Sözlə dolu qəlbin yeni töhfəsi
Hər bir
söz adamı əlinə qələm alan gündən vərəqlərə
özünü yazır, öz xarakterini, duyğu və
düşüncələrini köçürür. Elə
bu səbəbdən yaratdığı əsərlər də
özünə bənzəyir. Səmimi insan, əqidəli vətəndaş,
istedadlı şair Seyid Əsgər Müzəffəroğlunun
ruhunun, xasiyyət və hisslərinin hopduğu əsərlərini
oxuduqca bu fikrin doğruluğuna şübhə etmirsən.
Şairin
"Vətən, əymə başını (1993),
"Dağlar dağımdır mənim" (1997), "Allah,
bizə kərəm eylə" (2006) kitablarında toplanan bədii
nümunələrdə vətənpərvər, xeyirxah bir
insanın ürək çırpıntıları, sevinc və
nisgili, həyata baxışı, amal və istəyi poetik
dillə canlandırılıb.
Müəllifin
son illərdə qələmə aldığı şeirlər,
"Olduq illər ayrısı" poeması, yozum və
düşüncələri daxil edilmiş "Söz sinəmdə
qalaq-qalaq" adlı yeni kitabı "Nasir" nəşriyyatı
tərəfindən bu yaxınlarda işıq üzü
görüb.
Vətəndaş
yanğısından, həyat sevgisindən doğan bu bədii
nümunələrdə, vətənə, torpağa, xalqa
bağlılıq, təmiz məhəbbətə, əxlaqi
saflığa çağırış hissləri geniş əksini
tapıb.
Kitabın
müqəddiməsində göstərildiyi kimi, şairin
ürəyi hələ sözlə doludur. Onun sinəsində,
hafizəsində, beynində o qədər deyilməmiş,
yozulmamış sözlər var ki, yazmaqla qurtaran deyil. Odur ki,
həmin sözləri misralara, şeirlərə, aforizmlərə
çevirməyə daim can atır, bunun üçün ulu
Tanrıdan kömək və fürsət diləyir.
Seyid Əsgər
Müzəffəroğluna bu yolda yeni-yeni uğurlar,
yaradıcılıq sevincləri arzulayırıq.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.-2009.- 5 mart.-S.7.