Alyoşa Caparidze

 

Bakıda sovet dövründən qalan heykəllərdən biri də Prokofi (Alyoşa) Caparidzenin "Azadlıq" prospektində ucaldılan möhtəşəm heykəlidir. Azərbaycanın istiqlalına düşmən olan və yerli əhalinin soyqırımına rəhbərlik edən şəxslərdən birinin "Azadlıq" prospektində heykəlinin qalmasını sovet dövrünün səhvi hesab etsək də, onun cinayətləri haqqında bu abidənin üzərində heç bir məlumatın olmamasını və bu cinayətlər barədə ümumiyyətlə, əhaliyə məlumat verilməməsini yanlışlıq kimi qiymətləndiririk. Fikrimizcə, P.Caparidze və digər sovet dövrü heykəlləri haqqında əhaliyə obyektiv məlumat verilməsilə vəziyyəti bir qədər düzəltmək olar.

 P.Caparidzenin adına sovet dövründə xəstəxana, kolxoz, zavod, küçə və s. verilib. Bakıda 1980-ci ildə Caparidzenin 100 illik yubleyi təntənəli şəkildə qeyd edilən və həmin ildə onun ev muzeyi təşkil olunan, heykəli ucaldılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bunların hamısı ləğv olunsa da, onun heykəli qorunub saxlanılır və əhaliyə onun fəaliyyəti barədə obyektiv məlumat verilmir.

 Gürcüstanda sovet rejiminin ləğvindən sonra Bakı kommunasına və o cümlədən komissar A.Caparidzeyə aid yer adlarının dəyişdirildiyi, abidələrin götürüldüyü, Azərbaycan Xalq Cümhuriyyətinin xadimləri Fətəli xan Xoyski, Həsən bəy Ağayev və digər şəxsiyyətlərə abidə qoyulduğu halda Bakıda A.Caparidzenin adının əziz tutulması və onun haqqında əhaliyə obyektiv məlumat verilməməsi təəccüblüdür.

Bəziləri iddia edə bilər ki, bu heykəl Azərbaycanla Gürcüstan arasında dostluğa xələl gətirməmək məqsədilə saxlanılıb. Fikrimizcə, bu cür düşünənlərin çox güman ki, qonşu Gürcüstanda gedən proseslərdən xəbərsizdirlər. Çünki qonşu respublikada çoxdan kommunist ideologiyasından və onun bütlərindən imtina edilib. Gürcüstanın sürətlə qərbə inteqrasiya etdiyi bir vaxtda gürcülərin Azərbaycan xalqına qarşı müxtəlif cinayətlərə başçılıq edib, xalqımıza qarşı 1918-ci il soyqırımında bilavasitə iştirak edən bir komissara görə bizdən inciməsi absurddur.

Biz hazırki dövrdə sovet hakimiyyəti illərində heykəlləri qoyulan kommunist rəhbərlər haqqında informasiya qıtlığını nəzərə alaraq 1918-ci ildə müsəlman əhaliyə qarşı cinayətlərin təşkilatçıları və rəhbərlərindən biri olan A.Caparidze haqqında tarixi faktları oxucuların nəzərinə çatdırmağı özümüzə borc bilirik. Fikrimizcə, faktlarla tanışlıqdan sonra oxucular A.Caparidzenin kimliyi barədə suallara cavab verməkdə çətinlik çəkməyəcəklər. Bəs, Prokofi (Alyoşa) Caparidze kimdir?

 Prokofi (Alyoşa) Aprasionoviç Caparidze 15 yanvar 1880-ci ildə Kutaisi quberniyasının Raça qəzasının Şardometi kəndində anadan olub. 1898-ci ildə Kommunist Partiyasına qəbul edilib. Satsxenisi kənd məktəbində oxuyub, çəkməçilik peşəsini öyrənib. 14 yaşında Tiflis şəhər məktəbində oxuyub, 1896 - cı ildə isə Tiflis Müəllimlər İnstitutuna daxil olub. 1900-cü ildə institutdan qovulub və həbs edilib. Bir il həbsdə qaldıqdan sonra Kutaisi quberniyasına sürgün edilib və 1901 - 1904 - cü illərdə RSDFP Qafqaz İttifaq Komitəsinin və İmereti - Minqreli Komitəsinin üzvü seçilib. 1904-cü ilin avqustundan başlayaraq Bakıda fəaliyyət göstərməyə başlaylıb və 1904 - cü il dekabr tətilinin rəhbərlərindən biri olub. RSDFP 3-cü qurultayında Bakı bolşevik təşkilatının nümayəndəsi kimi iştirak edib. O, 1905 - ci ilin noyabrında yaradılan Bakı Sovetində bolşevik fraksiyasının rəhbəri olub. "Bakinski raboçi", "Qudok", "Bakinski proletari" və digər qəzetlərin nəşrində fəaliyyət göstərib. 1909-cu ildə yenidən həbs olunaraq Bakıdan sürgün olunub. Bundan sonra Rostov-Donda və Kubanda partiya işi aparıb. 1911-ci ildə 3 il müddətinə Voloqda quberniyasının Veliki Ustyuq şəhərinə sürgün edilib. 1914-cü ilin mayında Qafqaza qayıdaraq Tiflis bolşevik təşkilatında fəaliyyət göstərib. 1915-ci ildə növbəti dəfə həbsə alınaraq Yenisey quberniyasının Kamenka kəndinə sürgün olunub, 1916-cı ilin iyul ayında oradan Petroqrada qaçıb. Orada partiya tapşırığı alan Caparidze Tiflisə qayıdıb.

Onun Bakıda yenidən fəaliyyəti 1917-ci ilin aprelindən RSD(b)P Bakı Komitəsinin və Bakı Sovetinin tərkibinə daxil olmaqla başlayıb. O, 1917-ci il sentyabr ümumi tətilinə rəhbərlik edən tətil Komitəsinin sədri olub.

 P.Caparidzenin Azərbaycan xalqına qarşı əsas cinayətləri məhz 1917-ci ilin dekabrından Bakı Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1918-ci ilin yanvarından isə sədr olduqdan sonra baş verib.

P.Caparidzenin 1918-ci ilin mart qırğınları zamanı yerli müsəlman əhaliyə qarşı genosidin təşkilatçılarından və icraçılarından biri olması çağdaş Azərbaycan tarixşünaslığında faktlarla sübut olunub. Bu sahədə tarix elmləri doktoru Anar İsgəndərovun 2004-cü ildə "Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı" mövzusunda müdafiə etdiyi doktorluq işi yüksək qiymətləndirilməlidir. Həmin elmi işdə faktlara istinadən mart qırğınları zamanı Bakıda qətlə yetirilən müsəlman əhalinin sayının bəzi mənbələrdə 7 min, bəztilərində 10 min, bəzilərində isə 30 min olduğu qeyd olunur. Elmi işində Bakıdakı mart qırğınlarının əyalətlərdə davam etdirilməsi haqqında ətraflı məlumat verilir: "1918-ci ilin mart ayında erməni daşnakların və bolşeviklərin yerli müsəlman əhaliyə qaşı törətdiyi qırğınlar Qubadan da yan keçməyib. Quldurlar tərəfindən 1918-ci il beş ayı ərzində Quba qəzasında 122 kənd dağıdılıb, 105 ev yandırılıb, əhaliyə 100 miyon manatdan çox zərər vurulub, 16 mindən çox insan məhv edilib. Bundan başqa daşnaklar tərəfindən 4 milyon nağd pul, 4,5 milyon manatlıq qiymətli daş-qaş, 95 milyon manatlıq xalça, ev əşyaları aparılıb. Ümumiyyətlə, 1918-ci ildə daşnak- bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, həmin kəndlərdən 35-i hazırda mövcud deyil". S.Şaumyan həbs olunanda ona məxsus əşyaların arasından həmin ərazidən qarət olunub 80 milyon manat qızıl pul tapılıb. Bu faktlarla yanaşı, daşnak və bolşeviklərin Şamaxı və digər ərazilərdə törətdikləri cinayətlərə aid də çoxlu sayda faktlar var.

 P.Caparidze 1918-ci il aprelin 25-də S.Şaumyanın sədrliyi ilə yaranan Bakı kommunasında daxili işlər və ərzaq komissarı olub. O, yerli əhalidən ərzaq və digər kənd təsərrüfatı məhsullarının müsadirə edilməsinə və buna qarşı çıxanların kütləvi surətdə qətlə yetirilməsinə bilavasitə rəhbərlik etməsini faktlar sübut edir.

P.Caparidze 1918-ci ilin may ayında keçirilən Bakı qəza kəndli deputatları sovetinin 1-ci qurultayının təşkilatçılarından və rəhbərlərindən biri olub. O, Azərbaycan Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləyib, milli ordu və qardaş türk ordusuna qarşı qanlı döyüşlərə bilavasitə rəhbərlik edib. Bakıda, Göyçayda, Kürdəmirdə, Hacıqabulda, Şamaxıda və Respublikanın digər ərazilərində gedən döyüşlərdə şəhid olan Azərbaycan və türk əsgərlərinin ölümündə bilavasitə onun əli var. P.Caparidzenin fəaliyyətinin geniş araşdırılmasına ehtiyac var ki, bu sahədə sovet tarixşünaslığı da mühüm əhəmiyyət kəsb edir. Onun haqqında Ə.Quliyevin 1957 və 1979-cu llərdə, A.Hüseynovun 1984-cü ildə Bakıda Azərbaycan və rus dillərində, Q.Qəribcanyanın 1979-cu ildə Yerevanda erməni dilində, E.Zedqinidzenin 1976-cı ildə Moskvada rus dilində, M. Silaqadzenin 1980-ci ildə Tbilisidə gürcü dilində kitabları nəşr olunub. 1979 - cu ildə "Yoldaş Alyoşa" qısametrajlı sənədli film də çəkilib. Sovet tarixşünaslığında P.Caparidze haqqında yazılanlara bir qədər tənqidi münasibət bəsləmək kifayətdir ki, onun yerli müsəlman əhaliyə qarşı cinayətlərini üzə çıxarmaq mümkün olsun. Məsələn, 1973 - cü ildə nəşr olunan "Azərbaycan tarixi"nin 3 - cü cildində qeyd olunur ki, "Müsavat əksinqilabına qarşı mübarizəyə rəhbərlik etməkdən ötrü, martın 30- dan 31 - nə keçən gecə P.Caparidze,Q.Korqanov, İ.Suxartsev, S.Şaumyandan ibarət Bakı və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi təşkil edildi. Bu komitənin çağrışı ilə martın 31-də sovet qoşunları topların, təyyarələrin və donanmanın köməkliyi ilə düşmən üzərinə qəti hücuma keçdilər...1918-ci il aprelin 6-da iri müəssisə sahiblərinin üzərinə 50 milyon manat məbləğində vergi qoyuldu. Kapitalistlər tələb olunan məbləği ödəməkdən boyun qaçırdıqda, komitə onları həbs etməyi əmr etdi. Bundan sonra istənilən məbləğ ödənildi."

Bakı kommunası dövründə Azərbaycan sərvətlərinin talanaraq Rusiyaya daşınması gündən-günə artıb. Yenə də həmin mənbədə göstərilir ki, "1918-ci ilin aprelində 94 min ton, iyun ayında 466 min ton, iyul ayında isə 492 min ton, ümumiyyətlə 4 milyon 300 min ton neft və neft məhsulları Rusiyaya göndərilib. Bundan başqa kənd təsərrüfatı malları, balıq, kürü və digər məhsullarla yanaşı bu zaman Rusiya üçün böyük əhəmiyyət kəsb edən pambıq da göndərilib. 1918 - ci ilin iyunun 11-nə olan məlumata görə Moskvaya 155 min put pambıq göndərilən, 200 min pud pambığın da yaxın günlərdə göndərilməsi planlaşdırılıb. Bu zaman S.Şaumyan İ.Stalinə göndərdiyi teleqramda yazırdı: "Bakıda və quberniyadakı bütün pambıq ehtiyatını dərhal Rusiyaya göndərmək üçün müzakirə edirik". Azərbaycanın sərvətlərinin bu cür talan edilib Moskvaya göndərilməsinə rəhbərlik edənlərdən biri də məhz Caparidze olmuş və bu məqsədlə bolşeviklər hətta əhalinin son tikəsini, evlərindəki yorğan-döşəyini belə əllərindən zorla almaqdan belə çəkinməyib. Buna qarşı çıxanlar isə kütləvi surətdə güllələnib. Sovet tarixşünaslığında Bakı kommunası, A.Caparidze və digər komissarlar haqqında obyektiv məlumatlara rast gəlmək mümkün olmadığına görə əsas diqqəti akademik Ziya Bünyadovun XX əsrin axırlarında nərş olunan məqalələrinə və akademik tədqiqatlarını müasir dövrdə davam etdirən demokratik fikirli gənc tarixçilərin yazılarına vermək lazımdır. Bu yazılarda Bakı kommunası, o cümlədən həmin qurumun rəhbərlərindən biri olan A.Caparidze haqqında 70 il yazılan saxtakarlığı alt-üst edilib.

Yaddan çıxarmaq lazım deyildir ki, A.Caparidze xalqımıza qarşı cinayətlərə S.Şaumyanla birlikdə rəhbərlik etmişdir. O, 1918 - ci ilin yanvarından Bakı Soveti İcraiyyə Komitəsinin sədri olduğundan mart qırğınlarında günahsız dinc müsəlman əhaliyə qarşı törədilən cinayətlərə görə məsuliyyəti bilavasitə o daşıyır. Onun cinayətlərinin üstündən sükutla keçmək gələcək nəsillərdə XX əsr Azərbaycan tarixi haqqında səhv təsəvvürlərin yaranmasına səbəb ola bilər. Hətta demək olar ki, bu cür təsəvvürlər artıq yaranmaqdadır və qəribə də olsa Azərbaycan tarix elminə rəhbərlik edən professor və akademikləri bu heç narahat da etmir. Lakin yaddan çıxarmaq olmaz ki, onların bu mövqeyi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998 - ci il mart tarixli fərmanındakı müddəalarla ziddiyyət təşkil edir.

 Ümumiyyətlə, tarixi abidələr olan heykəllərin sökülməsini müsbət hal hesab etməsək də heç olmasa sovet rejimi dövründə heykəlləri qoyulan şəxslər haqqında əhaliyə obyektiv məlumatların verilməsini zəruri sayırıq. Çünki bu məsələdə informasiya qıtlığı bəzi üzdəniraq qüvvələrin siyasi məqsədlər üçün sui-istifadə cəhdlərinə gətirib çıxarır.

Son illər özlərini kommunistlərin davamçıları adlandıran bir qrup şəxs bəzi günlərdə N.Nərimanovun abidəsi önünə yığışıb, digər kommunistləri, o cümlədən A.Caparidzenin abidəsini ziyarət etməməsi də təəccüb doğurur. Onlar sovet rejiminin qurbanı olan N.Nərimanovun xalq arasında olan nüfuzundan sui-istifadə edərək əsil sələflərinin abidəsinə tərəf baxmaq istəməmələri onların kommunistliyini şübhə altına alır. Bundan başqa 1998-ci il mayın 1-də sovet bayraqları ilə silahlanmış kommunistlərin nümayişlər keçirərək tarixi prosesləri geriyə döndərmək istəyi, "Qırmızı körpü hərəkatı"nı bərpa edərək işğalçı XI ordunu yenidən xilaskar kimi qələmə vermək cəhdləri, 2001-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə qarşı çıxaraq onun Rusiyaya birləşməsi təklifini irəli sürmələri və s. hallar müstəqil Azərbaycan dövlətçiliyinə qarşı təxribat kimi də qiymətləndirilməlidir. Məhz bu cür təxribatların qarşısını almaq üçün Bakı kommunası, A.Caparidze və digər komissarların, ümumiyyətlə sovet dövrü tarixinin obyektiv şəkildə öyrənilməsinə böyük ehtiyac var.

 

 

M.Zülfüqarlı

 

525-ci qəzet.-2009.- 5 mart.- S.5.