Flora Xəlilzadənin
publisistikasına bir nəzər
Cavanlıqda ən
çox həsəd apardığım adamlar jurnalistlər
olub. Məqalələrini oxuyur, onları dünyanın
xoşbəxti sayırdım. Sonralar bu sənəti yaradan və
yaşadanların əzab-əziyyətini, çörəyinin
yazı-pozudan çıxdığını, keşməkeşli,
enişli-yoxuşlu həyat yolunu izlədikcə gözlərim
önündə başqa mənzərə canlandı. Anladım
ki, jurnalistin taleyi onu əhatə edən mühit və zamanla
bağlı olduğundan çox vaxt mühitin məngənəsində
sıxılır, yazmağın iztirabları
yaşantının iztirabları ilə bir-birinə
qarışır. ADU-nun Jurnalistika fakültəsini bitirən,
həyatını bütövlükdə bu sənətə
həsr edən Flora Xəlilzadə də bu halətdən kənar
deyil. Elə buradaca deyim ki, o, ürəyi hökm eləmədiyi
mövzulardan qaçır. Ürəyindən gələni
yazır. Odur ki, istedadı və ürək
yanğısı ilə yaşayıb yazdıqları
insanın qəlbinə yol tapır, bəzən məlhəmə
dönür. Onun haqqında yazdığı sənət
adamları adidən aliyə talecə ona oxşar
adamlardır. Səmimiyyət dolu yazılarında və
kitablarında hər şeydən əvvəl diqqətimi
çəkən bu olub. Flora xanım, demək olar ki,
bütün kitablarını mənə
bağışlayıb, "Məmməd Araza məktub",
"Yolum düşə Zəngəzura" və 2008-ci ildə
çıxan "Dağları tərpədən fəryad"
kitablarının təqdimatında iştirak və
çıxış etmişəm. "Bənövşə
ətirli səs", "Analar", "Taleyimdən
keçən adamlar", "İgidliyin son zirvəsi" və
"Bu mənim tale yolum" kimi publisistikanın gözəl
nümunələri olan, insanı düşündürən
əsərlərini də həvəslə oxumuşam.
Flora
xanımın jurnalistlik fəaliyyəti çoxşaxəlidir;
bir yandan şöbə müdiri işlədiyi çox
nüfuzlu "Azərbaycan" qəzetində müntəzəm
olaraq maraqlı məqalələri çıxır, digər
tərəfdən də milli-mənəvi dəyərlərlərimizdən,
mənəviyyatımızdan, sənət adamlarından, mədəniyyət
xadimlərindən, ədəbiyyatdan, bir sözlə,
yaradıcı aləmdən yazan müəllifin publisistik əsərləri,
şeir kitabları çap olunur. Lakin o, poeziyadan daha çox
publisistikaya üstünlük verir. "Poeziya qəlbin
harayı, könlün tufanıdır" - desə də,
etiraf etməkdən çəkinmir: "Ürəyimdə
yaşatdığım şeirlərin çoxunu
kağıza köçürməyə imkan olmadı. Qələmimin
yolu beləcə publisistikaya tuşlandı".
Çəkinmədən
deyə bilərik ki, onun qəlbində qovrulan misraları
poetik publisistikasında əriyib. Flora xanımın
publisistikasının belə təsirli olması, ürəklərə
yol tapması daha çox bununla bağlıdır. Flora Xəlilzadə
qələmini həm bədii, həm siyasi, həm də elmi
publisistikada sınamış, uğur qazanmışdır. Lakin
bədii publisistikası üstünlük təşkil edir.
Poetik fikirlərini publisistik dillə oxuculara çatdırmaq
özü də bir istedad, ilahidən gələn paydır.
Flora
xanımın publisistikası rəvan və obrazlıdır.
Buradakı ifadələr, deyimlər insanı
düşündürür:
Bəd nəzərdən,
yaman gözdən, cilovsuz sözdən qorunmaq çətindir;
- Təsəlli,
xoş söz, nisgilə həyan olsa da, onu unutdura bilməz;
- Zaman
atını dördnala çapıb getməyindədir;
-
Ömrümüzün yaxası vaxtın əlindəymiş,
vaxtınsa xoşluğu baxtın;
- Onun həyat
eşqi sürgünə məruz qalanlar kimi
sönmüşdü;
- Hər
şeyin ilki unudulmaz olur. Çünki ilkinlikdəki sevinc,
şirinlik insanı heç vaxt tərk etmir və s.
Adətən
yaradıcı adamlar yazıb-yaradır, sonra rahatlıq
tapır. Flora xanım rahatlıq nədir, bilmir. Onun qəlbində bir
dünya arzular yatır. Onları həyata keçirməyə
can atır. İnsanlara münasibəti təmənnasızdır.
Odur ki, mizan-tərəzi qurub, seçdiyi qəhrəmanlarını sevə-sevə
vəsf edir. Əslində, onun tərənnüm
etdiyi qəhrəmanları
sevməmək olmur.
Kimdir onlar? Ümumxalq məhəbbəti qazanmış
Üzeyir Hacıbəyov,
Səməd Vurğun,
Rəsul Rza, Bülbül, Mirzə İbrahimov, Hüseyn Cavid, Süleyman Rüstəm, Nigar Rəfibəyli, Şövkət
Məmmədova, Hökumə
Qurbanova, Rübabə
Muradova, Sara Qədimova,
Nəsibə Zeynalova,
Şəfiqə Axundova,
Zeynəb Xanlarova, Qabil, İmran Qasımov, Fikrət Qoca, Turan Cavid,
Əzizə Cəfərzadə,
Vəfa Fətullayeva,
Səkinə İsmayılova,
Mədinə Gülgün,
Xalidə Hasilova, Nəzakət Məmmədova,
Svetlana İsmayılova, Zivər
Ağayeva, Şahmar Əkbərzadə və başqaları. Tanınmış
sənətçilər Afaq
Bəşirqızı, Flora Kərimova və Yaqut Abdullayevaya məqalələr həsr
etsə də, ürəyi sakitlik tapmayıb, onların hər birinə layiq, oxucunu qane edən, ona mənəvi zövq verən kitablar qələmə alıb.
Müəllifin
kitabları, onun publisistika sahəsində səviyyəsini və
yerini dolğun şəkildə əks etdirən qiymətli mənbələrdir.
Bu baxımdan, onun el-oba, yurd yanğısı ilə
yazdığı "Yolum düşə Zəngəzura"
kitabı xüsusi əhəmiyyət kəsb edir. Bu
kitabın ən önəmli cəhəti insanları kökə
qayıdışa səsləməsi, düşündürməsidir.
Flora xanım Zəngəzurun tarixini bir tarixçi səriştəsi
ilə yazıb. Zəngəzur torpağının tarixi,
tarixi abidələri, toponimləri haqqında sənədli
faktlar əsasında verilən məlumatlar illər keçəndən
sonra ən mötəbər dəlil-sübut kimi tarixə
dönəcək. Bu kitab Zəngəzur haqqında
ensiklopediyadır desək, həqiqətdən uzaq olmaz. Flora Xəlilzadənin
publisistik kitabları arasında "Məmməd Araza məktub"
xüsusi yer tutur. Hər ikisinin Mahmud kişinin nəvələri
olmağına, eləcə də qan və ruh
yaxınlığına görə Flora xanımın bu
kitabı yazmağa mənəvi haqqı vardı. Poeziyadan xəbəri
olmayan bir insanın Flora Xəlilzadənin "Məmməd
Araza məktub" kitabını oxumağı bəs edər
ki, şairin poeziyasını duysun və ürəkdən
sevsin. Şairimizə layiq bir çələngdir bu kitab.
Flora xanımın özü şair olduğundan, qələmə
aldığı, Məmməd Arazın keçməkeşli
həyatını və yaradıcılığını
ehtiva edən bu əsər uğurludur. Əminəm ki, gələcəkdə
Məmməd Araz tədqiqatçıları
üçün bu kitab gözəl bir mənbə olacaq.
Azərbaycanın
görkəmli gülüş ustası Afaq Bəşirqızına
həsr olunmuş "Bu mənim tale yolum" əsəri,
doğrusu, əvvəlcə məni təəccübləndirdi.
Həmişə fikirləşirdim ki, dünyanın xoşbəxti
Afaq Bəşirqızıdır dünyada. Kitabı oxuyandan
sonra yanıldığımı anladım. Lap
uşaqlıqdan anasını, 14 yaşında olanda
atasını itirməkdən, analıq yanında məşəqqətli
həyat keçirməkdən, ata ocağında arzuolunmaz bir
adam olmaqdan böyük dərd tapılarmı dünyada? Flora
Xəlilzadənin seçimi heç də təsadüfi
deyilmiş. Onun Flora Kərimova, Afaq Bəşirqızı və
Yaqut Abdullayevaya həsr etdiyi kitablarını oxuyandan sonra bu qənaətə
gəldim ki, sənətkarı daha yaxşı duymaq və
sevmək üçün onu yaxından tanımalısan. Hər
üç əsər sənətkarlarımıza eyni məhəbbətlə,
eyni səmimiyyətlə, eyni kövrəkliklə, qəlb
çırpıntıları ilə yazılıb.
Müəllifin
vəsf etdiyi Flora Kərimova, Afaq Bəşirqızı və
Yaqut Abdullayevanın həyat yolu daş-kəsəkli, keşməkeşli
olub. Deməli, tale insana hər şeyi eyni vaxtda vermir. Yaradan
seçdiklərini daha çox sınağa çəkir. Təsəllini
onda tapırıq ki, hər üç istedadlı sənətkar
milli-mənəvi dəyərlərimiz üstündə
kökləndiklərinə görə ürəklərə
yol tapa biliblər.
Flora Xəlilzadənin
son kitabı - "Dağları tərpədən fəryad"
üzərində bir az ətraflı dayanmaq istərdim.
Qədim
romalılardan qalma kəlam var: "Natiqlər yetişir,
şairlər doğulur". Flora xanımın yeni kitabı
qəti qənaətə gəlməyə imkan verir deyim ki, əslində
publisistlər də yetişirlər. Müəllifin qələminin
püxtələşdiyi, təcrübəsinin və
dünyagörüşünün yaşına uyğun kamilləşdiyi
dövrdə yazılan bu kitab mütəxəssis və sənətkarların
da qeyd etdiyi kimi, layiqli və insanları ləyaqətə səsləyən
mənalı əsərlərdəndir. Flora xanım da,
müğənni Yaqut Abdullayeva da talecə yaxın
adamlardır. Vətənində doğma yurda həsrət
qalmaq əlacsız dərdə çevrilir. Odur ki, Yaqut
xanımın səsində, avazında Flora xanımın
ürəyindən qələminə süzülən həsrət
var. Bu həsrət "Dağları tərpədən fəryad"
əsərində qəlbləri təlatümə gətirən
yanğılı nəğməyə çevrilir.
"Əsər,
müəllifin və haqqında yazılanın
ovqatının bəhrəsidir" - deyənlər
haqlıdırlar. Gülxanı Pənahın misraları
böyük həqiqətdən söz açır:
Ömür
şirin keçsə, günlər xoş olar,
Xatirə
özü də şirin yazılar.
Nə
yazıq ki, yurd ağrısı çəkən Yaqut
Abdullayevanın xatirələri
ağrılı-acılıdır. Yaqut xanımın da,
Flora xanımın da ürəyi yağı tapdağı
altında qalmış yurd həsrəti ilə
çırpındığından əsərdə nisgil
doğuran, qəm-qüssə-kədər gətirən anlar
daha çox yaşanır. Əslində bu, Flora
xanımın bütün əsərlərinin leytmotivini təşkil
edir:
Quş da məndən
vəfalı,
Daş da məndən
vəfalı,
İldə
bir yol vətəndə,
Qış da
məndən vəfalı –
deyən Flora
xanım təsəllisini adı da el-obayla bağlı olan
oğlu Elnurun toyunu Bakının ucqarında, çox da
böyük olmayan, təmtəraqdan uzaq "Zəngəzur"
şadlıq evində keçirməkdə tapır.
Gözlərimin
önünə Fəxri Xiyabanda halalca yeri olan xalq
yazıçısı, görkəmli alim Əzizə Cəfərzadə
gəlir. Dünyasını dəyişəndə
ata-anasının ayaq ucunda, Qazıməmməd rayonunun
kiçik Tağılar kəndində
basdırılmasını vəsiyyət etdi. Yurda
bağlılıq belə olur. Sandıq ədəbiyyatının
ayaq alıb yeridiyi, özünü və sözünü
bilməyənlərin qələm çalıb, meydanda at
oynatdığı bir vaxtda insana mənəvi qida verən,
"Dağları tərpədən fəryad" kimi
kitablara ehtiyacımız çoxdur.
Mənə
belə gəlir ki, bu kitabda Flora xanımın yazı
manerasında əsaslı dəyişiklik baş verib. Müəllif
əsər boyu özünü arxa planda, belə demək
mümkünsə, kölgədə saxlayır. Daha çox
Yaqut xanımı bir müğənni, pedaqoq və insan kimi
tam parlaqlığı ilə oxucuya təqdim edir. Kitabda yer
alan ibrətamiz məqamlar çoxdur. Hər şeydən əvvəl,
Yaqut xanımın duyumu, məntiqi adamı heyran edir, fikirləri
maraq doğurur. İstər həyat haqqında, istər mədəniyyətimiz,
musiqimiz, xalq mahnılarımız barədə qənaətləri
düşündürücüdür.
Kitabda Yaqut Abdullayevanı
düşündürən, oxucular üçün
maraqlı olan məsələlər yetərincədir. Flora
xanımın məhəbbətlə yazdığı kitabda
müğənniyə rəğbəti, ehtiramı, artıran
məqamlar çoxdur. Yetər ki, təbiətində
müğənniliklə müəllimliyin bir-birini
tamamladığı gözəl sənətkarın
oxuduğu mahnı və muğamların siyahısını
gözdən keçirəsən. Müəllif kitabda Yaqut
xanım haqqında dəyərli fikir söylənilən
yazılara, müğənni ilə müsahibələrə
də yer verib. Yaqut xanımın sənətkarlığı
barədə bunlarsız tam təsəvvür yaranmazdı.
Doğrudan da, Flora xanımın
kitaba başqa müəlliflərin məqalələrini və
ürək sözlərini daxil etməsi yerinə
düşür. Bu, Yaqut xanım haqqında daha dolğun bilik
almaqda yardımçı olur. Yaqut xanımın müəllim
işlədiyi İncəsənət Universitetinin prorektoru, bu
sahədə mötəbər söz sahibi, professor Rafiq
Sadıqovun fikri deyilənlərə dayaqdır: "Mən
Yaqut Abdullayevanı bir müdrik xanım - müğənni
kimi çox yüksək qiymətləndirirəm. Ağayana
müğənnidir. Mən onun davranışında, hərəkətlərində,
baxışlarında, səsində, ifasında, hətta
xeyirxahlığında və nəzakətində bir
ağayanalıq, ziyalılıq görürəm".
Anlayan üçün böyük
qiymətdir. İnsafən, Afaq Bəşirqızı da, Flora
Kərimova da, yuxarıda qeyd etdiyimiz kimi, qələm sahibləri,
o cümlədən də Flora xanım tərəfindən
beləcə yüksək qiymətə layiq
görülüb.
Xalq qarşısında, Vətən
qarşısında xidməti olanların əməyini dəyərləndirmək
jurnalistin vəzifə və vicdan borcudur. Bu baxımdan, Flora Xəlilzadə
həmkarları arasında xüsusilə fərqlənir desəm,
Allaha da, onun Flora xanımın yaradıcılığı
ilə tanış olan bəndələrinə də xoş
gedər.
Qəzənfər PAŞAYEV,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-2009.-5 mart.- S.7.