Yunanıstan səfiri Bakı
Slavyan Universitetinin qonağı olub
Bakı Slavyan Universiteti (BSU) dünyanın müxtəlif
ölkələri ilə
elmi-mədəni əlaqələrin
qurulması və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi yolunda
başladığı işi
uğurla davam etdirir. Öz ənənəsinə sadiq qalan
universitetin növbəti qonağı Yunanıstanın Azərbaycandakı
səfiri İoannis Metaksas olub. Səfirin gəlişi
BSU-da fəaliyyət göstərən "Müasir Yunan dili
və Mədəniyyəti Mərkəzi"nin
işi ilə tanışlıq məqsədi
daşıyıb. Qeyd edək ki, Mərkəz 2004-cü il iyunun 5-dən fəaliyyət göstərir.
Açılış mərasimində
Yunanıstanın keçmiş prezidenti Konstantinos Stefanopulos
şəxsən iştirak edib.
BSU-nun Beynəlxalq
Əlaqələr üzrə prorektoru professor Sahibə
Qafarova səfiri qəbul edərək, universitet haqda məlumat
verib və Mərkəzin fəaliyyətindən
danışıb. Mərkəzin ehtiyacları və onunla
bağlı planları müzakirə etmək istədiyini deyən
İ.Metaksas bildirib ki, Yunanıstan prezidenti Karolas Papulias bu Mərkəzə
xüsusi diqqət yetirir və bu ölkədə səfərdə
olarkən prezident İlham Əliyevə Mərkəzin fəaliyyətilə
bağlı təşəkkürünü bildirib.
S.Qafarova
ilə geniş fikir mübadiləsi etdikdən sonra səfir
yunanşünaslıq ixtisasına yiyələnən tələbələrlə
görüşüb. Tələbələrlə yunan dilində
ünsiyyətdə olan səfir onların suallarına cavab
verib. Tələbələri ən çox maraqlandıran
suallar Yunanıstanın təhsil sistemi və onların ali təhsil
ocaqlarında təcrübə keçmək perspektivi ilə
bağlı olub. Suallara ətraflı cavab verən
İ.Metaksas bildirib ki, Mərkəzin daha da səmərəli
fəaliyyət göstərməsi üçün əlindən
gələni edəcək.
Qarayeva Sevinc
525-ci qəzet.- 2009.- 4 mart.- S.3.