100 yaşlı Musiqili Komediya Teatrı: "Arşın mal alan"dan "Nağıl"adək

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının bu il üçün nəzərdə tutulan repertuar planı qarşımdadır. Həm Azərbaycan, həm də rus bölməsində oynanılan və oynanılması nəzərdə tutulan tamaşaların siyahısı. İllər boyu öz aktuallığını, təravətini və gözəlliyini, gülüş nüvəsini itirməyən tamaşalar da var, hələ yaşam sürələri başlamayanlar da, yəni bu gün səhnədə ciddi-cəhdlə məşqləri davam edənlər də.

"O olmasın, bu olsun" (Ü.Hacıbəyov), "Qısqanc ürəklər" (R.Mirişli, M.Haqverdiyev), "Milyonçunun dilənçi oğlu" (S.Ələsgərov, Ş.Qurbanov), "Hərənin öz ulduzu" (S.Ələsgərov, İ.Məlikzadə), "Kələkbazlar" (S.Ələsgərov, İ.Məlikzadə) və digər əsərlər artıq illərdən bəri teatrın repertuarından düşmür və tamaşaçılar böyük məmnuniyyətlə bu komediyalara və orda müvəffəqiyyətlə oynayan aktyorlara baxmağa gəlirlər.

Rus bölümündə isə dünyanın müxtəlif teatrlarında uğurla oynanılan və tamaşaçı sevgisi qazanan, örnək ola biləcək yetərincə məşhur əsərlər var. İ.Kalmanın "Silva", "Maritsa", "Bayadera", F.Leqarın "Şən dul qadın", Q.Qarayevin "Çılğın qaskoniyalı" (hamısı C.Səlimovanın quruluşunda) kimi tamaşaların repertuarda belə uzunömürlü olmasının başlıca səbəbi mükəmməl musiqidə, sağlam və mənalı gülüşdə, bəşəri mövzuda, müdrükcəsinə yozumda, istedadlı aktyor oyununda, rəngarəng səhnə tərtibatında axtarmaq lazımdır.

Son vaxtların yaradıcılıq ab-havası 100 illik yubileyini qeyd etməyə hazırlaşan teatrda yeni, işgüzar bir ovqat yaradıb. Bu gün daha çox gənclərə arxalanan, tanınmış səhnə ustadlarının istedadına güvənən kollektiv eyni zamanda 5 əsəri tamaşaya qoymağa hazırlaşır. Bunlar "Arşın mal alan"(Azərbaycan və rus bölməsində), "İddialı qaraçı", "Şəhərdə manyak var!", "Biri vardı, biri yox..." (həm də rus bölməsində), "Matəm marşı və ya gözünüz aydın"dı.

 Bu mövsümdə "Arşın mal alan"ın yeni rejissor təvsirinə Elvin Mirzəyev imza atacaq. Inanırıq ki, gənclər yeni uğurları ilə hamımızı sevindirəcək, musiqi və teatr mədəniyyətimizin zirvəsi olan "Arşın mal alan" operettasını yeni şöhrət çiçəkləri ilə süsləyəcəklər. Rejissor Sərvər roluna əməkdar artist Anar Şuşalını dəvət edib. Bu, Anarın böyük səhnədə ilk rolu olacaq. Tamaşa həm də rus bölməsində oynanılacaq.

Repertuardakı digər bir əsər isə İ.Kalmanın "İddialı qaraçı" əsəridir. Bu əsər artıq Bakı tamaşaçılarına tanışdır. Bir neçə il əvvəl o, Musiqili Komediya Teatrının səhnəsində rus dilində oynanılıb. "Bəs təkrar bu əsərə qayıtmaq hansı zərurətdən doğub?" - deyə sual verə bilərsiniz. Əvvəla, İ.Kalmanın çoxpalitralı musiqisinin gözəlliyindən, ikincisi, əsərin mövzusunun bu günlə səsləşməsindən: hər bir fərd, hansı dövrdə, hansı ictimai quruluşda, hansı şəraitdə yaşamasından asılı olmayaraq insan kimi ayaqda dayanmağa, özünü bir şəxsiyyət, sənətkar kimi təsdiq etməyə qadir olmalı, Tanrının verdiyi ömür payını şərəflə, həm də mənalı yaşamalıdır. Kalmanın qəhrəmanı məşhur musiqiçi Pali Rac da bunu öz yaşam tərzi ilə təsdiq edir. Bu yolda rastlaşdığı komik, gülməli məqamlar da tamaşaçı və səhnə ünsiyyətinin əsas bağları olacaq. İ.Kalmanın bu məhşur əsəri dünyanın müxtəlif ölkələrində tamaşaya qoyulub və həmişə də orijinalda, yəni müəllifin yazdığı dildə oynanılıb. Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov bu dəfə personajları Azərbaycan dilində danışdıracaq. Pyesdə mahnı mətnlərini şair Səyavuş Məmmədzadə tərcümə edib. Ümumiyyətlə, Musiqili Komediya Teatrının tarixində ilk dəfə olaraq dünya şedevrləri sırasına daxil olan klassik operetta Azərbaycan dilində səslənəcək.

 Məşhur türk yazıçısı Əziz Nesinin "Şəhərdə manyak var" əsəri də sağlam gülüş üstə köklənmiş məişət melodramıdır. Gələcək tamaşanın məzmununu danışmaq fikrindən uzağam, sadəcə, bir faktı qeyd edim ki, zərif cinsin nümayəndələri - yəni qadınlar rejissor Oruc Qurbanovun quruluş verdiyi bu tamaşaya baxmaq üçün sərf etdikləri vaxta heyfslənməyəcəklər. Çünki səhnəyə Afaq Bəşirqızı və Valeh Kərimov çıxacaqlar. Bu tamaşada oynamaq üçün dəvət olunan Valeh Kərimovla Afaq Bəşirqızının növbəti yaradıcılıq tandemi teatrın ciddi axtarışlarından xəbər verir. Yazıçı Maarif Məmmədov Musiqili Komediya Teatrı ilə və ümumiyyətlə, böyük səhnə ilə əməkdaşlığa "Matəm marşı və ya gözünüz aydın" əsəri ilə başlayır. Quruluşçu rejissor Yusif Əkbərov artıq rol bölgüsü aparıb və ilk məşqlərinə start verilib. Rəssam Nabat Səmədova gələcək tamaşanın səhnə eskizlərini hazırlayır. Xalq artistləri Fatma Mahmudova, Arif Quliyev, İlham Namiq Kamal, əməkdar artistlər Ramiz Məmmədov, Xanım Qafarova, məxsusi olaraq bu tamaşada oynamaq üçün dəvət edilən Naibə Allahverdyeva, Prezident mükafatçıları Çingiz Əhmədov, Elçin Həmidov, aktyorlar Novruz Qartal, Saleh Sadıqov, Əzizağa Əzizov, Elnarə Yusubova və başqaları bu dəfə fərqli bir imicdə tamaşaçıların görüşünə gələcəklər. Müəllif - yəni Maarif Məmmədov hər gün hər birimizin rastlaşdığı qəribə və gülməli vəziyyətlərin, eşitdiyi gözyaşardıcı komik məqamların bir neçə epizodunu qələmə alıb. Güman edirik ki, pul qazanmaq məqsədi ilə min bir dona girən, hər cür fırıldaq işlərə əl atan insanların iç üzünü görmək və hadisələrin sonraki gedişində ifşa edilən bu personajların halına ürəkdən gülmək hər birimizə xoş əhval-ruhiyyə bəxş edəcək.

 Nəhayət, həm Azərbaycan, həm də rus bölməsində oynanılacaq "Biri vardı, biri yox"dan danışaq. S.Prokofyevin bu nağıl-pyesi kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulub və teatr simfonik nağıl janrına ilk dəfə müraciət etdiyindən işi xiridarına tapşırıb. Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov "Nağıl"a quruluş vermək üçün dəvət olunub və inanırıq ki, o, etibarı doğruldacaq. Ümumiyyətlə, bu tamaşada böyük bir yaradıcı heyət iştirak edir. Prezident mükafatçısı Nazim Hacıəlibəyov bu tamaşanın həm quruluşcu dirijoru, həm də musiqi rəhbəridir. Dirijor pultu arxasında isə eyni zamanda əməkdar artist Ziya Bağırovu da görəcəyik. Rəssam Elşən Babazadə balaca tamaşaçıların çox sevdiyi rəng palitrasından istifadə edərək simfonik nağıla yadda qalan səhnə tərtibatı hazırlayıb. Baletmeysterlər Zakir və Yeganə Ağayevlərin təfsilində yenə səhnəni çılğın və gözəl rəqslər bəzəyəcək. Uşaq ili çərçivəsində hazırlanan bu tamaşa balaca sənətsevərlərin də ürəyincə olacaq. Bu ilin daha səmərəli, maraqlı, yadda qalan olması üçün Musiqili Komediya teatrı da hazırlanan layihələrdə fəal iştirak edir, bu layihə çərçivəsində də məhz "Biri vardı, biri yox..." simfonik nağılına öz repertuarında yer ayırıb. Yeni səhnə əsəri uşaqlarda klassik musiqi janrına, ciddi teatr sənətinə, professional aktyor oyununa həvəsin və marağın formalaşmasında mühüm rol oynayacaq.

Teatrın repertuarındakı bu əsərlər o cümlədən də, rus bölməsinin hazırladığı və yenidən bərpa etdiyi tamaşalar kollektivin necə böyük işgüzarlıqla və yaradıcılıq həvəsi ilə çalışdığından xəbər verir. Yeri gəlmişkən deyək ki, adlarını çəkdiyimiz bütün tamaşalarda səhnədə daim gördüyümüz aktyor heyəti ilə yanaşı təəssüf ki, çox vaxt həm tamaşaçıların, həm də teatr tənqidçilərinin diqqətindən kənarda qalan xor,balet və orkestrdə çalışanların böyük zəhmətini xüsusi ilə qeyd etmək istəyirəm. Tamaşaçıların orkestr çökəyindən eşitdiyi musiqini böyük bir peşəkarlar qrupu ifa edir. Dirijor çubuğunun bircə hərəkəti ilə peşəkarlar könülləri riqqətə gətirən musiqi sədaları ilə səhnədə cərəyan edən hadisələrə doyulmaz bir ahəng qatırlar. Xatırladaq ki, 2008-2009-cu ilin teatr mövsümü də yuxarıda adları çəkilən bu premyeralarla bağlanacaq.

Dadlı-duzlu, sağlam gülüş doğuran, düşündürən, tərbiyə və islah edən, ən başlıcası isə insanın yaşamaq, yaratmaq, bu xalqa, millətə xidmət etmək amalını gücləndirən əsərləri səhnəyə gətirmək bu gün Musiqili Komediya Teatrının əsas amalına çevrilib. Bir əsrlik yol gələn teatr kollektivinin bütün bunların öhdəsindən gəlmək əzmində olduğuna ürəkdən inanırıq.

 

 

Telli PƏNAHQIZI

 

525-ci qəzet.- 2009.- 7 mart.- S.22.