Haqdan yarandın, şair!

 

Xalq şairi Bəxtiyar Vahabzadə dünyaya gözlərini yumdu. Heyhat! Yaşamaq eşqi ilə çarpan şair ürəyi əbədi olaraq susdu. Dostlarım Akif Bayram və Şamil Körpülü ilə birlikdə böyük şairimizi ehtiramla andıq. Şamil Körpülü ustad şairin məhşur "Dərdsizliyi dərd edərdim özümə" misrasını xatırladı. Bəxtiyar Vahabzadənin əzəmətli poeziya dünyası məni məndən alıb şairin könül dünyasına apardı...

 

Haqdan yarandın şair,

Sən Allahın bir payı.

Bir istəyin olmadı,

Ancaq haqdan savayı.

Kükrədin gecə-gündüz,

Susdurdun coşğun çayı.

Yazdın, yaratdın hər an,

Yatmadın ömrü boyu.

Səyyarələri yorub,

Yuxuya verdin Ayı.

Könlünü qəmə verib,

Kədərə sirdaş oldun.

         Yandın aşiqlər kimi,

əsrətə qardaş oldun.

Çəkdin dünyanın dərdin,

Dostun intizar oldu.

Baban Füzuli kimi,

İşin ahu zar oldu.

Sən intizar çəkdikcə,

Gecələr hey uzandı.

Sinən altda ürəyin,

Yandı, şam kimi yandı.

Xəyalların ruhunu,

Hər gecə çəkdi dara.

Sancıldı baxışların,

Sayrışan ulduzlara

 Bilmədin yatmaq nədir,

Yuxu hara, sən hara!

Həsəd apardın şair,

Gecələr yatanlara.

Həmişə dərd sanardın,

Dərdsizliyi özünə.

Dərd çəkib dəvə kimi,

Güc verərdin dizinə.

Közdən köynək biçərdin,

Şeirinin sözünə.

Qorxu nədir bilməzdin,

Səndəki bu qüdrət nə?!

Aslantək dik baxardın,

Həqiqətin gözünə.

Qan saçdı İmperiya,

Sən gözə aldın qanı.

Alıb sözə, qələmə,

Yazdın şah "Gülüstan"ı.

Hayqırıb var gücünlə,

Zamanı çəkdin dara.

Aradın ədaləti,

 Zülməti yara-yara!

Bilmədin yatmaq nədir,

Yuxu hara, sən hara.

 Həsəd apardın şair,

Gecələr yatanlara!

Sipər oldun millətə,

Qorudun qalxan kimi.

Haqsızlığa dözmədin,

Püskürdün vulkan kimi.

 Bilmədin dinclik nədir,

Sükut, sakitlik nədir.

 Kədərə məskən oldu,

 Hər an odlanan qəlbin.

Millətin dərdi ilə

 Məşəltək yanan qəlbin.

 Bilmədin yatmaq nədir,

Yuxu hara, sən hara.

 Həsəd apardın şair,

Gecələr yatanlara.

 

 

   Şöhlət ƏFŞAR

 

525-ci qəzet.-2009.-5 mart.-S.7.