Moskvada Adil Şirinin şeirlər kitabı nəşr edilib

 

Bu günlərdə Moskvanın İPO "U Nikitskix vorot" nəşriyyatında şair Adil Şirinin "Bədrlənmiş ay" ("Polnolunie") adlı şeirlər kitabı işıq üzü görüb. Professor Elçin İsgəndərzadənin rəyi ilə çap olunan kitabdakı şeirləri rus dilinə tərcüməçi Nicat Məmmədov çevirib. Kitabın ön söz müəllifi və redaktoru Rusiya Yazıçılar Birliyinin katibi, "Rossiyskiy kolokol" jurnalının baş redaktoru Maksim Zamşevdir. M.Zamşev yazdığı önsözdə Adil Şirini müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi kimi səciyyələndirərək, onun şeirlərində ifadə olunan vətənpərvərlik duyğularını təqdir edib: "Şairlər öz millətinin səsidir. Yaxşı şairlərin yaradıcılığında öz xalqının etika və estetikası bədii əksini tapır, tarixin nəfəsi duyulur və gələcəyə inam ifadə olunur. Adil Şirinin şeirlərində də milli ənənələr müasir ədəbi dünyagörüşlə uzlaşır. Onun şeirinin qəhrəmanları vətəninə, təbiətinə bağlıdır. Adil Şirinin yeni kitabı doğma Azərbaycana həsr olunan nəğmələrin məcmusudur". M.Zamşev məhz şairlərin dünyanı mənəvi böhrandan qurtara biləcəyinə əminliyini yazıda ifadə edib və Adil Şirinin də belə şairlərdən olduğunu vurğulayıb. Kitabdakı şeirlər "Aşiq dağlar", "Ana, mənə görə ağlama", "Sabaha ümid var" bölmələrində toplanıb.

İlk bölmədə yer alan "Mənə nə oldusa, sevgidən oldu", "Payız ayrılığı", "Sevgi yağışı", "Mahnı qanadlarında", "Sirli sevgilər", "Sevgi" kimi şeirlərdə əsasən əzəli-əbədi sevgi mövzusu qələmə alınıb. Bölmədə təqdim olunan bu kimi şeirlərdə Adil Şirinin lirik qəhrəmanı iztirab çəkən, sevən, qısqanan biridir. Lakin bu hisslər fərqli aspektdən, fərqli baxış bucağından qələmə alınması ilə seçilir.

"Anama" şeiri ilə açılan "Ana, mənə görə ağlama" bölümündə şairin əsasən dostlarına və onun şair qəlbini tərpədən müxtəlif mövzulara həsr olunmuş şeirləri oxucuların ixtiyarına verib. Bu bölmədəki "Avtoportret", "Gözəl günah", "Xəbər al", "Kimə deməli", "Yenə dağları xatırladım", "Buludlar", "Yuxu" kimi şeirlərində Adil Şirin bəzən təbiət hadisələrinin fonunda öz fəlsəfi dünyagörüşünü ifadə edib.

"Sabaha ümid var" başlığı altında oxuculara təqdim olunan şeirlər də əsasən təbiət hadisələri ilə həmahəng insan hisslərini, ovqatının, əhval-ruhiyyəsinin təsvirindən ibarətdir. "Qəbrimə qar yağır", "Ulduzsuz göydə", "O gün gəlib", "Şair dostlarıma", "Kəpənək", "Həyatdan fraqmentlər", "Ümid", "Qırmızı çətir" "Məktub" şeirləri bu baxımdan xüsusilə diqqəti çəkir.

Kitabda şairin "Rekviyem", "Laçın şikəstəsi" əsəri və böyük türk şairi Nazim Hikmətə həsr etdiyi poema da yer alıb.

 "Rekviyem" simfonik poemasında şair əsasən Qarabağ dərdini əks etdirib. Xalqımızın başına gətirilən çoxsaylı faciələr və bu faciələrin qurbanına çevrilmiş insanların təsviri poemanın əsas məzmun yüküdür. "Bu torpaq ağrıdan yata bilmir" misrası ilə başlayan poemada qaçqınların çəkdiyi dərdlər, onların üzləşdiyi faciələrin ağırlığı özünü bədii sözün ifadəsində tam göstərə bilib. Amma bədbin notlarla qələmə alınan poemada sabaha inam, vətənimizin üzləşdiyi problemləri dəf edəcəyinə bir inam da sezilir. Poemanın sonunda təsvir olunmuş ümid misralara çevrilərək oxucularda da buna inam yaradır.

 Adil Şirinin Nazim Hikmətə həsr olunan poemasında böyük şairlə bağlı fikirlər bədii formada öz əksini tapıb. Nazim Hikmətin məşhur "Mən bir ceviz ağacıyam Gülhanə parkında" isrası ilə açılan poemada Adil Şirin onu özünün müəllimi adlandırıb.

"Laçın şikəstəsi" poemasında şair əsasən Qarabağ ağrı-acılarını şeir dilinə çevirib. Doğulduğu doğma Laçın torpağının dərdinin, xiffətinin, ağrısının ifadəsindən ibarət poemada şairin vətən həsrəti göynərtili misralara çevrilib.

Xatırladaq ki, 10-a qədər kitabın müəllifi olan Adil Şirin Azərbaycan və "Avrasiya" Yazıçılar Birliyinin üzvüdür. Şair bu yaxınlarda Rusiya Yazıçılar Birliyinə də üzv qəbul edilib. Birliyin "Puşkin" medalına layiq görülən A.Şirin həmçinin Nazim Hikmət və Şahmar Əkbərzadə adına beynəlxalq ədəbiyyat mükafatları laureatıdır. Şair Türk Dünyası Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin fəxri doktorudur.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 7 mart.- S.22.