Milli təhlükəsizlik
orqanlarının yaranmasının
90 illik yubileyi qeyd edilib
Azərbaycanın milli təhlükəsizlik
orqanlarının yaranmasının 90 illik yubileyi ərəfəsində
Milli Qəhrəman Eldar Harun oğlu Məmmədovun
adını daşıyan 189 saylı orta məktəbdə tədbir
keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr
Mərkəzindən verilən məlumata görə, tədbirdə
MTN-in Səbayel rayon idarəsinin əməkdaşları, Səbayel
rayon İcra Hakimiyyəti başçısının birinci
müavini, Milli Qəhrəmanları İctimai Tanıtma
Birliyinin Bakı şəhər üzrə Departamentinin sədri,
Bakı Təhsil İdarəsi və Respublika Təhsil
Şurasının nümayəndəsi, məktəbin
pedaqoji kollektivi, şagirdlər və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin
direktoru Bela Cəlilova rəhbərlik etdiyi kollektivin
adından nazirliyinin şəxsi heyətini qarşıdan gələn
peşə bayramı münasibətilə təbrik edib.
O bildirib ki, bu gün məktəb
kollektivi Ermənistanın silahlı qüvvələri tərəfindən
işğal olunmuş torpaqlarımızın azad olunması
uğrunda mərdlik, igidlik və böyük şücaət
göstərmiş, milli təhlükəsizlik
orqanlarının əməkdaşı olmuş Eldar Məmmədovun
adını həmişə uca tutur, şagirdlər təhsildə
əldə etdikləri uğurlarla ona layiq olmağa
çalışırlar.
Təhlükəsizlik
orqanlarının veteranları Bəxtiyar Süleymanlı və
Mirhəbib Seyidov da çıxışlarında milli təhlükəsizlik
orqanlarının yarandığı gündən indiyədək
keçdiyi çətin və şərəfli tarix barədə
danışıblar.
MTN-in Səbayel rayon idarəsinin
əməkdaşı Ramiz Məmmədov
çıxışında Milli Qəhrəman Eldar Məmmədovun
ömür yolu barədə məlumat verib.
Sonra məktəblilərin
ifasında Vətəni, xalqımızın qəhrəmanlığını
tərənnüm edən şeirlər səslənib. Tədbirin
sonunda MTN-in Heydər Əliyev adına Akademiyasının fəaliyyətini
əks etdirən "Şücaət və şöhrətin
ünvanı" adlı sənədli film nümayiş
olunub.
525-ci qəzet.- 2009.- 4 mart.- S.3.