dövlət üçün Energetika, Ekologiya, Ekonomika (İqtisadiyyat), Energetika Ekologiya, Ekonomiya (Qənaət) - üç "E" triadaları həlledici amil kimi qəbul olunur. Bu üçlüyə daxil olan sahələr bir-birinə bağlıdır. Onların ayrı-ayrılıqda öyrənilməsi, inkişafı dövlət səviyyəsində ümumi səmərəni azaldır. Beynəlxalq Ekoenergetika Akademiyasının yaradılması zərurəti bu məsələyə dövlət maraqlarından yanaşma siyasətindən irəli gəlirdi. Akademiyamızın sonrakı fəaliyyəti yolumuzun uğurlu, ideyamızın müasir, mütərəqqi olduğunu sübut etdi. Təəssüf ki, bu uğurları qazanmaq yolunda yersiz qısqanclıq, süni maneələrlə qarşılaşmalı oluruq.

- Akademiyanızın gördüyü işlər haqqında məlumat maraqlıdır.

- Bu gün sənayemizdə, məişətdə, xüsusilə, tikintidə enerjiyə qənaət, enerji effektliyi sahəsində aparılan işlər çox zəifdir.

Avropa, ABŞ, Yaponiya və başqa ölkələrdə çox geniş istifadə olunan Ağıllı Bina (intelligent building) anlayışı Bakıda tikilən bütün binalar üçün yaddır. Mərkəzləşdirilmiş isitmə, kondisioner , isti su, qaz təchizatı sistemlərində optimallaşma, sistemə nəzarət cihazları olmadan heç bir enerji qənaətindən danışmaq olmaz. Deməli, ümumi enerji sistemi, istilik enerji sistemi, qaz təchizatı sahələrində olan kəmərlər, avadanlıqlar riyazi modellər əsasında tamamilə proqramlaşdırılmalı, tam sistemləşdirilməli, bununla da idarəetmə tam kompyüterləşməli və rabitə sistemi yaradılmalıdır.

Enerjinin itməsinə yol verməyən, enerji effektliyini artıran materiallar mövcuddur. Hətta nana elementlər artıq belə sistemlərdə yerini tapmaqdadır. Enerji effektliyini artıran mühüm enerji qaynağı alternativ enerji növləridir. Respublikamızda Alternativ enerjinin inkişafı barədə ölkə başçısının xüsusi sərəncamı var.

Ətraf mühitin, Abşeron yarımadasının, Xəzərin ekoloji vəziyyəti elmi axtarışlar tələb edir. Yuxarıda göstərilən məsələlərin həlli elmi işlərimizin əsas prinsipləridir. Hazırladığımız Hidro-Haidro enerji layihəsi UNİDO-İCHET - beynəlxalq təşkilat tərəfindən bəyənilib. Layihənin mahiyyəti enerji effektliyini artırmaqdır.

Türkiyənin Kiska kompaniyası ilə birgə işlənmiş, respublikamızın dağ rayonlarında yerləşdirilmiş "Günəş-Bioqaz" sistemləri də uğurlu layihələrimizdəndir. Bu sistemlər Lerik, Quba, Astara, Goranboy rayonlarında quraşdırılıb. Bu sistemin Xınalıq kəndində quraşdırılmasının texniki-iqtisadi göstəricilərini işləmişik. Layihəyə görə əhalini adambaşı 15 m3 qaz, 100 m3 isti su ilə təmin etmək mümkündür.

Akademiyamızda 4 elmi, elmi-kütləvi jurnallar nəşr olunur. Mütəmadi olaraq Akademiyamızın profilinə uyğun beynəlxalq seminarlar, konfranslar keçirilir. İki ildən bir Akademiyamız "Energetika, Ekologiya, Ekonomiya" Beynəlxalq Konqresini keçirir. Bu il X Konqresi keçirəcəyik.

- Fəqan müəllim, Akademiyanızın elmi fəaliyyəti doğrudan da ürəkaçandır. Bəs təhsillə bağlı hansı işlər görürsünüz? Axı, Akademiyanız həm də təhsil müəssisədir.

- Düz buyurursunuz, Akademiyamız həm də təhsil müəssisəsidir və bu sahədə geniş imkanlara malikdir. Lakin lisenziya verməməklə əl-qolumuzu bağlayıblar. Lisenziya vermək istəməyəndə adətən iki bəhanə gətirirlər: maddi-texniki baza zəifdir, elmi-pedaqoji potensial lazımi səviyyədə deyil. Əslində isə bunlar yersiz bəhanələrdən başqa bir şey deyildir. Şübhəsiz, keyfiyyətli təhsil üçün müvafiq maddi-texniki baza, professor-müəllim heyəti tələb olunur. Lakin hər bir təhsil müəssisəsinin özü üçün kampus yaratması, ən müasir maddi-texniki bazaya malik olması (əlbəttə, bu arzuolunandır) nə dərəcədə məqsədəuyğundur. Əgər belə bir şərait haradasa yaradılıbsa və bu şəraitdən başqalarının da istifadə etməsi (müvafiq razılaşmalar əsasında) mümkündürsə, yeni binaların tikilməsinə, yeni avadanlıqların alınmasına nə ehtiyac var. Əgər hər hansı bir şəxsin təhsil alması, elmi-tədqiqat işi aparması imkanı varsa, bu imkanı kimin yaratması onun üçün önəmli deyil. Milli Elmlər Akademiyası, bir çox universitetlərimiz zəngin maddi-texniki bazaya malikdir. Yeni maddi-texniki baza yaratmaqdansa, mövcud imkanlardan istifadə etmək daha lüzumlu deyilmi? Bu, həmin imkanların səmərəliyini qat-qat artırardı. O ki, qaldı professor - müəllim heyətinə, burada da problem yoxdur. Əgər özəl təhsil müəssisəsi dövlət təhsil müəssisəsinin müəllimi üçün hər cür şərait yaradırsa və həmin müəllim burada həvəslə işləyirsə bunun nəyi pisdir? Məmurların özəl təhsilə ögey münasibəti olmasaydı, həmin müəllimlər bu özəl təhsil müəssisələrinə keçərdilər. Akademiyamızın imkanı var ki, nəinki öz respublikamız, xarici ölkələr üçün də elmi kadrlar hazırlaya. Bunun üçün fəaliyyətimizə süni məhdudiyyət qoyulmamalıdır. Fəaliyyət göstərdiyimiz istiqamətlərdə kadr hazırlığına icazə verilməlidir. Əminəm ki, onun da vaxtı gəlib çatacaq, könüllərə insaf gələcək. Dahi Nəsrəddin Tusi deyir ki, alim bildiklərini başqasına vermirsə, o, bir alim kimi həyatda müşahidəçidir. Mən həmişə qismətimlə razılaşmışam, ambisiyaya uymağı zərərli hesab etmişəm. Çıxartdığım nəticə odur ki, sən əlindən gələni elə, işlə, durmadan çalış, xeyrini Tanrı verəcək.

- Təəssüf ki, qəzet səhifəsi bizə məhdudiyyət yaradır. Odur ki, cavab almaq istədiyim bəzi sualları Sizə verə bilmədim. Lakin əminəm ki, o sualları Sizə verənlər tapılacaq, çünki dünyanı bürümüş böhranlar dövründə müxtəlif məsul vəzifələrdə işləmiş, elmin, istehsalın, təhsilin hər üzünü görmüş, zəngin təcrübəli, istedadlı təşkilatçı, görkəmli alim Fəqan Əliyevin məsləhətinə, köməyinə cəmiyyətin, dövlətin ehtiyacı var.

 

 

Xəlil Məcidoğlu

 

525-ci qəzet.-2009.- 4 mart.- S.4.