Qəbul sınaq imtahanlarına nümunəvi nəzarət edən 91 müəllim mükafatlandırılıb

 

TQDK SƏHLƏNKARLIĞA YOL VERMİŞ NƏZARƏTÇİ MÜƏLLİMLƏRİN SİYAHISINI İSƏ LAZIMİ ÖLÇÜ GÖTÜRÜLMƏSİ ÜÇÜN TƏHSİL NAZİRLİYİNƏ GÖNDƏRİB

 

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) qəbul imtahanlarında üzərlərinə düşən vəzifəni tələb olunan səviyyədə yerinə yetirən 91 nəzarətçi müəllimin fəxri fərmanlar və mükafatlarla təltif olunması mərasimi keçirilib. Mərasimdə çıxış edən Komissiya sədri Məleykə Abbaszadə deyib ki, mükafatçılar müəyyənləşdirilərkən nəzarətçilərin qəbul imtahanlarında bir neçə illik fəaliyyətləri, müxtəlif imtahanlarda zalı idarəetmə səviyyələri, imtahan texnologiyası qaydalarına əməl etmələri, işlədikləri kollektivlərdəki mövqeləri kimi vacib amillər əsas götürülüb: "TQDK-nın bazasında 5 min nəzarətçi müəllim haqqında məlumat var. Bu müddətdə bazaya daxil olan nəzarətçi müəllimlərin işini qiymətləndirmişik. Qiymətləndirmə zamanı müəllimlərin təkcə ali məktəblərə qəbul imtahanlarında deyil, həm də sınaq imtahanlarında iştirakı nəzərə alınıb. Həmin müəllimlərdən yalnız 91-i öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə mükafatlandırılıb". M.Abbaszadə qeyd edib ki, TQDK qəbul imtahanlarına cəlb olunan nəzarətçilərin fəaliyyətinin araşdırılmasına xüsusi diqqət yetirib və kompyuter texnologiyası vasitəsilə onların imtahan zallarında vəzifələrini necə yerinə yetirmələrinə dair lazımi informasiyaları alıb. TQDK sədrinin sözlərinə görə, ötən il qəbul imtahanlarına cəlb olunan 3687 müəllimdən 364-ü imtahanda laqeydlik, səhlənkarlıq göstərdiyinə görə nəzarətçilər bazasından çıxarılıb. Onların siyahısı ciddi inzibati tədbirlər görülməsi üçün Təhsil Nazirliyinə göndərilib.

M.Abbaszadə əlavə edib ki, qəbul imtahanlarında nəzarətin gücləndirilməsi üçün müxtəlif tədbirlər görülür. Amma hər il konkret hansı addımların atıldığı heç vaxt açıqlanmır. Çünki TQDK tərəfindən informasiya nə qədər yeni üsullarla qorunsa da, hər il mexanizm dəyişdirilir. Buna görə də informasiyanın qorunması üsulu yalnız bir il işləyir. Gələn il isə yeni üsullar tətbiq etmək lazım gəlir.

 Nəzarətin gücləndirilməsi məqsədilə imtahan zallarında kameraların quraşdırılması məsələsinə toxunan TQDK sədri bunun tətbiqinə xeyli maliyyə vəsaitinin tələb olunduğunu açıqlayıb. O bildirib ki, hər il ali məktəblərə 100-120 min abituriyent imtahan verir və imtahanlar müxtəlif rayonlarda keçirilir: "İmtahan otaqları bizə məxsus deyil, kameraların quraşdırılması üçün həmin otaqlarda əvvəlcədən müəyyən işlər aparmaq lazımdır. Kamera quraşdırılsa, gərək mütləq imtahan prosesi zamanı o qədər də operator, nəzarətçi həmin kameraları müşahidə etsin və lazımi anda prosesə müdaxilə olunsun. Kamera olsa da, olmasa da, hər imtahan zalında nəyin baş verdiyi bizə əla məlumdur. Kim kimdən köçürüb, kim köçürməyib, zalda hansı vəziyyət yaranıb, nəticələr yoxlanılarkən biz xüsusi riyazi üsullarla bu mənzərəni özümüz üçün aydın edirik. Bunun əsasında da köçürən abituriyentlərin imtahan nəticələri ləğv olunur. İndiyədək imtahan nəticəsi ləğv olunan heç bir abituriyent cavabları köçürmədiyini sübuta yetirə bilməyib".

M.Abbaszadə vurğulayıb ki, TQDK dövlətlərarası müqavilə əsasında 2009-2010-cu tədris ili üçün Türkiyə universitetlərinə tələbə qəbulu elan edir. Ərizələr martın 29-dan aprelin 11-dək Bakıda Texniki və Memarlıq və İnşaat Universitetlərində yaradılan Sənəd Qəbulu Komissiyalarında (SQK) qəbul olunacaq. Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Gəncə şəhərində Kənd Təsərrüfatı Akademiyasında, Naxçıvanda TQDK-nın Naxçıvan Regional Şöbəsində, Lənkəranda Lənkəran Dövlət Universitetində, Şəkidə isə Şəhər Təhsil Şöbəsindəki SQK-da ərizə qəbulu aparılacaq. Qəbul imtahanlarında iştirak üçün hazırda 11-ci sinifdə oxuyan, bu il yanvarın 1-dək yaşı 24-ə çatmamış və orta məktəbi bitirən fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilər: "İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini, 16 yaşına çatmamış gənclər isə doğum haqqında şəhadətnamənin əslini, orta məktəbi bitirmək haqqında attestatın əslini və yaxud hazırda 11-ci sinifdə təhsil almaları haqqında arayışı Sənəd Qəbulu Komissiyasına təqdim etməklə vahid ərizə formasını şəxsən doldurmalıdırlar. Ali məktəbdə təhsil alan tələbələr Türkiyə Universitetlərinə ərizə vermək hüququna malik deyillər. Abituriyentlər Türkiyənin ali məktəblərinin ixtisasları haqqında məlumatı müvafiq sənəd qəbulu komissiyalarından ala bilərlər".

 Komissiya sədrinin dediyinə görə, bu il Azərbaycan gəncləri üçün Türkiyənin 12 nüfuzlu universitetində 20 ixtisas üzrə 48 yer ayrılıb. Bunların arasında Ankara Universiteti ("Memarlıq", "İtalyan dili və ədəbiyyatı" ixtisası və s. ), Boğaziçi Universiteti ("Siyasi elmlər və beynəlxalq əlaqələr ixtisası), İstanbul Universiteti ("Tibb" ixtisası və s.), Orta Doğu Texniki Universiteti ("Elektrik-elektronika mühəndisi"), Qazi Universiteti ("Tibb" ixtisası), İstanbul Texniki Universiteti ("Telekommunikasiya mühəndisliyi" ixtisası və s.), Mərmərə Universiteti ("Bank işi", "Sığorta işi" ixtisasları), Hacettepe Universiteti ("Tibb" ixtisası) və başqaları var. Qəbul imtahanı aprelin 19-da test üsulu ilə keçiriləcək. İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər aprel 16-dan 18-dək ərizə verdikləri SQK-ya müraciət etməlidirlər. Buraxılış vərəqəsini almayan abituriyentlər imtahana buraxılmayacaqlar. M.Abbaszadə bildirib ki, abituriyentlər qəbul imtahanını Azərbaycan və rus dillərində verə bilərlər. 90 dəqiqə davam edəcək imtahanda abituriyentlərə 100 test tapşırığı təqdim olunacaq. Türkiyə türkcəsində imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılacaq. Müsabiqə Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən aparılacaq. Türkiyə universitetlərinə daxil olanlar 2009-10-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər: "Müsabiqədən keçən bütün abituriyentlər Türkiyədə bir tədris ili müddətində "Türkcə öyrətim mərkəzləri"ndə dil hazırlıq kursu keçəcəklər. Qəbul imtahanı zamanı "Ümumi bilik testləri"ndən əlavə türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər isə hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar. Təhsillə bağlı bütün xərcləri Türkiyə tərəfi öz üzərinə götürüb".

 

 

Sevinc Qarayeva

 

525-ci qəzet.- 2009.- 5 mart.- S.3.